Futbolda korrupsiya: AFFA 4 mümkün baldan 3 bal alıb
19.11.2015
“Transparency İnternational” beynəlxalq qeyri-hökumət təşkilatı futbolda şəffaflıq reytinqini açıqlayıb. Reytinq FİFA üzvlərinin nizamnamə tələbləri və etik qaydalara riayət, maliyyə və fəaliyyət hesabatlılığı meyarları üzrə dəyərləndirilməsinə əsaslanır.
Azərbaycanın futbol təşkilatı AFFA 4 mümkün baldan 3 balla şəffaf federasiyalar arasında yer tutur.
Transparency.az/cnews bildirir ki, Azərbaycanın qonşuları Ermənistanla Gürcüstan 1, Rusiya ilə Türkiyə 2 bal toplayıb.
Futbol təsərrüfatında şəffaflıq reytinqinin ön sıralarında İngiltərə, Yaponiya, Yeni Zelandiya, Norveç, İsveç və başqaları yer alır.
Ən qeyri-şəffaf federasiyalar arasında Əfqanıstanın, Əlcəzairin və başqalarının futbol təşkilatları var.
Reytinq
Manat niyə qeyb olub?
19.11.2015
Qubad İbadoğlu
Dost-tanışdan tez-tez eyni məzmunlu məlumatlar alıram: son zamanlar əksəriyyət ölkədə pul çatışmazlığından gileylənir. Kimin halını xəbər alırsan, deyir pul yoxdur, vəziyyət pisdir. Evini icarəyə verən kirayənişin, mağaza işlədən alıcı, taksi sürən sərnişin pul tapa bilmir. Belə görünür ki, ölkədə çox adam pul axtarır və onu tapmaq əvvəlki kimi asan deyil.
İqtisadi göstəricilərin təhlili göstərir ki, ölkədə pul axtaran həm də pulu istehsal edən banklardır. Mövcud pul-kredit münasibətləri elə iqtisadi vəziyyət yaradıb ki, ölkədə gündəlik güzəranının qayğısını çəkənlərdən tutmuş oliqarxlara qədər olan müxtəlif gəlirli qruplar pul axtarmaq məcburiyyətində qalıb. Bəs görəsən, nədən pul birdən-birə azalmağa başlayıb?
Müqayisəli hesablamalara görə, ölkədə keçənilki məbləğdə ümumi daxili məhsul (ÜDM) formalaşmır. Mərkəzi Bankın oktyabrın 1-nə olan son statistikasına əsasən, Azərbaycanda 40,7 milyard manat, yəni ötən ilin eyni dövründən 3,5 milyard manat az ÜDM istehsal olunub. Əgər ÜDM nominal ifadədə də azalıbsa, deməli, əksər makroiqtisadi göstərici, o sıradan dövlətin və istehlakçıların xərcləmələri, sərmayə yatırımları, ixrac gəlirləri də kiçilib. Artan isə qiymətlər, aybaay çoxalan idxal malları və işsizlikdir.
Qiymətləndirmələr göstərir ki, bütün bu dəyişikliklər pul qıtlığına gətirib çıxarsa da, ən əsas səbəb bunlar deyil. Çünki həm dövlət, həm də biznes əvvəlki illərdən az qazanıb çox xərcləsə də, pul yenə bu səviyyədə qeybə çəkilməli deyildi. Bəs onda əsas səbəblər hansılardır?
Fikrimizcə, başlıca səbəb manata olan etibarın itməsidir. Ona görə də sahibkarlar və istehlakçılar manatla yalnız cari xərclərini ödəyəcək qədər əməliyyat üçün vəsait saxlayırlar. Nəticədə də hər iki qrupa məxsus kapital dollarlaşır və ən pisi də odur ki, onun bir hissəsi banklardan kənarda saxlanır. Müşahidələr göstərir ki, valyutada olan iri pullar ölkədən çıxarılır, xırda, qara gün üçün nəzərdə tutulan pullar isə seyflərə qoyulur. Tədiyyə balansının təhlilindən məlum olur ki, ölkədən kapital axını kəskin artıb, bu ilin ilk 6 ayında Azərbaycandan kənara 4,5 milyard dollardan çox vəsait çıxarılıb. Bunun da səbəbi odur ki, kiçik və orta ölçülü xarici investorlar Azərbaycandan qaçır, iriləri isə buna hazırlıq görür.
İkinci səbəb iqtisadiyyatın dollarlaşmasıdır. Cəmi depozit bazasının valyutalar üzrə struktur təhlili göstərir ki, banklarda olan bütün əmanətlərin 75,4 faizi dollarladır.
Başqa bir səbəb də kommersiya banklarının xarici öhdəlikləri ilə bağlıdır. Hazırda qeyri-rezidentlərin və dövlət idarəetmə orqanlarının depozitləri daxil olmadan bankların xarici borclarının məbləği 6,3 milyard manat təşkil edir. Belə olan halda xaricə borcu olan banklar da kreditorlar qarşısında öhdəliklərini ödəmək üçün dollar toplamağa məhkumdur.
Deməli, hər üç səbəbdən dollara tələbat artmaqdadır. Mərkəzi Bank da bu tələbatı ödəmək üçün illərlə yığdığı valyutanı səxavətlə xərcləyərək aldığı manatı kisələrdə anbarlara doldurur. Beləliklə, bir tərəfdən valyuta ehtiyatları bu ilin əvvəlinə olan 11,76 milyarddan 6,51 milyard dollaradək, başqa sözlə, 44,7 faizə qədər, digər tərəfdən də geniş mənada pul kütləsi, ən çoxu da M2 pul aqreqatı (manatla olan pul kütləsi) aybaay azalır. Oktyabrın 1-nə M2 pul aqreqatı 9,37 milyard manat olub ki, bu da cari ilin əvvəli ilə müqayisədə 8 milyard manat və ya 46,3 faiz azdır. Bu isə o deməkdir ki, dövriyyədə manatla olan pul kütləsinin hər ay orta hesabla 1 milyardı anbarlara və sandıqlara gedir.
Yaranmış pul qıtlığının bir səbəbi də bahalığa görə ailə büdcəsinin xərclərinin artması ilə yanaşı ev təsərrüfatlarına verilən kreditlərin azalmasıdır. Bu ilin əvvəli ilə müqayisədə ev təsərrüfatlarına verilən kreditlər 136,5 milyon manat azalıb. Çox güman ki, bu kreditlərin də çoxu əvvəlki borcların bağlanması üçün bir bankdan digərinə transfer olub. Bunun isə real iqtisadiyyatla heç bir əlaqəsi yoxdur.
Nə etmək olar ki, pullar geriyə, dövriyyəyə qayıtsın? Bunun üçün dövlətin iqtisadi siyasəti ölkənin gələcəyinə inamın üzərində qurulmalıdır. İlk növbədə manat real və sabit məzənnəli valyuta kimi real dəyərə və məzənnəyə malik olmalıdır. Bu isə onun dəyərinin üzən məzənnə rejimində bazarda tənzimlənməsi şəraitində mümkündür. Çox güman ki, bu halda onun dəyəri hazırkı məzənnəsi ilə müqayisədə aşağı olacaq, amma belə olanda biznes də, istehlakçı da ona hansı səviyyədə etibar edəcəyini müəyyənləşdirə biləcək. Bu isə etibarın heç olmamasından daha yaxşıdır. Eyni zamanda bu halda etibarsız manatın sabitliyini müvəqqəti qorumaq üçün sürətlə və havayı xərclənən valyuta ehtiyatları da ölkə iqtisadiyyatına fayda verəcək fəaliyyətlərə yönələ bilər.
İkincisi, yerli sahibkarlar və xarici investorlar üçün bərabər və təminatlı, təhlükəsiz və rəqabətli mühit formalaşdırılmalıdır. Belə mühiti isə inhisarçılıqla mübarizə ilə yanaşı, azad ticarət və liberal iqtisadiyyat qaydalarının bərqərar olması və maliyyə amnistiyası vasitəsilə yaratmaq mümkündür.
Nəhayət, ölkədə gizli iqtisadiyyatın səviyyəsi düzgün ölçülməli və leqallaşdırılmalı, dəyərindən asılı olmayaraq bütün növ nağd ödənişlərin rəsmiləşdirilməsi stimullaşdırılmaldır.
QHT-nin xarici qrantla iş görməsi barədə müqavilə qaydası dərc olunub
20.11.2015
Noyabrın 20-də qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin xarici maliyyə mənbələri hesabına xidmətlər göstərməsi və ya işlər görməsi haqqında müqavilələrin qeydiyyata alınması qaydası dərc olunub. Qayda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib (Nazirlər Kabinetinin qərarı).
Transparency.az xəbər verir ki, qaydaya əsasən, xidmət göstərən (iş görən) qeyri-hökumət təşkilatı müqavilələri bağlandığı tarixdən 15 gündən gec olmayaraq qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim etməlidir. Müqavilələrin qeydiyyatı bildirişlə təsdiqlənir. Əks halda bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.
Müqavilənin qeydiyyata alınması üçün ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- müqavilənin, o cümlədən əlavə müqavilənin və ya ona edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi;
- göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan xarici hüquqi şəxsin qeydiyyatını, kommersiya və ya qeyri-kommersiya olduğunu təsdiq edən sənədin (ticarət reyestrindən çıxarışın, qeydiyyat şəhadətnaməsinin) surəti;
- müqavilə üzrə göstərilən xidmətlər və ya görülən işlər barədə sifarişçi tərəfindən imzası ilə təsdiq olunmuş ətraflı məlumat (məqsədi, müqavilənin başlama və başa çatma tarixi, mövcud vəziyyət, gözlənilən nəticə, faydalanan şəxslərin dairəsi, iş və xidmətin həcmi, göstəriləcəyi yer və məbləği);
- xidmət göstərən (iş görən) şəxslərin adından başqa şəxs ərizəni verdiyi halda onun səlahiyyətini təsdiq edən etibarnamə;
- müqavilə qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda onun müvafiq səlahiyyətə malik olması barədə sənədin surəti;
- müqavilənin digər icraçıları olduqda, onlar barədə məlumat.
Yanacaq ixracından gəlirlər adambaşına 1000 manat azalıb
20.11.2015
Dövlət Gömrük Komitəsinin son hesabatını Transparency.az-a şərh edən iqtisadçı alim Qubad İbadoğlu Azərbaycanın ixrac gəlirlərinin azaldığını vurğulayıb: “Bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda xam neft, təbii qaz və neft məhsullarının ixracından gəlirlər 9,3 milyard dollar azalıb. Noyabrın 1-nə olan hesablamaya görə, bu il ərzində yanacaq resurslarının ixracından aylıq azalma 930 milyon dollar, adambaşına 969 dollar və ya 1000 manatdır.
Ölkəmizin bütövlükdə ixrac gəlirləri isə müqayisə olunan dövrdə 49,1 faiz aşağı düşüb. Dövr ərzində ixracda əsas mallar sırasında meyvə-tərəvəz məhsulları, kimya sənayesi malları, alüminium və ondan hazırlanan məmulatlar istisna olmaqla bütün əmtəələr üzrə azalma qeydə alınıb.
İdxalda əsas mallar siyahısında artım buğda, meyvə-tərəvəz, əczaçılıq məhsulları, oduncaq, qara metallar, nəqliyyat vasitələri və onların hissələrində müşahidə olunub. Dövr ərzində ölkəyə 21,5 minə qədər minik avtomobili və digər motorlu nəqliyyat vasitələri idxal olunub, bu da əvvəlki illə müqayisədə 54,7 faiz azdır. 2014-cü ilin noyabrın 1-nə olan məlumata görə, ölkəyə 47,4 minə qədər avtomobil idxal olunmuşdu”.
2015-ci ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri
20.11.2015
2015-ci ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,7 faiz artaraq 33,5 milyard manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlərin artımı istehlak bahalaşmasını 0,7 faiz bəndi üstələyərək 4,4 faiz olub. Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi noyabrın 20-də belə hesabat yayıb.
Rəsmi məlumata görə, 10 ayda gəlirlərin 76,3 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 11,5 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 30,4 milyard manat həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 5,7 faiz çox vəsait qalıb.
Rəsmi hesabat: qeyri-neft sektorunda əlavə dəyər 5,2 faiz artıb
20.11.2015
2015-ci ilin yanvar-oktyabr aylarında ölkədə 45,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Transparency.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, ÜDM-in 33,8 faizi sənayedə, 13,8 faizi tikintidə, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal olunub, 38,6 faizi isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib.
10 ayda iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 5,2 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 59,9 faizdən 69,2 faizədək yüksəlib.
Ümumi daxili məhsulun 30,8 faizi isə neft sektorunun payına düşüb, bu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 0,5 faiz artıb.
Dostları ilə paylaş: |