Litanie.Litaniya. Təkrarlama musiqi kompozisiyasının prinsipidi. Litaniya musiqiyə çevrilmiş sözdür. Mən istərdim, hisslərdən ibarət, refleksiyayla bağlı roman arada bir nəğməyə çevrilsin. Bu da “ev” sözü üzərində qurulmuş “Zarafat”dakı litaniya: “…və mənə elə gəlirdi ki, bu mahnılarda mənim çıxış yolum, mənim orijinal əlamətim, üstəlik, mənim evim olan öz evim var, mən o evə xəyanət eləmişəm (çünki ən kədərli inilti öz evinə xəyanətdən yaranır); amma eyni zamanda başa düşürdüm ki, mənim evim bu dünyaya məxsus deyil (intəhası, əgər bu dünyaya məxsus deyilsə, axı necə mənim evim ola bilər?), oxuduğumuz mahnıların hamısı vur-tut xatirəydi, daha olmayan şeyləri xəyallarda yaşatmaqdı və hiss eləyirdim ki, üstündə evimin durduğu torpaq ayaqlarımın altından qaçır, mən də dodaqlarımın arasında klarnet illərin, yüzillərin dibsiz dərinliyinə sürüşüb düşürəm və heyrətlə öz-özümə deyirəm ki, mənim yeganə sığınacağım məhz bu eniş, hər şeyi süpürüb aparan bu acgöz yıxılmadı və mən başgicəlləndirici ləzzətlə ona tabe oluram…”