Microsoft Word Qebele-Son variant


AZƏRBAYCANIN İLK GENERALI VƏ NASİRİ



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə60/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   56   57   58   59   60   61   62   63   ...   80
 
AZƏRBAYCANIN İLK GENERALI VƏ NASİRİ  
İSMAYIL BƏY QUTQAŞINLI 
 
Qəbələnin yetişdirdiyi bir çox şəxsiyyətlərdən söz düşəndə ilk olaraq İsmayıl bəy 
Qutqaşınlı xatırlanır. Rayonun girəcəyində ucaldılan əzəmətli heykəli dövrünün tanınmış 
ziyalılarından biri olduğunu xəbər verir, həm də daş cizgilərdə belə aydın sezilən nürani 
çöhrəsi millətini sevən bir insanın varlığını xatırladır. Bu insanla bağlı elin yaddaşında bir 
çox rəvayətlər var. Deyilənə görə ağıllı, dərrakəli olduğundan ondan məsləhət alanlar çox 
olub. Hamıya diqqətlə qulaq asar, köməyini  əsirgəməzmiş. Elə maddi cəhətdən də 
camaata  əl tutarmış. Rayonda yaxın zamanlara qədər Tarix diyarşünaslıq muzeyinin 
yerləşdiyi məscid binasının dam örtüyü də vaxtilə  İsmayıl bəyin  şəxsi vəsaiti hesabına 
alınıb... 
Məhəmməd Füzuli adına  Əlyazmalar institutunun Şəxsi fondlar şöbəsindən  əldə 
etdiyim məlumata görə İsmayıl bəy Qutqaşınlının arxivində ədibin iki əsərinin natamam 
yazısı mühafizə olunur... 
General-mayor  İsmayıl bəy Qutqaşınlı otuz ildən artıq rus ordusunda xidmət etmiş 
hərbçi olmaqla bərabər, həm də  ədəbiyyatşünas, coğrafiyaşünas, səyyah və tarixçi kimi 
millətinə qulluq edən ziyalılardan biri olub. XIX əsr Azərbaycan  ədəbiyyatında özünə 
layiqli yer tutan nasirin Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, 
Mirzə Fətəli Axundov və digər mütərəqqi fikir sahibləri ilə dostluğu onun yaradıcılığında 
da eyni ideyaların olmasına sirayət edir. Hətta Azərbaycanda realist nəsrin ilk 
nümunələrindən sayılan  “Rəşid bəy və  Səadət xanım” hekayəsi  ədibin  ilk əsəridir ki, 
xalq məişəti, adət-ənənələri, doğma vətən təbiətinin gözəllikləri  əks olunub. Həm də bu 
əsər 1835-ci ildə xaricdə nəşr edilən ilk Azərbaycan kitabıdır. 
 İsmayıl bəy Qutqaşınlı 1809-cu il yanvar ayının 27-də Qutqaşın mahalında, sonuncu 
Hacı Nəsrulla Sultanın ailəsində doğulub. Yazıçının atası Hacı Nəsrulla Sultan Qutqaşın 
sultanlığının axırıncı sultanı olub. Qutqaşın sultanlığı XVIII əsrin ortalarında yaranmışdı 
və Şəki xanlığının tabeliyində idi. Nadir şahın ölümündən (1747) sonra  müstəqil sultanlıq 
elan edilsə  də, feodal çəkişmələrinin bir növ meydanına çevrilir. Qutqaşın sultanlığının 


sultanı Kəlbalı Sultan da bu çəkişmələrin qurbanı olur. Kəlbalı Sultanın ölümündən sonra 
Qutqaşın sultanlığı mahal kimi Şəki xanlığının tərkibinə qatılır. Məhəmməd Şəfi Sultanın 
vaxtında sultanlığın bütün torpaqları  Şəki xanı  Cəfərqulu xan tərəfindən satın alınır. 
Bundan sonra Qutqaşın sultanlığı öz siyasi əhəmiyyətini itirir və  Qəbələ mahalının 
tərkibinə qatılır.  
Səkkiz yaşına çatmamış Rusiya dövləti sultanlığı daim nəzarətdə saxlamaq üçün 
balaca İsmayılı girov kimi, Peterburqa aparır və orada dörd il kadet məktəbində oxuyur. 
1822-ci ildə  məktəbi bitirir və qrenadyor alayında siravi əsgər kimi qulluğa göndərilir. 
Qafqazda, xüsusən də Gürcüstanda qulluq edən İsmayıl bəy 1827-1828-ci il Rusiya-İran 
və 1827-1829-cu illərdə Rusiya-Türkiyə müharibələrində  iştirak edib. Müharibələr 
qurtardıqdan sonra da hərbi qulluğunu davam etdirir və bir müddət Polşada yaşamalı olur. 
Adi sıravi  əsgərdən general rütbəsinə  qədər yüksələn  İsmayıl bəy Qutqaşınlı  hərbi 
xidmətdən sonra istefaya buraxılır və 1847-ci ildən  Şamaxıda “Bəy komissiyasında” 
işləyir. Orada öz vəsaiti hesabına açdırdığı  məktəbdə sonralar təbiətşünas alim Həsən bəy 
Zərdabi də oxumuşdur.  İsmayıl bəy Qutqaşınlı 1852-ci ildə  Məkkəyə  Həcc ziyarətinə 
gedir, qayıdandan sonra Şamaxıda və Qəbələdə yaşayır. 
1854-cü ildə Türkiyə Anadolu ordusunun baş komandanlığı ilə  əlaqə saxlamaqda 
günahlandırılan  İsmayıl bəy həyatının sonuna qədər nəzarət altında qalır.  İsmayıl bəy 
Qutqaşınlı 1859-cu ildə yenidən Həcc ziyarətinə yola düşür. Məkkəyə ikinci səfəri zamanı 
Hacı  İsmayıl bəy Həccdən gələndə çoxlu pul verib bir qul qız və bir oğlan alır, savab 
qazanmaq üçün hər ikisini Göyçaya gətirib ev-eşik edir. Qızı isə Qutqaşında gəlin 
köçürür.  
Görkəmli ədib 1861-ci ildə, 63 yaşında Ağdaş karvansarasında dincələrkən guya dəm 
qazından vəfat edir. Öz vətənində Sultan baba qəbiristanlığında dəfn olunur. Onun ölümü  
ilə bağlı deyilənlər sübut edir ki, İsmayıl bəy Qutqaşınlı əcəlin yox, əməlinin qurbanı olur.  
“Rəşid bəy və  Səadət xanım” hekayəsi yazıldığı dövrdən zəmanəmizə  qədər sevilə-
sevilə oxunur və hər kəsin rəğbətini qazanır. Təsadüfi deyil ki, ədibin tədqiqatçısı Salman 
Mümtaz bu əsərin  əlyazmasının axtarışına otuz il vaxt sərf edir. Nəhayət, uzun illərin 
bəhrəsindən sonra bu nadir sənət incisinin Bakıya gətirilməsinə nail olur. Salman 
Mümtazın  əldə etdiyi əlyazmalar “Kitabxaneyi-Mümtaziyyə”sini bəzəyirdi. Özü isə 
repressiyanın qurbanına çevriləndə ondan topladığı  həmin sənədlər tələb ediləndə heç 
birini  ələ vermir, ölümü məğrurcasına qarşılayır, topladığı  zəngin irs isə bu gün 
Azərbaycan  ədəbiyyatına verdiyi qiymətli hədiyyələrdir. O cümlədən  İsmayıl bəy 
Qutqaşınlının əlyazmaları da nadir incilərdən sayılır.  
İsmayıl bəy Qutqaşınlı öz bədii yaradıcılığını bu gözəl  əsərlə tamamlamamışdır. O, 
həm də Həcc ziyarətinə gedərkən bütün yol boyu görüb-duyduqlarını qələmə alaraq, çox 
gözəl “Səfərnamə” yazmışdır. Həmin  əsər çox gec də olsa, yazıçının ölümündən yüz il 
sonra, 1967-ci ildə nəfis şəkildə nəşr edilərək, Azərbaycan oxucusuna çatdırılmışdır.  
İsmayıl bəy Qutqaşınlının yaradıcılığını  tədqiq edənlərdən biri də professor Əziz 
Mirəhmədov olub.  O yazırdı ki, “Səfərnamə”də Qutqaşınlının işlətdiyi dil, üslub, ifadə 
tərzi, lüğət tərkibi oxucunu heyran qoyur. Ona heyrət edirsən ki, uzun illər Rusiyanın 
müxtəlif  şəhərlərində  və Varşavada, başqa millətlərdən olan adamların içərisində 


