DAĞLARA SÖYKƏNƏN ƏZƏMƏTLİ QOCA
ŞABALIDIN HEKAYƏSİ
Qəbələyə payız gələndə əhalinin başı meyvə yığımına qarışır.
Bağlar öz bərəkətiylə
sahibini sevindirir, böyüklər sübh tezdən ağacların dibinə tələsir, uşaqlar da səhərin şirin
yuxusundan məhrum-məhrum gözlərini ovxalayaraq bir neçə vaxt məhsul yığımına
kömək etməli olurlar.
Toplanan meyvələr üçün ayrıca böyük, üstü örtülü talvar ayrılır. Hər zaman qıfıllı
olan bu yer kəndçinin qışa, hətta yaza qədər gözünü dikdiyi ruzisidir. Həmin yerə qoz,
fındıq, şabalıd tökülür...
Payız mövsümü havalar soyuduğundan uşaqlar bu fəsli çox sevməzlər. Amma illərin
fonunda paytaxtda qarşıladığım fəsillərin bir-birinə oxşarlığı şəhərlə kənd arasında kəskin
fərqin olduğunu təsdiqləyəndə oralardakı həyatımı ömrün yuxulu anları hesab edirəm.
Kitablardan oxuduğum “qızıl payız” gördüyüm, yaşadığım elə bir canlı həyat təsviridir ki,
sən demə burada yaşayan insanlara doğma olan həqiqətin əsl fəlsəfəsi də bu imiş.
Zənnimcə ilahinin yaratdığı bütün gözəllikləri duymaqdan
ötrü elə kəndimizdə yaşamaq
kifayətdir. Nə qışı, nə də payızı bəlli olmayan məkanlardan seçilən kəndimizin bərəkətli,
soyuq günləri indi yaddaşımın ən unudulmaz xatirələri kimi qəlbimi isidir. Dəfələrlə
anamı kəndindən qoparmaq, yanıma gətirmək istəyimin nəticəsiz qalmağının səbəbi də
qadının yurduna bağlılığı və bu gözəlliyə aşiqliyidir..
Meyvə mövsümü başa çatdıqdan sonra qızıl payız başlayır. Sarı yarpaq yağışı bütün
bağı xəzələ döndərir. Başı göylərə ucalan şabalıd ağacları bir neçə günün içərisində elə
çılpaqlaşır ki, sanki adamın ürəyinə xof salır. Düşünürsən ki,
bu nəhəng gövdələr uçan
günlərin əhatəsində canlanmağa vaxt tapa biləcəkmi?
Təbiətin ən nadir və uca qamətli ağacı olan şabalıd Qəbələ bağlarına əzəmət verir.
Amma onu da nəzərə alaq ki, şabalıd rayonun bütün kəndlərində bitmir. Ən əsas dağlara
yaxın kəndlərdə kök salıb. Ağacın da rayonun tarixi kimi ta qədimlərə gedib çıxan
rəvayətləri var. Əsrlərlə yaşı olan şabalıd Qəbələnin milli təbii sərvətidir. Həm də qızıl
kitaba düşən incilərimizdən hesab edilir. Dövlət tərəfindən qorunan çox qədim ağaclar
sırasına daxil edildiyindən onun kəsilməsi cinayət sayılır. Azərbaycan SSR Nazirlər
Sovetinin 1982-ci il 16 mart tarixli 167 saylı qərarına və həmin qərarla təsdiq edilmiş,
Azərbaycan SSR-də təbiət abidələrinin mühafizə olunması haqqında Əsasnaməyə uyğun
olaraq 1; 2; 3 nömrəli əlavələrdəki siyahıya əsasən 20 adda müxtəlif cinsli 2083 qədim
ağac növündən 17 adda şabalıd növü də respublika ərazisində mövcud
olan təbiət
abidələri hesab edilir.
Bitdiyi ərazilərdə öz meyvəsinə görə də fərqlidir. Eyni bağda bir neçə ağacdan biri-
ikisi bir-birinə oxşar ola bilər. Məhsulu irili-xırdalı olmaqla bərabər, eyni ağacın hər il bir
formada şabalıd yetişdirməsi də əsl möcüzədir...
Böyüklərin dediyinə görə, şabalıd Böyük Vətən müharibəsi illərində Qəbələnin yeganə
çörəyi hesab edilib. Aclıq illərində əhalinin dadına çatan bu meyvə sonrakı illərdə də
rayon camaatının güzaranında əhəmiyyət kəsb eləyib. Məhsul vermədiyi halda isə
dözümlü taxtaları evlərin döşəməsi olub, material kimi tikintidə istifadə edilir.
Mebel
sənayesində də qiymətli xammaldır. Quru budaqları ailələrin odunla təminatıdır (hərçənd
şabalıd digər meşə odunlarından fərqi olaraq yaxşı yanmır, ocaqda tez qaralır, yəqin bu da
onun bərk, dözümlü olmasından irəli gəlir. Qışda əlacı kəsilənlər üçün yanacaq sayılır).
