Benzinin ucuzlaşması nələrə gətirər?
01.02.2016
İqtisadçı ekspert Vüqar Bayramov benzini ucuzlaşdırmaq təklifi verib. Transparency.az-ın məlumatına görə, ekspert dünya bazarında neftin qiyməti düşəndən bir sıra ölkələrin bu addımı atdığını misal gətirib: “Neft ucuzlaşandan benzinin qiyməti ABŞ-da 43, İspaniyada 21, Fransada 16, avro ekvivalentində Polşada 30, Norveçdə 22 faiz azalıb. Avro zonasının demək olar bütün dövlətlərində yanacağın qiyməti enib.
Azərbaycanda isə qiymət dəyişməyib. İndiki halda 30 faiz ucuzlaşma mümkündür. Benzinin 1 litrinin qiymətinin 70 qəpikdən 50 qəpiyə endirilməsi büdcə gəlirlərinə ciddi mənfi təsir göstərməyəcək. Çünki bu, digər sahələrdən qazanılan əlavə dəyərin artmasına imkan verəcək. Tarif Şurası benzinə tətbiq edilən vergiləri azaltsa, ucuzlaşma mümkündür. Yanacağın və benzinin xərc strukturuna diqqət yetirsək bəlli olur ki, əsas xərc vergidir. Dövlət Neft Şirkəti üçün bir barrel neftin orta qiyməti 15 dollardır. Şirkətdə bir barrel neftin xərci dünya bazar qiymətindən aşağı olduğu üçün benzinin qiymətinin endirilməsi qurumun gəlirlərinə təsir göstərməyəcək”.
Ekspertin qənaətinə görə, yeni yaradılmış dəyər hesabına başqa sektorlardan gələn vergi ödənişlərinin həcmini artırmaq mümkündür: “Ölkədə 1 milyon 200 mindən artıq avtomobil istifadəçisi var, deməli, onların xərcləri azalacaq. Avtomobillərin ehtiyat hissələri xaricdən idxal olunur və onların qiymətində artımlar var.
Benzinin ucuzlaşması beynəlxalq yükdaşımaların xərcini də azaldacaq. Aqrar sektorda yanacaqdan çox istifadə edildiyi üçün bu sahəyə də müsbət təsir olacaq. Həm fermerlər üçün yeni imkanlar yaranacaq, xərclər azalacaq, həm də istehsal olunan məhsullar ucuzlaşacaq. Məhsul ucuzluğu ixrac imkanlarını artıracaq. Bu, digər xidmət sahələrində də ucuzlaşmaya gətirib çıxaracaq. Nəqliyyatda, beynəlxalq yükdaşımalarda, iqtisadiyyatın digər sektorlarında büdcə ödənişlərinin həcminin artması benzinin ucuzlaşması ilə azalan birbaşa gəlirləri mexaniki kompensasiya edəcək”.
Rusiya mediasında ən çox kimlərin adı çəkilir?
01.02.2016
Rusiyanın “İnterfaks” agentliyi “Xəbərlərin kompleks analizi sistemi” çərçivəsində ölkənin kütləvi informasiya vasitələrində ən çox adı hallanan şəxslərin reytinqini tərtib edib.
Novator.az xəbər verir ki, siyahının ilk pilləsində Rusiya prezidenti Vladimir Putin dayanır. “İnterfaks”ın təhlilinə görə, bu ilin yanvar ayında ölkə mediasının siyasi və iqtisadi materiallarında Putinin adı 133 min 316 dəfə hallanıb.
İkinci yerdə Ukrayna prezidenti Pyotr Poroşenko gəlir. Onun adı 37 min 20 dəfə çəkilib. Üçüncü yeri Rusiyanın baş naziri Dmitri Medvedyev tutur (36 min 602 dəfə).
Yanvar ayında Rusiya mediasının siyasi və iqtisadi materiallarında ən çox adı hallanan şəxslərin ilk onluğunda sonrakı sıralama belədir: ABŞ prezidenti Barak Obama (24 min 769 dəfə), Ukraynanın baş naziri Arseni Yatsenyuk (22 min 566 dəfə), Almaniya kansleri Angela Merkel (17 min 307 dəfə), Rusiyanın xarici işlər naziri Sergey Lavrov (15 min 976 dəfə), Suriya prezident Bəşər Əsəd (14 min 986 dəfə), ABŞ-ın dövlət katibi Con Kerri (14 min 371 dəfə) və Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov (13 min 849 dəfə).
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərindədir
01.02.2016
Prezident İlham Əliyev fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gedib. Abu Dabinin Prezident hava limanında rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevin Abu Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin ali baş komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanla geniş tərkibdə görüşü olub.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, siyasi, iqtisadi, ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
AZƏRTAC xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da müzakirə aparılıb. Dövlət başçısı məlumat verib ki, uzun illərdir Azərbaycan torpaqlarının 20 faizini Ermənistan silahlı qüvvələri işğal edib, bunun da nəticəsində 1 milyondan çox şəxs qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İlham Əliyev münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb.
Bu ilin ən populyar adları açıqlanıb
01.02.2016
2016-cı ilin ilk ayında Azərbaycanda doğulmuş uşaqlara ən çox hansı adların qoyulduğu bəlli olub. Transparency.az Ədliyyə Nazirliyinin saytına istinadla bildirir ki, oğlan adları içində ən populyar ad Yusif adıdır. Yanvar ayında doğulmuş 65 uşağa Yusif adı verilib.
İkinci yerdə Hüseyn adı (50 uşaq), üçüncü yerdə Əli adı (44) gəlir. Populyar adlar beşliyini Ömər adı (37) və Murad adı (32) qapayır.
2016-cı ilin populyar qız adları içində ilk yeri Nuray adı götürüb. 57 uşağa Nuray adı qoyulub. İlk beşlikdə sonrakı yerləri bu adlar tutur:
Zəhra – 51 uşaq
Zeynəb – 43
Fatimə – 40
Məryəm – 40.
Yaz sessiyasının ilk iclası keçirilib
01.02.2016
Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin intizam komissiyasının təşkil edilməsi, hesablayıcı komissiyanın yenidən təşkil olunması, parlamentin komitələrinin yeni üzvlərinin seçilməsi, 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələlərə baxılıb.
Bəzi beynəlxalq sənədlərin təsdiqindən sonra deputatlar Miqrasiya Məcəlləsində, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda, “Polis haqqında” qanunda, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunda, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri müzakirə ediblər.
Dostları ilə paylaş: |