24 yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib
05.10.2015
Prezidentin 20 iyun 2014-cü il sərəncamını icra edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bölgələrdə tikilmiş fərdi yaşayış evlərindən 10-nu Ağdam rayonunda, 14-nü Ağcabədi rayonunda müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verib. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, mərasimlərdə çıxış edən Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ölkədə müharibə əlilləri və şəhid ailələrinin sosial təminatının daim gücləndirildiyini, onların rifah halının yaxşılaşdırılması yönündə mühüm addımların atıldığını vurğulayıb.
Prezidentin 20 iyun 2014-cü il sərəncamı yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsini nəzərdə tutur. İndiyəcən müxtəlif bölgələrdə 375 fərdi evin tikintisi işləri aparılıb. İnşası başa çatmış evlər istifadəyə verilməkdədir.
Dostları ilə paylaş: |