Xəbər bülleteni №33



Yüklə 3,29 Mb.
səhifə5/7
tarix01.01.2017
ölçüsü3,29 Mb.
#4019
1   2   3   4   5   6   7

Mayın 16-sı Vyanada keçirilmiş görüşə toxunan Nalbandyan deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşün yekunları ilə bağlı yaydığı bəyanat beştərəfli ola, yəni həm də Ermənistanla Azərbaycanın adından verilə bilərdi: “Ancaq Azərbaycan bəyanata qoşulmaqdan imtina etdi. Ona görə də üçtərəfli bəyanatla kifayətlənmək lazım gəldi”.

Novator.az-ın məlumatına görə, Nalbandyan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsini aradan qaldırmaq üçün danışıqlar cəbhə xəttində monitorinq mexanizmlərinin tətbiqindən və ATƏT-in missiyasının imkanlarının artırılmasından sonra mümkündür: “Aprelin əvvəlində baş vermiş hadisələrin təkrarlanmayacağına təminat olmalıdır”.

Mayın 16-sı Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri görüşüb. Xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın da iştirak etdiyi görüş ABŞ-ın dövlət katibi Con Kerri, dövlət katibinin müavini Viktoriya Nuland, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyo (Fransa), ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə baş tutub.

Con Kerri, Sergey Lavrov və Harlem Desir görüşün yekunlarına dair birgə bəyanat yayıblar. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüz olduğu vurğulanır. Minsk qrupunun həmsədrləri tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişlərinə hörmət etməyə çağırır. Sənəddə qeyd edilir ki, Azərbaycan və Ermənistan prezidentləri atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə həlli nizamlanmasına sadiq olduqlarını vurğulayıblar. Gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Azərbaycan və Ermənistan prezidentləri vaxtaşırı bir araya gəlib Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxırlar. Bu tip görüşlərin ümumi sayı mayın 16-da 52-yə çatıb. Bunun 20-si İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.

İşgüzar forumda 2,6 milyon manat kredit verildi

26.05.2016

Sahibkarlığa Kömək Milli Fondu mayın 26-sı Suraxanı rayonunda işgüzar forum keçirib. İqtisadiyyat Nazirliyinin məlumatına görə, forumda ət kəsimi, üzlük daşlar, polietilen paketlər və corab istehsalı müəssisələrinin, istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Forumda müvəkkil kredit təşkilatları vasitəsilə 19 sahibkarlıq subyektinə 2,6 milyon manat kredit verilib. Heyvandarlıq, quşçuluq, çörək və un məmulatları, hava kompressorları, tikinti materialları, mebel istehsalı sahələrinə yönəldiləcək kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması gözlənir.

Məlumat verilib ki, Suraxanı rayonundan 162 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 22,5 milyon manat güzəştli kredit yönəldilib. İndiyədək paytaxt və onun qəsəbələrində sahibkarlıq subyektlərinin 1230-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 317 milyon manat güzəştli kredit ayrılıb.



suraxani

suraxani1

Deputat və icra başçısı yubileylərində təltif olundular

27.05.2016

prezident-11Milli Məclisin deputatı Rauf Asif oğlu Əliyev və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Talıb oğlu Camalov “Şöhrət” ordeni ilə təltif ediliblər. Transparency.az bildirir ki, hər iki şəxsin 60 yaşı tamam olur.

Prezidentin 26 may sərəncamında Rauf Əliyevin təltif olunması Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakı ilə əsaslandırılıb. Yeni Azərbaycan Partiyasının üzvü olan Rauf Əliyev parlamentin əmək və sosial siyasət komitəsinin sədr müavinidir. O, 2005-ci ildən Milli Məclisdə 13 saylı Xəzər-Pirallahı seçki dairəsini təmsil edir.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə təltif olunan Mərdan Camalov isə 2005-ci ildən Şirvan şəhərinin icra başçısıdır.

Dollar və avro bahalaşıb, rublun kursu düşüb

27.05.2016



valyuta 1Mayın 27-də ABŞ dolları bahalaşıb. 1 dolların rəsmi məzənnəsi 1,49 manatdan 1,4906 manata yüksəlib.

Avronun rəsmi kursunda da artım var. Transparency.az xəbər verir ki, ötən gün 1,666 manata təklif olunan 1 avro indi 1,6677 manata satılır.

