02.10.2015
1 noyabr seçkisinə qatılan 882 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının 2 oktyabr iclasında sədr Məzahir Pənahov deyib.
Deputatlığa namizədliyi qeydə alınan 14 siyasi partiya, 1 siyasi partiyalar bloku, 2 təşəbbüs qrupu var. Böyük əksəriyyət namizədliyini özü irəli sürüb.
Milli Məclis 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi ilə seçilirlər.
Prezident “Xəyal Adası”ndakı işlərlə tanış olub
05.10.2015
Oktyabrın 4-də prezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsinə aid “SABIS Sun” beynəlxalq məktəb kompleksinin və qolf klubunun açılışında iştirak ediblər.
Dövlət başçısına məlumat verilib ki, məktəb kompleksində uşaq bağçası, “SABIS Sun” beynəlxalq məktəbi və inzibati bina inşa olunub. Qeyd olunub ki, “SABIS” təhsil sistemi təkmilləşdirilmiş əhatəli tədris proqramı ilə seçilir. Dünyanın 16 ölkəsində 60 məktəbi fəaliyyət göstərən “SABIS” sistemi üzrə 65 min şagird təhsil alır.
Qolf klubunda isə oyunçuların hazırlaşması, istirahət etməsi, komanda ilə birlikdə əylənməsi üçün bütün şərait yaradılıb. Sahəsi 5 min kvadratmetr olan qolf klubunda müasir səviyyədə yaradılan kafe və restoranlar da qonaqların ixtiyarına veriləcək.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal Adası”nın ərazisi 330 hektardır. Reallaşmasına 2013-cü ildən start verilən layihənin yüksək səviyyədə yerinə yetirilməsi və qısa zamanda tamamlanması üçün bütün qüvvələr səfərbər olunub.
“Xəyal Adası”nda “ASAN xidmət” mərkəzi də yaradılacaq. Ən yüksək ekoloji standartlara uyğun olaraq inşa edilən “Xəyal Adası”nda gələcəkdə müasir səhiyyə komplekslərinin yaradılması nəzərdə tutulub. Layihə çərçivəsində məktəb kompleksi, ticarət mərkəzləri, mehmanxana, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verən Qolf Mərkəzi, göllər və peyzaj sahələri yaradılır. Burada 1 milyon kvadratmetrdən çox yaşıllıq sahəsi var. Ondan artıq süni göllə əhatə olunmuş ərazidə xüsusi ekosistem mövcuddur.
Prezident İlham Əliyev layihə çərçivəsində inşa edilən villada yaradılan şəraitlə də maraqlanıb. Məlumat verilib ki, “Xəyal Adası”nda 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur. Buradakı villaların bir hissəsi artıq hazırdır, digərlərinin inşası davam edir. Yaşayış binalarında isə inşaat işləri gələn ilin ortalarında bitəcək.
Dostları ilə paylaş: |