Xəbər bülleteni №33



Yüklə 3,29 Mb.
səhifə6/7
tarix01.01.2017
ölçüsü3,29 Mb.
#4019
1   2   3   4   5   6   7

Azərbaycan son 25 ildə, xüsusilə Avropanın enerji şaxələndirilməsini və təhlükəsizliyini dəstəkləyən enerji lideri kimi böyük uğur qazanıb. Biz terrorçuluğa qarşı mübarizə səyləri də daxil olmaqla Azərbaycanın təhlükəsizlik üzrə əməkdaşlığını yüksək qiymətləndirir və Azərbaycanla birlikdə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında xidmət etməkdən şərəf duyuruq.

Azərbaycan bütün vətəndaşları üçün təhlükəsizlik, firavanlıq və ifadə azadlığını daha da möhkəmləndirdikcə biz ona yardım etməyə hazırıq. Biz həmçinin ölkənizin və qonşularının əmin-amanlıq və sabitlik şəraitində yaşamaları üçün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycanla işləməyə davam edəcəyik.

Azərbaycanın və Birləşmiş Ştatların xalqları sıx əlaqələrə malikdir. Biz mədəni, siyasi və iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsini arzu edirik.

Cənab prezident, xahiş edirəm Respublika Günü münasibətilə ən xoş arzularımı qəbul edin”.

Dövlət Neft Şirkətinin yeni inzibati binası açılıb

31.05.2016



socar 1
Mayın 30-u Bakının Heydər Əliyev prospektində Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib. AZƏRTAC-ın məlumatına görə, binanın layihələndirmə işlərini Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkəti, tikintisini Türkiyənin “TEKFEN İnşaat” şirkəti aparıb.

Hündürlüyü 200 metr olan binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla ümumilikdə 5 hektar sahəni əhatə edir. Binanın 34-37-ci mərtəbələri rəhbərliyin ofisləri, 18-33-cü mərtəbələr baş ofisin idarə və şöbələri, 3-16-cı mərtəbələr isə şirkətin struktur bölmələrinin ofisləri kimi fəaliyyət göstərəcək.

Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olan binanın layihəsi Kanadada xüsusi beynəlxalq laboratoriyada virtual şəraitdə sınaqdan keçirilib və saatda 190 kilometr külək sürətinə hesablanıb.

Yeni inzibati binada 233, 110 və 22 yerlik üç konfrans zalı var. Binada hər cür avadanlıqla təchiz olunan iki fitnes mərkəzi qurulub, 450 nəfərlik yeməkxanada, həmçinin 130 nəfər üçün nəzərdə tutulan kafeteriyada hər cür şərait yaradılıb. Binanın podyum hissəsində əməkdaşların istifadəsi üçün zəngin ədəbiyyatla təmin edilən kitabxana da var.

Diqqətə çatdırılıb ki, binanın yeraltı hissəsində 1045, ərazisində isə 240 avtomobil yerlik dayanacaqlar yaradılıb.

Prezident: “Hələ ki, iqtisadi inkişafdan söhbət getmir”

31.05.2016

prezident 1
Mayın 27-si Bakıdakı “Buta” sarayında Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış edən prezident İlham Əliyev sosial-iqtisadi məsələlərə də toxunub: “Son on il ərzində Azərbaycanda iqtisadi inkişaf çox sürətli idi. İndi isə biz yeni dövrdə yaşayırıq. Dünyada iqtisadi, maliyyə böhranı dərinləşir, neftin qiyməti aşağı səviyyədədir, gəlirlərimiz azalıb, təbii ki, xərclərimiz də azalır. Ancaq bununla bərabər biz iqtisadiyyatı şaxələndirməklə, islahatlar aparmaqla bu çətinliyi aradan götürürük.

2016-cı il sabitləşmə ili olmalıdır. Düzdür, hələ ki, iqtisadi inkişafdan söhbət getmir. Milli iqtisadiyyat hələ ki, tənəzzülə uğrayır, bu, təbiidir, amma bunun insanların gündəlik həyatına heç bir təsiri olmamalıdır. Əminəm ki, sabitləşmə artıq yaxınlaşır, makroiqtisadi göstəricilər yaxşılaşacaq.

