145
çünki yapon mehmanxanasında duz yoxdur və ola da
bilməzdi (Yaponlar xörəyə duz atmaq əvəzinə ona istədikləri
qədər paxla sousu əlavə edirlər)... Sizə «hay» deyiləndə
tamamilə başqa şey nəzərdə tutulmuşdu.
Bu kəlmə «hə» mənasından daha çox «eşidirəm»,
«başa düşürəm» mə’nasında işlədilir. Deyəsən həmin
kəlməyə ingilislərin «jec» sözündən əmələ gəlmiş və
donanmada (ruslar tərəfindən) işlədilən «есть» («oldu») sözü
daha çox uyğun gəlir. Yapon sizin hər cümlənizə «hay»
kəlməsi ilə cavab verirsə, o demək deyildir ki, sözlərinizlə
razılaşdığını bildirir, yapon bununla sadəcə olaraq deyir:
«buyurun, buyurun, danışın, sizi eşidirəm».
«Yox» kəlməsində mürəkkəb cəhətlər daha çoxdur.
Sırf qrammatika əsasında baş verən saysız-hesabsız gülünc
hadisələri götürək. Bu hadisələr ona görə baş verir ki, başqa
dildə çox işlədilən ikiqat rədd cavabı yapon dilində qətiyyən
yoxdur.
Siz evə qayıdıb tərcüməçidən soruşursunuz:
- Mənə heç kəs zəng vurmayıb?
- Hə, - deyə cavab verir.
- Kim zəng vurub?
- Heç kəs.
Söhbət zamanı adamlar «yox», «bacarmaram»,
«bilmirəm» kəlmələrini qətiyyən işlətmirlər. Elə bil bu
kəlmələr söyüşdür, açıq demək mümkün olmayan, yalnız
başqa yolla, müəmma ilə deyilən kəlmələrdir. Hətta ikinci
fincan çay içməkdən imtina edən qonaq «yox, sağ olun»
sözləri əvəzinə hərfən «onsuz da özümü gözəl hiss edirəm»
mə’nasını verən ifadə işlədir...
Tokiolu tanışınız «Sizin təklifinizə cavab verməzdən
əvvəl arvadımla məsləhətləşməliyəm» deyəndə elə güman
Şahin Fazil
146
etməyin ki, qadın hüququ uğrunda mübarizə aparan şəxslə
rastlaşmısınız. Bu, «yox» kəlməsini işlətməməyin saysız-
hesabsız üsullarından biridir. Məsələn, yapona zəng vurub
deyirsiniz ki, onunla axşam saat altıda mətbuat klubunda
görüşmək istəyirsiniz. Əgər o cavabında «Ah, saat altıda?
Ah, mətbuat klubunda?» - deyə suallar verməyə və mə’nasız
sözlər işlətməyə başlasa dərhal deməlisiniz: «Münasib
deyilsə başqa vaxt, başqa yerdə söhbət edə bilərik».
Bax, bu zaman müsahibiniz «yox» əvəzinə böyük
sevinclə «hə» deyəcək və döşünə düşən ilk təkliflə
razılaşacaqdır.
Necə olursa-olsun, «yox» kəlməsini işlətməmək
adətini yaponlar işgüzar münasibətlər sahəsinə də aid edirlər.
Bu isə işgüzarlığa misilsiz aydınlıq, açıq danışmaq, dəqiqlik
kimi baxan amerikalıları hövsələdən çıxarır...» (Sakura
budağı, səh.83-85).
Hay, əziz oxucu. «Hay» kəlməsinin mə’naları
haqqında bu qədər!
Otel yolu üstündəki bir neçə mağazaya da baş çəkdik.
«Yukata» adlanan qadın paltarı yoxdu. Tapa bilmirəm
yukatanı. Ondan, Məryəmdən başqa, qızlarım Şahanəyə,
Ülviyyəyə, nə bilim bəzi qohumlarıma – Səbinəyə, Naibəyə,
Naziləyə, Esmiraya da almaq fikrindəydim. Tapa bilmirəm
yukatanı. Millət inciyəcək məndən. Nə taxsırım var ki?
Mənlə yukata arasına qış mövsümü girib. Yukata yay
mövsümündə olacaq. Yay mövsümündə mən burada
olmayacağam. Ax, yukata, yukata!.. Ax, ey qadın paltarı!..
Pərt olduğumu görən Şaiq «Tokioda taparıq», - dedi.
Ümidvar oldum. Kim nə dərddə, Şahin Fazil isə yukata
dərdində...