Qrafik təsvirlər metodu. İqtisadi, hadisə və prosesləri daha yaxşı qavrayıb təsəvvür etmək üçün müxtəlif cədvəl, diaqram, sxem, əyri və şəkillərdən istifadə olunur. Məsələn, tələblə təklifin dəyişməsini, əmək haqqı ilə əhalinin iqtisadi-sosial vəziyyətinin asılılığını, inflyasiya prosesləri ilə əhalinin məşğulluğu arasındakı əlaqəni, ümumi daxili məhsulun (ÜDM) artım dinamikasını qrafik üsullarla aydırılaşdırmaq mümkündür.
Riyazi modelləşdirmə metodu.Bu metod iqtisadi prosesləri riyazi düsturlar, tənliklər, qeyri-bərabər kəmiyyətlər vasitəsilə ifadə etməyə imkan verir. Məsələn, hər hansı bir ölkədə tədavüldə nə qədər pulun lazım olduğunu, torpaq sahəsinin qiymətini, həyat səviyyəsi indeksini, xarıci ticarət əlaqələrinin səmərəliliyini məhz bu metodla hesablayırlar. Riyazi modelləşdirmə metodu ilə aparılan hesablamalar, iqtisadi prosesləri sadəcə qeydə almaqla kifayətlənməyib, eyni zamanda həmin hadisələrin özünəməxsus xüsusiyyətlərini, habelə gələcək inkişaf meyllərini müəyyənləşdirməyə imkan verir. Həmin metod vasitəsilə iqtisadi modellər yaradılır.
Cəmiyyətdə baş verən mürəkkəb və çoxcəhətli iqtisadi proseslərin aydınlaşdırılaraq təhlil olunmasında, habelə perspektiv təsərrüfat həyatı məsələlərinin həllində mühüm vasitə olan iqtisadi metodlar, konkret şəraitə görə tətbiq olunduqda, habelə bir-biriylə əlaqəli öyrənildikdə, şübhəsiz daha faydalı nəticələr əldə edilir.
Qlobal və milli iqtisadiyyat çərçivəsində baş verən ziddiyyətli proseslərin müxtəlif metodlar vasitəsilə öyrənilməsi iqtisadi nəzəriyyənin metodologiyasıadlanır. Deməli iqtisadi nəzəriyyənin metodologiyası - təsərrüfat həyatındakı hadisələri tədqiq edən metodlar haqqında elmdir. Metodologiya iqtisadi proseslərin öyrənilib dərk edilməsinə ümumi mövqe, yaxud vahid fəlsəfi yanaşma zəmini ilə səciyyələnir.
İqtisadi nəzəriyyənin ümumi metodologiyasında bir neçə əsas yanaşmanı, o cümlədən: subyektiv (idealist), pozitiv-empirik (neopozitiv empirik və skeptizm), rasional, dialektik (materialist) baxışları göstərmək olar.