Xocalı soyqırımı - xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi
İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən
biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən on doqquz il keçir. 1992-ci ilin o
müdhiş fevral gecəsi Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı
alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törətmişlər. Misli
görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir.
Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Soyqırımı nəticəsində
yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Yüzlərlə insan yaralanmış,
xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür.
Əslində, Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ
münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdülər. Onlar Qarabağın digər ərazilərində də belə
faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı
faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana
çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu.
Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş
ən ağır zərbədir. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamışlar. Öz evini, şəhərini,
ailəsini qəhrəmancasına müdafiə edənlər şəhid olmuşlar. Vəhşi ermənilər tərəfindən şəhəri qana
bələnmiş, yer üzündən silinmişdir.
Faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində
saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin
düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalının qəhrəman müdafiəçiləri təpədən dırnağa
qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq
və rəşadət nümunələri göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və
vətənpərvərlik nümunəsi göstərdilər.
Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə
sığmayan vəhşiliklərinin qanlı izidir. Faciədən bir neçə gün sonra cəsarətli reportyorlarımızın od
içində çəkdikləri kadrlar hər an bu dəhşətli mənzərəni seyr edənləri iliyinədək sarsıdır.
Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim könüllü
milli müdafiə əsgərlərinə təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən möhkəm iradəli
insanları belə sarsıdacaq, yandırıb-yaxacaqdır. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün
rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından
silinməyəcək.
Əsrlər boyu türk dünyasına qənim kəsilən, azərbaycanlılara qarşı daim kin, nifrət və
intiqam hissi bəsləyən erməni anaları öz dığalarını da həmin ruhda tərbiyə edirlər. Azərbaycan
anası isə qəlbi saf, humanist, mərhəmətli olduğundan övladlarını insansevər böyüdür. Əslində,
bu, bəşəri alicənablıqdır. Lakin analarımız heç vaxt unutmamalıdırlar ki, övladlarının kürəyinə
tuşlanmış gavur xəncəri var. Övladını o yağı xəyanətindən ehtiyatlandırmaq üçün ona dostu
düşməndən seçməyi öyrətməlidir. Analarımız övladını düşmən tərəfindən əzilən, döyülən,
öldürülən, müdafiə olunan, məzlum, fağır yox, düşmən üzərinə gedən, intiqamını almağı bacaran
mərd, cəsarətli, mətin ruhda tərbiyə etməlidirlər.
Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu
öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini
vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Bu
faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış ümummilli liderimiz, eyni zamanda,
xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi
dəyərləndirmişdir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması,
qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi
minnətdarlıq hissi ilə qeyd etmək lazımdır. Məhz fondun gərgin fəaliyyəti nəticəsində əvvəlki
illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan
Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq
təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl
mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir.
Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir. Xocalı şəhidlərinin
xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata
keçirilmişdir. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın
maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin
xatirəsinə abidələr ucaldılmışdır. Bu isə ürəkləri daim Vətən eşqilə döyünən soydaşlarımzın öz
yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz
nümunəsidir.
Xocalı soyqırımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır. Onlar
respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı
mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının
qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Buna görə də biz bu gün bütün şəhidlərin
ruhuna rəhmət oxuyaraq, eyni zamanda, başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, bir o
qədər də nikbin olmalıyıq, irəliyə, gələcəyə inamla baxmalı, ümidlə yaşamalıyıq. Mən əminəm
ki, tutduğumuz yol şərəfli, doğru yoldur. Xalqımızın mənafeyini təmin edən yoldur. Biz bu yol
ilə gedəcəyik. Azərbaycanın müstəqil dövləti xalqımızın birliyinə arxalanır, onun mətanətinə
inanır və bu birliyimiz, mətanətimiz, dəyanətimiz, dözümlülüyümüz bizi bu ağır vəziyyətdən
çıxaracaqdır.
Natiq ABDULLAYEV,
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi Məhkəmə
Ekspertizası Mərkəzinin əməkdaşı
Xalq qəzeti.- 2011.- 27 fevral.- S. 5.