Dızaxlı və Yeni Dızaxlı. Hər iki kənd maraqlı relyefi ilə könül oxşayan yerlərdəndir.
Kürəyini Kov Murad dağına söykəyən kəndin heyrətamiz gözəlliyi var. 500 nəfər əhalisi
qeydə alınıb. Yeni Dızaxlı kəndində 1800 nəfər yaşayır. Ləzgi və azərbaycanlılardan
ibarət olan sakinlər heyvandarlıqla, əsasən də qoyunçuluqla məşğul olur. Vaxtilə köçəri
olan kənd əhli son illərdir ki, ancaq fərdi qoyunçuluq təsərrüfatını genişləndirirlər. Əlavə
kənd təsərrüfatı məhsullarının da əkilməsi geniş vüsət alıb. Səhər açılandan üzü axşama
doğru hamı iş başında, kişilər qoyun, sürü hörüşündə, qızlar, gəlinlər isə ağartı
tədarükündə, yun yumağında və sairə işlərlə ömür sürürlər. Həftə bazarına çıxarılan
məhsulların əksəriyyəti də bu kəndin təsərrüfatlarına məxsusdur. Suvarmada heç bir
çətinlikləri yoxdur. Çünki buradan axan kanal köməklərinə çatır, bundan əlavə kəndə
təmiz su xətti də çəkilib. Hər ailə su ilə təmin edilib. İndi kənddə qaz və telefon xidməti
də var. İctimai iaşə obyektləri ilə zəngindir...
Əmirvan. Azərbaycan dilindəki Əmir şəxs adından və yer sözlərindən ibarətdir.Yerli
məlumatlara görə kəndin adı nəsil adından götürülüb. Toponimikada “Əmircanlı talası”
adlı mikrotoponim də burada qeydə alınıb. Keçmişdə burada eyni adda kənd olubmuş.
Hazırda əhalisi 1600 nəfərdir. Əhali əsasən qoyunçuluğa meyillidir. Milli
mənsubiyyətinə görə sakinlərin yarıdan çoxu ləzgilərdir...