Zarağan kəndi rayon mərkəzindən 7 kilometr cənub qərbdə, Dəmiraparan çayının
sahilində, Alazan-Həftəran vadisindədir. Əhalisinin sayı 2800 nəfərdir. Üç yolun
ayrıcındakı (Qəbələ-Bakı, Qəbələ-Ağdaş və Qəbələ-Oğuz) bu məkan həm də iri ticarət
obyektləri ilə zəngindir. Şəhərə yaxınlığı və yol kənarında olması zarağanlılara yeni açılan
iş yerlərində çalışmaq imkanı verir. Bu kənddə də artım hiss olunur. Sosial vəziyyəti yaxşı
olan camaatın gəliri çoxaldıqca, əhalinin güzəranında, dolanışığında da dəyişiklik nəzərə
çarpır. Kənddə mavi yanacaqdan istifadə edilir, ATS elektronlaşıb. Enerji təminatında
problem yoxdur. Məktəb, tibb məntəqəsi, kitabxana və bir sıra ictimai iaşə obyektləri
fəaliyyət göstərir...
Zalam kəndi rayon mərkəzindən 27 kilometr cənubda Qaraçayın sahilində, Daşüz
silsiləsinin ətəyində, Ərəş düzündədir. 550 nəfər əhalisi və 123 təsərrüfatı qeydə alınıb.
290 hektar yararlı torpaq sahəsi suvarma altında olduğundan ərazidə bol məhsul
yetişir. Qobu kanal təkcə Zalamı deyil, digər 11 kəndin əhalisini də su ilə təmin edir.
Ancaq kənddə 4 artezian quyusu da qazılıb.
Ərazidə iki ildir 512 nömrə tutumlu avtomat telefon stansiyası quraşdırılıb.
İşıq fasiləsiz verilir. Sayğaclaşma başa çatdığından enerji təminatı rahatlaşıb. Kəndin
11 illik məktəbində 240 məktəbli təhsil alır...