AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI


Statistikanın əsas növləri



Yüklə 440,25 Kb.
səhifə26/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   22   23   24   25   26   27   28   29   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Statistikanın əsas növləri.
İdarə statistikası. XIX əsr – XX əsrin əvvəllərində Azərbaycanda statıstika işinin təşkilinin bir sıra xüsusiyyətləri var idi. Azərbaycan Rusiyanın müstəmləkəsinə çevrildikdən sonra rus çarizmi bu diyarın hərtərəfli öyrənilməsinə başlayır. Ölkənin həm təbii sərvətləri, həm iqtisadiyyatının vəziyyəti, həm demoqrafik ehtiyatları tədqiq olunur. Bunun üçün, bir tərəfdən məqsədli təftişlər keçirilir, statistik təsvirlər tərtib olunurdu, digər tərəfdən isə ayrı-ayrı cəmiyyətlər yaradılırdı. Artıq Gülüstan müqaviləsi imzalanandan sonra, yəni hələ Azərbaycan tamamilə Rusiya ilə İran arasında bölünmədiyi bir vaxtda, Baş rəis Yermolovun göstərişi ilə Azərbaycanın ayrı-ayrı əyalətlərinin öyrənilməsinə başlanır. Nəticədə bir sıra təsvirlər tərtib olunur ki, bunlardan 1817-ci ildə tərtib olunmuş Şəki əyalətinin təsviri, 1823-cü ildə tərtib edilmiş Qarabağ əyalətinin təsvirini qeyd etmək olar. Hər iki təsvir 1866-1867- ci illərdə Tiflisdə nəşr olunmuşdu. Bu təsvirlər iqtisadi-coğrafi təsvirlər xarakterində olub, əyalətlərin təbii sərvətləri, iqtisadi göstəriciləri, əhalisi haqqında məlumat verir. Cənubi Qafqazın Rusiyaya birləşdirilməsi həmçinin inzibati idarəçilikdə də yeni təsisatların yaranmasına gətirib çıxarmışdı. Bunlar birləşdirilmiş ərazilərdə siyasi və təsərrüfat həyatında xan idarəçiliyini əvəz etməli idi. Bu təsisatlar müvəqqəti xarakter daşıyıb, Cənubi Qafqazda rus qoşunlarının vəziyyətinə uyğunlaşdırılırdı. Yeni hakimiyyət işğal etdiyi torpaqları saxlamaq və öz hakimiyyətini möhkəmləndirmək, həm də buradakı rus qoşunlarını ərzaq və ləvazimatla təmin etmək, həmçinin Rusiya xəzinəsini diyarın sərvətləri hesabına varlandırmaq məqsədi güdürdü. Lakin bu işi həyata keşirmək üçün həm hərbi qüvvə, həm də polis və vergi toplama aparatı lazım isdi. Mərkəzdən uzaq olması, rus dilini bilən etibarlı adamların olmaması çar hökumətini məçbur edir ki, köhnə-inzibati ərazi bölgüsünü saxlayıb, onun başında rus zabitlərindən olan komendantlar qoysun. Odur ki, yeni inzibati təsisat sistemi komendant üsul-idarəsi adlanırdı. Komendantların əlində geniş hərbi və mülki hakimiyyət cəmlənmişdi. Azərbaycan Mərkəzi Dövlət Tarix Arxivində Qarabağ (f. 47), Şirvan (f. 91), Şəki (f. 87), Quba (f. 75), Bakı (f. 47) komendantlarının, habelə Yelızavetpol dairə rəisi dəftərxanasının (bu dəftərxana 1813-cü ilə qədər Yelizavetpol komendantı funksiyasını yerinə yetiridi) ( f. 63), Zaqafqaziya müsəlman əyalətləri hərbi dairə rəisinin (f. 130) materialları saxlanılır. Bu materiallar, təəssüf ki, zəif öyrənilmişdir.
Komendant idarəçiliyi materialları, komendantların hərbi və mülki funksiyalarına müvafiq olaraq rəngarəngdir. Materialların əksəriyyəti çoxsahəlidir. Onları bir neçə qrupa bölmək olar: təlimatlar (instruksiyalar), tapşırıqlar (predpisaniyalar), müxtəlif xarakterli vedomostlar, iclasların jurnalları, cildlənmiş kitablar (şnurovıye kniqi), cildlənmiş kitabların sıyahıları (opisi şnurovıx kniq), qeydiyyat sənədləri, sahibkarlıq hüquqlarının təhqiqi və araşdırılması ilə bağlı işlər, yazışma materialları və s.
Bu materialların içərisində komendant vedomostları tarixi mənbə kimi daha qiymətlidir, çünki onlarda diyarın real, gerçək mənzərəsinə aid çoxlu və müxtəlif məlumatlar var. Vedomostlar bir çox hallarda uçotun və komendant hesabatlarının yeganə formasıdır. Onlar cədvəl şəklindədir. Bir sıra vedomostlar bir mövzuya həsr olunub, bir mövzuludur, bəziləri isə çoxmövzuludur. Bəzən vedomostlar sıyahı, hesabat, baş hesabat adlandırılmışdır.
Statistik mənbə olmaq etibarilə vedomostların qiyməti ondadır ki, bunlarda dövlət əmlakının ( torpaqlar, tikililər, bağlar, ərzaq ehtiyatları və s., yəni əvvəllər şaha və ya xanlara məxsus olan və ya Rusiyaya birləşdirmə əleyhinə çıxan feodalların mülkiyyətinin) uçotu verilmişdir.
Məlumatların keyfiyyəti obyektiv və subyektiv amillərlə bağlıdır. Obyektiv səbəb odur ki, vedomostların vahid forması yox idi və onların tərtib olunması qaydaları haqqında heç bir dəqiq göstəriş verilməmişdi. Subyektiv səbəb informasiya mənbəyi ilə əlaqədar idi. Çox hallarda komendantlar və ya vedomostu tərtib edənlər nəyi isə gizlətmək, gəlirlərini azaltmaq üçün, işi bilmədiklərinə, vedomostu doldura bilmədiklərinə görə bu hal məlumatların keyfiyyətinə mənfi təsir göstərmişdir. Bundan başqa vedomostlar çox pərakəndədir, bəziləri illər üzrə, bəziləri aylar üzrə, ayrı-ayrı mahallar və əyalətlər üzrədir. Beləliklə, lazımi dəqiqliklə uçotun aparılmaması nəticəsində vedomostların məlumatları təxmini faktlar verir. Məlumatların, faktların dəqiqliyini yoxlamaq imkanı olmadığından bunlardakı material da əsasən təsviri xarakter daşıyır.
Statistik mənbələrin bir növünü senator təftişləri təşkil edir. Senator təftişi fövqəladə təftiş forması kim Rusiyada XVIII əsrdən geniş tətbiq olunurdu. Bir qayda olaraq senator təftişi böyük inzibati iş təcrübəsi olan yüksək rütbəli məmurlara həvalə edilirdi. Belə məmurlar adətən müstəqil hərəkət edir və heç bir xarici təzyiqə uymurdu.
1829-cu ildə senatorlardan Kutaysov və Meçnikov Cənubi Qafqazı, o cümlədən Azərbaycanı təftiş etmişdilər. Onların tərtib etdiyi hesabatda Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinə dair statistik məlumatlar var. Senatorlar xüsusilə Qarabağ hərbi dairəsinin təftişi ilə əlaqədar maraqlı məlumatlar verirlər. Təftiş dövründə Qarabağın hərbi dairə rəisi əslən erməni olan Mədətov idi. Hesabatda senatorlar onun haqqında yazırlar: “ O hökumətin ona göstərdiyi etimaddan sui-istifadə edir, özgəsinin mülkiyyətini özbaşına mənimsəyir, haqq vermədən əhaliyə xüsusi işlər gördürür, başqalarının adından saxta sənədlər tərtib edir və qəbirüstü abidələri dağıtmaq dərəcəsinə çatan kinli bir adamdır”.
Kutaysov və Meçnikov Cənubi Qafqazı və Azərbaycanı təftiş etdikdən sonra bu diyarda komendant üsul-idarəsinin ləğv edilməsini lazım bilmişdilər və inzibati islahat layihəsini - “Zaqafqaziya ölkəsinin quruluşu haqqında” təkliflərini hökumətə təqdim etmişdilər.
1837-ci ildə Cənubi Qafqaza senator Qanın başçılığı ilə komissiya göndərilmişdi. Diyarın ətraflı təftişindən sonra 1838-ci ilin əvvəllərində Qan “Zaqafqaziya ölkəsinin idarə olunmasına dair” layihəsini təqdim edir və həmin layihədə komendant idarəçiliyinin ləğv olunması və burada Rusiyada mövcud olan idarələrin tətbiqi nəzərdə tutulurdu.
Senator təftişlərindən biri XX əsrin əvvəllərində keçirilmişdi. 1905-ci ilin fevral ayında Bakida ermənilərlə azərbaycanlılar arasında baş vermiş qanlı hadisələrlə, həmçinin Cənubi Qafqazda yüksəlməkdə olan inqilabi hadisələrlə əlaqədar olaraq çar hökuməti “ictimai rəyi sakitləşdirmək üçün” özünün sınanmış siyasətinə əl ataraq təftiş təyin edir. II Nikolayın 1905-ci il 2 mart tarixli əmrinə əsasən aprelin əvvəllərində Bakıya gəlmiş senator Kuzminski, Bakı şəhəri və Bakı quberniyasını təftiş etdikdən sonra 686 səhifədən ibarət böyük həcmli hesabat tərtib edib, çara təqdim etmişdi. Hesabatın materialları ilk dəfə 1905-ci ildə Sankt-Peterburqda, 1906-cı ildə isə Bakıda nəşr olunmuşdu. Hesabatdan ayrı-ayrı hissələr “Baku” qəzetinin 1906-cı il 14, 23-26 saylarında dərc olunmuşdu.
Hesabatda daha ətraflı işıqlandırılmış məsələlərdən biri inqilabi hərəkat mövzusudur. Senator inqilabi şəraitin yaranması ilə əlaqədar kilsələrin əmlakının onların əlindən alınması haqqında 12 iyun 1903-cü il Qanununun təhlilinə və 1905-ci il 6 -10 fevral hadisələrinə geniş yer verir. Hesabatda Bakıda və neft mədənlərində mövcud olan hər bir siyasi partiyanın mənşəyi, ayrı-ayrılıqda ermənilərə və ruslara görə milli tərkibi, qarşılarına qoyduqları məqsədlər, fəaliyyəti, digər millətlərdən olan şəxslərin hərəkatda iştirakı, müsəlmanları hərəkata çəlb etmək cəhdləri və nəhayət inqilabi hərəkatın yüksəlişinə təsir göstərən səbəblər ətraflı şəkildə, konkret statistik rəqəmlərlə şərh edilir.
Senat təftişi zamanı regionun iqtisadi vəziyyətinin öyrənilməsinə də diqqət yetirilmiş, bu məsələ xüsusi təhlil obyektinə çevrilmişdi. Çarizmin maraqları dairəsində olan heç bir məsələ senatorun diqqətindən yayınmamışdı. Materiallarda təsərrüfat həyatının aşağıdakı aspektlərinə diqqət yetirilirdi: Bakı və Bakı quberniyası əhalisinin strukturu və etnik tərkibi, Bakı şəhərində daşınmaz əmlakın vəziyyəti və onun müxtəlif xalqların nümayəndələri arasında bölünməsi, Bakı quberniyasında torpaq mülkiyyətinin əhalinin müxtəlif təbəqələri arasında bölünməsi. Senator həmçinin ticarət və sənaye müəssisələrinin iqtisadi vəziyyətini, ayrı-ayrı millətlərin nümayəndələrinə məxsus olan müəssisələrdən gələn gəlirin vəziyyətini dərindən öyrənərək , həmçinin fəhlə məsələsinə, onların mənzil şəraitinə, yaşayış yerlərinin 1897-ci il qaydalarına uyğun gəlib-gəlmədiyinə diqqət yetirir. Çarizmin Qənubi Qafqazı iqtisadi cəhətdən fəth etməsində Bakı neftinin müstəsna rol oynadığını yaxşı başa düşən Kuzminski neft işinin vəziyyətini xüsusi təhlil edir. Tədqiqat oçerki, xəzinəyə məxsus olan neftli torpaqların təmizlənməsi, 1896-1904-cü illərdə bu torpaqların icarəyə verilməsi, Ramana gölünün qurudulması və onun şimal hissəsinin icarəyə verilməsi, neft hasilatı, neft məhsullarının daşınması, sənayenin əhəmiyyəti, neft hasilatının uçotuna nəzarətin təşkili – bütün bunlar hesabatda öz əksini tapmış məsələlərin heç də tam olmayan siyahısıdır. Senator, həmçinin, Bakı və Bakı quberniyasının iqtisadi potensialında mühüm rol oynayan balıq sənayesi haqqında da məlumat verir, onun vəziyyətini şərh edir, mədənlərin topoqrafiyasını verir, balıq vətəgələri idarəsinin fəhlə məsələsində iştirak etməsindən bəhs edir.
Hesabatın VI bölməsi “Köçürmə işi və kəndli məsələsi” adlanır. Bu bölmə 3 hissədən ibarətdir: 1) Kəndli işi; 2) Köçürmə məsələsi; 3) Senatorun tövsiyyələri.Çar məmuru toxunduğu bütün məsələlərlə əlaqədar nəticələr çıxarır və bu diyarda işlərin mövcud vəziyyətini yaxşılaşdırmaq üçün öz tövsiyyələrini və təkliflərini irəli sürür. Kuzminskinin senat təftişinin materialları XIX əsr - XX əsrin əvvəllərində Azərbaycanın tarixini öyrənmək üçün ən qiymətli mənbələrdən biridir.
İqtisadi-coğrafi təsvir xarakterli mənbələrdəm biri “Obozreniye Rossiyskix vladeniy za Kavkazom...” adlanan külliyyatdır. Cənubi Qafqaz Rusiyaya birləşdirilən kimi çar hökuməti buranın istehsal və maliyyə imkanlarını öyrənməyə başladı. Maliyyə naziri qraf Y.F.Kankrinin göndərdiyi məmurlar tezliklə 4 cilddən ibarət bir külliyyat tərtib etdilər. Onun tərtib olunmasında Qafqazın tarixini və şərq dillərini yaxşı bilən mütəxəssislər iştirak etmişdilər və nəticədə sanballı tədqiqat hazırlanmışdı. Külliyyat 1836-cı ildə V.Leqkobıtovun rəhbərliyi ilə Sankt-Peterburqda 4 cilddə nəşr olunmuşdur. Rusiyanın Qafqaz arxasındakı əyalətlərinin statistik, etnoqrafik, topoqrafik və maliyyə baxımından təsvirinə həsr olunmuş bu dəyərli külliyyat tarixi qaynaq kimi bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Külliyyatda Cənubi Qafqaz, o cümlədən Azərbaycanın bir sıra əyalətlərinin – Bakı, Quba, Dərbənd, Şirvan, Yelizavetpol dairəsi, Azərbaycan torpaqları hesabına yaradılmış erməni əyalətinin vəziyyəti, sərhədləri, torpaqları, təbiəti, suları, təbii sərvətləri, yolları, əhalisi, taxıl və pambıq əkini, bağları, sənətkarlığın ayrı-ayrı sahələri, toxuculuq, xalçaçılıq və s. haqqında qiymətli məlumatlar vardır.
XIX əsrin ortalarında 18 cildlik “Rusiya imperiyası quberniya və əyalətlərinin hərbi-statistik təsviri (1848-1863)” tərtib olunmuşdu. Buraya Bakı və Yelizavetpol quberniyaları haqqında məlumatlar: quberniyalar, sənaye sahələrinin xarakteri, kənd təsərrüfatı, ticarət, əhali, onun milli tərkibi və sayı haqqında informasiya daxil edilmişdir. Bu məlumatlar da iqtisadi-coğrafi təsvir xarakterindədir.
1846-cı ildə Qənubi Qafqazda quberniya idarəçiliyi yaradıldıqdan sonra qubernatorların illik hesabatları da tariximizin XIX əsrin ortalarından - XX əsrin əvvəllərinə qədərki dövrü haqqında məlumat verən mənbələrdir.Rusiyada qubernator hesabatlarının forması bir neçə dəfə dəyişdiirilmişdi. Məsələn, 1837-ci ildən hesabatlar 1) məhkəmə-polis; 2) səhiyyə; 3) təsərrüfat və ümumi qeydlər də daxil olmaqla 3 hissəli tərtib olunurdu. 1853-cü ildə hesabatın forması yenidən dəyişdirilmişdi. Hesabatlarda quberniyanın ümumi vəziyyətinin bu bölmələrə müvafiq olaraq təsvir hissəsindən sonra verilmiş əlavələrdə bütün bölmələrə aid statistik cədvəllər yerləşdirilirdi ki, bunlarda da geniş faktik rəqəmlər quberniyanın iqtisadiyyatının mühüm sahələrinin inkişafını əyani nümayiş etdirirdi. 1917-ci ilə qədər yazılmış bütün hesabatlarda belə statistik cədvəllər vardır. Cədvəllərdə quberniya əhalisi , əkin yerləri və məhsul, mal-qara, fabrik və zavodların sayı, yarmarkaların fəaliyyəti və dövriyyəsi, ən mühüm malların satış qiymətləri, hərbi qüvvələrin sayı, gəmiçiliyin inkişafı haqqında olan siyahılar xüsusilə əhəmiyyətlidir.
Qubernatorların hesabatları Rusiya Daxili İşlər Nazirliyinin inzibati statistikasının bir hissəsini təşkil edirdi. Məlumatların toplanması qəza polis rəisləri –ispravniklər, volost idarələri, xəzinə idarələri və zadəgan nümayəndələri vasitəsilə həyata keçirilirdi. Toplanmış məlumatlar qubernator dəftərxanasında təhlil edilir və hesabat yazılırdı. Lakin bu hesabatlar çox primitiv tərtib olunurdu, elmi prinsiplərə əməl olunmurdu. Bu işi daha müvəffəqiyyətlə həyata keçırmək üşün hələ 1835-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin nəzdində xüsusi Statistika şöbəsi və yerlərdə quberniya statistika komitələri yaradılmışdı. Daxili İşlər Nazirliyinin Statistika şöbəsi 1852-ci ildə Statistika Komitəsinə, 1857-ci ildə Mərkəzi Statistika Komitəsinə çevrilmişdi. Bu komitə hökumətə lazım olan bütün statistik məlumatları ümumiləşdirməli, yoxlamalı və təhlil etməli idi.

Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin