Tofiq Köçərli - 90 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər ermənilərinin qurultayı, demək olar ki, yekdiliklə Azərbaycan hökuməti ilə
müvəqqəti sazişi bəyəndi. Dağlıq Qarabağ məsələsi Paris sülh konfransında həll
olunanadək qüvvədə qalmalı olan həmin sazişdə deyilirdi:
«Qarabağın dağlıq hissəsi – ermənilər yaşayan Dizaq, Vərəndə, Xaçın və
Çiləberd rayonları – özünü müvəqqəti olaraq Azərbaycan Respublikası
hüdudlarında hesab edir».
Bu, Ermənistanın Dağlıq Qarabağı «Ermənistan ərazisi» elan etmək planının
puça çıxması idi. Mərkəz Şuşa olmaqla Qarabağ general qubernatorluğu
yaradılmasına imkan verməmək cəhdləri boşa çıxdıqdan sonra Ermənistan
hökuməti səylərini Naxçıvanı Ermənistana birləşdirməyə yönəltdi.
Nə qədər ki, Türkiyənin hərbi dəstəsi Naxçıvanda idi, Ermənistan Naxçıvan
barəsində susurdu. Mudros sazişindən sonra türklər Azərbaycanı, o cümlədən
Naxçıvanı tərk etməli oldular. Naxçıvan təkləndi. Türkiyənin hərbi köməyindən
məhrum oldu. Azərbaycan Respublikasının isə Naxçvana nə qoşun, nə də hərbi
sursat göndərmək imkanı yox idi.
Əlac birinci növbədə naxçıvanlıların özlərinə qalmışdı. O zamankı son dərəcə
çətin şəraitdə onlar diz çökmədilər, dözüm, siyasi yetkinlik və zirəklik göstərdilər.
Naxçıvan 1918-ci ilin noyabrında Şərurla birlikdə Araz Türk Cümhuriyyəti
yaradılmasını elan etdi.
Ordubadlılara təklif edildi ki, onlar da Araz Cümhuriyyətinə daxil olsunlar.
1918-ci il dekabr ayının 22-də Ordubad Milli komitəsinin sədri Mirhidayət
Seyidov Azərbaycan hökuməti sədri F.Xoyskiyə məlumat verdi ki, «Araz
hökuməti Gəncə hökuməti (Azərbaycan hökumətinin ilk mərhələdə müvəqqəti
paytaxtda – Gəncədə yerləşməsi nəzərdə tutulur – T.K.) istiqamətində fəaliyyət
göstərir». Ona görə həmin təkliflə razılaşdıq. «Araz hökuməti təzəcə təşkil
edilmişdir, onun hansı şəkil alacağı məlum deyil. Ona görə hökumət şəhərin
(Ordubadın – T.K.) və qəzanın müdafiəsi üçün lazımi tədbirlər görə bilmədi».
Müdafiə üçün öz qüvvələrimizi yaratmaq lazım bilindi. Amma azuqə qıtlığından
500 nəfərlik hərbi dəstəni buraxmalı olduq, yalnız bir rota saxlamışıq.