Xəbər bülleteni №14



Yüklə 474.92 Kb.
səhifə3/7
tarix04.12.2016
ölçüsü474.92 Kb.
1   2   3   4   5   6   7

Pul siyasəti icmalı açıqlanıb


12.11.2015

merkezi bankHökumətin proqnozuna görə, 2015-ci ilin yekununda ölkədə iqtisadi artım 3,3%, o cümlədən qeyri-neft sektorunda 5,9% olacaq. Transparency.az bildirir ki, Azərbaycan Mərkəzi Bankının yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında belə deyilir.

İcmalda Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən qeyd edilir ki, qeyri-neft sektorunda artım 7,1% olacaq. Rəsmi proqnozlara görə, iqtisadi artımın əsas mənbəyi olan qeyri-neft sektorunun ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi ötən illə müqayisədə 7,8% bəndi artaraq ilin yekunu üzrə 68,8% təşkil edəcək.

İqtisadi artım əsasən investisiya və istehlak xərclərinin hesabına olacaq. 2015-ci ilin sonuna əsas kapitala investisiya qoyuluşunun 9,2% artacağı, daxili investisiyalarla yanaşı xarici investisiyaların da iqtisadi artıma müsbət təsir edəcəyi gözlənir. İlin yekunu üzrə xarici investisiyaların 49% artımı proqnozlaşdırılır.

Pul siyasəti icmalı

Ünvanlı dövlət sosial yardımı: alan azalıb, məbləğ artıb

12.11.2015

Oktyabr ayında ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4535 ailə (4 faiz) azalaraq 112 min 385-ə enib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, noyabrın 1-nə hər ailəyə ödənilən ünvanlı yardımın orta aylıq məbləği ötən ilin oktyabr ayı ilə müqayisədə 17 faizədək artaraq 153,63 manata çatıb.

Yardım alan ailələrdəki ailə üzvlərinin 47,5 faizini 18 yaşadək ailə üzvləri təşkil edir. 1 yaşadək olan 5 min 561 nəfər uşağın hər birinə görə əlavə olaraq hər ay 45 manat sosial müavinət də ödənilir.

Ünvanlı dövlət sosial yardımı proqramının əhatə etdiyi ailələrin 28,2 faizi və ya 31 min 727-si tərkibində üç və daha çox uşağı olan ailələrdir.

Orta illik inflyasiya nə qədər olub?


12.11.2015

pulBu ilin 9 ayında orta illik inflyasiya 3,7% olub. Mərkəzi Bankın pul siyasəti icmalında Dövlət Statistika Komitəsinə istinadla qeyd edilir ki, istehlak qiymətləri indeksinin komponentləri olan ərzaq qiymətləri orta illik 6%, qeyri-ərzaq qiymətləri 3%, xidmətlərin dəyəri isə 1,1% qalxıb.

9 ayda çörək məmulatları və yarmalar 10%, yağ və piylər 12,8%, meyvələr 9,6%, qəhvə, çay və kakao isə 10,4% bahalaşıb. Tərəvəz məhsullarının qiymətləri isə enib.

Yanvar-sentyabr aylarında ayda istehlak səbətinə daxil olan 30 ərzaq, 66 qeyri-ərzaq və 23 xidmət olmaqla 119 adda mal və xidmətlərin illik orta qiyməti azalıb. 3 qeyri-ərzaq və 42 xidmət olmaqla 45 adda mal və xidmətlərin illik orta qiyməti isə dəyişməz qalıb. Orta illik baza inflyasiya 4,1% təşkil edib.

Pul siyasəti icmalı

Arif Yunus azadlığa buraxıldı

12.11.2015



arif yunus 1Noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun şikayəti əsasında proses keçirilib. APA-nın məlumatına görə, prosesdə Arif Yunusun həbsdən buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib.

“Azadlıq” radiosu bildirir ki, Milli Təhlükəsizlik Nazirliyi və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi məhbusun təzyiqinin aşağı salınmasının mümkün olmamasını əsas gətirərək məhkəmədən onun məsələsinə baxılmasını xahiş eləyib.

Arif Yunus Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanırdı.

Bu il avqustun 13-ü Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Yunusla Arif Yunusa hökm oxunub. Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Leyla Yunus külli miqdarda ziyan vurmaqla dələduzluqda, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda, külli miqdarda vergi ödəməkdən yayınmada, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmada, bilə-bilə saxta sənədlərdən istifadədə, Arif Yunus isə külli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirli bilinib.

Ötən ilin yayında tutulan həyat yoldaşlarının dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.

Türkiyədə hakim partiyanın qələbəsi qətiləşdi

12.11.2015



ahmad davudoglu
Noyabrın 12-də Türkiyənin Mərkəzi Seçki Komissiyası noyabrın 1-də keçirilmiş parlament seçkisinin rəsmi nəticələrini açıqlayıb.

Novator.az xəbər verir ki, baş nazir Əhməd Davudoğlunun Ədalət və İnkişaf Partiyasının 550 yerlik parlamentdə 317 mandat əldə edərək təkbaşına hökumət qurmaq hüququ qazandığı bəlli olub.

Qəti nəticələrdə Cümhuriyyət Xalq Partiyasının 134, Xalqların Demokratik Partiyasının 59, Milliyyətçi Hərəkat Partiyasının 40 mandat götürdüyü bildirilir.

Məlumata görə, seçki günü 48 milyon 500 min nəfər səs verib. Bülletenlərin 47 milyon 800 mini etibarlı hesab olunub.

Yeni seçilmiş deputatlar noyabrın 17-də and içəcəklər.

Mirzə Sakit Avropa Məhkəməsinə şikayəti uddu

12.11.2015

mirze sakitAvropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin sabiq əməkdaşı, satirik şair Mirzə Sakitin (Sakit Zahidov) işi ilə bağlı qərar çıxarıb. APA-nın məlumatına görə, məhkəmə iddiaçının Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu təsdiqləyib. Qərara əsasən, Azərbaycan dövləti satirik şairə mənəvi zərər müqabilində 9 min avro, digər xərclərin qarşılığında 3048 avro təzminat ödəməlidir.

2006-cı il iyunun 23-də həbs edilən, qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 3 il iş alan Mirzə Sakit Milli Məclisin 2009-cu il martın 17-də qəbul etdiyi amnistiya aktına əsasən, həmin il aprelin 9-da cəzasının çəkilməmiş hissəsindən azad olunub. O, 2010-cu ildə Avropaya mühacirət edib.

Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən çıxarıldı

12.11.2015



ali abbasov
Noyabrın 12-də prezident İlham Əliyev sərəncam imzalayaraq Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edib.

Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri (əvvəllər rabitə və informasiya texnologiyaları naziri) postunu 2004-cü ildən tuturdu.

Transparency.az bildirir ki, Əli Abbasov 1953-cü il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə Moskva Energetika İnstitutunu bitirib və Ukrayna Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirib. 1981-ci ildə mikroelektronika sahəsində dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alıb.

1982- 1991-ci illərdə Azərbaycan Elmlər Akademiyasında müxtəlif vəzifələrdə çalışıb, kompüter və telekommunikasiya şəbəkələrinin işlənib hazırlanması və tətbiqi üzrə elmi-tədqiqat işlərinə rəhbərlik edib.

1992-ci ildə Azərbaycan Elmlər Akademiyasının İnformasiya və Telekommunikasiya Elmi Mərkəzinə (indiki İnformasiya Texnologiyaları İnstitutu) direktor vəzifəsinə təyin olunub və bu vəzifədə 2000-ci ilə qədər çalışıb.

1994-cü ildə informasiya emalı və idarəetmə sistemləri ixtisası üzrə dissertasiya müdafiə edib və texnika elmləri doktoru adını, 1996-cı ildə informatika sahəsində professor elmi adını alıb.

2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

2001-2004-cü illərdə Milli Məclisin deputatı və Avropa Şurasının Parlament Assambleyasının üzvü olub.

2004-2014-cü illərdə rabitə və informasiya texnologiyaları naziri olub. 7 mart 2014-cü ildə rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Prezident İlham Əliyevin 27 dekabr 2012-ci il sərəncamı ilə Əli Abbasov “Şöhrət” ordeni ilə təltif olunub.

Ailəlidir, iki övladı var.

Arif Yunusdan başqa yerə getməmək iltizamı alınıb

12.11.2015



arif yunus yeniVəkil Elçin Sadıqov Novator.az-a bildirib ki, politoloq Arif Yunus haqqında Cinayət-Prosessual Məcəlləsinin 165-ci maddəsinə əsasən, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və yaşayış yerini dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəliyindən ibarətdir.

Başqa yerə getməmək haqqında iltizamı şübhəli və ya təqsirləndirilən şəxsdən cinayət prosesini həyata keçirən orqan alır.

Noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunusun şikayəti əsasında proses keçirilib. Prosesdə Arif Yunusun həbsdən buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib.

Arif Yunus yüksək qan təzyiqindən əziyyət çəkir. Milli Təhlükəsizlik Nazirliyi və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi məhbusun təzyiqinin aşağı salınmasının mümkün olmamasını əsas gətirərək məhkəmədən onun məsələsinə baxılmasını xahiş eləmişdi.

Arif Yunus Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanırdı.

Bu il avqustun 13-ü Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Yunusla Arif Yunusa hökm oxunub. Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Leyla Yunus külli miqdarda ziyan vurmaqla dələduzluqda, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda, külli miqdarda vergi ödəməkdən yayınmada, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmada, bilə-bilə saxta sənədlərdən istifadədə, Arif Yunus isə külli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirli bilinib.

Ötən ilin yayında tutulan həyat yoldaşlarının dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.

İlham Əliyevə BMT-nin mükafatı təqdim olunub

12.11.2015

mukafatPrezident İlham Əliyev noyabrın 12-si Bakıda BMT-nin Əhali Fondunun icraçı direktoru, baş katibin müavini Babatunde Osotimehinlə görüşüb.

AZƏRTAC-ın məlumatında deyilir ki, Babatunde Osotimehin prezident İlham Əliyevə BMT-nin Əhali Fondu adından mükafat təqdim edib. Təltif dövlət başçısının BMT-nin 1994-cü ildə Qahirədə keçirilən əhali və inkişaf üzrə beynəlxalq konfransından irəli gələn məsələlərin reallaşdırılmasında siyasi iradə, yorulmaz fəaliyyət və böyük səylər göstərməsi, Davamlı İnkişaf Proqramının Azərbaycanda dəstəklənməsi, o cümlədən qadınların və gənclərin sağlam həyat şəraiti imkanlarının genişləndirilməsi istiqamətindəki xidmətləri ilə əsaslandırılıb.

Sənayedə həm artım var, həm azalma

12.11.2015



senayeSənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 22 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal ediliblər. Transparency.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, sənaye məhsulunun 62,9 faizi mədən sektorunda, 29,2 faizi emal sektorunda, 7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədən sektorunda məhsul istehsalı 1,7 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 6,2 faiz artıb, neft hasilatı isə 1,8 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 3,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 52,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7 faiz, poliqrafiya məhsullarının istehsalı 78 faiz, kimya sənayesi məhsullarının istehsalı 87 faiz, tikinti materiallarının istehsalı 9,9 faiz, metallurgiya məhsullarının istehsalı 2,1 faiz, hazır metal məhsullarının istehsalı 55,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 98,6 faiz, elektrik avadanlıqlarının istehsalı 11,7 faiz, mebel istehsalı 9,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərinin həcmi 2,1 dəfə artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsalın həcmi 1,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 2,5 faiz artıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,6 faiz artıb, neft sektorunda isə 0,6 faiz azalıb.

Dövlət Əmək Müfəttişliyi Xidməti pozuntuların statistikasını açıqlayıb

12.11.2015

demx logoBu ilin oktyabr ayında 1494 halda əmək qanunvericiliyinin pozulması faktı qeydə alınıb. Transparency.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin təqdim etdiyi statistikaya görə, əmək qanunvericiliyinin pozulması halları ötən ilin oktyabr ayı ilə müqayisədə 23,5 faiz, cari ilin sentyabr ayı ilə müqayisədə isə 17,1 faiz azalaraq 1494-ə enib.

Rəsmi hesabata əsasən, ümumilikdə 10 ayda hüquq pozuntularının sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz azalma olub.

Polşa: Yeva gedir, Beata gəlir

12.11.2015



yeva kopach 1

Noyabrın 12-si Polşada xanım Yeva Kopaçın baş nazirlik etdiyi hökumət istefa verib. Novator.az-ın məlumatına görə, qərar oktyabrın 25-də keçirilmiş parlament seçkisində hakim Vətəndaş Platforması Partiyasının uduzması ilə bağlıdır.

Seçkinin nəticələrinə görə, millətçi mühafizəkarların Hüquq və Ədalət Partiyası Seymdə yerlərin çoxuna sahib çıxıb və hökumət qurmaq səlahiyyəti qazanıb. 8 ildir hakimiyyətdə olan Vətəndaş Platforması Partiyası seçki yarışını ikinci yerdə bitirib.

Hüquq və Ədalət Partiyasına 2010-cu ilin aprelində təyyarə qəzasında həlak olmuş mərhum prezident Lex Kaçinskinin əkiz qardaşı Yaroslav Kaçinski rəhbərlik edir. Qurumun baş nazirliyə namizədi xanım Beata Şidlodur.

Gəncədə asan lisenziyalar verilib

13.11.2015



gence - lisenziyaNoyabrın 12-də İqtisadiyyat və Sənaye Nazirliyi Gəncədəki “ASAN xidmət” mərkəzində sahibkarlara lisenziyalar təqdim edib. Lisenziyalar şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları, ölkədaxili yük daşımaları sahəsində fəaliyyət göstərən sahibkarlara verilib. Xəbəri Economy.gov.az yayıb.

Prezident İlham Əliyev oktyabrın 19-da “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərman verib. Fərmana əsasən, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. İqtisadiyyat və Sənaye Nazirliyinə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi; dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının müəyyən edilməsi; sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə təkmilləşdirilməsi məsələlərinə dair təkliflərini prezidentə təqdim etmək tapşırılıb. Nazirlik Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirmək göstərişi də alıb.

Bakı şəhərində və regionlarda lisenziyaların verilməsi davam etdirilir.

Təhsil Nazirliyi qrant müsabiqəsi elan edib

13.11.2015



tn-binaTəhsil Nazirliyi qeyri-hökumət təşkilatları arasında iki istiqamət üzrə qrant müsabiqəsi elan edib:

- Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili;

- Beynəlxalq təhsil modelləri əsasında orta ümumtəhsil məktəblərində qeyri-formal təhsilin təşkili.

Edu.gov.az-ın məlumatına görə, layihə təklifləri noyabrın 19-dək nazirliyə çap və ya elektron poçt (layihe@edu.gov.az) vasitəsilə təqdim olunmalıdır. QHT-lərdən layihə və büdcə ilə birlikdə dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti, nizamnamənin surəti, dövlət reyestrindən çıxarışın surəti, VÖEN-in surəti, təşkilat haqqında məlumat, layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı tələb olunur.

Azərbaycan nefti 1 dollar 54 sent ucuzlaşıb

13.11.2015



neft 1
Dünya birjalarında neftin qiyməti yenə düşür. AZƏRTAC-ın məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,62 dollar düşərək 41,53 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,81 dollar azalaraq 45,17 dollar olub.

London birjasında “AzəriLayt” markalı neftin bir barreli isə 1,54 dollar ucuzlaşaraq 45,17 dollara satılıb.

Orta əməkhaqqı barədə rəsmi məlumat

13.11.2015



manatDövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, 2015-ci il oktyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1506,3 min nəfər olub, onlardan 877,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 629,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,2 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə sahələrində, 17,8 faizi isə iqtisadiyyatın digər sahələrində çalışıb.

2015-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 461,1 manat olub.

Xarici ticarət: qeyri-neft məhsullarının ixracı 6 faiz artıb

13.11.2015

idxal-ixrac2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 148 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə məhsul ixrac olunub, 135 ölkədən idxal edilib. Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, ticarət dövriyyəsinin 9,2 faizi MDB üzvü dövlətləri, 48,6 faizi Avropa İttifaqı ölkələri, 42,2 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

Doqquz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi 19467,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 12889,1 milyon dollar, idxalın həcmi 6578,5 milyon dollar olub, nəticədə 6310,6 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

Yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 1179 milyon dollara çatıb.

Gömrükdə inhisara necə son qoymaq olar?

13.11.2015

dgk 1Xarici ticarətlə məşğul olanlar gömrük brokerlərinin (vasitəçilərin) fəaliyyətindən çox şikayətlənir. Transparency.az-a bu haqda danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, şikayətlər brokerlərin inhisar təmsilçiləri kimi çıxış etməsindən doğur: “Sahibkarın idxal etdiyi malı əvvəlcədən yasaqlayıb ölkəyə buraxmırlar və ya razılıq alınmadan gətirilmiş mala məcburi gözləmə tətbiq edib sahibkarı əlavə xərcə salırlar. Gömrük əməkdaşları brokerlərin “razılığı” ilə işləyir və onların vasitəsilə rüsum, vergi adı ilə yığılmış vəsaitlər büdcədən yayındırılır”.

Ekspert deyir ki, müxtəlif məhdud məsuliyyətli cəmiyyətlər adı ilə fəaliyyət göstərən gömrük broker şirkətləri 5 il müddətinə lisenziya alırlar: “İcazəyə görə ödənişin məbləği 11 min manatdır. İcazəni verən Dövlət Gömrük Komitəsidir. Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara görə, gömrük rəsmiləşdirilməsi ilə əlaqədar əməliyyatları gömrük brokerinin adından yerinə yetirmək istəyənlər Dövlət Gömrük Komitəsindən ixtisas attestatı almalıdır. “Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi” qaydalarına əsasən, bu məqsədlə müraciət edənlərin müvafiq biliyə malik olub-olmamasını Dövlət Gömrük Komitəsi müəyyən edir. Yəni Gömrük Komitəsi istədiyi şirkəti broker seçə və istədiyi şirkətin lisenziyasını istənilən vaxt geri ala bilər. Bu, brokerlərin Gömrük Komitəsindən birbaşa asılı vəziyyətə salır”.

Qubad İbadoğlu deyir ki, digər problem məsələ hər gömrük sərhəd buraxılış məntəqəsi üzrə ən azı 2 hüquqi şəxsə gömrük brokeri fəaliyyəti üçün lisenziya verilməsidir: “Ötən ildən tətbiq edilən bu yenilik iş adamlarının seçim imkanlarının artırılmasına və gömrükdə inhisarçılığın aradan qaldırılmasına xidmət etsə də, problemləri tam yoluna qoya bilmədi. Sahibkarın gömrük broker şirkətlərini seçmək imkanının artırılması üçün hər gömrük sərhəd buraxılış məntəqəsi üzrə daha çox şirkətə lisenziyanın verilməsi, rəqabətli mühitin yaradılması vacibdir. Əks təqdirdə inhisarçı şirkətlər “özəlləşdirdiyi” gömrük brokerləri vasitəsilə bazara girişdə hökmran mövqelərini saxlayacaqlar.

Həlli vacib olan məsələlərdən biri də gömrük brokerlərinin gömrük orqanlarından və yaxud əksinə gömrük orqanlarının gömrük brokerlərindən asılılığının aradan qaldırılmasıdır. Lisenziya və ixtisas attestatının verilməsi qaydalarında müvafiq dəyişikliklər edilməli, lisenziya verən mərkəzi icra hakimiyyəti orqanı həmin sahədə icraçı orqan olmamalıdır”.

Naxçıvanın Ali Məhkəməsi həm də konstitusiya məhkəməsidir

13.11.2015



nmr 1
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Ali Məclisə noyabrın 1-də keçirilmiş seçkinin nəticələrini təsdiq edib. 45 seçki dairəsi üzrə seçkinin nəticələrini bütövlükdə təsdiqləyən qərarın sonuncu bəndinə görə, qərar qətidir, onu heç bir orqan ləğv edə, dəyişdirə və yaxud rəsmi təfsir edə bilməz.

Azərbaycanda Konstitusiya Məhkəməsinin qərarları bu cür hökmlə bitir. Naxçıvan Ali Məhkəməsinin Azərbaycan Konstitusiya Məhkəməsinin qərarı gücündə hökm verməsi nədən irəli gəlir?

Transparency.az bildirir ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Ali Məhkəməyə geniş səlahiyyətlər verir. Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır, həm də Naxçıvan Muxtar Respublikasının ərazisində apellyasiya qaydasında ədalət mühakiməsini həyata keçirir.

Naxçıvan Muxtar Respublikasında konstitusiya nəzarətini təmin etmək də Ali Məhkəməyə həvalə olunub. Ali Məhkəmə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin, Ali Məclisinin, Nazirlər Kabinetinin, öz sədrinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun sorğusu əsasında bu məsələləri həll edir:

- Naxçıvan Muxtar Respublikasının qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına uyğunluğu;

- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının qanunlarına uyğunluğu;

- Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarına uyğunluğu.

Naxçıvan Muxtar Respublikasında konstitusiya nəzarətinin həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verilə bilər.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin səlahiyyətindədir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikasının prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.


1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə