Inexperience.Təcrübəsizlik. “Mövcudluğun dözülməz yüngüllüyü” romanının ilkin adı “Təcrübəsizlik planeti”dir. Təcrübəsizlik insan mövcudluğunun bir xüsusiyyətidi. İnsan yalnız bir dəfə doğulur, o heç zaman əvvəlki həyatının təcrübəsindən istifadə eləyib, ikinci bir həyat yaşaya bilməz. O, gəncliyin nə olduğunu bilmədən uşaqlıq dövründən böyüyür, ailə həyatından xəbərsiz evlənir və hətta hara getdiyini sezmədən qocalır. Qocalar – qocalığın günahsız övladlarıdı. Bu mənada insanın yer kürəsi təcrübəsizlik planetidir.
Infantocratie.İnfantokratiya. Motosikletçi əllərini və ayaqlarını “O” şəklində əyib boş şəhərdə şütüyürdü; göy gurultusu içində prospektlə üzüyuxarı qalxa-qalxa onun üzü öz bağırtılarına böyük əhəmiyyət verən uşağın üzü kimi, ciddilik ifadə eləyirdi (Müzil, “Sifətsiz adam”). Uşaq ciddiliyi texniki tərəqqi dövrünün sifətidi. İnfantokratiya bəşəriyyətə sırınmış uşaqlıq idealıdır.
Interview.Müsahibə. Dialoq ədəbiyyatın vacib formasıdır. Boynuma alıram: mənim fikirləşdiyim, tərtib elədiyim və iştirakımla tərtib olunmuş bir neçə uğurlu müsahibəm olub. Təəssüf ki, əksər vaxtlar müsahibə başqa məna kəsb eləyir: 1) müxbir sizi yox, özünü maraqlandıran suallar verir; 2) cavablarınızdan yalnız özünə lazım olanları istifadə eləyir; sözlərinizi öz leksikasına, öz təfəkkür üslubuna uyğunlaşdırır; Amerika jurnalistikasını yamsılayıb, deməyə məcbur olduğunuzu çap eləməyə icazənizi də almır. Müsahibə işıq üzü görür. Siz özünüzə təskinlik verirsiniz: tezliklə yaddan çıxacaq! Qətiyyən: ondan sitat gətirəcəklər! Hətta ən vasvası universitet professorları belə yazıçıyla jurnalistin dedikləri arasında fərq qoymayacaqlar. (Tarixi misal: Qustav Yanuşun Kafkayla söhbətləri. Kafkaşünaslar üçün sonsuz sitat mənbəyi olan mistikləşdirmə.) 1985-ci ilin iyununda qət elədim: daha müsahibə verməyəcəyəm. Redaktə elədiyim, çapdan çıxan dialoqlarımdan başqa bu tarixdən ortaya çıxan sözlərimin başqa formada ifadə edilməsi yalan kimi qəbul edilməlidi.