Meyvəsi bazarda yaxşı satıldığı üçün şabalıd bağları olan ailələr bir qədər imkanları ilə
seçilirlər. Rayonla yanaşı paytaxtın və respublikanın digər bölgələrində də satışı
yüksəkdir. Çünki Azərbaycan aşının, plovunun qarasını şabalıdsız təsvir eləmək mümkün
deyil. Şabalıdı bol kəndlərdə bu meyvədən istifadə etməklə maraqlı yeməklər də
hazırlanır. Şor şabalıd, şabalıdlı şorba, şabalıd dolması, qovurma nəinki tək uşaqların elə
böyüklərin də sevdiyi təamlardandır. Onun dadını yaxşı bilənlər ocaqdan bu ləzizləri əskik
etmirlər. Qaynayan duzlu suya başı kərtilən şabalıdları töküb bişirən nənələrin məktəbdən
gələn nəvələri üçün əlüstü hazırladıqları bu bişmiş həm güclü kalorisi ilə doyumlu olur,
həm də dadı çox ləzzətlidir. Yaxud bağın ortasında gur tonqal qalayıb altı süzgəc kimi
çoxlu deşik olan saca tökülən şabalıdlar durmadan bişənə qədər qabıqlı-qabıqlı elə hey
qarışdırılaraq qovruluncayadək qızardılır. Qovrulmuş şabalıdlar gələn qonağın ya cibinə
tökülür, ya da balacaların gün ərzində ən çox yedikləri çərəzdir.
Təbabətdə də şabalıdın müalicəvi əhəmiyyəti qeyd olunur. El arasında
onun yel
xəstəliyinə dərman olduğu söylənilir. Meşə şabalıdı sayılan xüsusi növündən təbiblər
xəstələrin şəfa tapmasında istifadə edirlər. Yaddaşın möhkəmlənməsinə təsiri olduğu
bildirilir.
Bu qiymətli bitkinin bir qədər də özəlliyindən söz açaq. Başı buludlara yetən bu bağ
cəngavərinin meyvəsini yığmaq elə də asan deyil. Meyvələri tikanların içərisində
gizləndiyindən əllə yığmaq olmur. Ağacdan və dəmirdən haçalar hazırlanır. Adambaşına
hamının əlində ondan olmalıdır ki, şabalıdı əlinə tikan batmadan yığa bilsin. Ağacın
altında başı yuxarı baxmaq da təhlükəli sayılır. Çünki yetişən tikanlı şabalıd cecəsi
yuxarıdan aşağıya hər an düşə bilər. Qəfil baxışla göz bəbəyinə batan tikanları ancaq
həkimlər cərrahi müdaxiləylə təmizləyə bilirlər. Şabalıd yığımından əvvəl insanlar onu
ağacdan tökmək üçün “döyücü” axtarırlar ki, məhsul tam yetişəndə itkiyə getməsin.
Ağaca çıxmağı bacaran xüsusi adamlar müəyyən şərtlər altında şabalıdı yerə tökürlər. 50-
60 metr hündürlüyə çıxan
döyücülər ya pulla, ya da tökdüyü meyvənin yarılığına
razılaşırlar. Döyücünün əlində bir neçə metr uzunluğunda düz ağac olur. Özüylə budaq-
budaq gəzdirdiyi ağacla meyvələri tökən döyücülər qoca ağacların başında çox sərbəst
hərəkət edirlər. Əslində hamı bilir ki, bu çox çətin işdir. Çünki şabalıddan yıxılanlar az
olmur və belə yüksəklikdən düşəndə sağ qalmaq ehtimalı o qədər azdır ki, hər dəfə
eşidilən ölüm hadisəsi də adiləşib. Ağacların çürüklüyü, pud budaqların qəfil qopması
bəzən ən səriştəli döyücünü belə aldadır. Ancaq Qəbələ kəndlərində çörəyini “şabalıd
ağacından” çıxaranlar az deyil. O, öz işini qurtaran kimi bağ sahibi köməyə çağırdığı
adamlarla birlikdə dediyimiz haçalarla məhsulu yığmağa başlayırlar.
Tikanlı şabalıdlar topa halda tökülür. Sonra onun üstü kollarla elə örtülür ki, qışın
şaxtası meyvəni dondurmasın. Şabalıdın öz tikanlı köynəyində belə saxlanması onun daha
çox qalmasına səbəb olur. Bir neçə aydan sonra həmin kol məngənələri götürülərək
şabalıdın təmizlənməsi prosesi başlayır. Yaşıl tikanlar ötən
müddət ərzində bir qədər
codluğunu itirmiş olsa da, çürümüş cecəli iynə tikanlar yenə barmaqların qənimidir.
Şabalıd yığımında ən ağır proses başlayır. Qız-gəlinlər daha çox bu zaman əziyyət
çəkirlər. Güclə ərsəyə gələn meyvə istənilən vaxt satılır. Xüsusən bayramlarda yaxşı
satıldığından bazarlara da elə həmin ərəfələrdə çıxardılır. Bir sözlə, şabalıd Qəbələlilərin
çörək ağacı, pul kisəsidir.
Dövlətimiz də bu nadir meşə sərvətinin qorunması istiqamətində xeyli işlər görüb.
Rayonda şabalıd meşələrinin salınması, onlara qulluq uzun illərdir ki, meşə işçilərinin ən
mühüm vəzifələrindən biri sayılır. Hektarlarla şabalıd meşələri yaradılıb
və meşə
təsərrüfatının işçiləri tam gücü ilə səfərbər olublar ki, bu nəhəng gövdəli ağaclar sabahkı
nəslə etibar olunsun. Ancaq bu məsələdə problemlər yaranıb.
Son illər şabalıd ağaclarının kütləvi quruması faktı qeydə alınır. Bu qiymətli ağacın
kökü kəsilmək üzrədir. Hələ də Qəbələ əhalisi cavan ağacların məhv olmasının səbəbini
aydınlaşdıra bilmirlər. Əsasən də qoca şabalıdlardan fərqli olaraq yeni ağaclar sıradan
çıxır. Yaşlı şabalıdlar isə ömrünü başa vurmaq üzrədir. Əgər təbiətin bu nadir incisinin
məhvinin qarşısı alınmasa onda gələcəkdə şabalıdın taleyi sual altında olacaq.
Dostları ilə paylaş: