1.3. Mikroiqtisadi iqtisadiyyatın makroiqtisadi səviyyələrdə öyrənilməsi
Vahid sistem kimi kompleks halında formalaşan iqtisadiyyatı və onun istehsal-xidmət dairələrində baş verən bölgü, mübadilə, istehlak mərhələlərindəki qanunauyğun prosesləri müxtəlif səviyyələrdə öyrənmək mümkündür.
Cəmiyyət və iqtisadi sistemlərin təsərrüfat həyatı canlı bir orqanizmi xatırlatdığından, orada sanki “hər şey axır, hər şey dəyişir”, bəzən isə hətta ən gözlənilməz proseslər baş verir. Nobel mükafatı laureatı P.Samuelson haqlı olaraq yazmışdır: “Dünyada baş verən iqtisadi proseslər (iqtisadi sistemlərin dağılması, böhranlar, inflyasiyalar, inteqrasiya meylləri, iqtisadi-ticarət əlaqələrinin genişlənməsi, elmi-texniki tərəqqi) bəşəriyyətin yaşadığı bir tamaşa və dramadır”.
Bu həyatı tamaşanın isə müəllifi də, rejissoru da, aktyoru (oyunçusu) da, təbiət və istehsalla, eyni zamanda bir-birləri ilə mürəkkəb əlaqələr sistemi qurub, ardıcıllıqla həyata keçirən insanlardır. Doğrudan da “insan amili” onun maraq və təşəbbüsü, tələb və təklifi, ideya və əməlləri olmadan heç bir iqtisadi sistem formalaşıb yüksələ bilməz.
İqtisadi sistem və onun obyektiv inkişaf qanunlarını hərtərəfli öyrənib dərk edərək, bu prosesin nəticələrini insanların müxtəlif təyinatlı maddi-mənəvi tələbatlarının ödənilməsinə yönəldilməsi – mikroiqtisadi, mezoiqtisadi, makroiqtisadi, meqoiqtisadi səviyyələrdə tədqiq edilə bilər. Müəyyən qeyd-şərtlərlə bu bölmələr prinsipi, bütün dünyada qəbul olunur. Lakin son dövrlərdə iqtisadi nəzəriyyə kursunun mikroiqtisadiyyat və makroiqtisadiyyat kimi iki bölməyə ayrılaraq tədris olunması daha məqsədəuyğun sayılır.
Dostları ilə paylaş: |