Xəbər bülleteni №33



Yüklə 3,29 Mb.
səhifə7/7
tarix01.01.2017
ölçüsü3,29 Mb.
#4019
1   2   3   4   5   6   7

31.05.2016



vuqar bayramov 1İqtisadçı ekspert Vüqar Bayramov milli valyutanın məzənnəsi ilə bağlı durumu şərh edib.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Fevralda manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, dekabrda isə Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb.

Hazırda ABŞ dollarının rəsmi məzənnəsi 1,4906 manatdır. Bu il ABŞ valyutasının ən aşağı qiyməti 1,49 manat olub.

Transparency.az bildirir ki, ekspert Vüqar Bayramov ikinci devalvasiyada 48 faiz dəyər itirən manatın son beş ayda 4 faiz möhkəmlənməsinə aydınlıq gətirib: “İkinci devalvasiyadan sonra vətəndaşlar, eləcə də biznes qısa zamanda öz milli valyutalarını dollara çevirməyə çalışdılar. Nəticədə nəinki əllərdəki manat, hətta bankların gündəlik yığımları belə dollarlaşdı. Qara bazarda dolların məzənnəsi hətta 1,90 manata yüksəldi.

Mart ayından istər banklar, istəsə də vətəndaşlar cari xərclər üçün dollarlarının bir hissəsini bazara çıxardı. Büdcənin investisiya xərclərinin azalması idxalın da bu istiqamətdə məhdudlaşmasına səbəb oldu. Bankların xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi məhdudiyyətlər də dollara tələbi azaltdı. Nəhayət, Mərkəzi Bankın manat bazasını 2015-ci ilin yanvarı ilə müqayisədə may ayında 11,542 milyard manatdan 6,726 milyard manatadək azaltması da milli valyuta təklifini məhdudlaşdırdı. Həm əks-dollarlaşma prosesinin başlaması, həm də Mərkəzi Bankla Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati tədbirləri dollara tələbi azaltdı. Mərkəzi Bankın yaz aylarında hərraclara alıcı kimi qatılması isə milli valyutanın məzənnəsinə təsir göstərməyə başladı.

Dörd faizlik marjı qoruyan Mərkəzi Bank valyuta bazarında yenə də aparıcı oyunçu kimi qalır. Bu isə o deməkdir ki, Mərkəzi Bank manatın məzənnəsinə ən azı valyuta bazarı qədər təsir göstərir. Hətta dünya bazarında dolların möhkəmlənməsi də belə milli valyutanın kursuna təsirsiz ötüşür. Məzənnəni bazar müəyyənləşdirmədiyi və liberal üzən valyuta rejiminə keçirilmədiyi halda biznesdə milli valyutanın gələcək məzənnəsi ilə bağlı qeyri-müəyyənlik qalacaq. Mərkəzi Bank inzibati metodlarla prosesi uzun müddət apara bilməz. İdxal artarsa, dollara tələb yenidən yüksələcək.

Digər tərəfdən “isti pullar” real sektoru canlandırmanın əsas prinsiplərindən biri olduğu üçün müəyyən müddət sonra Mərkəzi Bank manat bazasını genişləndirmək məcburiyyətində qalacaq. Bu isə xarici valyutaya təbii tələbin formalaşdırılması deməkdir”.

Bütün sadalananlara əsasən ekspert yaxın gələcəkdə manatla bağlı mümkün dəyişiklikləri belə sıralayıb:

— mövcud iqtisadi qanunlarla milli valyutanın uzun müddət möhkəmlənməsi mümkün deyil. Mərkəzi Bank inzibati metodlardan yalnız qısamüddətli dövrdə faydalana bilər;

— xarici valyutaya tələb real sektorun canlanması, alıcılıq qabiliyyətinin yüksəlməsi fonunda idxalın genişləndirilməsi ilə yüksələ bilər;

