çox dəhşətli bir xəbəri eşidəcəm. “Qorxma, bacı, hər şey qaydasındadır. Əfəndi yaralanıb,
vertolyotla gətiriblər, xəstəxanadadır” sözlərini elə dedi ki, sanki adi bir hadisəni nəql
edir, öz bacısını ovundurmaq
istəyir ki, sarsılmasın. Axı baxışlar daha ağır xəbər deyirdi.
Necə yəni yaralanıbdır?. Heç iki ay deyildi ki, İsmayıl Naxçivanik yaxınlığında erməni
dığalarının atdığı güllə ilə ağır yaralanmışdı, Mirqasımov adına respublika xəstəxanasında
əməliyyat edilərək, güllə bədənindən çıxarıldı, iyirmi gündən sonra elə xəstəxanadan
cəbhəyə yollandı. Bizimlə görüşmədən, nə həkimlər, nə də biz qoymurduq deyə xəlvəti
yoldaşlarının yanına qayıtmışdı. “Bəs bu dəfə harasına güllə dəyib, axı bu
dəfə başqa
görkəmdəsən, uşağa nə olub?” Suallar cavabsız qalmışdı...
Musa Nağıyev adına xəstəxananın həyətində iynə atsan yerə düşməzdi. O qədər yaralı
gətirmişdilər ki, bütün palatalar tutulmuşdu. Elə yaralı qardaşımın yatdığı palatada yeddi
oğulun hamısı eyni zədəni almışdılar. Hamısının ayağı yox idi. Rəngi ağappaq olan yaralı
əsgər qardaşım hüşsuz idi, ancaq sayıqlayırdı, nə dediyi də başa düşülmürdü. Gözümüzün
qabağında canlı meyid idi. Var gücümlə qışqırıb, ağlamaq istəsəm də digər yaralıların
könlünə dəyməmək üçün səsimi boğmaq məcburiyyətində qaldım, için-için göz yaşlarımı
qəlbimə axıtmalı oldum. Gözlərini açıb üzümüzə baxacaq gücü belə qalmamışdı.
Fərrux yüksəkliyində “qrad yağışı”na düşən “20 yanvar batalyonu” xeyli itki vermişdi,
həmin gün çoxlu qurbanlarımız olmuşdu. Elə itkin düşən əsgərlərin də valideynləri
gözləyirdilər ki, gözünü açacaq İsmayıldan oğullarını xəbər alacaq, övladlarını
soraqlayacaqlar. Ancaq sən demə Azərbaycan tarixinə yazılan ən qanlı səhifələrdən biri də
bu hadisə imiş.
Bəli, o vətən oğlundan söhbət gedir ki, deyirdi “Biz
söz vermişik, ermənidən qorxan
kişi deyil. Kim ayaq üstündə dura bilirsə, yeri cəbhədir”. Lap erkən getmişdi müharibəyə.
Qəfil yoxa çıxması bizi təşvişə saldı. Sorağını Qarabağdan eşitdik. Allahverdi Bağırovun
könüllülər dəstəsinə yazılır. Kiçik olduğu üçün onu geri qaytarmaq istəyirlər. Hələ on altı
yaşı tamam olmamışdı. İnadını görüb, daha maneə olmurlar. Allahverdi Bağırov onu
“Malış” adlandırır, qələbə bayrağının da onun əli ilə taxılacağını bildirir. Əvvəllər ancaq
arxa cəbhədə iştirak etsə də (əsgərlərə güllə daşıyırmış, onların tapşırıqlarını yerinə
yetirirmiş), sonradan mərdliyini, qorxmazlığını görüb, özləri ilə döyüşə buraxırlar. Ömrün
bu yaşında ölümün gözünə dik baxmaq hər kişinin işi deyil, belə söyləyir, əsgər dostları.
Və çiyin-çiyinə döyüşə atılır ərənlərlə.
Balaca Malış qranatamyotla çoxlu döyüşlərdə iştirak edir.
Döyüşə getməzdən öncə
uşaqlarla olan söhbətlərindən danışanda vətənimizin necə igid qəhrəman övladlarının
olduğuna yenidən əmin olursan. “Orada, cəbhədə qorxaq adam yox idi, hamı cəsarətli idi,
hamıda qarşısındakı düşmənə nifrət hissi o qədər güclü idi ki, ancaq intiqam barədə
düşünürdük. Bu döyüş zəfərlə bitməlidir, əməliyyat uğurlu olmalıdır, hətta günün
sonunda əməliyyat ürəkaçan olanda itirdiyimiz yoldaşlara belə heyfslənmirdik, vətən
şəhidləridir deyib, növbəti döyüşə daha da hazır vəziyyətdə olurduq”.
İlk dəfə 5x45 gülləsi ilə yaralanarkən sağ qalması möcüzə oldu.
