ARZU BARƏDƏ FƏSIL
334
Qafil yaşayan insanın arzuları maluva kimi böyüyür. O, mövcudluqdan mövcudluğa daşınır, meşədə meyvə axtaran meymun kimi.
335
Dünyaya bağlılıq adlı bu bədbəxt arzu kimə qalib gələrsə, onun dərdləri məhsuldar birana1 otu kimi boy verir.
336
Kim ki, bu dünyada bu bədbəxt, çətin məğlub edilən arzuya qalib gəlir, o kəsin dərdləri şanagüllə yarpağından su damcıları sürüşən təki yox olur.
337
Sizə dediklərim budur: “Salam olsun sizə, burda nə qədəriniz yığılıbsa! Arzunun kökünü qopardın, xoş ətirli usira2 kökünün axtarışlarında birananı qopardığınız təki! Qopardın ki, Mara təkrar-təkrar sizə qalib gəlməsin, sel qamışlığı basan kimi”.
338
Kökü zədələnməmiş və sağlamdırsa, qopardılmış ağac belə böyüməkdə davam etdiyi kimi, əzab da təkrar-təkrar doğulur, əgər arzuya meyl ləğv olunmayıbsa.
339
O kəsin ki, həzzlərə yönəlmiş otuz altı axını güclüdür, fikirləri də ehtirasa istiqamətlənmişdir, düzgün baxışlardan yayınmış belə insanı axınlar aparır.
340
Axınlar hər yerdə axırlar. Lata3 gur boy verir. Bu çiçəklənmiş latanı görüncə, kəsin onun kökünü müdrikliyin köməyi ilə.
341
Olur ki, insan şəhvət mühasirəsinə düşür. Həzzlərə bağlı olan və səadət axtaran bu insanlar həqiqətən də doğulmaya və qocalmaya məruz qalırlar.
342
Arzunun qovaladığı insanlar hürküdülmüş dovşan kimi ətrafda qaçışırlar. Kəndir və buxovlarla bağlanmış bu insanlar təkrar-təkrar hələ uzun zaman əzaba qayıdırlar.
343
Arzunun qovaladığı insanlar hürküdülmüş dovşan kimi ətrafda qaçışırlar. Odur ki, əgər bhikşu ehtirası məhv etmək istəyirsə, qoy o, arzunu qovub çıxartsın.
344
O, arzulardan azaddır, ehtiraslardan azaddır, meşə həyatına sadiqdir – amma yenə də arzular ormanına qaçır. Baxın bu insana: azad ola-ola boyunduruğa yüyürür.
345
Müdriklər demirlər: bu dəmirdən, ağacdan və ya babba otundan düzəldilmiş buxovlar möhkəmdirlər. Axı qadınlara, övladlara yaxud qiymətli daşlardan olan sırğalara ehtiraslı bağlılıq daha möhkəmdir.
346
Müdriklər deyirlər: bu, aşağı dartan, məkrli, qurtulması çətin olan buxovlar möhkəmdirlər. Onları qıraraq müdriklər səyahət edirlər, ehtiras və həzzlərdən imtina edərək, arzusuz.
347
Ehtirasla qızışmışlar axına düşürlər, hörümçək öz toruna düşən kimi. Müdriklər isə axını məhv edərək, bütün zülmlərdən imtina edərək, arzusuz halda səyahət edərlər.
348
Mövcudluq selini keçərkən keçmişdən imtina et, gələcəkdən imtina et, onların arasında olanlardan imtina et. Əgər ağıl azadlığa çıxıbsa, nə olur-olsun, sən bir daha doğuluşa və ölümə məruz qalmayacaqsan.
349
Şaşqın fikirli, güclü ehtiraslı, yalnız ləzzətləri görən insanda arzular daima artır: həqiqətən, o, buxovlarını daha da möhkəmləndirir.
350
Sakit fikirdə məmnunluq tapan, daima düşünən, xoşagəlməyəni xatırlayan, – məhz o, arzulara son qoyacaq, məhz o, Maranın buxovlarını qıracaqdır.
351
O, kamilliyə çatmışdır, o, qorxusuzdur və onun arzuları da yoxdur; bu qusursuz, mövcudluğun tikanlarını qopartmışdır; onun bu bədəni – sonuncudur.
352
Onun arzuları yoxdur, o, bağlılıqlardan azaddır, sözlərdə və onların izahında mahirdir; o, hərflərin ardıcıllığını bilir (hansıların əvvəl, hansıların sonra gəlməsini); ona böyük müdrik və böyük insan adlandırırlar. Onun bu bədəni – sonuncudur.
353
Mən hər şeyə qalib gəldim, mən hər şeyi blirəm; istənilən dhammada mən ləkəsizəm. Mən hər şeydən imtina etdim, arzuların məhvi ilə isə azadlığa çıxdım. Özümdən öyrəndiyim halda, kimi müəllimim saya bilərəm ki?
354
Dhammanın neməti bütün nemətlərdən üstündür; dhammanın şirinliyi hər şirinlikdən üstündür; dhammanın sevinci hər sevincdən üstündür; arzuların məhvi bütün dərdlərə qalib gəlir.
355
Var-dövlət axmaqları məhv edir, o biri sahili axtaranları yox. Var-dövlət arzusunda axmaq özünü başqarını öldürən kimi öldürür.
356
Alaq tarlaları korlayır, ehtiras bu adamları korlayır. Odur ki, ehtirasdan qurtulmuşlara verilən böyük meyvə gətirir.
357
Alaq tarlaları korlayır, nifrət bu adamları korlayır. Odur ki, nifrətdən qurtulmuşlara verilən böyük meyvə gətirir.
358
Alaq tarlaları korlayır, axmaqlıq bu adamları korlayır. Odur ki, axmaqlıqdan qurtulmuşlara verilən böyük meyvə gətirir.
359
Alaq tarlaları korlayır, arzu bu adamları korlayır. Odur ki, arzudan qurtulmuşlara verilən böyük meyvə gətirir.
-
Dostları ilə paylaş: |