6.3. Qeyri-bazar iqtisadi sistemi
Qeyri-bazar iqtisadi sisteminin ənənəvi formasının mahiyyəti birgə (icma) mülkiyyəti əsasında dini eti-qadlara, etik normalara söykənərək təsərrüfat həyatının inkişafıdır. Ənənəvi iqtisadi sistemin səciyyəvi cəhətləri onun ibtidai texniki üsullarla aparılması, əl əməyinin üstünlüyü əsasında təbiətin verdiyi nemətlərin toplanması və qismən emal olunaraq, insanlar tərəfindən istehlak edilməsi idi. Bu sistemdə bütün həlledici iqtisadi problemlər əsrlər boyu davam etmiş icma və tayfaların ənənəvi «dədə-baba» qaydaları ilə həll edilmişdir. Ənənəvi iqtisadi sistemdə təsərrüfat həyatının təşkili və idarəsi məsələləri ağsaqqallar şurasının razılığı, habelə başçıların, rəhbərlərin iradəsi ilə yerinə yetirilmişdir.
Ənənəvi iqtisadi sistem qədim dövrlərdən başlayaraq bəşəriyyətin inkişafının sonrakı mərhələlərində də müəyyən rol oynamışdır. Müasir dövrlərdə Asiya, Afrika qitəsinin, Cənubi Amerikanın, Cənub-Şərqi Asiyanın bir sıra ölkələrinin, uzaq dəniz adalarının, hələ də geridə qal-mış xalqların təsərrüfat həyatının müəyyən sahələrində ənənəvi iqtisadi sistemin ayrı-ayrı ünsürləri qalmaqdadır. İnkişaf etməkdə olan dövlətlərin, xüsusilə neftlə zəngin olan Ərəb, Şərq ölkələrinin iqtisadi-sosial inkişafında müasir texnika və texnologiyanın nailiyyətlərindən geniş istifadə olunsa da, lakin iqtisadiyyata rəhbərlik vərəsəlik prinsiplərinə tabe edilir, resursların və gəlirlərin bölgüsü səmərəlilik meyarları ilə deyil, ənənələrin tələb etdiyi «sosial ədalət» qaydalarına uyğun həyata keçirilir. Bazar münasibətləri iqtisadi sisteminin formalaşmasından (XVIII əsr) sonra ənənəvi sistemin öz fəaliyyət dairəsini məhdudlaşdırması prosesi davam etməkdədir.
İnzibat-amirlik, yaxud əmrlə idarə olunan iqtisadi sistem keçmiş Sovet İttifaqında, Şərqi Avropa və Asiya qitəsinin bir sıra ölkələrində hökm sürmüşdür. Azərbaycan Respublikası da zorakı işğalçılıq siyasəti nəticəsində 70 il müddətində (1920-1991) Sovet İttifaqının tərkibində inzibati amirlik sistemində olmuşdur. Hazırda Çin Xalq Respublikası, Şimali Koreya, Kuba Respublikasının təsərrüfat həyatında inzibati-amirlik sisteminin müəyyən üsul və metodlarından qismən istifadə olunmaqdadır.
Bu iqtisadi sistemin ən mühüm cəhəti, onun formal baxımdan ictimai, əslində isə mərkəzləşdirilmiş qaydada dövlət mülkiyyəti üzərində qurulub fəaliyyət göstərməsidir. Qeyd etmək lazımdır ki, inzibati-amirlik sisteminin meydana çıxması, cəmiyyətin təbii-tarixi gedişinin deyil, XX əsrin əvvəllərində bütün dünyada qərarlaşmağa başlayan bazar iqtisadi münasibətlərinin təkamül yolu ilə inkişafının zorakı vasitələrlə qarşısının alınması ilə bağlı olmuşdur. Hamının bərabərliyi və əhalinin həyat səviyyəsini yüksəltməyi özünün əsas məqsədi, eyni zamanda vəzifəsi elan etmiş inzibati-amirlik sistemi, gündəlik fəaliyyəti, iqtisadi siyasəti, totalitar rejimi, vahid ideologiyası, təkpartiyalılığı ilə həmin prinsipləri mahiyyətcə pozmuşdu.
Vahid mərkəzdən istehsalın planlı sosialist idarəçiliyinə, direktiv göstərişlərlə bölgü prinsiplərinə, istehsalçıların iqtisadi maraq və müstəqilliyinin boğulmasına, ölkənin resurslarından səmərəsiz istifadə olunaraq dünyada kommunizm ideyalarının ağalığına yönəldilməsinə, hərbi sənaye kompleksinin üstün inkişafına əsaslanan bu sistem, dünya kapitalizm aləmi, habelə beynəlxalq bazarın rəqabət mübarizəsinə davam gətirə bilməyərək, 1991-ci ildə iflasa uğradı.
Dostları ilə paylaş: |