Vestfaliya sulhu
1618-1648-ci illərdə baş vermiş Otuz illik müharibə Almaniya üçün milli fəlakət olmuşdur. 1648-ci ildə Münsterdə (Vestfaliya) iki sülh müqaviləsi (Beynəlxalq müqavilə) qismində bağlanmışdı. Birinci müqavilə 1645- 1648 illər Osnabryuk konqresində - «Müqəddəs Roma imperiyasının» imperatoru və onun müttəfiqləri ilə bır tərəfdən İsveç və onun müttəfiqləri ilə digər tərəfdən imzalanmışdı, ikinci müqavilə isə 1645-1648 illər Münster konqresində (Beynəlxalq konqres) «Müqəddəs Roma imperiyasının» imperatoru və onun müttəfiqləri ilə Fransa və onun müttəfiqləri arasında işlənib hazırlanmışdır.
İsveçin iddiaları demək olar ki, tamamilə təmin olunurdu. İsveç Ştettin, Damm, Qolnau şəhərləri də daxil olmaqla, Pomeraniyanın bütün şərqini və qərbinin bir hissəsini, Rüqen və Volin adalarını, Vismar şəhərini (limanı ilə birlikdə), habelə Bremen və Verden yepiskopluğunu ələ keçirir. Köhnə Qanzey şəhərləri - Vismar, Bremen, Ştralzund, Verden və s. öz sərbəstliyini saxlayırdılar. Bu mülklərin suveren (Suverenlik) sahibi kimi İsveç, imperiyanın tərkibinə daxil olurdu və imperiya seymlərinə öz vəkillərini göndərmək hüququ əldə edirdi. Beləliklə İsveç başlıca məqsədinə çatdı. Təkcə Baltik deyil, Şimal dənizi sahillərindəki ən mühüm limanlara da sahib oldu. Fransa 3 lotarinq yepiskopluğunu (Mes, Tul və Verden) son olaraq özünə birləşdirir və Strasburq istisna olmaqla, bütün Elzası özünə götürürdü. İsveçrə və Birləşmiş Əyalətlər Respublikası (Hollandiya) müstəqil dövlət kimi tanınır və imperiyanın tərkibindən çıxdılar. Qalib dövlətlər - Fransa və İsveç Vestfaliya sülhünün icrasının başlıca qarantı elan olundular.
Dini sahədə Vestfaliya sülhü Almaniyadakı kalvinistlərə, katolik və lüteranlara hüquq bərabərliyi verdi, lakin alman knyazlarını öz təbəələrinin (Təbəəlik) dini mənsubiyyətini təyin etmək hüququndan məhrum etdi, onların öz aralarında və xarici dövlətlərlə müqavilələr bağlamaq səlahiyyəti saxlanıldı. Vestfaliya sülhü hüquqi cəhətdən Almaniyanın parçalanmasını bir daha təsdiqlədi..
Dostları ilə paylaş: |