Maliyyə naziri parlamentdə gələn ilin büdcəsini təqdim edib
02.10.2015
Oktyabrın 2-də Milli Məclisin iqtisadi siyasət, aqrar siyasət, təbii ehtiyatlar və energetika, sosial siyasət, təhlükəsizlik və müdafiə komitələrinin birgə iclasında 2016-cı ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub. APA-Economics-in məlumatına görə, layihəni təqdim edən maliyyə naziri Samir Şərifov deyib ki, 2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollardan götürülüb: “Dövlət büdcəsinin gəlirləri 14,566 milyard manat nəzərdə tutulub, bu da 2015-ci ilin göstəricisindən 25,1% azdır. Gəlirlərin 46,5%-i və ya 6,773 milyard manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək.
Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə 6,602 milyard manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 7,2% azdır. Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla 1 milyard 590 milyon manat nəzərdə tutulur”.
Nazirin sözlərinə görə, 2016-cı il dövlət büdcəsinin xərcləri 16,264 milyard manat proqnozlaşdırılır, bu da 2015-ci illə müqayisədə 22,9% azdır.
Samir Şərifov bildirib ki, Neft Fondundan dövlət büdcəsinə 6 milyard manat transfert nəzərdə tutulur. Bu, 2015-ci illə müqayisədə 42,2% az deməkdir.
Dostları ilə paylaş: |