Xəbər bülleteni №4



Yüklə 1,41 Mb.
səhifə3/3
tarix28.01.2017
ölçüsü1,41 Mb.
#6689
1   2   3
Təhlil

İslam bankçılığı: halal, amma hələ qanunsuz…

03.08.2015

bekir-nerimanoglu21
      Bəkir Nərimanoğlu

Maliyyə böhranından zərərsiz çıxan sektorların başında islam bankçılığı dayanır. Bəs Azərbaycanda bu sahənin inkişafı üçün seqmentlər, xüsusilə də qanunvericilik bazası varmı?

“Banklar haqqında” qanunun 33-cü maddəsinə görə, bank ticarətlə məşğul ola bilməz. Amma islam bankçılığının fəlsəfəsi budur ki, bank öz müştərisi ilə riskləri və gəlirləri bölüşür. Bu isə birbaşa ticarətlə məşğul olmaq deməkdir.

İqtisadçı ekspert Samir Əliyev ilk mərhələdə hüquqi bazanın yaradılmasını vacib sayır: “Məsələn, Qazaxıstanda bank qanunvericiliyinə dəyişiklik edilərək islam bankçılığının hüquqi bazası yaradılıb. Bizdə də qanunvericilik imkanları olsa, yeni banklar yaradılar, yaxud mövcud banklardan profilini dəyişənlər ola bilər. Azərbaycanda islam bankçılığının inkişafına çox böyük zərurət var. Ən azı insanların ucuz vəsaitə əlçatanlığı artar. Digər tərəfdən inancları mömin insanlara adi banklardan kredit götürməyi, həmin banklara əmanət yatırmağı qadağan edir. Əhalinin bu kəsimi faktiki olaraq bank sistemindən kənarda qalıb, onun bizneslə məşğul olmaq imkanları məhduddur”.

Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı Departamentinin direktoru Behnam Qurbanzadə də indiki vəziyyətdə ən böyük boşluğun qanunvericilik sahəsində olduğunu bildirir: “Azərbaycan qanunvericiliyi islam bankçılığının fəaliyyətini tənzimləmir, hərçənd ona qadağa da qoymur. Əgər biz islam bankçılığının dərininə getsək, model iki əsas istiqamətə ayrılır. Birinci istiqamət ticarət üstündə qurulan bankçılıqdır. İkincisi isə vəkalət üzərində qurulub. Yəni bank həm korporativ, həm də fərdi müştərinin vəsaitlərini idarə edə bilər. Buna maliyyə imkanlarının idarə olunması deyilir.

Dünyada islam bankçılığı hər iki yolla inkişaf edir. Əsas xətt vəkalət xəttidir. İslam bankçılığının inkişaf etdiyi, qanunvericilik bazasının olduğu 10-15 ölkə içində aktivlərin 37-40 faizi İrana məxsusdur. İran da islam bankçılığını vəkalət növü ilə idarə edir. Malayziya da bu modelə keçib. Yəni bankların ticarətlə məşğul olması 100 faizlik tələb də deyil”.

Behnam Qurbanzadə deyir ki, qanunvericilik olmadan rəqabət mümkün deyil: “Ənənəvi bankların bu baxımdan əlində yaxşı imkan var. İslam bankları isə bu gün hansısa çərçivədə fəaliyyət göstərir. Onların inkişaf etməsi, bazarda genişlənməsi üçün qanunvericilik baxımından imkanlar yaradılmalıdır. Bu halda rəqabət maraqlı olar”.

Mərkəzi Bankdan da bu sahədə qanunvericiliyin olmadığını bildirirlər: “İslam bankçılığı” prinsiplərinin klassik bankçılıq mühitinə implementasiyası spesifik hüquqi çərçivənin və prudensial nəzarət rejiminin mövcudluğunu tələb edir. Hazırda bu prinsiplərin tətbiqi üçün qanunvericilik bazası mövcud deyil. İslam bankçılığında tətbiq olunan bir sıra bank məhsulları milli qanunvericilikdə müəyyən edilmiş “kredit” anlayışı və bank fəaliyyəti növləri ilə uyğunsuzdur. “Banklar haqqında” qanunun 33-cü maddəsinə əsasən, banklar topdansatış və ya pərakəndə ticarət, istehsal, nəqliyyat, kənd təsərrüfatı, yataqların işlənilməsi, tikinti və sığorta fəaliyyəti ilə məşğul ola və ya sığorta təşkilatları istisna olmaqla bu işlərdə tərəfdaş, şərik və ya payçı kimi iştirak edə bilməz”.

Prezident İlham Əliyevin “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında 4 noyabr 2014-cü il sərəncamında Nazirlər Kabinetinə tapşırıq verilib. Sərəncama əsasən, sahibkarlıq sahəsi üçün bank-kredit münasibətlərinin xüsusi əhəmiyyətini və bu sahənin bir neçə qanunla tənzimləndiyini nəzərə alaraq Bank Məcəlləsinin layihəsi hazırlanıb prezidentə təqdim edilməlidir. Məcəllədə islam bankçılığı ilə bağlı məsələlər də əksini tapacaq.

Ekspert Mərkəzi Bankı qərarını dəyişməyə çağırır

03.08.2015

samir aliyev2

“Mərkəzi Bankın komisyon haqlarının 1 faizə salınması və kredit faizlərinə yuxarı tavanın tətbiqi ilə bağlı göstərişləri bank sektorunun baş ağrısına çevrilib”. Bunu Transparency.az-a iqtisadçı ekspert Samir Əliyev deyib.

Ekspert bildirib ki, göstərişlər həm kreditləşməni zəiflədəcək, həm də bankların  gəlirlərini kəskin azaldacaq: “Mərkəzi Bank qeyri-rəsmi göstəriş verməklə ikinci dəfə öz səlahiyyətlərini aşmaq yolunu tutdu. “Banklar haqqında” qanunun 36-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir. Mərkəzi Bankın inzibati yolla komisyon haqlarını endirmək və faiz tavanı tətbiq etmək göstərişi verməsi qanuna ziddir. O uzaqbaşı banklara tövsiyə verə bilər. Tövsiyəni həyata keçirmək isə bankların öhdəliyi yox, hüququdur.

Mərkəzi Bankın komisyon haqlarını və illik faiz dərəcələrini inzibati yolla tənzimləməsi təşəbbüsü daha çox bank olmayan kredit təşkilatlarını (BOKT) vuracaq. Çünki BOKT-ların maliyyə mənbələri məhdud, göstərdikləri xidmətlərin çeşidi isə azdır. Banklarla müqayisədə BOKT-larda kredit faizləri daha yüksəkdir. Bu kredit təşkilatlarında illik faiz dərəcəsi hətta 42 faizə çatır. Onların kredit portfeli də məhduddur. BOKT-ların kredit qoyuluşu ümumilikdə 591 milyon manata yaxındır. Ölkə üzrə kredit qoyuluşunun 2,9 faizi onların payına düşür.

Azərbaycanda 157 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir ki, onların 109-u kredit ittifaqlarıdır. Deməli, hazırda əhalini və kiçik sahibkarları aktiv olaraq kreditləşdirən 48 kredit təşkilatı var. Bu kredit təşkilatlarının ümumilikdə 224 filial şəbəkəsi mövcuddur. Onların əksəriyyəti regionlarda yerləşir. BOKT-ların əsas üstünlüyü onun resurslarına əlçatanlığın asan olmasıdır. BOKT-lar həm də banklardan fərqli olaraq kənd yerlərində, o cümlədən cəbhə bölgəsinə yaxın ərazilərdə işləyirlər.

Mərkəzi Bankın son tapşırıqları BOKT-ların gəlirlərini kəskin azaldacaq. Nəticədə bəziləri filial şəbəkəsinin bağlanması, işçilərin ixtisarı kimi sərt addımlar atılacaq. Hətta bəzi BOKT-ların bazarı tərk etməsi mümkündür. Bununla da regionların kreditə əlçatanlığı pisləşəcək. BOKT-ların kredit vermək üçün cəlb etdikləri resurslar çox bahadır. Mövcud faiz həddi (istehlak kreditləri üçün 29, mikrokreditlər üçün 25 faiz) onlar üçün çox əlverişsizdir. Ona görə Mərkəzi Bank kreditlərin illik faiz dərəcələrinə tətbiq etdiyi tavanı BOKT-lara şamil etməməlidir. Onlara faizləri müəyyənləşdirməkdə sərbəstlik verilməlidir. Bu qurumların kredit bazarında faizlərin formalaşması siyasətinə təsir imkanları yox səviyyəsindədir. Kredit faizlərini banklar formalaşdırır, BOKT-lar isə onların arxasınca gedir. Mərkəzi Bank kredit faizlərini aşağı salmaq istəyirsə, banklarla işləməlidir. Banklarla BOKT-lara eyni yanaşma olmamalıdır”.

Sahibkarlığa yeni meyar: çatışmayan nədir?

04.08.2015



bekir-nerimanoglu21
      Bəkir Nərimanoğlu
Nazirlər Kabineti iri, orta və kiçik sahibkar meyarlarını qəbul edib. Yeni qaydalar bir çox məqamına görə öncəkindən fərqlənir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatında deyilir ki, Nazirlər Kabinetinin 18 dekabr 2009-cu il qərarı ilə təsdiq edilmiş meyara əsasən, sənaye və tikintidə işçilərin sayı 50 nəfərdən az və illik dövriyyəsi 500 min manatadək, kənd təsərrüfatında işçilərin sayı 25 nəfərdən az və illik dövriyyəsi 250 min manatadək, topdansatış ticarətdə işçilərin sayı 15 nəfərdən az və illik dövriyyəsi 1 milyon manatadək, pərakəndə satış ticarəti, nəqliyyat, xidmət və digər iqtisadi fəaliyyət növlərində işçilərin sayı 10 nəfərdən az və illik dövriyyəsi 250 min manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektləri hesab olunurdu.

Nazirlər Kabinetinin 5 iyun 2015-ci il qərarı ilə müəyyənləşmiş iri, orta və kiçik sahibkar meyarı isə belədir:

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyası

İşçilərin orta siyahı sayı

İllik gəliri

Kiçik sahibkar

25 nəfərədək

120 min manatadək

Orta sahibkar

25 nəfərdən 125 nəfərədək

120 min manatdan 1 milyon 250 min manatadək

İri sahibkar

125 nəfər və ondan yuxarı

1 milyon 250 min manat və ondan yuxarı

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, yeni təsnifat əsasən iki konseptual dəyişikliyi şərtləndirib: “Birincisi, ilk dəfə olaraq orta və iri müəssisələr qrupu üçün meyarlar müəyyənləşdirilib, ikincisi, kiçik müəssisələrin indiyə qədər olan sektorlar üzrə təsnifatına son qoyularaq vahid təsnifatı verilib”.

Ekspert hesab edir ki, əslində Qərb ölçüləri ilə müqayisədə meyarlar yenə kiçik götürülüb: “Amma orta və iri müəssisələr təsnifatı verilməklə Avropa standartlarına yaxınlaşmaq üçün irəliyə doğru addım atılıb. Məsələn, ABŞ-da mikro müəssisələr işçilərinin sayı 20 nəfərədək, kiçik müəssisələr 20-dən 100 nəfərədək, orta müəssisələr 100-dən 499 nəfərədək olan firmalardır. Təbii ki, 500-dən çox işçisi olanlar da iri müəssisələrdir.

Bu təsnifatlar vergi siyasəti və özəlləşdirmə baxımından əhəmiyyətlidir. Təəssüf ki, Azərbaycanda müəssisələrin ölçüsünə görə vergi tənzimlənməsindən istifadə olunmur. Kiçik və orta müəssisələrin özəlləşdirilməsi də demək olar başa çatıb, ola bilər ki, iri müəssisələrin özəlləşdirilməsi zamanı bu təsnifata diqqət yetirilsin.

Burda çatışmayan cəhətlərdən biri də mikro, xüsusilə də kiçik müəssisələr qrupunun yaradılmamasıdır. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının xarakterik cəhətləri nəzərə alınmaqla bunu da etmək olardı”.

İqtisadçı Natiq Cəfərlinin də fikrincə, bu təsnifat o zaman əhəmiyyətli olar ki, güzəştlər uçun istifadə olunsun: “Orta və kiçik sahibkarlığın təsnifatı genişləndirilib, bu da digər normativ akt və qanunlara görə, həmin subyektlərə müəyyən güzəştlərin verilməsini asanlaşdıracaq. Məqsəd kiçik və orta sahibkarlığın genişləndirilməsidir, amma bunun üçün tək təsnifatı dəyişmək azdır”.