Əksər neft-qaz ölkələrinin bu il maaşları, pensiyaları kəsmələrinə, ödəmələri dayandırmalarına baxmayaraq biz maaşları, pensiyaları 10 faiz artırmışıq. Bu, nəyi göstərir? İlk növbədə bizim siyasətimizi, — həmişə demişəm ki, biz sosial siyasət aparırıq, — digər tərəfdən bizim imkanlarımızı. Bizim kifayət qədər imkanlarımız var. Maliyyə vəziyyətimiz də yaxşıdır, sabitdir, valyuta ehtiyatlarımızı yığmışıq. Bu ilin əvvəlində hesab olunurdu ki, bizim Neft Fondunun gəlirləri, yəni vəsaiti azalacaq, ancaq artır. Nəyə görə? Çünki islahatlar, şaxələndirmə siyasəti aparılır, xərclərə qənaət edilir, maliyyə nizam-intizamı güclənir. O resurslar ki, onlardan səmərəli istifadə olunmurdu, indi onlardan səmərəli istifadə olunur, bütün maliyyə sisteminə şəffaflıq gətirilibdir. Ancaq hələ ki, görüləsi işlər çoxdur.

İqtisadi inkişaf bizim müstəqilliyimizin, hərbi gücümüzün və müstəqil xarici siyasətimizin təməlidir. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaq, onda biz müstəqil siyasət apara bilməyəcəyik. Ona görə bütün səylərimizi indi bu istiqamətə yönəltmişik. Həm cəmiyyətdə, həm ekspert səviyyəsində ciddi diskussiyalar gedir. Mən bunu alqışlayıram. Mən ekspertlərlə dəfələrlə görüşmüşəm və yeni fikirlər, yeni təkliflər ortaya çıxır. Biz bütün bunları təhlil edirik və ən düzgün variantı seçirik.

Ölkə iqtisadiyyatı dayanıqlı inkişaf etməlidir. Neft amilindən asılılıq aradan götürülməlidir. Hesab edirəm, hələ bizə bir neçə il lazımdır ki, bu hədəfə çataq və çatacağıq. Bu il həm sənaye potensialının artırılması, həm də kənd təsərrüfatının inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul olunub və konkret addımlar atılıb ki, bunlar özünü statistik göstəricilərdə də büruzə verəcək”.

Dövlət başçısı qeyd edib ki, ilin sonuna qədər “Cənub” qaz dəhlizinin icrası ilə bağlı bütün lazımi tədbirlər görülməlidir, heç bir yubanma olmamalıdır: “Bizim kifayət qədər maliyyə resurslarımız var. Eyni zamanda biz xarici bazarlardan maliyyə resursları cəlb etmişik. Özü də qısa müddət ərzində. Heç bir həftə keçmədi. Azərbaycan “Cənub” qaz dəhlizinə dünya bazarlarından 1 milyard dollar vəsait cəlb edib. Bu nəyi göstərir? Onu göstərir ki, xarici investorların bizə inamı kifayət qədər böyükdür, 2 milyard istəsəydik, 2 milyardı da götürəcəydik. Yəni bizim xarici borcumuz aşağı səviyyədə, maliyyə vəziyyətimiz və valyuta ehtiyatlarımız isə yüksək səviyyədə olduğuna görə belə imkanlarımız var. Eyni zamanda biz öz vəsaitimizi qoyuruq və qoymalıyıq. Kifayət qədər böyük vəsaitdir. Ancaq “Cənub” qaz dəhlizi strateji layihədir. Bu imkan verəcək ki, uzun illər, on illiklər bundan sonra biz böyük həcmdə əlavə gəlirlər əldə edək.

Bu ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi gözlənir. Bildiyiniz kimi, Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Məndə olan məlumata görə, bu yol bu ilin sonuna qədər açılacaq. Artıq yük göndərən müvafiq tərəflərlə danışıqlar aparılır. Əminəm ki, Asiyadan Avropaya gedən bu ən qısa yol qısa müddət ərzində istifadəyə veriləcək və Azərbaycana çox böyük fayda gətirəcək.

Bu ilin sonuna qədər digər önəmli dəhlizin yaradılması istiqamətində vacib addımlar atılacaq. Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər çatdırmalıdır. Bu da qarşıya qoyulan bir vəzifədir. Astara çayı üzərində yeni dəmir yolu körpüsü tikilməlidir. Beləliklə, Şimal-Cənub dəhlizinin önəmli hissəsi həll edilmiş olur. Qalan hissənin yaradılması üçün Azərbaycan gələcək illərdə öz dəstəyini verəcək və o cümlədən maliyyə resurslarını cəlb etməyə hazırdır.

