Subyektiv yanaşma,iqtisadi proseslərin təhlilinin çıxış nöqtəsi kimi subyekti (“mən”, homoekonomiks”) götürür və onun fəaliyyətinin (davranışının) ətraf mühitə münasibətini nəzərdə tutur.
Pozitiv-empirik yanaşma,iqtisadi hadisələrin konkret nəticələrinin öyrənilməsinə, gələcəkdə elmi-texniki nailiyyətlər əsasında yeni iqtisadi modellərin tətbiqinə üstünlük verir.
Rasional yanaşma,bütövlükdə cəmiyyətin iqtisadi sisteminin inkişafının hərtərəfli qiymətləndirilməsini irəli sürür.
Dialektik yanaşma, iqtisadi prosesləri daimi hərəkət və dəyişmə halında götürərək, onların gələcək inkişaf meyllərini araşdırır. 3.3.İqtisadi kateqoriyalar, anlayışlar İqtisadi nəzəriyyə bir elm kimi cəmiyyətin təsərrüfat həyatında gedən prosesləri izləyib təhlil etmək və öz mülahizələrini bildirmək üçün həmişə iqtisadi kateqoriyalara, yaxud anlayışlara, terminlərə müraciət edir.
İqtisadi kateqoriyalar, iqtisadi hadisələrin və təsərrüfat həyatının müxtəlif proseslərinin ən mühüm tərəflərini ifadə edən nəzəri anlayışlardır. Bu anlayış və kateqoriyalar, iqtisad elminin ayrı-ayrı cəhətlərini ümumiləşdirilmiş şəkildə ifadə edən simvollar, rəmzlər kimi iqtisadi nəzəriyyənin əlifbası rolunu oynayır. İqtisadi kateqoriya və an-layışları öyrənib dərk etmədən, onların mahiyyətini və təzahür formalarını, dəyişilmə xüsusiyyətlərini və transformasiya gedişini bilmədən, təsərrüfat həyatının mürəkkəb proseslərindən baş çıxarıb onları izah etmək mümkün deyildir. Müqayisə üçün qeyd etmək olar ki, bədii ədəbiyyatın obrazları müxtəlif insanlardısa, iqtisadi nəzəriyyə elminin “obrazları və surətləri” məhz kateqoriyalardır.
Məsələn, mülkiyyət, torpaq, bazar, əmtəə, pul, istehsal, bölgü, mübadilə, istehlak, ticarət, kapital, əmək, gəlir, iş qüvvəsi, faiz, bank, renta, dəyər, qiymət, əmək haqqı, ümumi daxili məhsul, həyat səviyyəsi, kapitalist, sahibkar, istehsal xərcləri, kredit, investisiya, büdcə kəsiri, mənfəət, rəqabət, tələb, təklif, inhisar iqtisadi kateqoriyalardır. Bu iqtisadi anlayışlar vasitəsilə həyatda rastlaşdığımız təsərrüfat problemləri aydınlaşdırılır.