Çünki bu güllə
bədəndə oynayır, bir neçə yerdən hərəkət edərək, bütün istiqamətləri zədələyir. Qolundan
dəyən həmin güllə ürək nahiyəsinə yaxın, çiynində böyük bir dəlik açsa da həyatı üçün
qorxulu olmadı. Həkimlər deyirdi ki, qolu yaxşı işləməyəcək, elə ki, müharibəyə yenidən
qayıtdı, çiyninə qranatamyot götürdü, hərəkətdə olan çiyin növbəti dəfə də bərkidi, əzələ
mətinləşdi. Sonda isə ayağına protez geymək, taxta qoltuqlarda
gəzmək məcburiyyətində
qalanda canını dişinə sıxıb, digər bir acıya tab gətirməli oldu.
“Qrad yağışı”ndan qurtula bildi, ayağını itirsə də, bədənində hələ də bir neçə qəlpə
parçası gəzdirsə də allahın ona verdiyi ömür payını mərdliklə yaşayır. Sağ-salamat vətən
torpağının üstündə gəzir, onun azad olunacağı günü səbirsizliklə gözləyir. Hələ üstəlik
sevib-seçdiyi qızla ailə həyatı da qurub, iki övladları var. Unudulmaz prezidentimiz
Heydər Əliyevin ona bağışladığı mənzildə yaşayır. Ümummilli liderimiz Heydər Əliyev
tərəfindən səksən əlil ailəsinə verilən mənzillərdən biri də İsmayıl Osmanovundur. Oğlu
İbrahim, qızı Sədaqət isə ataları ilə fəxr edirlər...
Bu vətən onu sevənlərin, həqiqətin uğrunda ölməyi bacaranlarındır.
Minlərlə igidlər
var ki, torpağa bağlılığını ölümləriylə sübut etdilər. “Bir can nədir ki, onu səndən
əsirgəyək?”- deyənlər ölümün gözünə dik baxa-baxa Azərbaycanın düşmənlə üzbəüz
nöqtələrinə yola düşdülər. Qəbələ rayonundan da yüzlərlə oğul Qarabağın müdafiəsinə
qalxdı. Döyüş fədakarlıq sevir. Ömrünü xalqına halal edənlər bu yolda da sözlərinin
üstündə kişi kimi durdular və şəhidlik zirvəsinəcən yüksəldilər. “Şəhidlər muzeyi” bu
oğulların ömür dünyasından soraq verir. Burada onlar haqqında ətraflı məlumat və
keçdikləri döyüş yolu barəsində geniş bilgi var. Bu muzeydə Qəbələlilərin döyüş şücayəti,
igidlik səhifəsi öz əksini tapıb.
Bu oğulların hər biri vətənə borcunu canı-qanı ilə ödəyiblər. Həyata vaxtsız əlvida
desələr də adları hələ çox yaşayacaq. Əbədiləşən isimləri, hərbiyə yola salındıqları kənddə
zaman-zaman anılır, gənc nəslin öz qəhrəmanını tanımaq həvəsi və müəllimlərin
xatirələri
çözələndikcə dastanlara düşür. O dastanlara ki, mayası həqiqətdən yaranan ölməz vətən
aşiqlərinin ruhu vətənin azad olunacağı gün rahatlıq tapacaq, məzarları nura boyanacaq.
291 nəfər müharibə veteranı isə o dəhşətli hadisələri unutmayacaqlar. Ölümün
pəncəsindən qurtulan oğulların bir qismi həm də göstərdiyi döyüş şücayətinə görə ölkə
başçısı tərəfindən təltif olunub. Bu döyüşçülər arasında Milli Qəhrəman adı, “Hərbi
xidmətlərə görə” medalı, “Azərbaycan Bayrağı” ordeni alanlar da var.
Şəhid ailələrinə, müharibə iştirakçılarına dövlət qayğısı bu rayonda da geniş vüsət alıb.
Bu imtiyazlı ailələrin problemləri tez həllini tapır. Onların torpaqla təminatı, fərdi ev
tikintisi üçün sahələrin ayrılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün imkan
yaradılması və s. bu kateqoriyalı insanlara göstərilən dövlət qayğısının təzahürüdür.
Rayonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti hesabına
Qarabağ
əlilləri və şəhid ailələri üçün tikilmiş 16 mənzilli 2 yaşayış binasının istifadəyə verilməsi
də bir qrup insanın mənzilə olan ehtiyacını ödədi. Hər cür şərait yaradılmış, mebellə,
soyuducu və qaz sobası ilə, eləcə də digər zəruri ləvazimatlarla təmin olunmuş mənzillər
ailələrə paylandı. Növbəti illərdə belə tikintilərin rayonda artacağı şəksizdir.
Dostları ilə paylaş: