Kənd təsərrüfatı (Aqrar) statistikası.Məlum olduğu kimi, Rusiyada aqrar statistikanı 1861-ci il islahatından sonra Mərkəzi Statistika Komitəsi həyata keçirirdi.Statistika Komitəsi taxıl əkini və yığımı, başqa bitkilərin əkini və yığımı haqda məlumatlar toplayırdı. 1866-1890-cı illərdə Statistika Komitəsi 3 seriya ilə “Rusiya imperiyasının statistik məcmuəsi” külliyyatı nəşr etmişdi. 1887-1917-ci illərdə isə 110 cildlik “Rusiya imperiyasının statistikası” adlı çoxaspektli nəşr buraxmışdı. Bu nəşrlərdə inzibati bölgü, əhali, kənd təsərrüfatı, sənaye, ticarət və s. haqqında ətraflı məlumatlar var. Kənd təsərrüfatına aid məlumatlar 1904-cü ildən “Rusiya imperiyasının statistikası”, 1907-ci ildən “Ölkə üzrə illik məhsul”, “Mal-qara haqqında məlumatlat” adlanan külliyyatlarda dərc olunurdu.
1916-cı ildə Rusiyada I ümumi kənd təsərrüfatı sıyahıyaalınması keçirilmişdi. Bu, ərzaq məsələsi üzrə Xüsusi Müşavirənin ( 1915-ci ildə yaradılmışdı) fəaliyyəti ilə əlaqədar idi. Siyahıyaalınmanın keçirilməsində məqsəd müharibə şəraitində ordunun ərzaqla təmin olunması imkanlarını müəyyənləşdirmək idi.
1917-ci ildə Fevral inqilabından sonra təkrar kənd təsərrüfatı siyahıyaalınması keçirildi, lakin onun proqramı 1-cidən geniş idi. Materialları oktyabr çevrilişindən sonra nəşr olunub. 1916-1917-ci il siyahıyaalmalarının məlumatlarını bir sıra göstəricilər üzrə müqayisə etmək mümkün olmur, çünki siyahıyaalmaların təşkili prinsiplərində, proqramlarında və məlumat yığıımı metodlarında, məlumat mənbələrində stabillik yoxdur. Odur ki, bunların əsasında ancaq təxmini dinamikanı müəyyən etmək mümkündür.
Əhalinin statistikası. XIX əsrin birinci yarısında Azərbaycan əhalisinin sayını və yerləşməsini öyrənmək üçün kameral sayımların məlumatlarından, ikinci yarısı üçün isə Tiflisdəki Qafqaz canişini Baş idarəsi yanında Qafqaz Statistika komitəsi tərəfindən tərtib olunmuş “Qafqaz ölkəsi üzrə Rusiya imperiyası yaşayış yerlərinin siyahıları” adlanan nəşrdən istifadə olunur. Bakı quberniyası üzrə siyahılar 1870-ci ildə tərtib olunmuşdu. Bu külliyyatın materialları konkret yaşayış məntəqələri üzrə əhalinin yerləşməsini öyrənməyə imkan verir. Seriya nəşri 47 quberniyanı əhatə edir. Qafqazın bütün quberniya və əyalətləri üzrə statistik məlumatlar verilmişdir. Azərbaycandan isə yalnız Bakı quberniyasına dair məlumatlar var. Bu siyahılar üçün əsas mənbə 1859 və 1864-cü illərin kameral sayımları və Qafqaz hərbi dairəsi hərbi-topoqrafiya şöbəsinin xəritələri olmuşdur.
Rusiyada I Ümumrusiya əhali siyahıyaalınması 1897-ci ildə keçirilmişdi. O vaxta qədər əhalinin hesablanmasında 1857-ci il təftişinin məlumatlarından istifadə olunurdu. 1897-ci il siyahıyaalınmasının təşəbbüsçüsü 1864-cü ildən Rusiya Statistika Komitəsinə rəhbərlik edən görkəmli alim Semyonov Tyan-Şanski olmuşdur. 20 il müddətində hazırlıq işi getdikdən sonra keçirilən siyahıyaalma Bakı və Yelizavetpol quberniyalarını da əhatə etmişdi. 1897-ci il siyahıyaalınmasının materialları Ümumimperiya külliyyatı şəklində, həmçinin ayrı-ayrı quberniyalar, vilayətlər, dörd şəhər və Saxalin adası üzrə 89 buraxılışda nəşr olunub. L XI cild – Bakı quberniyası, 1905-ci ildə; L XIII cild – Yelizavetpol quberniyası – 1904-cü ildə.
Bakı əhalisi haqqında məlumatlar 25 cədvəldə verilmişdir. Bunlar aşağıdakılardır: vətəndaşın adı, atasının adı, soyadı, ailə vəziyyəti, təsərrüfat başçısına münasibəti (qohumluq, qulluqçu, işçi və s.), cins, yaş, silki mənsubiyyəti, dini etiqadı, doğulduğu yer yaşayış qeydiyyatı, daimi yaşayış yeri, ana dili, savadlılıq, məşğuliyyəti (əsas və əlavə).
XX əsrin əvvəllərində - 1903 və 1913-cü illərdə, hər ikisi oktyabr ayının 22-də keçirilmiş daha iki şəhər əhalisinin siyahıyaalınması olmuşdur. Bunların proqramları Moskvada və digər şəhərlərdə keçirilən siyahıyaalma proqramlarının eyni idi. Bu siyahıyaalmaların keçirilməsi Bakı-Şollar su kəmərinin çəkilməsi üçün şəhər upravası tərəfindən İngiltərədən dəvət olunmuş mühəndis Vilyams Lindleyin təşəbbüsü idi. Kəmərin çəkilişinin təşəbbüsçüsü isə H.Z.Tağıyev olmuşdur. 1903-cü il siyahıyaalınması bir sira əlamətlər üzrə keçirilmişdi: buraya məşğuliyyət, cins, yaş, ailə vəziyyəti, savadlılıq, milliyyət, anadan olduğu yer və şəhərdə yaşadığı müddət daxil idi. Bütün bu məlumatlar 4 cədvəldə əks olunmuşdu. Daha iki cədvəl Bakı şəhər əhalisinin ümumi demoqrafiyasını əks etdirir. Digər məlumatları əks etdirən və işlənməmiş materialın böyük bir hissəsi 1905-ci ildə itmişdi. İkinci, 1913-cü il siyahıyaalınması proqram etibarilə 1-cidən geniş idi. Hər iki siyahıyaalınma proqramının hazırlanmasında şəhər upravasının Statistika komissiyası yaxından iştirak etmişdi. Məşədi Əzizbəyov da həmin komissiyanın üzvlərindən biri idi. Bu siyahıyaalmaların məlumatları ayrıca nəşr olunmuşdur. Birinci, 1903-cü il siyahıyaalmasının materialları 1905-ci ildə, ikinci sıyahıyaalmanın materialları isə 1916-cı ildə Bakıda nəşr olunmuşdur. 1922-ci ildə həmin materiallar təkrar işlənmiş və Alışevskinin şərhləri ilə yenidən nəşr edilmişdir. Hər iki nəşrdən Azərbaycanın ictimai, iqtisadi, siyasi tarixi, əhalinin sosial strukturu və s. problemlərin araşdırılmasında istifadə olunur.