Ölkə qarşısında duran əsas vəzifələr bundan ibarətdir. Mən heç şübhə etmirəm ki, ilin sonuna qədər bütün bu vəzifələr icra olunacaq. Biz 2016-cı ili də uğurla başa vuracağıq. Hesab edirəm ki, ondan sonra iqtisadi inkişaf daha da sürətli olmalıdır”.

Dollar və rublun kursu sabit qalıb, avro ucuzlaşıb

31.05.2016

valyuta 1Mərkəzi Bank mayın 31-də ABŞ dollarının kursunu sabit saxlayıb. 1 dollar ötən həftənin son iş günündə olduğu kimi 1,4906 manata satılır. Rusiya rublunun rəsmi məzənnəsi də dəyişməyib. 1 rublun məzənnəsi 0,0226 manatdır.

Avronun rəsmi kursunda isə eniş var. Transparency.az xəbər verir ki, ötən həftənin son iş günü 1,6677 manata satılan 1 avroya 1,6598 manat qiymət qoyulub.

1 gürcü larisi 0,6943 manata, 1 türk lirəsi 0,5043 manata təklif olunur.

Azərbaycan nefti iki il öncə ilə müqayisədə 62,37 dollar ucuzdur

31.05.2016

neft 1Mayın 31-i dünya birjalarında neftin qiyməti artıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 45 sent bahalaşaraq 49,62 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 43 sent artaraq 49,72 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 50,87 dollara satılır. Bu, dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 25 dollar 87 sent yuxarı qiymətdir. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Ötən həftənin son iş günündə Azərbaycan nefti 51,31 dollara təklif olunub.

Transparency.az bildirir ki, Azərbaycan nefti bir il öncə ilə müqayisədə 11,74 dollar, iki il öncə ilə müqayisədə 62,37 dollar ucuzdur. 2015-ci il mayın sonunda “AzəriLayt”ın bir barreli 62,61 dollar, 2014-cü il mayın sonunda isə 113,24 dollar idi.

Azərbaycanın xarici borcu sürətlə artır

31.05.2016



qubad ibadoglu 1İqtisadçı Qubad İbadoğlu Azərbaycanın xarici borcunun sürətlə artdığını bildirir. O yazır ki, 2016-cı il yanvarın 1-nə kimi maliyyə-kredit təşkilatları ilə 10,3 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb: “Bu sazişlər əsasında istifadə edilmiş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcu 6,9 milyard ABŞ dolları olub. İmzalanmış sazişlər üzrə xarici dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 28,5 faizini, istifadə edilmiş kreditlərə görə 19,8 faizini təşkil edib. Hazırda imzalanmış sazişlər üzrə xarici dövlət borcunun miqdarı adambaşına ilk dəfə 1000 dolları aşaraq 1030 dollardır”.

“Azadlıq” radiosunun məlumatına görə, ekspert qeyd edir ki, 2014-cü illə müqayisədə ötən il xarici dövlət borcu 273,1 milyon ABŞ dolları artıb: “Eyni zamanda ÜDM-in xarici valyutada nominal dəyərinin azalması xarici dövlət borcunun ÜDM-də xüsusi çəkisini kəskin şəkildə artıraraq onun beşdə birinə çatdırıb. Nəzər alsaq ki, bu il iqtisadiyyatda tənəzzülə görə ÜDM azalır, xarici dövlət borcları isə sürətlə artır, o halda ilin sonuna imzalanmış kreditlərə görə xarici dövlət borcları ÜDM-in üçdə birindən, istifadə edilmiş kreditlərə görə isə dörddə birindən çox olacaq”.

Ekspert əlavə edir ki, imzalanmış müqavilələrə görə, xarici dövlət borcunun 58,6 faizi və ya 6 milyard dolları 10 ilə ödənilməlidir: “Dövlətin borcunun əsas hissəsi 2025-ci ilədək qaytarılmalıdır. Bu isə ildə orta hesabla 600 milyon dollar vəsaitin bu məqsədlər üçün istifadə ediləcəyini deməyə əsas verir. 2016-cı il yanvarın 1-nə Azərbaycan banklarının xarici öhdəlikləri 5,5 milyard dollar, Azərbaycan Dövlət Neft Şirkətinin konsolidə edilmiş borcu isə 6,3 milyard dollar olub.

Azərbaycan hökuməti əlavə borc götürməkdən ötrü hazırda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə intensiv danışıqlar aparır. Eyni zamanda Azərbaycan və Asiya İnkişaf Bankı arasında ölkənin enerji sisteminin yenidən qurulması üçün 1 milyard dollarlıq investisiya proqramı üzrə anlaşma memorandumu imzalanıb. Göründüyü kimi, bir vaxtlar xarici dövlət borclarının ÜDM-də xüsusi çəkisinə görə MDB məkanında ən yaxşı mövqedə dayanan Azərbaycan bu üstünlüyünü də itirməkdədir.

Narahatlıq yalnız borcların ümumi məbləğinin artması deyil. Narahatlıq həm də dövlət zəmanətli borcların səmərəsiz istifadəsinə görədir. Onun qaytarılması son nəticədə dövlət büdcəsinin üzərinə düşəcək. Bu da onsuz da gərgin durumda olan dövlət büdcəsinin maliyyələşdirmə imkanlarını daha da məhdudlaşdırır”.

“Diffamasiya haqqında” qanunun qəbul edilməsi qapadılmış məsələ deyil”

31.05.2016

eli hesenov 1
“Azərbaycanda medianın palitrası artıq tam formalaşıb, ölkədə 50-dən artıq televiziya və radio, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları və media yayım formaları fəaliyyət göstərir”. AZƏRTAC-ın məlumatına görə, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mayın 31-də Avropa İttifaqı və Avropa Şurasının birgə layihəsi çərçivəsində keçirilən diffamasiya mövzulu dəyirmi masada belə deyib.

Əli Həsənov qeyd edib ki, 1998-ci ildə ölkədə senzura ləğv olunub, KİV azadlığının təmin olunması üçün qanunvericilik bazası təkmilləşdirilib və beynəlxalq standartlara uyğunlaşdırılıb, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün çoxsaylı praktiki addımlar atılıb: “Azərbaycan qanunvericiliyi hər kəsin informasiyanı sərbəst, azad şəkildə axtarmaq, əldə etmək, yaymaq hüququnu təmin edir. Azərbaycanda mətbuat orqanı açmaq üçün çox asan prosedur keçmək və fəaliyyətə başlamaq mümkündür.

Hesab edirəm ki, bunda həm Azərbaycanın inkişaf perspektivini müəyyən edən strateji inkişaf xəttinin həyata keçirilməsi, həm də ölkənin bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti mühüm rol oynayıb. Azərbaycan demokratik normaların inkişaf etdirilməsi və vətəndaş cəmiyyəti quruculuğu sahəsində ATƏT və Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Ötən illərdə media azadlığının inkişaf etdirilməsi sahəsində bir çox uğurlu layihə həyata keçirilib. Əlbəttə, onların sırasında Avropa Şurası və Avropa İttifaqının birgə “Proqramlar üzrə əməkdaşlıq çərçivəsi”nin “İfadə və media azadlığı” layihəsinin də özünəməxsus yeri var”.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, “Diffamasiya haqqında” qanun layihələri bir təşəbbüs kimi 2005-ci, 2011-ci və 2013-cü illərdə hazırlanıb, onların ətrafında geniş ictimai müzakirələr təşkil olunub: “İctimai müzakirələrin nəticəsi göstərib ki, insanların mətbuat səhifələrində təhqir olunması hallarının yüksək, medianın iqtisadi müstəqilliyi zəif və siyasi qütbləşmənin güclü olduğu bir zamanda belə bir qanunun qəbul edilməsi əks effekt yarada, məsələni daha da mürəkkəbləşdirə bilər. Deməli, ilk növbədə mətbuat orqanlarının iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalist peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilməli, mətbuatın siyasi qütbləşməsinin səviyyəsi aşağı enməlidir və yalnız bundan sonra müvafiq qanunun qəbul olunması məsələsinə baxıla bilər. Həmçinin ictimai rəyin bu yeniliyə hazırlanmasını ehtiva edən bir sıra zəruri tədbirlərin həyata keçirilməsi lazım idi.

2007-ci ildən sonra Azərbaycanda Avropa Şurası, ATƏT, Avropa İttifaqı, beynəlxalq jurnalist təşkilatları ilə birgə jurnalist peşəkarlığının artırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və müsbət nəticələr əldə edilib. Azərbaycan prezidentinin fərman və sərəncamları ilə qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımları ayrılıb, jurnalistlərin sosial müdafiəsini gücləndirmək üçün tədbirlər həyata keçirilib.

2008-ci ildə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının hazırlanması, həmçinin 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və onun fəaliyyətinin təşkilində qarşıya qoyulan əsas vəzifələr söz və məlumat azadlığının çərçivəsinin genişləndirilməsi, KİV-lərin müstəqilliyinin təmin edilməsi, bu sahədə mənfi halların aradan qaldırılması, jurnalist peşəkarlığının yüksəldilməsi, cəmiyyətdə tənqidə dözümlülüyün artırılması və digər bu kimi məsələlərin həlli olub.

Elə həmin 2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyev konkret mövqe ortaya qoyaraq jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunmasının məqsədəuyğun hesab edilmədiyini açıqlayıb. Həmin dövrdən bu vaxtadək faktiki olaraq Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin tətbiqinə moratorium tətbiq olunub və jurnalistlərə qarşı qaldırılmış cinayət işləri ya icraata götürülməyib, ya da onlara mülki qanunvericilik əsasında baxılıb.

Onu da nəzərə almaq lazımdır ki, müvafiq maddələrin Cinayət Məcəlləsindən çıxarılması adi jurnalistika fəaliyyəti ilə bağlı olmayan vətəndaşların öz hüquqlarını müdafiə etmək, şərəf və ləyaqətini qorumaq imkanlarından da məhrum edir. Eyni zamanda həmin müddəalar Avropa İttifaqının üzvü olan əksər ölkələrin, o cümlədən aparıcı dövlətlərin qanunvericiliyində hələ də qalmaqdadır. Söhbət onların tətbiq olunmamasından gedirsə, analoji vəziyyət Azərbaycanda da var”.

Əli Həsənov deyib ki, 2011-ci il dekabrın 27-də insan hüquqlarının və əsas azadlıqlarının səmərəli müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilib: “Həmin planda “Diffamasiya haqqında” qanunun qəbul edilməsi bəndi də öz əksini tapıb. Mətbuat Şurası 2010-cu ili Azərbaycanda “Diffamasiya ili” elan edib, jurnalist təşkilatları “Diffamasiya haqqında” qanunla bağlı müxtəlif təşəbbüslər irəli sürüb, ATƏT-in dəstəyi ilə qanun layihələri hazırlanıb və Azərbaycan Milli Məclisinə təqdim edilib. Həmçinin 2013-cü ildə Azərbaycan müvafiq qanun layihəsini hazırlayaraq ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərsə də, sonda bir sıra məsələlərlə bağlı fikir ayrılığının yaranması şəraitində qanunun qəbulu mümkün olmayıb.

Göründüyü kimi, Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul edilməsi qapadılmış məsələ deyil, bu layihənin üzərində iş davamlı şəkildə aparılıb, zəruri tədbirlər həyata keçirilib”.

Cavid Hüseynova hökm oxundu

31.05.2016



cavid huseynov 1Mayın 31-də Səbail Rayon Məhkəməsi jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun mühakiməsini başa çatdırıb. APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda Cavid Hüseynova hökm oxunub. Futbolçu 4 il müddətinə azadlıqdan məhrum edilib.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirli bilinib.

28 yaşlı Cavid Hüseynov “Qəbələ” klubunun və Azərbaycan milli komandasının hücumçusudur.

Ötən il avqustun 8-də bir qrup şəxs ANN.TV-nin reportyoru Rasim Əliyevi döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov və daha 5 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Facebook” səhifəsində onu tənqid edən Rasim Əliyevə zəng vuraraq təkzib vermək tələbi qoyub. Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i Bayıl qəsəbəsində onunla görüşüb. Onlar Rasim Əliyevə çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u orada vəfat edib.

Bu il aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Kənan Mədətov və Samir Mustafayev 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Rusiya əhalisinin 80%-i pensiyaya bel bağlamır

31.05.2016



rusiya pensiya 1Rusiyada işləyən təbəqənin yalnız beş nəfərindən biri dövlət pensiyasına bel bağlayır. “HeadHunter” şirkətinin may ayında apardığı sorğunun nəticələri belə göstərir.

Novator.az xəbər verir ki, 2 min 800 nəfərin iştirak etdiyi sorğunun nəticələrinə görə, Rusiya əhalisinin 41%-i pensiyaya öz təminatının bir hissəsi kimi baxır.

Respondentlərin 12%-i pensiyaya çıxmağı planlaşdırmır, 29%-i isə pensiyanı gəlir mənbəyi hesab etmir.

Sorğunun nəticələrinə əsasən, işləyən təbəqənin bütün kateqoriyaları pensiyaya çıxdıqdan sonra alternativ qazanc mənbəyi tapmaq niyyətindədir.

Sorğuya cəlb olunanların 51%-i topladığı şəxsi vəsaiti, 42%-i şəxsi biznes gəlirini, 41%-i mənzil kirayəsindən əldə etdiyi vəsaiti, 25%-i isə banka qoyduğu əmanətindən əldə etdiyi faiz gəlirini alternativ qazanc mənbəyi sayır.

2015-ci ildə Rusiyada əmək pensiyasının keçənilki orta aylıq məbləği 13 min 900 rubl olub. Bu, 311 manatdan bir qədər çoxdur.

İyun ayının hava proqnozu

31.05.2016

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayının hava proqnozunu açıqlayıb. Orta aylıq temperatur regionlar üzrə belə proqnozlaşdırılır:

Bakıda və Abşeron yarımadasında 22-25 dərəcə isti (bəzi günlərdə 32-36 dərəcə isti);

Naxçıvan Muxtar Respublikasında 22-25 dərəcə isti (bəzi günlərdə 32-36 dərəcə isti);

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında 15-20 dərəcə isti (bəzi günlərdə 28 dərəcəyədək yüksələcək);

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında 22-24 dərəcə isti (bəzi günlərdə 30-35 dərəcə isti);

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında 19-23 dərəcə isti (bəzi günlərdə 30-35 dərəcə isti);

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında 23-26 dərəcə isti (bəzi günlərdə 33-37 dərəcə isti);

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında 22-24 dərəcə isti (bəzi günlərdə 30-34 dərəcəyədək yüksələcək).

Prezident keçmiş nazirlərin məsuliyyətə cəlb olunmasına sanksiya verdi

31.05.2016



ruminiya prezidenti 1Mayın 31-də Rumıniya prezidenti Klaus Yohannis dörd sabiq nazirə cinayət işinin başlanması üçün sanksiya verib.

Rumıniya qanunvericiliyinə görə, hökumətin sabiq üzvlərinin cinayət məsuliyyətinə cəlb olunmasına sanksiyanı dövlət başçısı verir.

Novator.az-ın məlumatına görə, keçmiş nazirlərdən üçü eyni nazirliyə başçılıq edib. Mixay Tenesesku 2000-2004, Sebastyan Vledesku 2005-2007, George Podji 2008-2009-cu illərdə maliyyə naziri postunu tutub. Dan İoan Popesku isə 2003-2004-cü illərdə ticarət və iqtisadiyyat naziri olub.

Prezident Klaus Yohannis onlara cinayət işinin qaldırılması üçün ədliyyə nazirinə tələbnamə göndərib. Dövlət başçısı öz qərarında Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorçuluqla Mübarizə İdarəsinin müraciətinə əsaslanıb. İdarənin prokurorları “Rompetrol Group NW..” şirkətinin işi ilə əlaqədar sabiq nazirlərə cinayət işinin başlanmasını zəruri sayıblar və bununla bağlı prezidentə müraciət ediblər.

Sabiq nazirlər vəzifədən sui-istifadədə, talançılıqda, cinayətkar qruplaşma yaratmaqda şübhəli bilinirlər. Prokurorlar hesab edirlər ki, Mixay Tenesesku, Sebastyan Vledesku, George Podji və Dan İoan Popesku hökumət üzvü olanda şirkətlərin borclarını dövlət istiqrazlarına çevirmək istəyən iş adamlarına kömək ediblər.

Prokurorlar Rumıniya dövlətinə dəyən ziyanı 700 milyon dollar həcmində hesablayıblar.

Hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət götürülür

31.05.2016



mm 1
Milli Məclisin 31 may iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilib. APA xəbər verir ki, dəyişikliyə əsasən, xarici ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət aradan qaldırılır. Qanunun 21-ci maddəsində dəyişikliyə əsasən, xarici ölkələrdə əyani təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək möhlət hüququ verilir.

İndiyədək yalnız siyahısı Təhsil Nazirliyində təsdiq edilən təhsil müəssisələrində təhsil alanların belə hüququ vardı.

Manat: müvəqqəti sabitliyin səbəbləri


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin