Xəbər bülleteni №33



Yüklə 3,29 Mb.
səhifə2/7
tarix01.01.2017
ölçüsü3,29 Mb.
#4019
1   2   3   4   5   6   7

Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Makedoniya prezidenti George İvanov, Gürcüstan prezidenti Georgi Margvelaşvili də sammitdə çıxış ediblər.

İqbal Ağazadənin hələlik 5 rəqibi var

23.05.2016

iqbal ağazade 190 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkiyə qatılan Ümid Partiyasının sədri İqbal Ağazadənin namizədliyi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının sözçüsü Şahin Əsədli mayın 23-də Transparency.az-a bildirib ki, dairədə daha 5 namizəd var: “Qeydə alınan digər namizədlər Yeni Azərbaycan Partiyasından Cavid Osmanov, müstəqil namizədlər Əli Haqverdiyev, Anar İbrahimli, Rəşid Gözəlov, Rəşad Abdullayevdir”.

Azərbaycanda son parlament seçkisi 2015-ci ilin noyabrında 125 dairə üzrə keçirilib. Milli Məclisə 124 nəfər seçilib. 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkinin nəticəsi ləğv olunub.

Aprelin 12-də prezident İlham Əliyev 90 saylı dairə üzrə Milli Məclisə təkrar seçkinin keçirilməsi barədə sərəncam imzalayıb. Seçki bu il iyunun 18-nə təyin edilib.

İqbal Ağazadə 2015-ci ilədək Milli Məclisin üzvü olub. O, 2000-ci ildə 10 saylı Xətai dairəsindən mandat alıb, 2005, 2010-cu illərdə 35 saylı Xətai dairəsindən deputat seçilib. Ötən il noyabrın 1-də İqbal Ağazadə yenidən həmin dairədən namizəd olub, amma seçki yarışından ASDP sədri Araz Əlizadə qalib çıxıb.

İqbal Ağazadə 1969-cu ildə Füzulidə doğulub. Bakı Dövlət Universitetinin şərqşünaslıq, Kiyev Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 2002-ci ilin dekabrından Ümid Partiyasının sədridir.

90 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkiyə qatılan iddiaçıların qeydə alınmaq üçün sənədləri təhvil vermə müddəti mayın 19-da bitib, namizədliyi təsdiq olunan 14 nəfərdən 11-i imza vərəqələrini geri qaytarıb. Dairə seçki komissiyasında imzaların yoxlanması prosesi davam edir. Mayın 26-da isə seçkiqabağı təşviqat prosesinə start veriləcək.

Elmar Məmmədyarov Şərq tərəfdaşlığı ölkələrinin görüşündə çıxış edib

23.05.2016



elmar memmedyarov 1Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Şərq tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxış edib. Mayın 23-ü Brüsseldə keçirilən görüşdə danışan nazir qeyd edib ki, Azərbaycan fərqləndirmə, mütəhərriklik, hədəfləmə və təşəbbüsün əldə olması prinsiplərinin Avropa qonşuluq siyasətinin (AQS) yeni sənədinin əsas xüsusiyyətləri olması faktını alqışlayır: “Bu sənəd Avropa İttifaqının Şərq istiqamətində siyasətinin mövcud reallıqlara və tərəfdaşların tələbatlarına uyğunlaşdırılması üçün addım olacaq.

Azərbaycan həmişə Aİ ilə münasibətləri bərabər tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipləri əsasında inkişaf etdirmək üçün güclü siyasi iradə nümayiş etdirib. Bir il əvvəl Azərbaycan Riqa sammiti çərçivəsində Aİ-yə strateji tərəfdaşlıq sazişinin layihəsini təqdim edib. Bu saziş ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq və birgə maraqlarımızı daha yaxşı təmin etmək üçün möhkəm zəmin yaradacaq.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Azərbaycana səfəri münasibətlərin gələcək istiqamətlərini nəzərdən keçirmək və müzakirə etmək üçün yaxşı fürsət olub. Biz birgə maraq kəsb edən bir çox sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə və strateji tərəfdaşlıq sazişinin əhatə dairəsi üzrə birgə məsləhətləşmələrin bu yaxınlarda yekunlaşdırılmasına böyük əhəmiyyət verərək başa düşürük ki, Aİ tezliklə danışıqlara başlamaq üçün rəsmi mandat əldə edəcək.

Hazırda biz ikitərəfli əməkdaşlığımızın yenidən gücləndirilməsinə istiqamətlənmiş mövcud siyasi dialoq mexanizminin bərpa edilməsi üzərində işləyirik. Həmçinin biz Aİ ilə birgə aviasiya sazişinə dair danışıqları bərpa etməyə də hazırıq.

Yenilənmiş AQS pan-Avropa enerji təhlükəsizliyinə nail olmaq üçün Cənub Qaz Dəhlizinin tamamlanmasının əhəmiyyətini bir daha təsdiq etdi. Bu layihənin vaxtında və müvəffəqiyyətlə yekunlaşdırılması Avropaya alternativ qaz gətirilməsi üçün çox vacibdir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilmiş ikinci toplantısı dəyəri milyardlarla ölçülən bu layihəyə dair birlik və həmrəylik ismarışını verdi. Mayın 17-si Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik qaz-kəmərinin təməl mərasimi bu xüsusda başqa bir mərhələnin əsasını qoydu. Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaq.

Nəqliyyat sahəsində də istifadə olunmamış böyük potensial var. Azərbaycan regionda tranzit nəqliyyat dəhlizlərinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsinə daha çox töhfə vermək üçün bütün səylərini səfərbər etməkdə davam edir. Bu ilin sonuna qədər istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam reallığa çevrilməsi ilə regionun ən əhəmiyyətli infrastrukturu sıralarına qoşulacaq. Bu layihələr sırf iqtisadi-ticarət mənfəətləri ilə yanaşı daha çox təsirlərə malikdir. Onlar Aİ və Azərbaycan arasında birgə maraq kəsb edən daha geniş sahələrdə əməkdaşlıq etmək üçün effektiv alət rolunu oynayacaq”.

Çıxışın mətnini XİN-in mətbuat xidməti yayıb.

Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı Belarus, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistanı əhatə edir.

Prezident: “Ermənistana qarşı sanksiya tətbiq olunmalıdır”

23.05.2016



istanbul, turkey - may 23 : general view of the leaders segment: breakfast meeting within the world humanitarian summit 2016 in istanbul, turkey on may 23, 2016. kayhan özer / anadolu agency
“Biz azərbaycanlılar qaçqınlığın və məcburi köçkünlüyün nə demək olduğunu çox yaxşı bilirik. Artıq 20 ildən çoxdur ki, bir milyondan artıq azərbaycanlı Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkir. Bu təcavüz nəticəsində bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib”. Azərbaycan prezidenti İlham Əliyev mayın 23-ü İstanbulda keçirilən Dünya Humanitar Sammitinin plenar iclasında çıxış edərkən belə deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı törədib: “1992-ci ildə Ermənistanın törətdiyi Xocalı soyqırımı ondan artıq ölkədə soyqırımı kimi tanınıb. Xocalı soyqırımı nəticəsində 613 mülki şəxs qəddarcasına qətlə yetirilib. Onların arasında 106 qadın, 63 uşaq, 70 yaşlı insan olub. Mindən artıq adam itkin düşüb. Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirir.

2016-cı ilin aprelində Ermənistan dinc Azərbaycan vətəndaşlarına qarşı yeni hücum həyata keçirdi. Bu hücum nəticəsində bizim əsgər və zabitlərimiz, o cümlədən 6 mülki şəxs qətlə yetirilib, 30-dan artıq mülki şəxs yaralanıb. Bizim kəndlərimizin atəşə tutulması nəticəsində 500-dən artıq evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb və yandırılıb. Ermənistan ordusu mülki şəxslərə qarşı qadağan olunmuş kimyəvi silahdan, xüsusilə ağ fosfor bombalarından istifadə edib.

Ermənistanın törətdiyi bütün müharibə cinayətləri sənədlərlə sübuta yetirilib və beynəlxalq müşahidəçilərə təqdim olunub. Mülki əhalimizi qorumaq üçün Azərbaycan Ordusu uğurlu əks-hücum həyata keçirdi və yalnız bundan sonra təcavüzkar dayandırıldı. Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə məhəl qoymur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayonu işğal olunub. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə onlar 20 ildən çoxdur kağız üzərində qalır. Bu, Azərbaycana qarşı ikili standartlar siyasətidir. Ermənistan bu qətnamələrə əməl etməli və ya bu ölkəyə qarşı sanksiya tətbiq olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Bütün region üçün başqa bir təhlükə mənbəyi Ermənistandakı istismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyasıdır. Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadə etməsinə dair məlumatlar var. Sabiq baş nazir, parlament üzvü və digər Ermənistan rəsmiləri bu ilin aprelində Ermənistanın “çirkli bomba” adlandırılan nüvə silahına malik olduğunu bəyan ediblər. Bu bəyanatı müvafiq beynəlxalq təşkilatlar ciddi şəkildə araşdırmalıdır. Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır. Azərbaycan səbəbkarı Ermənistan olan humanitar fəlakətin fəsadlarının öhdəsindən gəlmək üçün əlindən gələni edir”.

Prezident İlham Əliyev deyib ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 6 milyard dollardan artıq vəsait sərf olunub: “Qaçqın və məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 75 faizdən 12 faizə endirilib. Ümumilikdə son 12 ildə Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib. Azərbaycan oxşar problemlərdən əziyyət çəkən ölkələrə yardım edir və edəcək. Biz BMT-nin Ebola virusu ilə mübarizə və bərpa tədbirlərinə maddi yardım ayırmışıq. Biz əhalinin qabaqcadan xəbərdarlıq sistemi və fəlakət riski ilə bağlı informasiyaya çıxışını təmin etmək üçün müvafiq təsisatlar və maraqlı tərəflər arasında əməkdaşlığın təbliğinə sadiqik”.

İqtisadçı professor Avstriya prezidenti seçildi

24.05.2016



bellen 1
Avstriyada prezident seçkisinin nəticəsi dəqiqləşib. Mayın 22-də keçirilmiş ikinci turu 50,3% səslə Yaşıllar Partiyasından iqtisadçı professor Aleksandr Van der Bellen udub.

İlkin nəticələrdə önə çıxmış radikal millətçi, Azadlıq Partiyasının namizədi Norbert Hofer 49,7% səslə kifayətlənib.

Avstriya prezidenti 6 il müddətinə seçilir. Eyni şəxs dalbadal iki dəfədən artıq prezident ola bilməz.

Transparency.az bildirir ki, Aleksandr Van der Bellen 1944-cü ildə Vyanada doğulub. Atası holland əsilli rus, anası estondur. İkinci Dünya müharibəsi dövründə ailə Estoniyadan Avstriyaya mühacirət edib.

Aleksandr Van der Bellen 1970-ci illərdə Sosial Demokrat Partiyasına qoşulub, daha sonra Yaşıllar Partiyasını seçib. 1994-2012-ci illərdə Avstriya parlamentinin aşağı palatasının, 2012-2015-ci illərdə Vyana Şəhər Məclisinin üzvü olub.

Mərkəzi Bank əksər xarici valyutanı ucuzlaşdırıb

24.05.2016

amb 1Mərkəzi Bank mayın 24-də əksər xarici valyutanı ucuzlaşdırıb. 1 ABŞ dollarının rəsmi kursu 1,4957 manatdan 1,4929 manata enib.

Transparency.az-ın məlumatına görə, 1 avro 1,6738 manata satılır. Ötən gün rəsmi məzənnə 1,6798 manat idi.

Mayın 24-də 1 gürcü larisi 0,6928 manata, 1 Rusiya rublu 0,0223 manata, 1 türk lirəsi 0,4983 manata təklif olunur.

Dövlət zəmanəti ilə alınan kreditlərin 3 milyard 769,78 milyon manatı ödənməyib

24.05.2016

hesablamapalatasi 1
Hesablama Palatasının təhlillərinə əsasən, Mərkəzi Bankdan dövlət zəmanəti ilə kredit almış bir sıra təşkilatlar ödəniş zamanı çətinliklə üzləşir, bu da ödənişin büdcə mənbələri hesabına aparılması zərurəti ilə nəticələnir.  APA-Economics xəbər verir ki, məlumat Hesablama Palatasının 2015-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.

Müəyyən olunub ki, daxili dövlət borcu hesab edilən məqsədli kreditlərin hesabat ilinin sonuna qalığı 3 milyard 769,78 milyon manat təşkil edib. Qeyd edilən məbləğdən 376,46 milyon manatı vaxtı keçmiş əsas borc öhdəliyi, 122,85 milyon manat isə vaxtı keçmiş faiz borc öhdəliyi olub. Vaxtı keçmiş borclar əsasən “Azəraliminium” ASC üzrə (76 milyon manat əsas borc, 18,7 milyon manat faiz borcu), “Azərenerji” ASC üzrə (əsas borc üzrə 29,9 milyon manat), “Azərbaycan Hava Yolları” QSC (əsas borc üzrə 270,47 milyon manat əsas borc, faiz borcu üzrə 104,15 milyon manat) müşahidə olunub: “Həmin təşkilatların 2015-ci ildə vəsaitlərin icrası ilə bağlı təqdim etdiyi hesabat göstəriciləri üzrə aparılan təhlil işləri onların maliyyə vəziyyətlərinin qeyri-qənaətbəxş olmasından xəbər verir, bu da dövlət zəmanətli kreditlər üzrə borcun vaxtında qaytarılmaması ehtimalını artırır. Bütün bunlar isə dövlət zəmanətli kreditlərin dövlət büdcəsi hesabına qaytarılması riskini çoxaldır”.

Krımda pensiyaçı Rusiyanın baş nazirinə gileyləndi: “Yaşamaq mümkün deyil”

24.05.2016



medvedyev 1Rusiyanın baş naziri Dmitri Medvedyev mayın 23-də Krıma səfər edib. Novator.az-ın məlumatına görə, pensiyaçılar baş nazirlə söhbətində güzərandan gileyləniblər. Pensiyaçı qadınlardan biri baş nazirə deyib: “Yaşamaq mümkün deyil, qiymətlər od tutub yanır, bizi isə yetərsiz indeksasiya ilə yola vermək istəyirlər. Səkkiz min rubl nədir? Dəryada damla”.

Rusiyanın baş naziri qeyd edib ki, dövlətin pensiyaları artırmaq imkanı yoxdur: “Pensiyalarla bütün ölkə üzrə məşğul olacağıq, yalnız bir yerdə pensiya problemini həll edə bilmərik. İndi pul yoxdur, pul tapan kimi pensiyaları indeksləşdirəcəyik. Səbirli olun”.

2014-cü ilin fevral ayında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyaya yaxın qüvvələri Qərb meylli qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib.

2015-ci ilə aid hesabatda Rusiyada əmək pensiyasının orta aylıq məbləği 13 min 900 rubl göstərilir. Bizim pulla hesablayanda bu, təqribən 310 manatdır.

Fərəc Kərimovun cəzası 3 ilə endirildi

24.05.2016



ferec kerimli 1Mayın 24-ü Ali Məhkəmədə Fərəc Kərimov və Sirac Kərimli qardaşlarının kassasiya şikayətlərinə baxılıb. Onlar məhkəmədən bəraət hökmü çıxarılmasını istəyiblər.

Müsavat başqanının müavini olan Fərəc Kərimov və onun bitərəf qardaşı Sirac Kərimli 2014-cü ilin iyulunda narkotik ittihamı ilə həbs ediliblər. Fərəc Kərimov 6,5 il, Sirac Kərimli 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Sirac Kərimli 17 mart 2016-cı ildə əfv olunub.

APA-nın məlumatına görə, mayın 24-də Ali Məhkəmə Sirac Kərimlinin şikayətini təmin etməyib. Fərəc Kərimovun ittiham olunduğu 234.4.3-cü maddə isə 234.1-ci maddəyə dəyişdirilib və onun cəzası 3 ilə endirilib.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

234.4.3-cü maddə həmin əməlin külli miqdarda törədilməsinə görə əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

90 yaşlı ayətullah Üləma Məclisinə sədr seçildi

24.05.2016



cenneti
Mayın 24-də İranın Üləma Məclisinə yeni sədr seçilib. Novator.az xəbər verir ki, yeni tərkibin Tehranda keçirdiyi ilk iclasda sədr postunu ayətullah Əhməd Cənnəti tutub. Əhməd Cənnətinin namizədliyini iclasda iştirak edən 86 ruhanidən 51-i dəstəkləyib. Onun səlahiyyət müddəti 2 ildir.

88 ruhaninin daxil olduğu Üləma Məclisinin indiki tərkibi bu il fevralın 26-da ümumxalq seçkisində müəyyənləşib. Üləma Məclisi ölkənin dini liderini – dövlət başçısını seçən orqandır. Məclisin səlahiyyət müddəti 2024-cü ildə bitir.

İsfahanda doğulan Əhməd Cənnətinin 90 yaşı var. 1988-ci ildən Konstitusiyaya Nəzarət Şurasının (Konstitusiya Məhkəməsi) sədridir.

Bu il manata 2 milyard 542,8 milyon dollar sərf olunub

24.05.2016

manat-dollar-01Dövlət Neft Fondu mayın 24-də valyuta hərracına 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Vəsaiti 14 bank alıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin valyuta hərraclarında satdığı vəsaitin həcmi 1 milyard 857,4 milyon dollara çatıb. Mərkəzi Bank isə 2016-cı ilin hərraclarında 685,4 milyon ABŞ dolları satıb. Manatın kursunu sabit saxlamağa üst-üstə 2 milyard 542,8 milyon dollar sərf olunub.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Hazırda 1 ABŞ dolları 1,4929 manata satılır.

Azərbaycan nefti 49 dollardan baha satılır

24.05.2016

neft - yeniDünya birjalarında neftin qiyməti bir az düşüb. Mayın 24-ü Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,17 dollar ucuzlaşaraq 47,94 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar azalaraq 48,06 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 0,57 dollar ucuzlaşaraq 49,83 dollara satılır.

Azərbaycanın dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Yıldırım hökumətinin tərkibi açıqlandı

24.05.2016

bineli yildirim 1

Mayın 24-ü Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımın baş nazirliyi ilə qurulan yeni hökumətin tərkibi açıqlanıb. Transparency.az siyahını təqdim edir:

Baş nazir müavinləri: Numan Kurtulmuş, Mehmet Şimşək, Toğrul Türkeş, Nurəddin Canikli, Veysi Kaynak

Xarici işlər naziri: Mövlud Çavuşoğlu

Müdafiə naziri: Fikri İşıq

Daxili işlər naziri: Əfqan Ala

Ədliyyə naziri: Bəkir Bozdağ

İqtisadiyyat naziri: Nihat Zeybekçi

Gömrük və ticarət naziri: Bülənt Tüfəngçi

Maliyyə naziri: Naci Ağbal

Enerji və təbii sərvətlər naziri: Berat Albayrak

Əmək və sosial təhlükəsizlik naziri: Süleyman Soylu

Təhsil naziri: İsmət Yılmaz

Ailə və sosial siyasət naziri: Fatma Betül Sayan

Avropa İttifaqı naziri: Ömər Çelik

İnkişaf naziri: Lütfi Əlvan

Mədəniyyət və turizm naziri: Nəbi Avcı

Meşə və su işləri naziri: Veysəl Əroğlu

Səhiyyə naziri: Rəcəb Akdağ

Nəqliyyat, dənizçilik və kommunikasiya naziri: Əhməd Arslan

Elm, sənaye və texnologiya naziri: Faruk Özlü

Qida, kənd təsərrüfatı və heyvandarlıq naziri: Faruk Çelik

İdman və gənclər naziri: Akif Çağatay Kılıç

Ətraf mühit və şəhərsalma naziri: Mehmet Özhaseki.

Rusiyada orta əməkhaqqı 936 dollardan 450 dollara düşüb

24.05.2016



maash 1
2015-ci ildə Rusiyada orta əməkhaqqı 558 dollara düşüb. Bu, 2014-cü ilin orta əməkhaqqı ilə müqayisədə 34% azalma deməkdir. Transparency.az-ın məlumatına görə, hesabatı Ali İqtisadiyyat Məktəbi açıqlayıb.

Hesabata əsasən, 2014-cü ildə orta əməkhaqqının məbləğində 10% eniş qeydə alınıb. 2013-cü ildə orta əməkhaqqı 936 dollar olub, 2014-cü ildə 847 dollara enib.

Ali İqtisadiyyat Məktəbinin hesabatında bildirilir ki, 2015-ci ildə Rusiyada orta əməkhaqqının məbləği Macarıstandakı orta əməkhaqqının 60%-nə, Çexiyadakı orta əməkhaqqının 50%-nə bərabər olub.

Əmanət Bankının ötən həftə açıqladığı rəqəmlərə görə isə hazırda Rusiyada orta əməkhaqqı 450 dollardır.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkədə orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 485,5 manat təşkil edib. Bu, 325 dollardan bir qədər çoxdur.

Hansı ölkədə orta maaş daha çoxdur?

24.05.2016

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2015-ci ildə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 466,4 manat olub (312 dollardan bir qədər çox).

Bu il aprelin 1-nə isə ölkədə orta aylıq əməkhaqqı 485,5 manat təşkil edib (325 dollardan bir qədər çox).

Transparency.az Beynəlxalq Əmək Təşkilatının 2015-ci ilə dair hesabatında dünya ölkələrində orta əməkhaqqının nə qədər olduğuna nəzər salıb.

Beynəlxalq Əmək Təşkilatının orta əməkhaqqı reytinqinin ilk sırasında Norveç durur. Ötən il bu ölkədə orta əməkhaqqı 7049 dollar olub.

İkinci yerdə olan Avstraliyada orta aylıq əməkhaqqı 5209 dollar, üçüncü yerdə gedən Yeni Zelandiyada orta aylıq əməkhaqqı 4763 dollardır.

İlk onluqda bu ölkələr də yer alır: ABŞ (4580 dollar), Almaniya (4576 dollar), Kanada (3676 dollar), Yaponiya (3418 dollar), Fransa (3397 dollar), İtaliya (3270 dollar), Cənubi Koreya (2785 dollar).

Keçmiş SSRİ məkanından Estoniyada ötən il orta aylıq əməkhaqqı 1259 dollar olub (13-cü yer).

Türkiyə 907 dollar orta əməkhaqqı ilə Beynəlxalq Əmək Təşkilatının reytinq cədvəlində 15-ci pillədədir.

Təşkilatın hesabatına görə, ötən il Rusiyada orta aylıq əməkhaqqı 829 dollar olub (16-cı yer). Ancaq Ali İqtisadiyyat Məktəbi 2015-ci ildə Rusiyada orta əməkhaqqının 558 dollara düşdüyünü açıqlayıb. Qurumun hesabatına əsasən, 2013-cü ildə orta əməkhaqqı 936 dollar olub, 2014-cü ildə 847 dollara enib. Əmanət Bankının ötən həftə açıqladığı rəqəmlərə görə isə hazırda Rusiyada orta əməkhaqqı 450 dollardır.

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 50 nəfər şəxsə yardım göstərib

24.05.2016



emek nazirliyi 1Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu il 50 nəfər şəxsi ehtiyac duyduqları yardımlarla təmin edib. Rəsmi hesabat mayın 24-də yayılıb.

Hesabata görə, yardım alanların 35 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən yönləndirilmiş insan alveri qurbanlarıdır. Digər 15 nəfər isə potensial insan alveri qurbanları (insan alverinin qurbanına çevrilmək riski ilə üzləşən insanlardan) olub.

Qeyd olunan şəxslər ehtiyacları nəzərə alınmaqla hüquqi, psixoloji, tibbi və s. yardımlarla təmin ediliblər. Həmçinin Dövlət Məşğulluq Xidməti ilə birgə onlardan bir qisminin məşğulluğunun təmin olunması və ya peşə hazırlığına cəlb olunması üçün müvafiq işlər görülüb.

İstintaqa yalan ifadə verən Senat sədri məsuliyyətə cəlb olunur

24.05.2016

ruminiya senat
Rumıniya Milli Antikorrupsiya İdarəsi Senatın sədri Kelin Popesku-Teriçanuya qarşı cinayət təqibi başlayıb. Novator.az xəbər verir ki, Popesku-Teriçanu müttəhimin xeyrinə yalan ifadə verməkdə günahkar bilinir.

Antikorrupsiya İdarəsinin məlumatına görə, Popesku-Teriçanu torpaq hüququnun qanunsuz qaytarılması işi üzrə şahid ifadəsi vermək üçün idarəyə çağırılıb. Həmin iş üzrə Rumıniya şahzadəsi Paul, keçmiş iş adamları, vəkillər və media sahibləri təqsirli bilinir.

İstintaq bildirir ki, Senat sədri qruplaşmanın bəzi üzvləri ilə biznes və dostluq münasibətlərində olduğundan cinayət haqda məlumatlıdır. Antikorrupsiya İdarəsinin iddiasına görə, Senat sədri 15 aprel ifadəsində vəziyyətlə bağlı tam məlumat verməyib və bu da araşdırmaya əngəl törədib. Popesku-Teriçanu ifadəsində torpaq hüququnun qanunsuz bərpa olunması haqda heç nə bilmədiyini və müttəhimlərlə yaxın münasibətdə olmadığını deyib.

Rumıniya mediasının məlumatına görə, söhbət 135 milyon avroluq torpaq hüququnun qanunsuz bərpasından gedir. 2015-ci ilin sonunda bu iş üzrə şahzadə Paul həbs edilib.


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin