Mexaniki məkan, fiziki məkan,
mənəvi məkan və sosial məkan
Son vaxtlar sosial zamandan yazırlar. ..Sosial məkan isə bir termin kimi formalaşmayıb. Məkanın üçölçülü götürülməsi, bütün məkanların mexaniki rakursla məhdudlaşdırılması.
Əslində isə dəyişilmə ancaq (mexaniki) məkanda və (mexaniki) zamanda deyil, çox müxtəlif rakurslarda baş verir. Zərurət və təsadüf (təsadüf: müxtəlif hadisələr zəncirinin haradasa kəsişməsi).
Hadisələr – səbəbiyyət zəncirinin kəsişmə nöqtələri...
Eynşteynin qənaəti: mexaniki hərəkət dünyasında fotonun sürətindən böyük sürət yoxdur. Nəyə görə? Çünki informasiya ötürücüsü fotondur. Bu, tavtologiyadır. Belə ki, eksperimentin aparılması mexaniki hərəkət edən obyektlərin yerinin fiksasiya olunmasını tələb edir – biz isə qəbul edirik ki, informasiya almağın, eksperimenti izləməyin yeganə yolu işıqdır. Bu, bizim özümüzün qoyduğumuz məhdudiyyətdir. Və təbii ki, nəzəriyyə elə qurulmalıdır ki, işıq sürəti əvvəlcədən insanın ən böyük imkanı kimi – maksimum hədd kimi saxlansın.
Məsələn, informasiya ötürücüsü səs olansa, cismin də hərəkət sürəti səsin sürəti ilə məhdudlaşır. Nəzəriyyə özü bunu tələb edir.
Lakin əgər mexaniki hərəkət dünyasında limit (maksimal hədd olaraq) elektromaqnit hərəkətin atomu (fotonun) sürəti götürülürsə, bəs elektromaqnit, işıq hadisələri üçün maksimal hədd nə götürülür? Onlar da yenidən mexaniki hərəkətə müncər edilir – mexanisizm. Halbuki dünyanın yeni qatları açılmalıdır. Bəs kvarklar? (özgə nələr?) Onlar da zorla fotona müncər edilir.
Başqa informasiya ötürücüləri haqqında düşünülməlidir. Xüsusən mənəvi müstəvidə. Düzdür, fikrin başqası tərəfindən “oxunması” yeni keyfiyyətli informasiya ötürülməsi kimi qəbul olunur. Yenə elektromaqnitə, fotona müncər etmək təşəbbüsləri var... Ay nə bilim biotoklar var və onların da təbiəti yəqin ki, elektromaqnit sahəsi ilə bağlıdır. Ötürülmə yəqin ki, fotonlarla olur və s. Bax, burada elm dayanıb, irəli gedə bilmir.
Necə ki, XIX əsrdə mexanisizm hakim idi, XX əsrdə də fotonizm hakimdir. Yeni metodologiya, yeni baxış lazımdır. Bu isə fikrin, mənəvi və sosial dünyaların xüsusi sahə növü kimi öyrənilməsi ilə bağlıdır. (Lakin ola bilsin ki, hələ ona qədər təbiətin özündə yeni qatlar da var...)
Dostları ilə paylaş: |