Səhiyyə Nazirliyi imtahan statistikası açıqlayıb
08.02.2016
Praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi ilə bağlı hesabat açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, 2015-ci ildə ümumilikdə 11607 şəxsi əhatə etmiş sertifikasiya imtahanları keçirilib. Ötən il 85-i ali təhsilli əczaçı olmaqla 3638 nəfər ali təhsilli mütəxəssis sertifikasiya imtahanı verib. İmtahan verənlərin 7969 nəfəri orta təhsilli şəxslərdir. Onların 26 nəfəri əczaçılıq fəaliyyəti ilə məşğul olub.
Hesabata görə, test imtahanlarında iştirak edənlərin əksəriyyəti terapiya, pediatriya, stomatologiya, cərrahiyə ixtisasları üzrə müraciət edənlərdir. Orta tibb işçiləri üzrə isə tibb bacısı, mama və feldşer ixtisasları üstünlük təşkil edir.
Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanmasıdır. Sertifikasiya prosesinə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb olunur.
Nazirlik dərslik layihələrini ictimai müzakirəyə çıxardı
08.02.2016
Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəy kampaniyasına başlayıb. Rəsmi açıqlamada deyilir ki, 2016-2017-ci tədris ilində ümumi təhsil məktəblərində ilk dəfə olaraq yeni təhsil proqramları əsasında hazırlanmış 9-cu sinif dərslikləri istifadəyə veriləcək: “Çapa verilməzdən öncə dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələri www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilir. Sayta daxil olub “Bütün siyahı” düyməsini basdıqda yerləşdirilən bütün dərslik layihələri ilə tanış olmaq mümkündür. Rəy, təklif və iradları xüsusi ayrılmış sahəyə yazmaqla, yaxud derslik@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək olar.
Təhsil Nazirliyi geniş ictimaiyyəti – sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların göndərilməsində fəal olmağa dəvət edir.
Baş prokurorun illik hesabatı
08.02.2016
2015-ci ildə prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının pozuntusu hallarına və digər xətalara yol verən 37 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 7 nəfər sistemdən çıxarılıb. Baş prokuror Zakir Qaralov illik məruzəsində belə deyib. Onun sözlərinə görə, ötən il Baş Prokurorluğun Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti ilə birgə istintaq-əməliyyat tədbirləri nəticəsində 203 qəsdən adam öldürmə cinayətindən 194-nün isti izlərlə açılması təmin olunub: “Həmin cinayətlərin 95,5%-i açılıb. 2014-cü illə müqayisədə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərinin ümumi sayı 16 hadisə, açılmamış bu xarakterli cinayətlərin sayı isə 3 hadisə azalıb”.
Zakir Qaralov bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi “Müsəlman birliyi” adlı qurumun rəhbəri Taleh Bağırov və başqalarının istintaqını aparır: “Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən tədbirlər nəticəsində Taleh Bağırov və onun rəhbərlik etdiyi qurumun təşkilatlanması və silahlanaraq cinayətkar fəaliyyətlə məşğul olmaları müəyyən edilib, mütəşəkkil dəstənin Bakı şəhəri və ətraf kəndlərdə 57 nəfər, Gəncə şəhəri və digər rayonlarda 11 nəfər fəal silahlı üzvü aşkar olunaraq həbs edilib”.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin müvafiq strukturlarında sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələbləri pozulmaqla telefon danışıqlarının dinlənilməsi və yol verilmiş digər qanunsuzluqlarla bağlı cinayət işindən söz açan baş prokuror deyib ki, iş üzrə 22 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 20 şəxs barəsində həbs qətimkan tədbiri və 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib: “Həmin iş üzrə 130 epizod araşdırılıb, cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb”.
Zakir Qaralovun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 2015-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 295 şəxs barəsində 200 cinayət işinin istintaqı tamamlayaraq məhkəmələrə göndərib.
Baş prokuror fevralın 5-də keçirilən kollegiya iclasında əlavə edib ki, bu il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi süni qiymət artımı ilə əlaqədar 12 cinayət işi başladıb, hazırda istintaq tədbirləri davam etdirilir.
Zakir Qaralov deyib ki, 2002-ci ildən başlayaraq keçirilən 15 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 656 gənc hüquqşünas prokurorluğun kadr tərkibinin 58 faizini təşkil edir.
Dollar 1 manat 58 qəpikdən aşağı düşdü
09.02.2016
Mərkəzi Bank Azərbaycan manatının ABŞ dollarına məzənnəsini qaldırıb. Fevralın 9-da 1 dollar ötən günlə müqayisədə ucuzlaşaraq 1,5819 manatdan 1,5787 manata düşüb.
Transparency.az xəbər verir ki, avronun kursu fevralın 8-i ilə müqayisədə yüksəlib. 1 avro 1,7695 manata təklif olunur. Ötən gün rəsmi məzənnə 1,7610 manat idi.
Digər valyutalara gəlincə, fevralın 9-da 1 ingilis funt sterlinqi 2,2765 manata, 1 İsveçrə frankı 1,6034 manata, 1 Küveyt dinarı 5,2583 manata, 1 Rusiya rublu 0,0201manata, 1 türk lirəsi 0,5344 manata satılır.
Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb
09.02.2016
Vergilər Nazirliyi Kollegiyasının iclası keçirilib. Taxes.gov.az xəbər verir ki, kollegiyada Vergilər Nazirliyində aparılan struktur islahatları da müzakirə olunub.
İclasda çıxış edən vergilər naziri Fazil Məmmədov dövlət başçısının tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, mövcud vergi potensialının büdcəyə tam həcmdə cəlb olunması, vergi bazasının genişləndirilməsi, vergi inzibatçılığında çevikliyə nail olunması məqsədilə nazirliyin bir sıra struktur vahidlərində kadr və struktur dəyişikliyinin aparıldığıını qeyd edib. Nazirin əmri ilə Vergilər Nazirliyi Aparatında vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə yeni baş idarə yaradılıb, Beynəlxalq Münasibətlər və Maliyyə İnstitutlarında Vergi Monitorinqi idarələri mövcud ştat vahidləri hesabına bir baş idarədə birləşdirilib, bəzi struktur vahidlərinin rəhbərliyində dəyişikliklər aparılıb, bir neçə müşavir vəzifəsi ləğv edilib.
Fazil Məmmədov nazirliyin strukturunda funksiyaların təkrarlanmasına yol verilməməsi, mövcud kadr potensialından daha səmərəli istifadə edilməsi, nəzarət sisteminin və informasiya təhlükəsizliyi sahəsində həyata keçirilən profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.
Dostları ilə paylaş: |