Verilənlər bazasının layihələndirilməsinin, reallaşdırılmasının və fəaliyyətinin istiqamətləndirilməsinə və yerinə yetirilməsinə, həmçinin verilənlərin saxlanmasına cavabdehliyi VB-nın administratoru daşıyır. VBA-nın yerinə yetirdiyi funksiyalara baxaq.
Konseptual sistemin tətbiq edilməsi. Müəssisənin idarə olunmasında tələb olunan informasiya əsassında verilənlərin adminstratoru VB-də hansı verilənlərin saxlanmasını müəyyənləşdirir. Bu proses VB-nın konseptual layihələndirilməsini əhatə edir. Verilənlərin adminstratoru tərəfindən VB-nin tərkibi abstrakt səviyyədə təyin edildikdən sonra, VBA verilənlərin konseptual təsvir dilindən istifadə etməklə konseptual sxemin tərtibi prosesində iştirak edir. Bu sxemin obyekt forması VBİS tərəfindən istifadəçilərin sorğularına cavab vermək üçün istifadə olunur. Onun ilkin forması isə sistemin istifadəçiləri üçün arayış sənədi rolunu oynayır. Qeyd edək ki, praktikada həmişə belə olmur. Bəzən verilənlərin adminstratoru özü konseptual sxemi tərtib edir, bəzən isə VBA konseptual layihələndirmə ilə məşğul olmur.
Daxili sxemin tərtib edilməsi. Verilənlər bazasının adminstratoru həmçinin verilənlərin yaddaşda necə saxlanması məsələsini də həll etməlidir. Bu prosesə verilənlər bazasının fiziki layihələndirilməsi deyilir. Fiziki layihələndirmədə VBA verilənlərin daxili təsvir dilindən istifadə etməklə verilənlərin saxlanma strukturunu, yəni daxili sxemi təyin edir. Bu zaman o konseptual sxemlə daxili sxem arasında uyğun əksolunmanı təyin etməlidir. Praktikada verilənlərin konseptual və daxili təsvir dilləri bu əks olunmanı təyin edən vasitələrə malik ola bilərlər. lakin bu iki funksiyaya (daxili sxemin tərtibi və əksolunmanın təyini) ayrıca baxılmalıdır. Konseptual sxemdə olduğu kimi, daxili sxem və uyğun əksolunma ilkin və obyekt formalarda mövcud olur.
Istifadəçilərlə qarşılıqlı əlaqə. VBA-nın funksiyalarına istifadəçilərlə qarşılıqlı əlaqələri, onlara lazım olan verilənlərin VB-da olmasını təyin etmək, xarici təsvir dillərində sorğuların təsvirini yaratmaq və ya bu işdə istifadəçilərə kömək etmək də daxildir. Bundan əlavə, hər bir xarici sxemlə konseptual sxem arasında əks olunmanı da təyin etmək lazımdır. Praktikada verilənlərin xarici təsvir dili bu əksolunmanı təyin edən vasitələrə malik ola bilər. lakin xarici sxem və onun konseptual sxemdə əksi bir-birindən ayrılmalıdır. Xarici sxem və onun əksi ilkin və obyekt formalarında mövcud olur. Istifadəçilərlə qarşılıqlı əlaqənin digər cəhəti tətbiq edilmələrin işlənib hazırlanması, texniki təlimdə və istifadəçilərə xidmətdə yaranan problemlərin həllinə kömək etməkdir.
Dostları ilə paylaş: |