— enerji məhsulları ümumi ixracatın 85 faizini formalaşdırdığı üçün manatın gələcək məzənnəsi daha çox neftin dünya bazar qiymətini necə dəyişməsindən asılı olacaq. Manat üçün bədbin proqnoz neftin bir barrelinin 40 dollardan aşağı, orta proqnoz isə 60 dolları aşmasıdır. Neft 80 dollardan yüksək satılarsa, manat üçün nikbin mənzərə formalaşa bilər. Əgər xarici müdaxilələr olmasa, güman ki, qiymət 50 dollar ətrafında stabilləşəcək;

— Aparılan müzakirələr və görüşlər ondan xəbər verir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı yeni yol xəritəsi hazır olduqdan sonra manat bazasında artım müşahidə ediləcək. Manat bazasının genişləndirilməsi real sektorun inkişafı baxımından vacib olmaqla yanaşı xarici valyutalara da tələbi artıracaq və yenidən dolların məzənnəsi yüksələcək. Digər tərəfdən, ABŞ-ın Federal Ehtiyat Sistemi gələn ay uçot dərəcəsini artırarsa, manata psixoloji təzyiq formalaşacaq. Bu zaman inzibati metodlar zəifləyərsə, dollar ölkədə yenidən dəyər qazanacaq;

— Mərkəzi Bank gec-tez liberal üzən məzənnə siyasətinə keçəcək və bu halda artıq kursun müəyyənləşdirilməsində baş bank deyil, valyuta bazarı aparıcı olacaq.

Büdcənin idman yükü

31.05.2016

İqtisadçı ekspert Qubad İbadoğlu idman infrastrukturuna yatırılan vəsaitin büdcəyə izafi yük olduğunu yazır. Transparency.az-ın məlumatına görə, ekspert qeyd edir ki, ötən ilin dövlət büdcəsindən idman obyektlərinin tikintisi, yenidən qurulması və əsaslı təmirinə 1,5 milyard manata qədər vəsait xərclənib: “Əsasən idman infrastrukturunun yaradılmasına, bu məqsədlə tikinti və quraşdırma işlərinə yönələn böyük miqdarda xərcləmə daha çox Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq idman yarışları ilə bağlıdır. Bu ilin büdcəsindən idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlər üçün 429,3 milyon manat vəsait nəzərdə tutulub. Böyük ehtimalla vəsaitin çox hissəsini 17-19 iyunda Bakıda keçiriləcək “Formula 1” yarışı yeyəcək.

Fikrimizcə, dövlət maliyyəsində çətinliklərin müşahidə olunduğu indiki zamanda yüz milyonlarla vəsaitin bu məqsədlər üçün xərclənməsinə dəyməz. Çünki idman infrastrukturunun təkcə formalaşdırılması deyil, onun saxlanması da büdcənin yükünü artırır”.

formula 1 a

90 saylı dairədən deputatlığa namizədlərin siyahısı

31.05.2016

sechki
Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkidə namizədliyi qeydə alınmış şəxslərin siyahısını dərc edib. Transparency.az siyahını diqqətə çatdırır:

Osmanov Cavid Həmid oğlu. 1975-ci ildə doğulub. Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədridir. YAP-ın namizədidir.

Haqverdiyev Əli Bəkir oğlu. 1967-ci ildə doğulub. Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkimidir. Bitərəfdir.

İbrahimli Anar Zamin oğlu. 1988-ci ildə doğulub. Ağdaş Dövlət Humanitar Kollecinin, müəllimidir. Bitərəfdir.

Ağazadə İqbal Fehruz oğlu. 1968-ci ildə doğulub. Azərbaycan Ümid Partiyasının sədridir. Ümid Partiyasının namizədidir.

Gözəlov Rəşid Qalib oğlu. 1988-ci ildə doğulub. “Azərpoçt” MMC-nin Ağdaş poçt filialının müfəttişidir. Bitərəfdir.

Abdullayev Rəşad Mustafa oğlu. 1987-ci ildə doğulub. Tofiqi kənd orta məktəbinin müəllimidir. Bitərəfdir.

Gözəlov Elmir Şahsəlim oğlu. 1982-ci ildə doğulub. “Azəravtoyol” ASC-nin “Yolların Mühafizəsi Xidməti” MMC-nin baş mütəxəssisidir. Bitərəfdir.

90 saylı dairə üzrə təkrar seçki iyunun 18-də keçiriləcək.

Sosial müavinət və yardım sistemi ilə təmin olunanların 46 faizi uşaqlardır

31.05.2016

emek nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı statistika yayıb. Bildirilir ki, nazirlik sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqları, müharibə əlillərinin, I və II qrup Çernobıl əlillərinin və şəhid ailələrinin uşaqlarını, müddətli hərbi xidmət qulluqçularının uşaqlarını aylıq sosial müavinətlə təmin edir.

Ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət ödənilir, həmin ailələrdəki ailə üzvlərinin böyük əksəriyyətini uşaqlar təşkil edir. Aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlara, beşdən çox uşağı olan qadınların uşaqlarına da aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət verilir.

Ünvanlı dövlət sosial yardımı alan ailələrdəki ailə üzvlərinin də 48 faizə yaxını uşaqlardan ibarətdir. Ümumilikdə cari ilin 1 aprelinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə sosial müavinət və ünvanlı dövlət sosial yardımı ödənilənlərin 46 faizini və ya 404 min nəfərdən çoxunu uşaqlar təşkil edib.

Xəzər sahillərində monitorinqlər keçirilib

31.05.2016

xezer 1
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər sahillərində monitorinqlər keçirib. Rəsmi məlumata görə, bir sıra qəsəbələr üzrə sahil boyu ərazilərdə beynəlxalq standartlara cavab verən modul tipli çirkab sutəmizləyən qurğu quraşdırması ilə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb.

Nazirlik bildirir ki, son illər Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə, qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.

Çirkab sutəmizləyən qurğuların olmadığı Sumqayıt, paytaxtın Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Ərazilərdə tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub.

Ermənistanda bir general, iki polkovnik həbs edilib

31.05.2016

Ermənistanın İstintaq Komitəsi general-mayor Melsik Çilinqaryan, polkovniklər Armen Marqaryan və Mger Papyanın həbsi ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələrinin Silahlanma İdarəsinin keçmiş rəisi Melsik Çilinqaryan və həmin idarənin Avtomobil Xidmətinin keçmiş rəisi Armen Marqaryan vəzifə səlahiyyətindən sui-istifadədə (ağır nəticələrə səbəb olduqda) təqsirləndirilirlər.

Transparency.az bildirir ki, Material-Texniki Təchizat Departamentinin kimyəvi, mühəndis, kəşfiyyat vasitələri ilə təminat şöbəsinin rəisi polkovnik Mger Papyana başqa bir cinayət işi üzrə xidmətə səhlənkar münasibət (ağır nəticələrə səbəb olduqda) ittihamı irəli sürülüb.

Silahlanma İdarəsinin Avtomobil Xidmətinin rəisi postunu tutan David Abramyan isə mayın 11-də saxlanıb. Polkovnik vəzifə səlahiyyətindən sui-istifadə edərək dövlətə külli miqdarda maddi zərər vurmaqda təqsirləndirilir. Ermənistan İstintaq Komitəsinin mayın 18-də yaydığı açıqlamaya görə, David Abramyan günahını etiraf edib, vurulmuş maddi ziyanı ödəyib. Müstəntiq onun səlahiyyətlərinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.



Daha əvvəl, aprelin 26-da Ermənistan prezidenti Serj Sərkisyan Müdafiə Nazirliyinin 3 yüksək rəsmisini işdən azad edib. Dövlət başçısının fərmanı ilə müdafiə nazirinin müavini, Material-Texniki Təchizat Departamentinin rəisi Alik Mirzabekyan tutduğu vəzifədən çıxarılıb. Silahlı Qüvvələr Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi general-mayor Arşak Karapetyan, Rabitə Qoşunlarının rəisi, Baş Qərargahın Rabitə və Avtomatik Sistemlər İdarəsinin rəisi general-mayor Komitas Muradyan da işdən götürülüb.
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin