Quşlar kəndi rayondan 30 km. cənub-qərbdə Türyan çayının sahilində Daşüz
silsiləsinin ətəyindədir. Toponimikada qeyd edilib ki, Quşlar oykonimi qədimdə türk
mənşəli Kuş (quş) etnonimindən yaranmışdır.
Hazırda burada 600 nəfər əhali yaşayır. 134 təsərrüfatı və 370 hektar yararlı torpağı
var. Mərkəzi yolla arası 7 km-dir. Taxılçılıq, heyvandarlıqla yanaşı kənd sakinləri yeni
üzüm sahələrini də bərpa edirlər və bu məhsula meyl artdığından, 120 hektar sahədə yeni
üzüm bağları salınıb. Bu da əhalinin bir qismi üçün yeni açılan iş yeri hesab edilir.
Əhalinin dolanışığı istənilən səviyyədədir. Təsərrüfatlarda çalışan camaat mal-qaranın da
sayını artırır və heç nədən korluq çəkmirlər.
Kənddə orta məktəb, ictimai iaşə müəssisələri, mədəniyyət ocaqları və tibb məntəqəsi
var. Qarşıdakı illərdə bir neçə yeni tikintilərin aparılması nəzərdə tutulub. Nümayəndəlik
üçün yüksək səviyyədə bina inşa ediləcək. Kəndə qaz xəttinin çəkilməsi planlaşdırılır...
Laza kəndi mərkəzdən 8 km. şimal-şərqdə Dəmiraparan çayının sahilində Baş Qafqaz
silsiləsinin cənub yamacındadır. Sevimli müğənnimiz Zeynəb Xanlarovanın
mahnılarından birinə çəkilmiş süjet xəttində Muçuq şəlaləsinin görüntüləri bu kənddə
lentə alınıb. Hər bir mahnısını təbiət görüntüləri ilə sintez etməsi, teletəsvir müğənninin
yaradıcılığına xas olan cəhətlərdəndir. Elə Lazada 96 metr hündürlükdən axan Muçuq
şəlaləsi də Zeynəb xanıma həsr edilən “Salam Zeynəb” sənədli filmində çağlayır. Zəyli və
digər deltavari şəlalələr də bu kəndin ərazisindədir.
İndi kənddə 1100 nəfər yaşayır. Bu camaat da köçəridir. At üstündə çobanlar, minlərlə
qoyun-quzu dağlara-düzlərə səpələnirlər. Yaşıl çəməndə ağ xalıya bənzər bu görüntülər
Qəbələdə tez-tez görünən səhnələrdəndir. Dağdan sürülər enəndə hansı kənddən ötərsə,
çobanlar yol üstündə səxavətli olar, əlinin altında nə varsa paylayarlar. Eyni ilə kəndlərdə
də sürünün səsi eşidilən kimi, pişvazına çıxar, çobanları ev xörəklərinə qonaq edərlər.
Bərəkət simvolu sayılan sürülər el-obanın varına, dövlətinə işarədir...