“Elmlər”in ikinci çıxışı istifadəyə verilib
28.12.2015
Prezident İlham Əliyev dekabrın 28-də “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasının yeni inşa olunan ikinci çıxışının açılışında iştirak edib.
İlham Əliyevə metronun “Elmlər Akademiyası” stansiyasının planı və yeni çıxışda görülən işlər barədə məlumat verilib. Prezident yeni çıxışda yaradılan şəraitlə tanış olub.
Xəbəri AZƏRTAC yayıb.
Ekspert: “İqtisadiyyat sağalmasa, manat dəyər qazanmayacaq”
28.12.2015
“Manatın indiki durumunun günahı xəstə iqtisadiyyatımızdır”. Transparency.az-ın məlumatına görə, iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu açıqlamasında belə yazır.
Bu il milli valyuta iki dəfə devalvasiyaya uğrayıb. İlin əvvəlində 1 dollar 80 qəpiyə yaxın idi, fevralın 21-də isə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik müəyyən edilmişdi. Mərkəzi Bank dekabrın 21-dən üzən məzənnə rejiminə keçib. Həmin gün rəsmi kurs 1 dollara qarşı 1,55 manat olub, sonrakı günlər manatın məzənnəsi bir az da düşüb. Hazırda rəsmi kursa əsasən, 1 dollar 1,5561 manatadır.
Qubad İbadoğlu deyir ki, regionda Azərbaycan qədər makroiqtisadi göstəriciləri, ümumi daxili məhsulu (ÜDM), büdcəsi, ixracatı neftə sıx bağlı olan ikinci ölkə tapmaq mümkün deyil: “Son illərdə ən böyük yanlışlıq milli iqtisadiyyatı bütünlüklə neft gəlirlərinin yaratdığı tez əriyən “sabun köpüyü”nün üzərində qurmaq oldu. Hətta Rusiya və Qazaxıstanın böhrana giriş mövqeyi bizimlə müqayisədə daha yaxşıdır. 2014-cü ilin yekunlarına görə, neft-qaz sektorundan gəlirlərin ÜDM-də xüsusi çəkisi Azərbaycanda 43,4 faiz təşkil etdiyi halda Qazaxıstanda göstərici 25 faiz, Rusiyada isə 18 faiz olub. Bu sektordan büdcəyə daxilolmalar Azərbaycanda 65,8 faiz olduğu halda Qazaxıstanda 55 faiz, Rusiyada 52 faiz təşkil edib. İxracata gəlincə, müvafiq göstərici Azərbaycanda 93,4 faiz, Qazaxıstanda 65,1 faiz, Rusiyada isə 63,1 faiz olub.
Hər üç ölkənin iqtisadiyyatının ən böyük problemi sağlam və dayanıqlı olmaması, gəlirlərin və ixracatın şaxələnməməsidir. Bu üç oxşar problemli iqtisadiyyat arasında ən ağır xəstəliyə Azərbaycan düçar olub. Yeganə çıxış yolu hazırkı böhrandan nəticə çıxarıb milli iqtisadiyyatı islahatlar yolu ilə sağaltmaqdır. Bunun üçün ilk növbədə tələb olunan islahatları aparmaq qabiliyyətinə və proqramına malik şəffaf, hesabatlı və islahatçı komanda formalaşdırılmalıdır. Çünki indiki durumda iqtisadiyyatı idarə etmək və böhrandan çıxarmaq əvvəlki kimi neft satıb əldə edilən yüngül pulları şişirdilmiş layihələrə xərcləmək qədər asan deyil. Başqa alternativimiz qalmayıb. Əgər iqtisadiyyat sağalmasa, manat bundan sonra dəyər qazanmayacaq”.
Dostları ilə paylaş: |