Kənd Təsərrüfatı Nazirliyi rəsmisi taxılçılığın durumundan yazıb

06.08.2015

imran cumshudov 1
Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İmran Cümşüdov AZƏRTAC-da dərc olunmuş məqaləsində taxılçılığın durumundan yazıb. O qeyd edir ki, kənd təsərrüfatı sektorunda islahatlar 2014-cü ildən dərinləşib, bu sahənin inkişafına dövlət dəstəyi gücləndirilib: “Dövlət başçısının sərəncamları ilə əkin sahəsinin becərilməsində istifadə edilən yanacağa və motor yağlarına görə büdcə vəsaiti hesabına ayrılan yardımın həcmi 40 manatdan 50 manata qaldırılıb, lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının və mütərəqqi suvarma sistemləri və avadanlıqlarının ilkin dəyərinə 40 faiz həcmində güzəşt tətbiq edilib. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə və ya güzəşt edilən yardımın yuxarı həddi 50 manatdan 80 manatadək artırılıb, əkin sahəsinin becərilməsinə və mineral gübrələrə edilən güzəştlər təkrar əkinlərə də şamil olunub”.

İmran Cümşüdov yazır ki, əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün su anbarları və kanallar inşa edilir, dövlət fondu torpaqlarında iri təsərrüfatların yaradılması üçün ayrılmış sahələrin infrastruktur, texniki və meliorasiya məsələləri dövlət səviyyəsində dəstəklənir.

Şöbə müdiri cari ilin məhsulu üçün görülən tədbirlərdən söz açır: “892253 hektarda dən və yaşıl yem üçün, o cümlədən 875686 hektarda dən üçün payızlıq bitkilər səpilib. Bunun 537231 hektarını buğda, 338444 hektarını arpa təşkil edib. 26362 hektarda yazlıq dənli və dənli paxlalılar (qarğıdalısız), 36433 hektarda dən üçün qarğıdalı əkilib”.

Kənd Təsərrüfatı Nazirliyi rəsmisi ötən mövsümlə müqayisədə taxıl, o cümlədən buğda üzrə yüksək məhsuldarlığın qeydə alındığını vurğulayır: “Dövlət Statistika Komitəsinin 2015-ci il avqustun 3-nə olan məlumatına görə, sahələrin 908094 (99,2 faiz) hektarı biçilib, hər hektardan 30,5 sentner olmaqla 2766006 ton taxıl götürülüb. O cümlədən 539715 hektar buğda sahəsinin 536809 hektarı (99,5 faiz) biçilərək hektardan 31,3 sentner olmaqla 1679297 ton məhsul yığılıb. Qeyd edilən tarixə taxıl üzrə məhsuldarlıq ötən mövsümə nisbətən 33,8 faiz, o cümlədən buğda üzrə 30,4 faiz yüksəkdir. Cari mövsüm respublika tarixində ilk olaraq taxılçılıqda rekord orta məhsuldarlıq göstəricisinə nail olunub. İndiyə qədər ən yüksək məhsuldarlıq 2008-ci ildə (27,9 sentner) qeydə alınıb”.

İpotekanın öhdəlikləri

07.08.2015



dunyamin novruzov
İpoteka ilə alınan ev özgəninkiləşdirilə bilərmi? Bakı Hüquq Mərkəzinin əməkdaşı, vəkil Dünyamin Novruzov Transparency.az-a bu barədə danışıb:

- “İpoteka haqqında” qanunun 30.1-ci maddəsinə görə, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verə bilər (istifadə, icarə və sair).

Qanunun 30.2-ci maddəsinə əsasən, ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır.

Əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, evi əldə edə bilməniz üçün ipoteka saxlayanın yazılı razılığı tələb olunur. Bu zaman siz ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın (yəni evi sizə satan şəxsin) bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyacaqsınız. Əsas öhdəliyin (məsələn, kredit müqaviləsinin) icra edilməməsi və ya lazımınca icra edilməməsi halında ipoteka predmetinə (yəni evinizə) tutma yönəldilməsi riski var.

Təhsil naziri: “Çox ağrılı islahatlar başlanıb”

07.08.2015



mikayil cabbarov 1

Təhsil Nazirliyinin mətbuat xidməti nazir Mikayıl Cabbarovun ANS televiziyasına müsahibəsinin mətnini yayıb. Transparency.az bildirir ki, Mikayıl Cabbarov nazir postunda çalışdığı 2 ildən bir az artıq vaxt ərzində görülən işlərdən söz açıb: “Bu dövr ərzində baş verən ən böyük hadisə Azərbaycanın təhsil sisteminin cəmiyyətimizin və dövlətimizin digər sahələrlə bağlantısını əks etdirən, qarşımızda duran vəzifələri aydın şəkildə müəyyən edən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası”nın dövlət başçımız tərəfindən qəbul edilməsi olub. Bu, cənab prezidentin yenidən dövlət başçısı vəzifəsinə seçiləndən sonra dövlət strategiyası sahəsində imzaladığı ilk sənəd olub və bununla da təhsil sahəsində islahatların prioritetliyi müəyyənləşib. Bu ilin yanvarında isə strategiyanın həyata keçirilməsi üçün fəaliyyət planı imzalanıb. Qarşımızda duran işlər çoxdur, mən düşünürəm ki, islahatların başa çatdırılmasından danışmaq çox tezdir. İslahatlar yenicə başlayıb, buna baxmayaraq qısa müddət ərzində bir sıra konkret addımlar atılıb. İlkin mərhələdə olan bu proses davam etdiriləcək.

Biz nəyə nail olmuşuq və nəyin üzərində gələcək işlərimizi qurmaq niyyətindəyik? Hesab edirəm ki, ilk növbədə təhsil sisteminə olan, müəyyən mənada skeptisizm və inamsızlıq aradan qaldırılıb. Təhsil sahəsində həyata keçirilən bir sıra işlərin nəticələrini görürük, digər işlərin nəticələrini biz gələcəkdə görəcəyik. Təhsildə ab-hava dəyişib, ilk növbədə kadr seçimi və kadrların təhsil sistemi daxilində uğurlu vəzifəyə nail olması üçün hansı meyarlara malik olmasının vacibliyi kimi meyarlar aydın şəkildə müəyyənləşdirilib, seçimdə yalnız peşəkar nailiyyətlərə, akademik göstəricilərə, konkret təhsil nəticələrinin yaxşılaşdırılmasına əsaslanan meyarların tətbiqi mümkün olub. Bunun bir nümunəsi olaraq biz Azərbaycan Respublikasında müəllimlərin işə qəbulu prosesini göstərə bilərik – bu, tam şəffaf şəkildə keçirilən bir prosesdir. Bu proses başa çatıb, 20 mindən çox ərizəçi respublikamızın məktəblərində 3 mindən çox vakant yerlərə iddiaçı idilər və imtahan nəticəsində 2200-ə yaxın vakant yer tutulub. 2200-ə yaxın müəllim tam şəffaf və peşəkar imtahan nəticəsində iş yeri əldə edib (Qeyd: müsahibə avqustun 1-də alınan vaxt müəllimlərin işə qəbul müsabiqəsinin birinci – test mərhələsinin nəticələrinə görə vakant yer tutmağa namizədlərin sayı 2200 nəfər idi, müsabiqənin ikinci mərhələsi avqustun 4-də tam yekunlaşıb və 1892 nəfərin işə qəbul olunmasına razılıq verilib).

Cənab prezidentin sərəncamına uyğun olaraq Azərbaycan Respublikasında müəllimlərin əməkhaqqının qaldırılması ilə bağlı islahatı da xatırlatmaq istəyirəm. Bunu yalnız hazırda fəaliyyət göstərən müəllimlərin firavanlığının artırılmasına deyil, həm də müəllim peşəsinin imicinin yüksəlməsinə və onun cəmiyyətdə seçilən peşə edilməsinə yönəlmiş bir addım kimi dəyərləndirmək lazımdır. Profilləşmiş məktəblərin, ixtisaslaşmış məktəblər şəbəkəsinin yaradılması və genişləndirilməsi, peşə təhsilində yeni layihələr, ali təhsildə SABAH qruplarının yaradılması, ali təhsil müəssisələrində həyata keçirilən bəzi kadr islahatları və sair də əhəmiyyətli işlərdəndir. Ənənəvi təhsil sisteminin yığılıb qalan problemləri fonunda müasir çağırışlara cavab verə bilən vətəndaş, kadr hazırlaya bilən təhsil sisteminin qurulması prosesi davam etdirilir və bu işin orta müddətdə, yəni 3-5 il ərzində davam edəcəyi gözləniləndir.



Çox ağrılı islahatlar başlanıb. Onların bəziləri kifayət qədər irəliləyib. Bunun bir misalı kimi ali təhsildə keyfiyyət və kəmiyyət göstəricilərinin tarazlaşmasını göstərə bilərik. Son 20 il ərzində Azərbaycanda ali təhsilə qəbul olunan məzunların sayı 2 dəfədən çox artıb. 20 il öncə ilə müqayisədə məzunların ümumi sayı azalıb. Bu, demoqrafik səbəblərlə izah edilir. Buna baxmayaraq, biz ali təhsil müəssisələrimizə daha çox tələbə qəbul edirik. Sadə dillə desək, əgər ötən əsrin 90-cı illərinin əvvəllərində məktəbi bitirən hər 100 məzundan 15-16-nı, yəni 15-16 faizini ali təhsilə qəbul edirdiksə, 2014-cü ildə bu göstərici 37%-ə yaxınlaşıb. Yəni cəmiyyət olaraq biz ali təhsil müəssisələrində tələbələrimizin sayını artırmışıq. Hazırda ali təhsil sistemində 160 min tələbə təhsil alır. Lakin sual yaranır ki, bütün bunlar tələbələrin akademik keyfiyyətinə və ali təhsil müəssisəsində həmin tələbənin hazırlıq prosesinə müsbət təsir göstəribmi? Biz illər ərzində ali təhsil səviyyəsinə qəbul olunmaq üçün abituriyentlərə qoyulan tələblərin getdikcə aşağı salınmasının şahidi olmuşuq.

Bu ildən başlayaraq biz çox mühüm qərar qəbul etmişik. Ali təhsil səviyyəsində qəbulda elan olunmuş minimal keçid balı aşağı salınmayıb. Bu il keçid balı 200 elan olunub və bal qorunub saxlanılır. Səhv etmirəmsə, yalnız kənd təsərrüfatı ixtisası istisnadır. Çünki onun üçün hökumətin ayrıca qərarı var. Minimal balın saxlanması bəzilərinə texniki qərar kimi görünə bilər. Əslində bu, ali təhsil sahəsində çox ciddi islahat yönümlü bir qərardır. Qərarın balaca bir tarixçəsi də var. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın iclasında Təhsil Nazirliyinin ali təhsildə keyfiyyətin qaldırılması ilə bağlı bu təklifi müzakirə olunarkən sual olundu ki, biz ali təhsildə keyfiyyətə fikir vermək istəyirik, yoxsa kəmiyyətə. Bizim cavabımız odur ki keyfiyyətə, çünki bugünkü minimal biliyə, akademik göstəriciyə malik olmayan şəxsi 1-ci kursa qəbul etməklə bizim 4 ildən sonra əmək bazarı üçün peşəkar mütəxəssis buraxmaq şansımız kifayət qədər azdır. Ona görə də keyfiyyətə üstünlük verməliyik. Çox faydalı müzakirələr oldu. Təhsil Nazirliyinin bu təklifi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, TQDK rəhbərlikləri tərəfindən də dəstəkləndi, ümumi qərar ondan ibarət oldu ki, bu il və gələcək illərdə elan olunmuş ballar, yəni səviyyə saxlanılacaq. Bu il ola bilsin ki, biz ötən illərlə müqayisədə 3-5% daha az tələbə qəbul edəcəyik. Lakin biz əmin olacağıq, ki qəbul etdiyimiz hər bir tələbənin keyfiyyəti minimum standartlara cavab verir və onların gələcəkdə yüksək ixtisaslı kadr kimi yetişməsi üçün biz daha əlverişli zəmin yaradırıq”.
Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin