Heyvan və bitki aləminin mühafizəsi
Flora və faunanın beynəlxalq-hüquqi mühafizəsi bir neçə istiqamətdə aparılır:
bütövlükdə flora və faunanın mühafizəsi (məsələn, Fauna və floranın onların təbii vəziyyətində qorunub saxlanması haqqında 1933-cü il Konvensiyası; Quşların mühafizəsi haqqında 1950-ci il Beynəlxalq Konvensiyası; Bitkilərin mühafizəsi haqqında 1951-ci il Beynəlxalq Konvensiyası);
balıqçılığın və dənizin digər canlı ehtiyatlarının ovunun nizama salınması (məsələn, Balina ovunun nizama salınmasına dair 1946-cı il Beynəlxalq Konvensiyası; Dunay sularında balıqçılıq haqqında 1958-ci il Konvensiyası; Antarktikanın canlı dəniz ehtiyatlarının mühafizəsi haqqında 1980-ci il Konvensiyası və s.);
konkret növlərin mühafizəsi (məsələn. Atlantik suitilərinin mühafizəsi haqqında 1972-ci il Konvensiyası; Ağ ayıların qorunub saxlanması haqqında 1973-cü il Sazişi və s.);
ç) yox olmaqda olan və ya nadir növlərin qorunması (məsələn, Vəhşi fauna və floranın yox olmaq təhlükəsi altında olan növləri ilə beynəlxalq ticarət haqqında 1973-cü il Konvensiyası; Vəhşi heyvanların köçəri növlərinin mühafizəsi haqqında 1979-cu il Konvensiyası və s.).
Ətraf mühitin müharibə dövründə qorunması
Özündə müharibə dövründə təbii mühitin qorunması ilə bağlı normalar ehtiva edən bir sıra beynəlxalq-hüquqi aktlar mövcuddur. Onlardan Quru müharibəsinin qanun və adətləri haqqında 1907-ci il Haaqa Konvensiyasını; Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarını; Cenevrə Konvensiyalarına I Əlavə Protokolu; Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyasını, Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında 1980-ci il Konvensiyasını göstərmək olar.
Məsələn, / Əlavə Protokolun 35-ci maddəsi ətraf mühitin mühafizəsi prinsipini təsbit edir və təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ciddi zərər yetirmək məqsədi güdən hərbi əməliyyatların aparılmasının metod və vasitələrini qadağan edir. Ətraf mühitin hücum obyektinə çevrilməsi qadağan olunmuşdur.
Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası iştirakçı dövlətlərin üzərinə aşağıdakı əsas öhdəlikləri qoyur: a) Yerin dinamika və strukturunu, onun canlı aləmini, litosferi, hidrosferi, atmosferi və ya kosmosu qəsdən dəyişikliyə uğradan vasitələrin hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadəsinə yol verməmək; b) təbii mühiti dəyişikliyə uğradan vasitələrin hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə edilməsində digər dövlətlərə və ya qurumlara yardım etməmək; c) təbii mühiti dəyişikliyə uğradan vasitələrdən yalnız dinc məqsədlər üçün istifadə etmək; ç) bu Konvensiyaya zidd olan hər hansı fəaliyyətin qadağan olunması və qarşısının alınması istiqamətində istənilən qanuni tədbirləri görmək və s.
Adi silah növləri haqqında 1980-ci il Konvensiyasına əlavə olunmuş Yandırıcı silahların tətbiqinə qoyulan qadağalar və məhdudiyyətlər haqqında Protokolda (III Protokol) meşələrin və bitki örtüyünün digər növlərinin yandırıcı silahların tətbiqi ilə hücum obyektinə çevrilməsi qadağan olunmuşdur.
Dostları ilə paylaş: |