yaşamasına və 25 il hərbi xidmətdə olub əsasən rus dilində danışmasına baxmayaraq, 
Qutqaşınlı öz ana dilinin zənginliyini, saflığını, sadəlik və  şirinliyini necə  məhəbbətlə 
qoruyub saxlamışdır. 
Tədqiqatçılar yazırlar ki, Məkkə ziyarətindən sonra İsmayıl bəy Qutqaşınlının həm 
zahiri görünüşündə, həm də  həyata baxışında, davranış  və  hərəkətlərində xeyli 
dəyişikliklər baş vermişdi. Uzun illər rus hərbçiləri ilə bir yerdə işləyən bu şəxs birdən-
birə saqqal saxlamış, dini ayinləri müntəzəm yerinə yetirmiş, oruc tutmuş, namaz qılmış, 
Quran oxumağa başlamışdır. Bu hadisələrlə əlaqədar İsmayıl bəy Qutqaşınlının Türkiyəyə 
meyili, ərəb ölkələrində olması, dinə bağlılığı çar hökumətində şübhələr oyatmışdır. 25 il 
qüsursuz hərbi xidmət göstərən, öz sədaqəti ilə seçilən, işinə görə müxtəlif medal və 
ordenlərlə mükafatlandırılan, general-mayor rütbəsinə qalxan İsmayıl bəy Qutqaşınlıya 
çar hökuməti axıra qədər inam göstərə bilmədi... 
İsmayıl bəy Qutqaşınlı yeganə azərbaycanlıdır ki, çar hökuməti zamanı hərbi qulluqda 
qüsursuz fəaliyyətinə görə  ən yüksək və müxtəlif dərəcəli ordenlərə, böyük həcmdə pul 
mükafatlarına, qiymətli hədiyyələrə, fərqlənmə nişanlarına, qızıl və gümüş qılınclara layiq 
görülmüşdür. Generalın sinəsini 10-dan yuxarı orden bəzəyib. Maraqlı bir fakt da var ki, 
uzun illər  İsmayıl bəy Qutqaşınlı nasir kimi təhlil edilib. “İki quşun söhbəti” adlı  şeiri 
İsmayıl bəy Qutqaşınlının poetik dünyasından da xəbər verir. Bu şeir 2004-cü ildə ilk dəfə 
“Azərbaycan” qəzetində çap edilərək oxucuların diqqətinə çatdırılıb. Son illərdə 
“Azərbaycan” qəzetinin  İsmayıl bəy Qutqaşınlının həyat və yaradıcılığı ilə bağlı diqqət 
çəkən axtarışları  fərəh və qürur doğurur. “Azərbaycan” qəzetinin 2004-cü il 7 fevral 
sayında generalın hərbi təltiflərinin tam siyahısı ilk dəfə dərc olunur.  
İsmayıl bəy Qutqaşınlı  təkcə  hərbçi deyildi. Onun çiyinlərinə müxtəlif sahələrin 
inkişafına nail olmaq missiyası da düşmüşdü. O, həm də böyük maarifçi idi və 
Azərbaycanda dünyəvi məktəblərin açılması üçün uzun illər mübarizə aparmışdı.  
Azərbaycan xalqı, o cümlədən qədirbilən Qəbələ camaatı öz böyük həmyerlilərinə, 
Azərbaycanın ilk generalına və nasirinə şəhərin mərkəzində möhtəşəm abidə ucaltmış, 
ölkəmizin hər yerində küçələrə, məktəblərə onun adı verilmişdir. Bəli, qədirbilən 
xalqımız öz ləyaqətli oğullarına həmişə böyük ehtiram və hörmət göstərir və onları 
özünün milli dəyər xəzinəsinin  ən qiymətli inciləri kimi qoruyaraq, nəsildən-nəsilə 
ərmağan edir... 
 
 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin