Ermənistan parlamenti konstitusiya islahatı layihəsini qəbul edib
05.10.2015
Ermənistan parlamenti ölkənin idarə üsulunun dəyişməsini nəzərdə tutan konstitusiya islahatı layihəsini qəbul edib. Transparency.az xəbər verir ki, 117 deputatın qatıldığı səsvermədə 104 nəfər layihəni dəstəkləyib, 10 nəfər sənədin əleyhinə çıxıb, 3 nəfər bitərəf qalıb. Yeni konstitusiya layihəsi ümumxalq referendumuna çıxarılacaq.
Layihə parlament respublikası idarə üsuluna keçidi nəzərdə tutur (Ermənistanda indiki idarə üsulu prezident-parlament respublikasıdır).
Sənədə görə, dövlət başçısını – Ermənistan prezidentini parlament 7 il müddətinə seçəcək. Eyni şəxs yalnız bir dəfə prezident seçilə bilər (Hazırda Ermənistanda prezident ümumxalq seçkisində maksimim iki dəfə dalbadal olmaqla 5 il müddətinə seçilir).
Konstitusiya islahatı layihəsinə əsasən, Ermənistanda icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Silahlı Qüvvələr hökumətə tabe olacaq (hazırda prezidentə tabedir), müharibə vaxtı ali baş komandan vəzifəsinin icrası da baş nazirə keçəcək. Baş nazir postuna prezident parlament seçkisində qalib gəlmiş partiyanın nümayəndəsini təyin edəcək. Hökuməti qurmaq mümkün olmadıqda parlament buraxıla bilər.
Layihəyə görə, 101 yerlik parlament proporsional sistemlə formalaşacaq (Hazırda Ermənistanda 131 yerlik parlament qarışıq sistemlə (proporsional və majoritar sistemlə) 5 il müddətinə seçilir).
Nəzərdə tutulan islahata əsasən, parlament seçkisində heç bir partiya hökumət qurmaq üçün çoxluq əldə edə bilməsə, ilk iki sırada qərarlaşan partiyalar arasında ikinci tur keçiriləcək, ikinci turun qalibi əlavə mandatlar alacaq.
Dostları ilə paylaş: |