MÜQAVİMƏTİN ÖLÇÜLMƏSİ
Ommetrlər və meqommetrlər
Rabitə sistemlərində müqavimətin ölçülməsi sabit və dəyişən cərəyandan istifadə etməklə geniş diapazonda aparılır. Sabit cərəyanla aparılan ölçmələr vasitəsilə müxtəlif siqnalların ötürülməsi zamanı qurğuların sxem elementlərinin parametrlərini təyin edib, işçi vəziyyətini müəyyənləşdirmək mümkündür. Müqavimətin dəyişən cərəyanla ölçülməsi siqnalların ötürülməsi zamanı elementlərin dövrədə yararlı olub – olmadığını təyin etmək məqsədilə aparılır. Müqavimət ölçən cihazlara cəld işləmə, aparılan əməliyyatların sadəliyi, nəticənin dəqiqliyi və s. təlabatlar qoyulur.
Müqaviməti ölçən cihaz ommetrin iş prinsipi maqnitoelektrik tipli voltmetrlə gərginliyin ölçülməsi prinsipinə əsaslanır. Cihazın dövrəyə ardıcıl və paralel qoşulma sxemi şəkil 11.1 – də göstərilmişdir:
Şəkil 11.1. Ommetrdə cihazın dövrəyə qoşulma sxemi
Ommetrlərdə ölçü cihazı müqavimətin ölçü vahidi ilə işarələnir. Cihaz ardıcıl qoşulmuş ommetrlərdə 0 bölgüsü sağda, ∞ bölgüsü isə solda yerləşir. Paralel qoşulan ommetrlərdə isə bunun əksidir. Şəkil 11.1 a ommetr sxemində cihaz ardıcıl qoşulmuşdur və kiçik qiymətli müqavimətləri ölçmək üçün istifadə olunur. Şəkil 11.1 b paralel qoşulan ommetr sxemində isə müqavimətin böyük qiymətlərini ölçmək mümkündür.
Bu ommetrlərlə ölçmə zamanı qida gərginliyinin qiymətinin dəyişməsi çox böyük xətalar yaradır. Bunu aradan qaldırmaq üçün ölçmədən əvvəl ommetrin əqrəbini şkalanın 0 ( ∞ ) qiyməti üzərində dayanmasını yoxlamaq və tənzimləmək vacibdir. Belə ommetrlər çox zaman müxtəlif növ cərəyanları və gərginlikləri ölçən cihazla birlikdə bir cihaz kimi hazırlanır. Bu cihazlar avometr ( ampervoltommetr ) adlanır. Çox vaxt belə cihazları tester adlandırırlar.
Bu növ ommetrlə cihazın daxili müqavimətindən 10-20 dəfə fərqli olan müqavimətləri ölçdükdə böyük xəta yarandığı üçün daha böyük müqavimətləri ölçən cihazlardan – meqommetrlərdən istifadə olunur.
Dostları ilə paylaş: |