Əhalinin yerləşməsi öz təbiətinə görə məlum ətalətə malikdir. Belə ki, onun strukturunun dəyişilməsi adətən çox zəif gedir, tarixi inkişaf meyllərinin, regional, milli adət və ənənələrin təsirinə məruz qalır.
Sosiologiyada əhalinin yerləşməsinin şəhər, kənd və region kimi formalarını fərqləndirirlər. Bunları sosialərazi birliklərinin başlıca ünsürləri kimi ayırd etmək və nəzərdən keçirmək olar. Bunlar «mürəkkəb ərazi təşəkkülləri olub, təbii və maddi-əşyavi kompleksləri, habelə bir-biri ilə qarşılıqlı surətdə bağlı olan bu komplekslər əsasında istehsal, bölgü, mübadilə və istehlak prosesində təkrar istehsal edən, yəni fəaliyyət göstərən və inkişaf edən insanların məcmusunu birləşdirirlər»6.
Şəhər insanların yerləşməsinin ərazi baxımından təmərküzləşmiş formasıdır. Şəhər əhalisi əsasən qeyri-kənd təsərrüfatı əməyi ilə məşğul olur. Şəhər üçün əhalinin əmək və istehsaldan kənar fəaliyyətinin rəngarəngliyi, sosial və peşə baxımından qeyri-yekcinslik, spesifık həyat tərzi xarakterikdir. Müasir şəhər ən əvvəl sənaye, nəqliyyat, xidmət sahəsində istehsal funksiyalarının təmərküzləşdiyi yerdir. Şəhərin müxtəlif tipləri mövcuddur; onların inkişafı üçün adətən müxtəlif funksiyaların (istehsal, ticarət, inzibati, hərbi, elmi, dini və s.) baza təşkil etməsi, yaxud əlaqələndirilməsi xarakterik cəhətdir.
Müasir şəhərin spesifik funksional strukturu və əhali məşğulluğu vardır. Onun bu xüsusiyyətlərini aşağıdakı cəhətlər tamamlayır:
Birincisi, nisbətən kiçik ərazidə xeyli əhali kütləsinin təmərküzləşməsi ilə, deməli, yüksək əhali sıxlığı ilə bağlı məskunlaşma xüsusiyyətləri;
İkincisi, şəhərin siması ilə, spesifık şəhər mühiti ilə şərtlənən arxitektura-planlaşdırma xüsusiyyətləri; tikililərin nisbi kompleksliliyini xarakter xüsusiyyət hesab etmək olar.
Üçüncüsü, əhalinin sosial strukturu və şəhər həyat tərzi ilə sosial cəhətdən şərtlənmiş xüsusiyyətlər; Dördüncüsü, hüquqi xüsusiyyətlər; şəhərlər bir qayda olaraq, yaxın ərazilərin siyasi-inzibati mərkəzləridir7.
Respublikamızın şəhər şəbəkəsi nisbətən mürəkkəb xarakterə malikdir. Onun inkişafına xas olan aşağıdakı əsas cəhətləri qeyd etmək olar: Şəhərlərin böyüməsi. Bu böyümə müxtəlif istiqamətlidir. Şəhərlərin böyüməsinə bazar münasibətlərinin qərarlaşması və inkişafı da müəyyən təsir göstərmişdir.
Qeyd olunan problemlərin həlli şəhərin inkişafının meyllərini, qanunauyğunluqlarını obyektiv surətdə nəzərə almağı, mərkəzi dövlət idarəçiliyi ilə yerli təşəbbüskarlığı, fəaliyyəti düzgün əlaqələndirməyi, elmi sosial siyasət işləyib hazırlamağı və həyata keçirməyi tələb edir. Şəhərin tələbatları bütün cəmiyyətin tələbatları ilə optimal şəkildə əlaqələndirilməlidir.
Şəhərin təkmilləşdirilməsi elə bir istiqamətdə getməlidir ki, əhali üçün daha sağlam və münasib şərait yaradılsın. İri şəhərlərin böyüməsini məhdudlaşdırmaq imkanları axtarılmalı, yeni sənaye komplekslərinin bunlarda yerləşdirilməsinə yol verilməməlidir. Sənaye mərkəzlərində həm qadın, həm də kişi əməyindən səmərəli istifadəyə optimal şərait yaradılmalı, şəhər təsərrüfatı və müasir xidmət sahələri inkişaf etdirilməlidir. Kiçik şəhərlərdə və qəsəbələrdə onların inkişafını sürətləndirmək imkanları axtarılmalıdır (məsələn, ixtisaslaşdırılmış müəssisələrini, fılialların yaradılması). Şəhərlərin arxitekturasına, estetik tərtibatına, abadlığına diqqət artırılmalıdır.
Şəhərin təkmilləşdirilməsinə bu yaşayış məskəninə dair sosioloji tədqiqatlar da müəyyən kömək göstərə bilər. Belə ki, bu tədqiqatlar şəhərin sosial strukturunun dinamikasını, həyat tərzinin xarakter cəhətlərini öyrənmək, sosial planlaşdırma məsələlərini həll etmək və s. baxımdan əhəmiyyətlidir.
Etiraf etməliyik ki, bu vaxta qədər şəhərlərin inkişafı əsasən sənayeləşmə prosesi ilə şərtlənmişdir. Bu, sənaye mərkəzlərində əhalinin təmərküzləşməsinə, adamların həyat tərzinin əhəmiyyətli dərəcədə dəyişilməsinə gətirib çıxarmışdır. Hazırda elmi-texniki tərəqqinin nailiyyətlərini, sənayeləşmənin gələcək meyllərini və mövcud ekoloji vəziyyəti nəzərə almaqla məskunlaşma sistemini inkişaf etdirməyə səy göstərilir. Bu, cəmiyyətin keyfıyyətcə yeni ərazi təşkilinə imkan yaradır.
Son vaxtlara qədər şəhərlərin inkişafı əsasən ekstensiv xarakter daşımışdır; şəhərlərin sayı, ölçüləri, əhalisi artmışdır. Lakin şəhər həyat tərzinin reallaşdırılmasının məkan formaları nisbətən zəif inkişaf etmişdir. İndi vəzifə yeni şəhərlər salmaqdan daha çox artıq mövcud olan şəhərlərin məkan və sosial-təşkilati xarakteristikalarını yaxşılaşdırmaqdan ibarətdir. Şəhərlərdə yeni çevik strukturlar yaradılmalı, layihələndirmənin və planlaşdırmanın kompleks xarakteri təmin olunmalı, cəmiyyətin sosial inkişaf məqsədləri region, şəhər səviyyəsində konkretləşdirilməlidir.
Elmi cəhətdən əsaslandırılmış planlaşdırma üçün şəhərlərin inkişafının ənənəvi meyllərindən daha çox elmitexniki tərəqqinin, insan amilinin imkanlarına istinad etmək, məskunlaşma sisteminin formalaşması üçün gələcək ehtiyatları nəzərə almaq lazımdır. Ehtiyatların (maddi, insan, informasiya, təşkilati) dürüst proqnozunun hazırlanmasına ehtiyac vardır.