FƏRDİ BAZARLARIN TƏHLİLİ: TƏLƏB VƏ TƏKLİF MAHİYYƏTİ
7.1. Bazarın meydana çıxması, inkişaf yolu və təsnifatı
Təxminən 10 min illik tarixə malik olub, bəşəriyyətin mühüm kəşflərindən biri sayılan bazar, cəmiyyətin təbii-tarixi inkişaf prosesinin məntiqi nəticəsi kimi onun ictimai-siyasi, sosial-iqtisadi və mədəni-əxlaqi cəhətlərini özündə əks etdirən mürəkkəb iqtisadi kateqoriyadır.
Sivilizasiyaların inkişafının müəyyən mərhələsində bazarın meydana çıxması, cəmiyyətdə ictimai əmək bölgüsünün genişlənib-dərinləşməsi, xüsusi mülkiyyətin formalaşması, əmtəə-pul münasibətlərinin təkamülü, insanların tələbatlarının getdikcə artması ilə bağlıdır.
Alıcılarla-satıcıların konkret görüş yeri və onların iqtisadi maraqlarının reallaşdırıldığı məkan rolunu oynayan bazar, eyni zamanda məlumat, vasitəçi, rəqabət, qiymətyaratma, tənzimləyici kimi mürəkkəb, həm də ziddiy-yətli vəzifələri yerinə yetirməklə ölkənin təsərrüfat həya-tının sosial-iqtisadi münasibətlərinin ifadəçisidir.
Ölkə iqtisadiyyatının işgüzar fəaliyyətinin meyarı, yaxud barometri kimi səciyyələnən bazar oradakı obyekt-subyektlərin qarşılıqlı əlaqələri əsasında, sanki dramatik bir tamaşa səhnəsi olub, iqtisadi qərarlar qəbul edən iştirakçıların əlaqələrini əks etdirir.
Uzun bir inkişaf yolu keçmiş bazarın hüquq nöqteyi-nəzərindən qanuni, icazəsiz, kölgə, boz, qara; ərazi baxımından yerli, milli, region, beynəlxalq; iqtisadi təyinat cəhətdən əmtəə-xidmətlər, iş qüvvəsi, kapital, qiymətli kağızlar, məlumat-informasiya, bazarı və sairə kimi konkret növləri vardır.
Bazar anlayışının tarixi inkişafı və təkamülu yolu onun aşağıdakı formaları (tipləri) olduğunu göstərir:
a) İnkişaf etməmiş bazar, ilk elə bir formadır ki, burada alıcılarla satıcılar arasındakı iqtisadi münasibətlər təsadüfı xarakter daşıyır. Bu tipli bazarda məhsulların birinin digərinə dəyişdirilməsinə, barter əlaqələrinə, natural mübadiləyə daha çox üstünlük verilir. Cəmiyyətdə əmək bölgüsünün geniş yayılmadığı, əmtəə-pul münasibətlərinin zəif inkişaf etdiyi, xarici ticarət əlaqələrinin məhdud xarakter daşıdığı şəraitdə, inkişaf etməmiş bazar forması, о dövrün tələblərinə uyğun olaraq öz tarixi rolunu əsrlər bo-yu uğurla yerinə yetirmişdir. Hazırda da bir sıra zəif inki-şaf etmiş ölkələrdə, ucqar ərazilərdə, uzaq adalarda, yaxud müharibə, iqtisadi blokada vəziyyətində olan dövlətlərdə inkişaf etməmiş bazar formasından istifadə olunur.
b) Azad (klassik, sərbəst, rəqabət) bazarının səciyyəvi xüsusiyyəti, həmin formada istər satıcıların, istərsə də alıcıların sayı qeyri-məhduddur. Bu tip bazarda tələb və təklifın hərəkətverici qüvvəsi sayılan rəqabət mübarizəsi hökm sürdüyündən, həmin amil məhsulların istehsal həc-minə, keyfıyyət göstəricilərinə, qiymətinə, ticarət xidməti səviyyəsinə müsbət təsir göstərir. Azad rəqabət bazarı for-masında inhisarçılığa, inzibati əngəllərə, iqtisadi maneə-lərə prinsip etibarilə yer yoxdur.
c) Tənzimlənən bazar forması, müasir bazar münasibətləri iqtisadi sisteminin bərqərar olduğu yüksək inkişaf etmiş, qanun və səmərəlilik prinsiplərinin ali sayıldığı si-vil cəmiyyətlərdə fəaliyyət göstərir. Dövlət və onun müx-təlif idarəetmə orqanları konkret vəziyyətin hərtərəfli təh-lilinə əsaslanaraq, elə düşünülmüş tədbirlər sistemi işləyib hazırlayırlar ki, bunların tətbiqi ölkənin təsərrüfat həyatını tənzimləyir. Bu kompleks iqtisadi-inzibati tədbirlər sistemi ölkənin vergi, gömrük, pul-kredit, xarici ticarət siyasətinin ümummilli mənafe və təhlükəsizlik baxımından qoruyub tənzimləyir. Aydındır ki, dövlətin iqtisadiyyatı tən-zimlənməsi siyasəti müəyyən optimal hüdudlar və uyğun ədalət-səmərəlilik müstəvisində həyata keçirilərək, isteh-salçıların sərbəstliyini, istehlakçıların isə seçim qərarını pozmamalıdır. Dövlət orqanlarının ölkənin təsərrüfat hə-yatını təmizləməsi prosesi son nəticə etibarilə bütövlükdə iqtisadiyyatın yüksəlişinə xidmət etməlidir və heç vaxt unudulmamalıdır ki, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir о da" (Nizami).
ç) Mərkəzləşdirilmiş (əmrlə idarə olunan, inzibati-amirlik, dövlətin iqtisadiyyata hədsiz müdaxiləsi) bazar formasının acınacaqlı sosial-iqtisadi nəticələrini, keçmiş Sovet İttifaqı və sosialist ölkələrinin nümunəsi aydın göstərir. Bu tipli iqtisadiyyatın son dərəcədə mərkəzləşdirilərək, dövlət mülkiyyəti əsasında qurulması; xüsusi mülkiyyət əsasında sərbəst sahibkarlıq - biznes fəaliyyətinə yol verilməməsi; iqtisadi inkişafın əsasən ekstensiv yollarla aparılması; əhalinin həyat səviyyəsinin dünya standartlarından kəskin surətdə geridə qalması; ölkənin iqtisadi resurslarının hərbi xərclərə, kommunizm ideyalarının təbliğinə yönəldilməsi; planlı sosialist iqtisadiyyatının qapalı xarakter daşıması və dünya bazarında kəskinləşən rəqabət mübarizəsinə davam gətirə bilməməsi, onun iflasına səbəb oldu.
d) Qarışıq bazar, xüsusi mülkiyyət əsasında sahibkarların, işgüzar biznes adamlarının, dövlət bölməsinin, xarici kapitalın optimal nisbətlər və maksimum səmərəlilik prinsipləri əsasında fəaliyyət formasıdır. Dünya təsərrüfat həyatı təcrübəsi göstərir ki, tədricən bu forma aparıcı rol oynayır.
Alim və mütəxəssislərin fıkrincə, dövlət bölməsi ilə xüsusi (özəl) bölmənin ölkənin təsərrüfat həyatının müxtəlif istiqamətlərində birgə səyləri "güclü iqtisadiyyat yaradır, insanlara rahatlıq gətirir, onların ləyaqətini qo-ruyur və şəxsi azadlıqlarını təmin edir. Eyni zamanda tam sərbəst bazar əslində bir növ xaos, qarışıqlıq, nizamsızlıq yaradır... Bazar münasibətlərinə dövlətin hədsiz qarışması da istənilən nəticələri vermir". Ona görə də xüsusi və döv-lət, habelə xarici kapitalın optimal nisbətlərinə əsaslanan qarışıq iqtisadiyyat, bu təməldə formalaşan qarışıq bazar, müasir dövrdə özünü daha çox doğruldur.
Təbii olaraq belə bir sual qarşıya çıxa bilər ki, bazar iqtisadiyyatının üstün və nöqsan, çatışmayan cəhətləri hansılardır?
Cəmiyyətdə bazar münasibətlərinin formalaşması sırf iqtisadi məsələ olmayıb, həm də ictimai, siyasi, əxlaqi dəyərlərlə bağlı mürəkkəb bir prosesdir. Onun üstün cəhətləri kimi xüsusi mülkiyyətə, sərbəst sahibkarlıq fəaliyyətinə, insanların təşəbbüskarlığına geniş imkanlar açdığını, bazarda rəqabət yaratdığını, məhsul və xidmətlərin keyfıyyətini yüksəltdiyini, iqtisadi artımı təmin etdiyini göstərmək olur.
Eyni zamanda bazar münasibətləri iqtisadi sisteminə xas olan sosial ədalətsizlik, işsizlik, inflyasiya, yoxsulluq, əxlaq və milli mentalitetə uyğun olmayan meyllər, ictimai əhəmiyyət kəsb edən sahələrə - elmə, təhsilə, səhiyyəyə, mədəniyyətə, incəsənətə lazımı qayğı göstərilməməsi kimi faktlar danılmazdır. Lakin bütün bu çatışmayan cəhətlərə baxmayaraq, bazar münasibətləri iqtisadi sistemi, hələlik bəşəriyyətin kəşf etdiyi və təcrübədə sınaqdan keçirərək, yaşayıb fəaliyyət göstərdiyi ən optimal bir modeldir.
Dostları ilə paylaş: |