Həmzəlli. Mənbələrdə yazılır ki, ərazidə Şahna və Yurd yerləri olub. Müxtəlif
kəndlərdən gələn ailələr burada məskunlaşıblar. Həmzəlli nəsil adıdır. Rayon
mərkəzindən 4 km.qərbdə dağ ətəyindədir. Hazırda 1400 nəfər əhalisi var. Yol kənarında
yerləşdiyindən inkişaf etmiş, yəni müasir kənd üçün tələb olunan bütün infrastrukturlar
burada öz əksini tapır. Həmzəllilər bütün məşğuliyyət növü ilə dolanışığını təmin edirlər.
Rayona yaxın olduğu üçün yeni yaradılan iş yerlərində də çalışmaq imkanları var... Rayon
mərkəzini birləşdirən kənd yolu asfaltlaşdırılıb. Həmzəlli çayının üzərində körpü salınıb.
Həzrə “ev, ocaq, yaşayış yeri” deməkdir. Vaxtilə karvan yolunun üstündə olan bu
qədim yurd yeri elmi, tarixi əhəmiyyəti ilə seçilir. Alimlərin fikrincə, Həzrədəki övliyalar
sübut edir ki, vaxtilə bu xaniganlıqlar ölkədə mühim maraq kəsb edən mərkəzlərdən
sayılıb və karvan yolunun üstündə bərqərarlaşmış qüdrətli Şeyxlərin ölkənin
müqəddəratında da önəmli rolu olmuşdur....
Həzrə rayon mərkəzindən 14 km. şərqdə, Alazan-Həftəran vadisində yerləşir. Orta
əsrlərə aid qədim qəbiristanlıq arxeoloji abidəsi, Şeyx Bədrəddin (1446), Şeyx
Məhəmməd (XV əsr), Şeyx Mənsur (XVI) türbələri memarlıq abidələri, şimalda Həzrə
dağında Dördkünc formalı bürcdən ibarət, kirəc məhlulu ilə daşdan hörülmüş müdafiə
qülləsi ərazinin qədimliyindən xəbər verir. Yerli əhali arasında “Qalayeri” kimi tanınan bu
qüllə IX-XI əsrlərdə Qəbələ feodal hakimliyinin şərq sərhədlərini qorumaq üçün nəzarət
məntəqəsi rolunu oynayır.
Hazırda 360 nəfərin yaşadığı məkan məlum səbəbdən ilboyu qonaqlı-qaralı olur.
Yolunun hamar olması, ərazidə sosial qayğılarının həlli həzrəlilərin rahatlığına şərait
yaradır...