Rusiya rublu isə ucuzlaşıb. Mərkəzi Bank 1 Rusiya rublunun məzənnəsini 0,0228 manatdan 0,0226 manata salıb.

Tam siyahı

Tramp səs baryerini aşdı

27.05.2016

tramp 1
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə yeganə iddiaçı Donald Tramp namizəd olmaq üçün gərəkli 1237 səs baryerini aşıb. Transparency.az-ın məlumatına görə, Şimali Dakota ştatında çıxış edən Donald Tramp iyul ayında keçiriləcək qurultaya 1238 nümayəndə qazandığını bildirib.

Prezident seçkisi noyabrın 8-də olacaq. Həm respublikaçılar, həm də demokratlar prezidentliyə vahid namizədi iyul ayında keçiriləcək qurultaylarında seçməlidir. Qurultaya nümayəndə toplamaq üçün ştatlarda ilkin seçki yarışı keçirilir.

Mayın 4-dən Respublikaçılar Partiyasından prezidentliyə yalnız bir iddiaçı qalıb.

Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-York ştatında doğulub. Ata tərəfdən alman, ana tərəfdən şotland əsillidir. Tikinti maqnatıdır. Nyu-York Hərbi Akademiyasını və Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib.

Demokratlar Partiyasından isə prezidentliyə iki iddiaçı var: Hillari Klinton və Berni Sanders. Bu qurumdan namizəd olmaq üçün 2383 səs gərəkdir. İndiyədək Hillari Klinton 2305, Berni Sanders 1539 nümayəndə qazanıb.

Vüsal Qasımlı Vergi Məcəlləsində və “Dövlət rüsumu haqqında” qanunda dəyişiklikləri şərh edib

27.05.2016

vusal-qasimli

Mayın 26-da prezident İlham Əliyev “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklikləri imzalayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bununla bağlı AZƏRTAC-a danışıb: “Dəyişikliklərə əsasən, dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki son dəmir yolu stansiyasında xarici dövlətlərə məxsus avtomobillərə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə yüklənərək ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə və əksinə daşındıqda iyunun 1-dən 3 il müddətində yol vergisi və dövlət rüsumundan azaddır.

Bu, nə deməkdir? Əgər yük Azərbaycandakı son dəmir yolu stansiyasından avtomobil nəqliyyatı vasitəsilə ən yaxın gömrük məntəqəsinə daşınırsa, yol vergisi və dövlət rüsumundan azad olunacaq. Eyni qaydada yük gömrükdən keçdikdən sonra ən yaxın dəmir yolu stansiyasına avtomobil yolu ilə daşındıqda da yol vergisi və rüsum ödənilməyəcək.

Məsələn, İrandan keçməklə Astara dəmir yolu stansiyasına çatana qədər sahibkar yükə görə əvvəllər ödədiyi yol vergisi və dövlət rüsumundan azaddır. Əvvəllər yol vergisi və dövlət rüsumu ödənildiyinə görə Astara gömrük məntəqəsindən Astara dəmir yolu stansiyasına qədər olan məsafədə yükün daşınma xərci artırdı. Çünki Vergi Məcəlləsinə görə, yol vergisi ölkədə qalma müddəti, yükün həcmi və oxların sayı əsasında müəyyənləşdirilir. Nəticədə İran Astarası ilə Azərbaycan Astarası arasında 8 kilometrlik məsafədə daşıma xərcləri təxminən Astaradan Yalamaya qədər 500 kilometrlik dəmir yolu ilə daşıma xərclərindən cüzi fərqlənən bir həddə yaxınlaşmışdı.

Dəyişiklikdən sonra daşıma xərclərinin azalması İran-Azərbaycan-Rusiya marşrutunun iqtisadi cəlbediciliyini daha da artıracaq. Bu isə Azərbaycan dəmir yolu təsərrüfatı üçün əlavə maliyyə imkanları və yük dövriyyəsinin genişlənməsi deməkdir. Digər tərəfdən daşımalarla məşğul olan şirkətlər də həm maliyyə, həm də vaxt resurslarına qənaət etməkdən məmnun qalacaqlar”.

Vüsal Qasımlı deyib ki, yol vergisi və dövlət rüsumundan azad olunma üçün 3 il müddətin nəzərdə tutulması optimal sayılmalıdır: “Çünki Astara (Azərbaycan) — Astara (İran) dəmir yolunun tikintisi bu müddətdə yekunlaşa bilər. İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatması ilə Şimal-Cənub dəhlizi üzrə dəmir yolu əlaqəsi də tam təmin ediləcək. Lakin indidən tranzit yüklərin bu marşrut üzrə cəlb edilməsi üçün Azərbaycan dövləti İran və Rusiya ilə birlikdə fəal nəqliyyat siyasəti yürüdür. Azərbaycanda daşımalar üçün yol vergisinin və dövlət rüsumunun ləğv edilməsi ölkəmizi tranzit daşıma şirkətləri üçün davamlı və etibarlı tərəfdaşa çevirir. Yeri gəlmişkən, dövlət rüsumuna və yol vergisinə edilən güzəşt dövlət büdcəsinin gəlirlərinə statistik əhəmiyyəti olmayan məbləğdə təsir göstərsə də yükdaşımaların artması daha böyük perspektivlər vəd edir”.

Tələbə və məzunlara 377 boş iş yeri təklif edilib

27.05.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Qafqaz Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri təşkil edib. Mayın 27-də yayılan rəsmi məlumata görə, tədbirdə dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən birinin gənclərin səmərəli məşğulluğunun təmin olunmasına yönəldiyi vurğulanıb. Bildirilib ki, Dövlət Məşğulluq Xidmətinin xətti ilə bu ilin yanvar-aprel aylarında münasib işlə təmin edilənlərin 35,6 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların isə 60 faizə qədəri gənclərdir.

“Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirləri də gənclərin əmək bazarına inteqrasiyasına, onların işəgötürənlərlə ilkin əlaqələrinin və gələcək karyeralarının qurulmasına dəstək məqsədi daşıyır. Bu il Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 5 ali təhsil müəssisəsində belə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.

Qafqaz Universitetindəki tədbir zamanı 12-si dövlət, 72-si özəl sektora aid 84 müəssisə tələbə və məzunlara 377 boş (vakant) iş yeri təklif edib.

meshgulluq 1

Bu il dolların rəsmi kursu necə dəyişib?

27.05.2016

merkezi bank
Mərkəzi Bank mayın 27-də 100 ABŞ dollarının rəsmi məzənnəsini 149 manat 6 qəpik müəyyən edib. Əvvəlki iki gün 100 dollar ilin ən aşağı qiymətinə – 149 manata təklif olunub.

Transparency.az bildirir ki, may ayı dolların kursunun düşməsi ilə əlamətdardır. Ayın 2-də 100 dollar 150 manat 72 qəpiyə satılıb, sonrakı günlərdə müəyyən artımlar qeydə alınıb, amma mayın 16-dan kurs enə-enə gedib: 150 manat 63 qəpik, 150 manat 33 qəpik, 150 manat 17 qəpik, 149 manat 87 qəpik…

Düşmə tendensiyası yalnız mayın 27-də dayanıb, 100 dollar 6 qəpik bahalaşıb.

Transparency.az 100 dolların aylar üzrə ən yuxarı və aşağı qiymətlərinə də nəzər salıb.

Yanvarda 100 dolların ən yüksək məzənnəsi 160 manat 54 qəpik olub. Ən ucuz qiymət isə 156 manat 10 qəpik səviyyəsində qeydə alınıb.

Növbəti ayın ilk günü dolların məzənnəsi 159 manat 72 qəpik müəyyən edilib. Bu, fevral üzrə ən yüksək göstəricidir. Fevralda ən ucuz qiymət 155 manat 93 qəpik olub.

Mart ayı üzrə ən yüksək göstərici 164 manat 56 qəpik, ən aşağı göstərici isə 154 manat 21 qəpikdir.

Apreldə ABŞ dolları ucuzluğa doğru yön alıb, 150 manat 6 qəpiyə qədər enib. Həmin ay 100 dolların ən baha qiyməti 152 manat 69 qəpik olub.

Parlament respublikası modelinin üstünlükləri nədir?

27.05.2016



ferhad mehdiyev 1Parlament respublikası olan Türkiyədə hakim partiyanı təmsil edən deputatlar həm də hökumətdə yer ala bilir. Hazırda baş nazir, onun müavinləri və nazirlər deputat mandatı daşıyırlar. İsraildə də belə sistem var.

Bütün parlament respublikalarında belədirmi? Belə təcrübəni hakimiyyətin müxtəlif qollara bölünməsi baxımından necə şərh etmək olar? Beynəlxalq hüquq üzrə ekspert, politoloq Fərhad Mehdiyev Transparency.az-a parlament idarə üsulunun özəlliklərindən danışıb: “Parlamentin vətəni İngiltərədir. Bu ölkədə parlament işləyəndə Avropada hələ monarxiyalar hökm sürürdü. Amma İngiltərə dərhal parlamentli respublika olmayıb. Öncə ölkədə Lordlar və Nümayəndələr palatalarından ibarət parlament vardı, hökumətin başında isə kral dayanırdı. Kral parlamentin bütün üzvləri ilə deyil, seçilmişlərlə, yəni lordlarla danışırdı. Parlamentdən gələn həmin şəxslər sonradan Nazirlər Kabinetini formalaşdırdı. Nazirlərin parlamentin üzvü olması ənənəsi buradan, İngiltərədən gəlir. Parlamentli respublika modelini qəbul edən digər ölkələr də bu yolla gedib”.

Bu cür sistemə niyə parlamentli respublika deyilir? Fərhad Mehdiyev bildirir ki, parlament idarə üsulunu seçən ölkələrdə hakimiyyət bölgüsü olsa da, ən güclü orqan parlamentdir: “Belə sistemdə hakimiyyət bölgüsü yumşaq formadadır. Parlament Nazirlər Kabinetini formalaşdıra və onu istefaya göndərə, dövlət başçısı isə yeni seçki təyin edə bilir. Bu sistemdə müxalifət də yetərli söz haqqına sahibdir, güclər bir qüvvənin əlində cəmlənmir, hakimiyyətin bir nəfərin, bir klanın və ya ailənin əlində toplanmasının qarşısı alınır”.

Ekspert qeyd edir ki, keçmiş sovet məkanında yalnız Gürcüstan və Baltik ölkələrində qaydalara uyğun parlamentar sistemlər var: “Azərbaycan, Ermənistan, Rusiya da daxil olmaqla qalan bütün ölkələrdə prezident idarə üsuludur. Parlamentli respublikada prezidentin adı nadir hallarda eşidilir. Məsələn, Almaniyada prezident heç xatırlanırmı, onun adı tez-tez hallanırmı? Yox.

Parlamentdə daha çox yer alan partiyaya hökumət qurmaq səlahiyyəti verilən Ermənistanda isə əsas hakimiyyət prezidentin əlindədir, ölkədə əsas söz sahibi odur. Buna yarı parlament idarə üsulu demək olmaz. Rusiyada da eyni vəziyyətdir.

Yarı prezident üsulunu Fransada 1958-59-cu illərdə baş nazir olan zaman Şarl de Qoll yaradıb. Ölkənin konstitusiyasında təmiz parlamentar sistem nəzərdə tutulurdu. Parlamentar sistemin bəzən belə problemi olur: partiya təkbaşına hökumət yarada bilmir. Hökumət qurulandan sonra isə parlamentdən etimad rəyi istənilir, deputatların 51 faizi hökuməti dəstəkləməlidir. Mandatların 15-20 faizinə sahib olduqda hökuməti quracaq güc yaranmır, iki-üç partiya birləşərək koalisiya qurur. Fransada o zaman Əlcəzairlə müharibə üzündən qeyri-sabitlik hökm sürdüyü üçün baş nazir De Qoll referenduma prezidenti xalqın seçməsi haqqında məsələ çıxardı. Parlamentar üsulda prezidenti və baş naziri xalq deyil, parlament seçir. De Qoll ümumxalq seçkisində prezident seçildikdən sonra konstitusiyada daha bir neçə dəyişiklik etdi və simvolik səlahiyyətlərini həqiqiləşdirdi.

Parlamentar sistemdə dövlət başçısı nazir təyinatına müdaxilə etmir. Yarı prezident üsul-idarəsində isə prezident bu işə qarışır. Avropada yalnız Finlandiya və Fransa bu modeli tətbiq edir, qalan dövlətlər sırf parlament respublikalarıdır. Parlamentar respublikalar daha demokratik, daha azaddır, bu dəyərləri qoruyub saxlaya bilir. Ölkə demokratiyanın daha üstün pilləsinə keçmək istəyini bəyan edirsə, prezident idarə üsulundan çıxıb parlamentli respublikaya çevrilir”.

Uğurlu prezident idarə üsuluna Amerika Birləşmiş Ştatlarını misal gətirən ekspert bunun səbəblərini belə izah edir: “Amerikada iki mexanizm – federalizm və demokratik mərkəziyyət prinsipindən uzaq partiyalar dövlət başçısının diktator olmasının qarşısını alır. Federal dövlətdə prezident, mərkəzi hökumət bütün səlahiyyətlərə sahib deyil, səlahiyyətlər əyalətlərlə paytaxt arasında bölünüb. Demokratik mərkəziyyət prinsipi olmayan partiyalarda isə üzvlər sədrin, idarə heyətinin nə deməsinə bağlı olmur. Amerika partiyaları öz üzvünə əmr edə bilmir”.

Transparency.az xatırladır ki, Cənubi Qafqazın üç ölkəsindən ikisində hökumət parlament seçkisinin nəticəsi əsasında qurulur. Gürcüstanda 150 yerlik parlamentin 77 deputatı proporsional (partiya siyahıları üzrə), 73 deputatı majoritar (dairələr üzrə) üsulla seçilir. Hökuməti parlamentdə mandatların yarıdan çoxunu əldə edən partiya formalaşdırır.

90 deputatı proporsional, 41-i majoritar üsulla seçilən 131 yerlik Ermənistan parlamentində də mandatların yarıdan çoxunu alan partiyaya hökumət qurmaq səlahiyyəti verilir. Ölkənin yeni konstitusiyası isə 2017-ci ildən parlament respublikası idarə üsuluna keçidi nəzərdə tutur. Yeni ana yasaya görə, hökuməti tam proporsional üsulla seçiləcək 101 yerlik parlamentdə 53 mandatı olan partiya quracaq.

Azərbaycanla Avropa İttifaqının münasibətləri müzakirə olunub

27.05.2016



ab-azerbaycan
Mayın 27-si Bakıda İqtisadiyyat Nazirliyi ilə Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycanda institusional quruculuq” mövzulu konfrans keçirilib. Tədbirdə Azərbaycanın dövlət qurumlarının, Avropa İttifaqı dövlətlərinin səfirliklərinin, beynəlxalq təşkilatlar və fondların nümayəndələri iştirak edib.

Rəsmi məlumata görə, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın həyata keçirildiyini və tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanların olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi sahədə də əməkdaşlıq aparılır: “Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır, ölkəmizə yatırılan xarici investisiyalarda xüsusi çəkiyə malikdir. 23 üzv ölkə ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 14 ölkə ilə hökumətlərarası komissiya, 2 ölkə ilə işçi qrupu fəaliyyət göstərir”.

Nazir müavini qeyd edib ki, bu günədək Azərbaycanda ümumilikdə 43 Tvinninq layihəsi icra edilib ki, bunlardan 25-i uğurla tamamlanıb, 9 layihə icra mərhələsindədir, 9 layihə üzrə isə sənədlər hazırlanır: “Azərbaycanın dövlət qurumlarının təşəbbüsü ilə ümumilikdə 150 TAİEX tədbiri həyata keçirilib, bununla yanaşı dövlət qurumlarının nümayəndələri 68 çoxtərəfli TAİEX tədbirində iştirak edib. Azərbaycanda 15 SİQMA layihəsi həyata keçirilib, 2 SOCİEUX layihəsi icra mərhələsindədir”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı marağın əhəmiyyətini və əlaqələrin daha da genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib. Vurğulanıb ki, Tvinninq layihələrinin sayına görə Azərbaycan Cənub Qafqazda birincidir.

Economy.gov.az-ın arayışına görə, Tvinninq benefisiarlara Avropa İttifaqının standartlarına və təcrübələrinə uyğunlaşdırma prosesində, eləcə də onların qəbul edilməsində dəstək verir.

TAİEX qısamüddətli texniki yardım, məsləhət və təlim xidmətlərini təmin edir.

SİQMA dövlət idarəçiliyi sistemlərinin və dövlət idarəetmə orqanlarının potensialının gücləndirilməsi istiqamətində yardım göstərir.

SOCİEUX sosial müdafiə sisteminin daha yaxşı qurulması və idarə edilməsi istiqamətində dəstək verir.

Əfv Komissiyasının üzvü: “Hər bir məhkum cəzasının azalmasını istəyər”

27.05.2016



bextiyar eliyev 11998-ci ildə Milli Məclisin qəbul etdiyi qanunla ölüm hökmü ləğv olunub və ölümə məhkum edilmiş şəxslərin cəzası ömürlük həbslə əvəzlənib. Həmin məhbusların fikrincə, Milli Məclisin məhkəmə hakimiyyətinin səlahiyyətlərini mənimsəyərək təyin etdiyi ömürlük həbs cəzası Azərbaycan qanunvericiliyinə, beynəlxalq hüquq normalarına ziddir. Məhbuslar qeyd edir ki, cinayət qanununun zamana görə qüvvəsi hüquqi prinsipinə və 2000-ci il sentyabrın 1-nə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinə əsasən, onların işinə məhkəmədə fərdi qaydada baxılmalı, onlara ömürlük həbs deyil, 15 il azadlıqdan məhrumetmə cəzası kəsilməli və yaxud prezidentin əfv sərəncamı qaydasında 20 ilədək azadlıqdan məhrumetmə cəzası verilməli idi.

Avropa Şurasının Parlament Assambleyası 2007-ci il aprelin 16-da qəbul etdiyi qətnamədə Azərbaycan hökumətinə ölüm cəzasının ləğvindən sonra ömürlük məhbusa çevrilmiş şəxslərin cəzalarının yumşaldılmasını tövsiyə edib. Sənəddə qeyd olunur ki, ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış problemlərin həlli üçün hər bir məhkumun işinə yenidən baxılmalı və qanunun geriyə qüvvəsi prinsipinin ən əlverişli müddəalarına müvafiq cəza təyin edilməlidir.

Əfv Məsələləri Komissiyasının üzvü, deputat Bəxtiyar Əliyev mayın 27-də Transparency.az-a deyib ki, ömürlük məhbusların narazılığı başa düşüləndir və bu problem həmişə aktual məsələ kimi komissiyanın gündəmində olur: “Hər bir məhkum cəzasının azalmasını istəyər. Məhbuslar narazı qalsa da, Azərbaycan məhkəmələrinin qərarları qanuna uyğundur. Bu məsələlərə qanunvericilik, humanizm prinsipinə uyğun olaraq baxılmalıdır. Cəzanın törədilmiş əmələ bərabərliyi məsələsinə diqqət yetirilməlidir. Ömürlük məhkum edilmiş şəxslərin aldığı cəzalar onların törətdiyi əməllərə müvafiq verilib. Bu məhkumlar həddən artıq böyük cinayətlər törədiblər, ortada bir deyil, bir neçə ölüm hadisəsi var. Bir tərəfdə öldürülmüş insanların yaxınları, ailə üzvləri, digər tərəfdə öldürən şəxs dayanıb. Necə qərar qəbul edilməlidir?

Amma hər şeyə rəğmən bütün məqamlara, məhkumların xəstə olub-olmamasına, törətdikləri əməldən nə dərəcədə peşmanlıq hissi keçirməsinə baxılır, araşdırma aparılır. Əfv Komissiyasında bu məsələlər daim diqqətdə saxlanır”.

Azərbaycan nefti büdcə qiymətindən 26 dollar 31 sent baha satılır

27.05.2016



neft 1Azərbaycan neftinin qiyməti 51 dolları keçib. AZƏRTAC-ın 27 may məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 0,69 dollar bahalaşaraq 51,31 dollar olub.

Bu, dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 26 dollar 31 sent yuxarı qiymətdir. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 49,48 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 49,59 dollara satılır.

Obama: “İfadə azadlığını daha da möhkəmləndirdikcə Azərbaycana yardım etməyə hazırıq”

27.05.2016

obamaABŞ prezidenti Barak Obama dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab prezident, Sizi və Azərbaycan xalqını dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin yaranmasının 98-ci ildönümü münasibətilə, həmçinin qarşıdan gələn əlamətdar hadisə – Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25 illiyi münasibətilə təbrik edirəm.


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin