AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə67/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   63   64   65   66   67   68   69   70   ...   96

ƏBDÜLMÖMİN XANIN XORASANA QOŞUN 

ÇƏKMƏYİNİN ZİKRİ, ONUN MÜQƏDDƏS MƏŞHƏDİ 

MÜHASİRƏ ETMƏSİ VƏ CAHAN PƏRVƏRDİGARININ 

KÖMƏYİ İLƏ O ŞƏRAFƏTLİ ŞƏHƏR ÜZƏRİNDƏ 

QƏLƏBƏSİ 

 

Yuxarıda  söylənildiyi  kimi,  keçən  il  Məşhədə  gələn 



Abdulla  xan  kiçik  irəliləmə  (bişkeşi)  ilə  kifayətlənib  Məşhəddən  əl 

çəkdi.  O  il  Məşhədin  hakimi  İbrahim  xan  Ustaclı  idi  və  vaxtın 

tələbinə  müvafiq  olaraq  həmin  mülkün  əhalisi  onun  hakimliyi  ilə 

razılaşmışdı.  Bu  il  Abdulla  xan  eşitdi  ki,  əlahəzrət  zilləllah  şah 

Xorasana  gələrək  Herat  şəhərinə  daxil  olmadan  qayıtmış,  İraq 

istiqamətinə  yollanmışdır.  Heratı  fəth  etmək  fikrinə  düşən  xanın 

həvəsi  daha  da  artdı  və  onun  oğlu  Bəlxdən  çıxıb  Herata  yollandı. 


708 

 

"Yetim  Sultan"  kimi  tanınan  Abdulla  xanı  bacısı  oğlu  Din 



Məhəmməd  Sultan  ibn  Canı  bəy  Sultan  və  Herat  hakimi  Qulbaba 

Kukəltaş,  Bəlx, Əndxod, Şibirğan, Çiçəknov, Meymənə, Faryab  və 

Qıpçaq həzarələri ilə birlikdə, ona köməyə yollandı. Hələ məhsullar 

yetişmədən  əvvəl  Əbdülmömin  xan  Xorasana  yetişdi.  Az  miqdar 

adamla tez-tələsik  gəldiyindən o,  əvvəlcə Nişapurun üzərinə yeridi. 

Nişapurda  olan  Mahmudxan  Sufioğlu  və  ustaclı  qaziləri  özbək 

sərdarının ləşkərinin vəziyyət, keyfiyyət və kəmiyyətindən xəbərsiz 

halda qoşun bəzəyib şəhərdən çıxdılar. Qoşunlar bir-birinə qarışdı, 

arada  kiçik  bir  hərb  oldu.  Qızılbaşiyyədən  igidlik  və  şücaət  əsəri 

zahirə  çıxdı,  özbəkiyyənin  bir  neçə  məşhur  bahadırı  və  mötəbər 

adamı  əsir  düşdü  və  məlum  oldu  ki,  onların  sərkərdəsi  elə 

Əbdülmömin  xandır.  Ustaclı  qaziləri  hərbdən  əl  çəkib,  özlərini 

qalaya  çatdırdılar,  qapıları  möhkəmləndirdilər,  bürc  və  barıların 

üstünə qalxdılar. Əbdülmömin xan şəhərin xaricinə gəlib dayandı və 

özbək qoşunları dəstə-dəstə yetişərək bir yerə toplaşdılar. Qaladarlıq 

ləvazimatını  hələ  toplaya  bilməyən  Mahmud  xan  əsir  düşən 

özbəklərlə onların şəhər xaricindəki mötəbər qohumlarına bir qədər 

peşkəş yollayıb, onlara belə ərz etdi: "Nişapur müqəddəs Məşhədin 

tabeliyindədir. Siz əgər o müqəddəs yeri hərb yoluyla tuta bilsəniz, 

biz bu vilayəti müharibəsiz sizə verərik". 

Xülasə, qohumları əsir düşmüş bir dəstə əmirin səyi ilə sülh 

təklifinə  razılaşıb  oradan  çıxdı.  Mahmud  xan  da  əsir  düşmüş 

özbəklərin  hamısını  eşiyə  buraxaraq  yürüş  cilovunu  Heratdan 

müqəddəs  Məşhədə  yönəltdi.  Şəhərin  xaricinə  çatdıqda  onun 

yanında  çox az adam  vardı. Buna görə də,  əhvalatın başlanğıcında 

mühasirəyə  girişmədi,  şəhərin  yarım  fərsəxliyindəki  Tuni 

hovuzunun  yanında  dayandı.    Xorasanda  olan    Herat  hakimi  Mir 

Qulbaba,  Yetim  Sultan  və  başqa  özbəkiyyə  əmirləri  onun  yanına 

toplaşıb,  oradan  şəhərin  yaxınlığına  gəldilər,  qalanı  mühasirəyə 

aldılar  və  qalatutma  alətləri  hazırlığına  başladılar.  Ümmət  xan  isə 

ətraf  yerlərin  əli  çatan  hər  döyüşçüsünü  şəhərə  gətirib  imkan 

daxilində  bacardığı  qədər  şəhərin  bürc,  ban  və  başqa  yerlərini 

möhkəmləndirdi,  hər  bir  bürcə  qızılbaşiyyə  döyüşçülərini  və 

Məşhədin  əhali  və  əyanlarını  təhkim  edib,  müdafiə  və  qaladarlığa 

başladı. Ali saraya bir adam yollayan Ümmət xan mövcud vəziyyəti, 

azuqə  azlığını,  Məşhəd  əhalisinin  sıxıntısını  və  yoxsulluğunu  ərz 

etdi. 


709 

 

Ali  hümayun  nəvvab  (Şah  Abbas  -  Ş.F.)  Ümmət  xanın 



məktubundan xəbərdar olub, düşmənlərin dəf olunması  və Məşhəd 

mühasirəsində  qalanların  xilası  üçün  səltənət  taxtından  hərəkətə 

başlayıb məqsədinə tərəf yola düşdü. 

 

Şah Abbasın Tehran şəhərində naxoşluğu: 

 

Rey    ülkası  onların    iqbal  çadırlarının  yeri  oldu,  bir  neçə 



gün  Tehranda  dayanıb  müzəffər  əskərlərin  toplanışı  ilə  məşğul 

oldular.  Amma  iranlıların  bəxt  ulduzu  hələ  çətinlik  (vəbal) 

zülmətindən  çıxmamışdı,  amma  onların  qarmaqarışıq  vəziyyət 

istiqaməti  artıq  müəyyənləşmişdi.  Qəzanın  gərdişi  ilə  havanın 

üfunəti  və  hümayun  odudakı  xəstəliklər  çoxaldı,  əlahəzrət  zilləllah 

şahın müqəddəs zatına ağır mərəz üz verdi. Bir dəstə əmir və əskəri 

önə  yollayıb,  onlara  ordunun  önündə  dayanmalarını,  Bəstam 

çəmənliyinə  qədər  getmələrini,  orada  dayanıb  iqbal  ordusunun 

gəlişini  gözləmələrini  tapşırdılar  ki,  şahın  sağalmasından  sonra 

məqsəd  istiqamətinə  doğru  yollansınlar.  Təbiblərsə  müalicəyə 

iqdam  etdilər. Allahın əzəli istəyi həmin şərafətli büqə sakinlərinin 

vəziyyətlərinin pisləşməsinə, nurlu  müqəddəs Məşhədin Rezəviyyə 

məscidinin adamlarının şəhadətinə yönəldiyi üçün, şahın xəstəliyi və 

məzacının  pozulması  uzun  vaxt  çəkdi,  igid  əskərlərin  əksəriyyəti 

həlak  oldu.  Özbəkiyyə  bu  xəbərdən  şadiman  oldular,  ürək 

arxayınlığı  ilə  şəhəri  və  qalanı  tutmağa  çalışdı.  Ümmət  xan  və 

mühasirəyə  alınanlar  bu  xəbərdən  pərişan  oldular,  günləri  dörd  ay 

yas  və  ehtiyac  içərisində  keçirdilər,  düşmənə  müqavimət  edərək 

bacardıqları  qədər  müdafiə  olundular.  Get-gedə  iş  çətinliyə  düşdü, 

mühasirəyə  alınanlar  azuqə  qıtlığından  təngə  gəldilər,  şəhərdən 

kənardakıların  onları  mühafizə  edəcəklərindən  əllərini  üzdülər. 

Onlar  qala  daxilini  də  bir  neçə  vaxt  qoruya  bildilər.  Qala 

xaricindəkilər  onlara  gün-gündən  kömək  yetməsindən  qüvvətlənir, 

qala  daxilində  olanlarsa  daha  da  zəifləyirdilər.  Xəstəliyin  uzun 

sürməsi  və  şahı  mübarək  zalının  zəifliyi  səbəbindən  onlar  kömək 

yetişəcəyindən  öz  ümidlərini  üzdülər,  heyrət  dənizində  qərq  olan 

adamlar  kimi  iztirab  burulğanına  düşüb  müqavimət  göstərməkdən 

aciz  oldular,  balıq  kimi  çapaladılar.  "Suda  batan  adam  otdan  da 

yapışar"

531


  misalına  uyğun  vəziyyətdən  çıxmaq  fikrinə  düşdülər  ki, 

                                                           

531

 İfadənin ərəbcəsi: “Əl-ğəriq yətəşəbbəsu bi kulli həşiş”. 



710 

 

Mir Qulbaba və Əbdülmömin xan  ilə sülh danışıqlarına başlayaraq 



şəhəri  onlara  təslim  etsinlər,  bəlkə  də  bu  hərəkətlə  onlardan  aman 

alıb  çıxıb  getsinlər.  Xudaverdi  xan  Cəlairi  qaladan  eşiyə  yollayıb 

sülh xahiş etdilər. Beləliklə, onların aciz qalmaları düşmanlərə zahir 

oldu, amma Əbdülmömin xan sülhə razılaşmayaraq, Xudaverdi xanı 

qala önündə qəbahətlə cəzalandırıb öldürdü, özbəkiyyə əmirləri hirs 

və inadkarlıqla qalanın fəthinə yollanıb gündən-günə bu iş uğrunda 

çalışdılar.  Günlərin  bir  günü  bütün  qüvvələrini  toplayaraq  hər 

tərəfdən  hücuma  keçdilər.  Qızılbaşiyyə  müqavimətə  tab  etməyib, 

müdafiə gücündə  olmadı. 

 

Əbdülmömin xan Özbəyin müqəddəs  



Məşhəd əhalisini qətli-am etməsi: 

 

Özbəklər bürclərə qalxaraq şəhərə girdilər.  Ustaclı qaziləri 



və  başqa  adamlar  müqəddəs  məsciddə  toplaşıb,  müqəddəs  rövzə 

hasarını  özlərinin  pənah  yerinə  çevirdilər,  vuruşmağa  başladılar. 

Müqəddəs  Məşhəddə  olan  bütün  seyidlər,  üləmalar,  müdərrislər, 

Məşhədin sərkarı, əməlisaleh adamlar və salehlər müqəddəs məscidə 

üz  tutub  oraya  yığışdılar,  dua  etməyə  başladılar.  Amma, 

döyüşçülərin  səyləri  və  məzlumların  duaları  qəzanın  önünü  ala 

bilmədi.  Özbəklər  oranın  hər  tərəfini  əhatəyə  aldılar,  ox  və  tüfəng 

quşları  hər  iki  tərəfdən  pərvaza  başladı.  Əbdülmömin  xan  və  

"Yetim Sultan" adlanan Din Məhəmməd Sultan bir dəstə  adlı-sanlı 

bahadırla şəhərə girərək məscid meydanına doldular. 

Qızılbaşiyyə  qaziləri  sinələrini  bəla  qalxanı  edərək,  şirin 

canlarından  əl  çəkib  mərdanə  döyüşür,  bir-bir  bola  camından  

şəhadət    şərbəti    içirdilər.    Müxaliflərin    qanlar    tökən  qılınc  

zərbələrindən    onların    cəsədləri    müqəddəs    məscid  meydanında 

üst-üstə qalaqlandı. Ümmət xan və yaraqlanıb cəngə girən adamların 

hamısı  qətl  olundular,  özbəkiyyənin  əlindən  qurtula  bilmədilər. 

Özbəklər  döyüşçüləri  qırdıqdan  sonra  əməlisaleh  adamlara, 

üləmalara  və seyidlərə əl  atdılar. Əbdülmömin xan  İbn Ziyad  kimi 

hərəkət etdi, onun qəzəb şöləsi şiə seyid  və üləmalarının qanından 

başqa  heç  bir  şeylə  sönmədi.  O,  "Allah  insanlara  rəhm  etməyənə 

rəhm etməz"

532


 kəlamından  çəkinmədən,  qəlb  qəddarlığı  ilə  Mir 

                                                           

532

 İfadənin ərəbcəsi: 



"lə yərhəmu-l-lahu mən lə yərhəmun-nəsə". 

711 

 

Əlişir  səfəsinin  (?)  kənarında  dayandı,  zalım  özbək  dəstələrini 



müqəddəs  rövzənin  daxilinə  göndərdi,  biçarə  məzlumları  bir-bir 

mühafizə  yeri  sayılan  came  məsciddən  kənara  çıxarıb  şəhadətə 

yetirdi,  hamını  mühafizə  əlindən  qapıb,  onlara  həmin  şərbətdən 

içirdilər. Düzgün söz danışanlardan eşitdim ki, müqəddəs Məşhədin 

seyidlərindən olan, sülh, təqva  və ibadətdə  ali dərəcə əldə  edən  və 

Mirbala Sərkə kimi tanınan Mir Məhəmməd Hüseyn həmin hövlnak 

gün öz adəti üzrə zərihin (məzari dövrəyə alan şəbəkə - Ş.F.) yuxarı 

başında  əyləşib  namaz,  taət  və  Quran  tilavəti  ilə  məşğul  idi.  O, 

həmin  şərafətli  yerdən  bir  az  aralandı,  adəti  (mötad)  üzrə  həmin 

qorxulu gündə yenə başda əyləşərək Quran tilavətini davam etdirdi. 

Allahın yaratdığı özbəklərin biri qəfildən əlini onun kəmərinə aparıb 

[darta-darta]  çölə  çıxardı.  Biçarə  mir  canının  qorxusundan  və 

çəkhaçək  iztirabından  əlini  İmam  Rzanın  qəbrinin  kənarındakı 

mübarək  şəbəkəyə  aparıb  oradan  bərk  yapışdı.  Bu  vaxt  başqa  bir 

özbək  qılıncını  sıyırıb  onun  qolunu  kəsdi,  özünü  isə  çölə  çıxarıb 

parça-parça  etdilər.  Xülasə,  o  qəmgin  gün  aşuranın  ikinci  günü  idi 

və  müqəddəs  məscidin  meydanı  Kərbəla  çölünə  bir  nümunəydi. 

Müqəddəs  rövzə  meydanında  öldürənlərin  qanı  su  kimi  axır,  o 

adamların  ömür  gəmiləri  fəna  bəhrində  qərq  olurdu.  Əcəm 

vilayətində  səhbani  (?)  mərtəbəsi  olan  Mövlana  Şani  bu  haqda  bir 

mərsiyə yazmışdı ki, onun bu beyti vəziyyətə münasibdir: 

 

Şer 



 

Məşhədin torpağını indi tutub sıxsan əgər,  

Qan çayıyla gəmi üzməklə Kərbəlayə gedər

533


 

 

Onların  izzət  qadağasının  başı  örtülü,  iffət  otağının  gizli 



saxlanan qadınları da meydan və came məscidində toplaşıb, buraya 

pənah  gətirmişdilər.  Bu  qadınlar  ərlərinin,  oğlanlarının  və 

qardaşlarının qan dənizində qərq olduqlarını gördükdə özlərinin də 

möhnət  və  bəla  toruna  giriftar  olcaqlarını  bildilər  və  bihəya 

özbəklərin əlində əsarətə giriftar oldular. Özbəklər həmçinin küçə və 

məhəllələrdə qətlə, əsir tutmağa və talan-taraca başlayaraq, gizlənən 

                                                           

533


 Beytin farscası belədir 

"Hənuz əgər befeşarənd xake-Məşhədra,  

Səfine əz şəte-xun ta be Kərbəla bedəvəd". 


712 

 

hər bir adamı tapır, onlara işgəncə  verdikdən sonra var-dövlətlərini 



əllərindən  alır,  sonra  onlara  da  həmin  şəhadət  şərbətini  içirirdilər. 

Müqəddəs rövzə qarət və tarac küləyinə getdi. Saysız-hesabsız qızıl 

və  gümüş  qəndillər,  xalılar,  boşqablar,  çini  qab-qacaq,  uzun  illər 

ərzində bütün islam ölkələrindən (əqsa) yığılmış kitabları olan feyzli 

sərkarın (sərkare-feyzasar) kitabxanası [o cümlədən], həzrət məsum 

imamların  öz  əlləri  ilə  şərif  xətlərlə  üzünü  köçürdükləri  Quran 

nüsxələri,  Yaqut  Mostəsa  və  başqa  ustadlarımızın  əlyazmaları, 

həmçinin  başqa  elmi  və  fars  dilində  yazılan  saysız-hesabsız  (ehsa) 

kitab çirkin və nadan özbəklərin əlinə keçdi. Onlar həmin qiymətli 

dürləri  xırım-xırda  saxsı  qablar  kimi  ucuz  qiymətə  bir-birinə 

satdılar. 

Xülasə, o tayfanın  zülm  atəşi üç  günədək alovlandı.  Gizli 

yerlərdə  daldalanan  az  miqdar  əskər,  seyid  və  Məşhəd  əhalisi 

gecələr  gizləndikləri  yerlərdən  dağ  və  səhralara  qaçıb  özlərini 

təhlükəsiz yerlərə çatdırdılar. Onların bəziləri İraqa getdi, amma öz 

övladlarından ayrılmaq istəməyənlər ayrı-ayrı mahallara dağılışdılar. 

Adamların  dağılışmalarından  üç-dörd  gün  sonra  özbəklər  rəiyyətə 

rəhm edərək, yerdə qalanlara aman  malı (male-əmani) təyin etdilər 

və özbək döyüşçülərinə qətl, qarət və kimisə əsir götürmək qadağan 

olundu. 


Künc-bucaqlarda  (zəvaye)  gizlənən  əhali  bir-bir,  iki-iki 

qayıtdılar və bir yerə toplaşdılar. 

Qarət olunmalarına baxmayaraq, onların üzərinə aman malı 

vergisi də qoyulmuşdur,  amma hamının o  məbləği ödəmək imkanı 

yox  idi.  Buna  görə  də,  özbəklər  aman  malı  əvəzinə  əhalinin  xırda 

uşaqlarını  özlərinə  götürürdülər.  Əsir  alınan  qız-qadının  çoxunu 

Mavərənnəhrə aparıb, onları özlərinə qul etdilər. Əbdülmömin xan 

Məşhədə hakim təyin etdi və şəhərdən gedərkən mübarək günbəzin 

üstünə  vaxtı  ilə  cənnətməkan  şah  tərəfindən  çəkilən  qızıl  örtüyü 

götürmək meylinə düşdü və onu da qarət etdi. O, müqəddəs Məşhədi 

ələ  keçirdikdən  sonra  Sərəxs  tərəfə  yollandı,  şəhəri  və  qalanı 

mühasirəyə  aldı,  özbəklər  hərbə  başladılar.  Sərəxs  hakimi  Mir  İbn 

Hüseynxan  özünün  çoxdan  bəri  mülazimi  olan  cığatay  tayfası  ilə 

birlikdə  qaladarlığa  başladı.  Tərəflərin  arasında  döyüş  hər  gün 

davam  edirdi.  Özbəklər  bir  neçə  yürüş  etdilərsə  də,  müvəffəq 

olmadılar.  Həmin  döyüşlərdə  mötəbər  özbək  bahadırlarının  böyük 

hissəsi qətl olundu, əsir 


713 

 

ötürüldü, qala əhlininsə igidlik və  mərdanəliyi  zahir oldu. Nəhayət 



Əbdülmömin  xan  Sərəxsin  alına  bilməməyindən  kədərləndi  və 

oranın işini bitirməyi  gələn ilə saxladı, qala ayağından köçüb Bəlx 

yolunu üzə tutdu. 

İbn  Hüseynxan  da o il öz  yerində qaldı, amma Xorasanın 

əksər  mahalları,  xüsusən  Cam,  Xaf,  Baxzər,  Kusuyə,  Ğuryan  və 

Fusənc  qızılbaşlar  tərəfindən  boşaldıldı  və  özbəklərin  əlinə  keçdi. 

Mahmud xan Nişapurdakı  mülazimlərin köməyi ilə şəhəri boşaldıb 

Bəstama  gəldi  və  həmin  vilayət  də  asanlıqla  özbəklərin  oldu. 

Gəncəli xan Xafda bir neçə müddət Səlamə qalasını əlində saxlayıb, 

mərdanəliklər  göstərsə  də,  amma  ona  kömək  gəlmədiyi  üçün, 

düşmənlərin qorxusundan İraqa getdi. 

Xülasə,  nəvvab  əlahəzrət  zilləllah  şahın  səhhəti  Tehran 

şəhərində  pisləşdiyi  və  hələ  də  sağalmadığı  vaxt  müqəddəs 

Məşhədin kədər doğurucu xəbəri orduya  yetişdi və bu hadisə Cəm 

məqamlı  həzrət  şahın  və  bütün  ordunun  pərişanlığına  səbəb  oldu. 

Asimandan gələn bəlaların çarəsi səbr olduğundan səbr edən bütün 

əhali  şahın  şərafətli  canının  sağ-salamat  olması  xəbərini  eşidib 

dualar  etdi,  həmin  müqəddəs  yerdə  Əbdülmömin  xandan  və 

özbəklərdən baş verən əməl və ədəbsizliklərin mükafatı isə tezliklə 

onun və tayfasının cəzaları kimi verilmiş oldu. 

Xülasə, müqəddəs şahın zəifliyi və halsızlığı azadlığı üçün 

o,  Tehrandan  gözəl  və  şərafətli  [Şah]  Əbdüləzim  qəsəbəsinə  təşrif 

gətirərək, həmin  müqəddəs  məkanda bir neçə  gün dua  və ziyarətlə 

məşğul  oldu.  Elə  ki,  Əbdülmömin  xanın  qayıdış  xəbərinin 

düzgünlüyü  məlum  oldu,  müzəffər  ordu  səltənət  paytaxtı 

istiqamətinə  yollandı  və  şah  sağ-salamat  Qəzvin  darüssəltənəsinə 

gəlib çatdı. 

 

BUDAQ XAN VƏ ƏMİRLƏRİN NURMƏHƏMMƏD XAN  



VƏ İMANSIZ ÖZBƏKLƏRLƏ HƏRBİNİN ZİKRİ, CAHAN 

YARADANININ TƏQDİRİ İLƏ MƏĞLUB  

OLMALARININ ZİKRİ 

 

Üstüörtülü döyüşlərdən hikmətli sözlər yazan qələm sözlər 



seyrinin  ziyasını  Xorasanda  baş  vermiş  hadisələrin  təsvirinə 

yönəltdi. Budaq xan Çekəni onunla müttəfiq olan Əbu Müslim xan 

Çavuşlu,  İmamqulu  xan  Qacar,  Mahmud  xan  Sufioğlu  Ustaclı  və 

başqa  əmirlərlə  birlikdə  şahzadə  Sultan  Həsəni  ələ  gətirib  bir  yerə 



714 

 

toplaşdılar. Onların istəyi müqəddəs Məşhədə gedərək Ümmət xanı 



oradan  çıxarmaq,  Xorasan  vilayətini  lələ  və  əmirülüməra  olan 

Budaq  xana  vermək  idi.  O  əsnada  Əbdülmömin  xan  müqəddəs 

Məşhədə yürüş etdi və Ümmət xan özbəklər tərəfindən mühasirəyə 

alındı. Xan [müttəfiqlərin] yanına adam  yollayaraq onların bir yerə 

toplanmalarını təqdir etdi və dedi: 

"Bir  halda  ki,  özbəklər  bu  vilayətə  qədəm  basmışlar, 

yaxşısı budur ki, gərək əvvəlcə biganə düşməni dəf edək, yoz, əgər 

onların qüdrətləri olarsa qoy müqəddəs Məşhədədək gəlsinlər ki, biz 

də onlarla birləşək və müxalifləri dəf etməklə məşğul olaq. Yox əgər 

müqavimət  gücümüz  olmazsa,  Radkanın  hüduduna  qədər  hərəkot 

cdərək,  İraqdan kömək gəlib çatanadək bir neçə gün o inadkarların 

başlarını  qarışdıraq.  Əgər  belə  etsək,  ola  bilər  ki,  həmin  şərafətli 

məkan düşmən şərindən nicat tapsın". 

Onların Əbdülmömin xana tab gətirmək qüvvətləri olmasa 

da, Məşhədi tutmaq məqsədi ilə yerlərindən tərpəndilər. 

Bu  hadisələr  baş  verən  vaxt  Şeyban  ibn  Cuci  ibn  Çingiz 

xan  nəslindən  olan  Mərv,  Nisa,  Əbivərd  və  Bağdad  valisi 

Nurməhəmməd 

xan 

ibn 


Əbdülməhəmməd 

xan, 


ibn 

Dinməhəmmədxan  ibn  Uluşxan  Nisa,  Bağdad  və  ətraf  yerlərdə 

yaşayan  imansız  özbəklərdən  və  sayinxani  türkmanlarından  altı-

yeddi  yüz  minədək  adam  topladı,  Xəbuşan  yaxınlığınadək  gəlib 

çatdı. Onunla Əbdülmömin xan arasında düşmənçilik yaranmışdı və 

buna görə də o, xandan çəkinməkdəydi, qorxurdu ki, hücuma keçib 

onun [da] vilayətini tuta bilər. 

Nurməhəmməd xanın gəlişini eşidən Budaq xan və əmirlər 

Nurməhəmmədin  Əbdülməhəmməd  xana  qoşula  bilmək  ehtimalını 

düşündülər.  Əgər  elə  olardısa,  həmin  döyüşkən  ləşkərlə  döyüşmək 

çox  çətin  olardı.  Buna  görə  də,  onların  məqsədləri  o  iki  özbək 

ləşkərinin  birləşməsini  qabaqlayıb,  Nurməhəmməd  xanın  ləşkərini 

pozmaq  idi.  Belə  düşündülər  ki,  əgər  onu  əzə  bilsələr  və  həmin 

birləşməyə maneçilik törətsələr, Əbdülmömin xan da zəifləmiş olar. 

Belə  olan  halda  qələbə  əldə  olunmaz,  Əbdülmömin  xan  qızılbaş 

ləşkərindən  qorxuya  düşər,  əvvəlcədən  öz  işini  bilib  Məşhədin 

mühasirəsindən əl çəkər. 

Buna  görə  də,  döyüşkən  ləşkərlə  xan  ilə  hərb  etməyə 

yollandılar. Nurməhəmməd xan Budaq xanın və əmirlərin yanına bir 

adam yollayıb dedi: 



715 

 

"Mənim qızılbaş ləşkəri ilə heç bir işim yoxdur. Əksinə, bu 



yürüşümün məqsədi irsi mülkünüzü qorumaq və Əbdülmömin xanın 

şərini dəf etməkdir". 

Budaq  xan  və  əmirlər  Nurməhəmməd  xanın  sözlərinin 

kələk və məkr olduğunu düşünərək, qürur üzündən deyilənləri saya 

almadılar,  onun  qarşısında  döyüş  səfi  bəzədilər.  Qarşı  tərəfdən  də 

özbəklər o qürurlu adamların önündə döyüş hazırlığına başladılar və 

hər iki tərəf cəng alətlərinə əl atdılar. Özbək bahadırları və qızılbaş 

igidləri  bir-birlərinə  qarışdılar.  Qızılbaş  çərxçiləri  qorxu  bilmədən 

düşmənə  tərəf  at  sürdülər,  onların  çərxçi  qarovulunu  ön  hissədən 

götürüb  özlərini  səfə  çatdırdılar.  Nurməhəmməd  xanın  qoşunu 

döyüşə  başladı  və  qızılbaş  əskərlərinin  çoxu  ürəktikən  oxla 

yaralandı.  Özbək  döyüşçüləri  bir  yerə  toplaşıb,  əksəriyyəti  fəth  və 

zəfər  xəyalı  ilə  pərakəndə  düşən  qızılbaş  səfinə  hücum  etdilər.  Öz 

vəlinemətlərinin  (yəni  Allah-təalanın  –  Ş.F.)  razılığına  müxalif 

olmuş  qızılbaş  ləşkərinin  hərəkəti  bəyənilmədiyindən  qüvvələrinin 

çox olmasına baxmayaraq, məğlubiyyətə uğradılar, fərar yolunu önə 

tutdular,  Nurməhəmməd  xan  onlara  qalib  gəldi.  Qızılbaşların  işə 

yararlı  altı-yeddi  yüz  cavanı  o  meydanda  tələf  edilib  ədəm  yoluna 

tərəf  yollandı.  Nurməhəmməd  xan  qızılbaşların  məğlubiyyətindən 

sonra onları təqib etməkdən əl çəkdi və daha irəli getmədi. Sağlam 

və  yüyrək  atlara  minmiş  Budaq  xan  və  əmirlər  həmin  mərəkədən 

qurtulub,  pərişan  halda  hərə  öz  ülkasına  qayıtdı  və  qalalarının 

möhkəmləndirilməsinə başladı. Budaq xan əlahəzrət zillləlah şahın 

xidmətçilərinə  yalvarışla dolu bir məktub yazıb onu öz böyük oğlu 

Hüseynəli  Sultanla  ali  dərgaha  yolladı,  pərişançılığını  bildirərək 

təqsirinin əfv olunmasını xahiş etdi. 

Nurməhəmməd  xan  isə  Əbdülmömin  xana  fəth  müjdəsi 

yollayıb,  öz  xidmət  minnətini  onun  boynuna  qoydu,  dövlət 

paytaxtına qayıtdı. Baxmayaraq ki, öbdülmömin xan həmin il onun 

ülkasına  hücuma  keçmədi,  amma  Məşhəd  və  Nişapurun  fəthindən 

sonra tamahını onun da  vilayətinə saldı.  Az bir  vaxt ərzində Mərv 

vilayətini  Abdulla  xan,  Nisa,  Əbivərd  və  başqa  mahalları  isə 

Əbdtilmömin xan Nurməhəmməd xanın əlindən çıxarıb onları öz irsi 

mülklərindən  qovdular  ki,  bu  hadisənin  şərhi  gələcək  hadisələrin 

təsviri zamanı veriləcəkdir, inşallah. 

 

 



 

716 

 

ALLAHIN TƏQDİRİ İLƏ HƏMİN İL  



BAŞ VERƏN MÜXTƏLİF HADİSƏLƏR 

 

Bu  il,  ötən  ildə  rum  qoşununun  hücumu  nəticəsində 



Qarabağ  vilayətindən  ayrılıb  öz  el  və  oymaqları  ilə  birlikdə 

Arasbara  gələn  Məhəmməd  xan  Ziyadoğlu  Qacar  və  Qarabağ 

əmirləri  Gəncə qalasını  fəth etmək xəyalı ilə qacar döyüşçüləri, el-

oymaqları və Qarabağ türkmanları ilə birlikdə Arasbardan Qarabağa 

gəldilər, Gəncə qalasının yaxınlığına çatıb oranı mühasirəyə aldılar, 

hər  tayfaya  top  ləvazimatı  verib,  qalanı  tutmaq  hazırlığına 

başladılar.  Onların  məqsədləri  belə  idi:  Rumilərlə  sülh  danışıqları, 

yuxarıda  yazıldığı  kimi,  Gəncə  və  Qarabağın  fəthindən  əvvəl 

başladığı  üçün  və  rumilər  həmin  danışıqlardan  sonra  Qarabağa 

qoşun çəkdiklərindən, şahzadə və qızılbaş elçiləri Ruma çatan vaxta 

qədər  gərək  Gəncə  qalasını  rumilərdən  alıb  viran  etsinlər  və  sülh 

sazişi  bağlandığı  vaxt  artıq  Qarabağ  qızılbaşların  əlinə  keçirilmiş 

olsun. Amma, qarşı tərəfdən o qala mühafizləri Təbriz hakimi Cəfər 

pasaya  təcili  xəbər  yollayıb  onu  vəziyyətdən  xəbərdar  etdilər.  O, 

şaha  elçi  göndərib  belə  ərz  etdi:  "Sülh  şərtlərinin  hələ  tam  olaraq 

möhkəmlənmədiyi bir vaxtda, sizin əsgərlərinizdən belə yolverilməz 

hərəkətlərin baş  verməsi yolverilməz bir əməldir, buna görə  də, bu 

gün  Ale-Osman  döyüşçülərinin  əllərində  olan  məmləkətlərə 

toxunulmamalıdır." 

Əlahəzrət  zilləllah  şah  o  zaman  sülh  şərtlərinin 

möhkəmlənməsini  dövlət  qəsrinin  əsası  saydığından  qorxurdu  ki, 

şahzadənin Rum sultanının yanına çatacağı bir  vaxtda qızılbaşların 

yersiz hərəkətləri sülh işinin pozulmasına səbəb ola bilər. Buna görə 

də,  mühasirəni  tərk  edib  Qarabağdan  geri  çəkilmələri  xüsusunda 

Məhəmməd  xanın  və  qacar  əmirlərinin  adına  hümayun  hökm 

göndərildi. 

O gözəl  vilayət öz havasının lətafəti, otunun bolluğu, gül-

çiçəyinin  çoxluğu,  köçərilərin  (səhraneşinan)  yoxluğu  və  yaylaq-

qışlaqlarının gözəlliyi ilə məşhur olduğundan qacar tayfasına xas el 

və  oymaqlar  artıq  neçə  il  idi  ki,  həmin  təmiz  vilayətdə  məskən 

salaraq, orada çoxlu  əmlaka  və  mənfəətli bağlara sahiblənmişdilər. 

Onlar  həmin  torpaqdan  asanlıqla  əl  çəkmək  istəmir,  öz  qədim 

vətənlərindən əlaqəni üzmək barədə düşünmürdülər və buna görə də 

şahın hökmündən narazı qaldılar,  mühasirədən əl  götürmədilər. Bu 

xəbər  sülh  işinin  banisi  və  səbəbkarı  olan  və  o  vaxt  Ərzrum 


717 

 

sərhədində dayanan Fərhad paşaya çatdıqda, onun tərəfindən danışıq 



aparmaq üçün elçi göndərildi. Əlahəzrət şahın adamları qacar elinin 

etibarlı  adamı  olan  "Çolaq"  adı  ilə  tanınan  Şahverdi  bəyi, 

Məhəmməd xan Ziyadoğlu və o tayfa ağsaqqalarının yanına yollayıb 

dedilər:  "Sizin  atalarınız  öz  sədaqətlərini  bizim  xanədana  izhar 

etdiklərindən, bizim ata-babalarımızın ali şəfqətinə nail olmuşlar və 

biz  Qarabağ  mülkünü  onlara  vermişik.  Hal-hazırda  bizim 

məsləhətimiz  belədir  ki,  mülk  üstündə  münaqişə  etməyək.  Əgər 

onlar  bu  dövlətlə  əlbirdirlərsə  və  bizim  onlardan  razı  qalmağımızı 

istəyirlərsə,  dava-dalaşdan  əl  çəkib  bizim  yanımıza  gəlsinlər  ki, 

onlara Qarabağın əvəzinə başqa torpaqlar verək. Qarabağ mülkü isə, 

əlbəttə,  heç  yana  gedən  deyil.  Əgər  Allah  istəsə  yenidən  asanlıqla 

ələ  gələr,  yox  əgər  Allah  istəməsə,  fələklə  döyüşmək  olmaz. 

Ümidvarıq ki, İlahinin razılığı ilə yaxın günlərdə haqq iş öz yerini 

tutacaqdır". 

Şahverdi bəy Çolaq bu təklifin əmirlərin narazılığına səbəb 

olacağından  ehtiyat  edib,  qorxudan  özünü  qalaya  çatdırdı,  rumiləri 

məsələdən  xəbərdar  etdi,  qaladan  Məhəmməd  xana  və  əmirlərə 

məktub yolladı. Məhəmməd xan isə dövlətxah bir sufi olduğundan 

şahın istəyindən agah olub, qala ayağından qalxdı. Onun əmirləri və 

ləşkərləri  isə  pərakəndə  oldular.  Əksəriyyəti  qazaqlar,  şəmsəddinli 

və  qaramanlı  əmirləri  olan  döyüşçülər  ondan  üz  döndərib,  iki 

dəstəyə  ayrıldılar  və  öz  yer  və  məskənlərinə  doğru  getdilər.  Qalan 

hissəsi  ilə  Arasbar  tərəfə  qayıtdı,  sədaqətli  olan  başqa  el  və 

oymaqlar isə şahın mübarək istəyini mülk və maldan üstün sayıb, o 

vilayətdən  çıxdılar,  məhrusə  məmləkətə  gəldilər,  amma  sədaqətli 

olmayanlar  isə  bu  dövlətdən  üz  çevirib  məzəmmətə  və  alçaqlığa 

düçar oldular, rumilərin rəiyyətinə çevrildilər. Nəticədə isə, o vilayət 

sədaqətli adamların məhək daşına çevrildi. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin