– Ey gözəl, mən səni başa düşdüm. Cariyyə kimi saraya gətirilən belə mələyin bəxtindən inciməyə haqqı var. Amma mən çox ədalətli hökmdaram. Sənin bəxtini ağartmaq da mənim əlimdədir. Sən yalnız Sultan hərəmxanasına layiqsən. Belə gözələ çalınan toyun səsi Çini-Maçinə getməlidir. Sənə elə bir toy çaldıracağam ki, bütün görənlər heyrətə gəlsin. Səni Ağqoyunlu tacının ən iri cəvahirinə çevirəcəyəm. Şərtlərini de.
Qarabağ gözəli dinmədi.
– Şərtlərini de.
– Mənim bir şərtim var.
– Buyur.
– Məni buraxın, öz elimizə qayıdım.
– Bu saraylar, bu səltənət, o xəzinə hamısı sənindir. Ondan özgə şərtin varsa buyur. Sən yalnız mənim kimi hökmdara layiqsən. Tanrı bizim kəbinimizi göylərdə kəsib. Toyunu Sultanbudda, öz elinin içində başlayıb, Təbrizdə qurtaracağam.
O, sözlərini deyib Abı otaqdan çıxdı. Uçmağa qanadları yox idi. Amma uçurdu, yerimirdi. Özünü anasına yetirdi. Onun əllərini tutub öpməyə başladı. Səlcuqəşahbəyim təəccüblə oğluna baxdı.
– Nə olub?
– Sən məleykələr padşahını göylərdən endirmisən.
Səlcuqəşahbəyim gördü ki, oğlu qıza necə vurulubsa özünü-sözünü bilmir.
– Sən hökmdarsan, bunu yadından heç vaxt çıxartma.
– Allah olsam, allahlığımı da unudardım.
– Ağlını başına yığ. O, kasıb bir ilxıçının qızıdır.
– Mən o ilxıçını vəzir, əmir, sipəhsalar eləyərəm. Bu qız mənim tacımın ən qiymətli daşına dönməlidir. Toya hazırlıq görülsün.
Hikkəsindən Səlcuqəşahbəyimin az qalırdı bağrı çatlasın. Ləngər vura-vura oğluna tərəf getdi. Qapını kəsib onu çıxmağa qoymadı.
– Sən çox vacib iş görməlisən. Şeyx Heydərin işi bitməlidir. Yoxsa...
– İstəyirsən bütün nəslini yer üzündən sildir, mən razı. Özün bilirsən. Mən indi dünyanın ən xoşbəxtiyəm. Məni elə boş-boş məsələlərə qoşma. Qoy yaşayım.
Sultan Yaqub bər-bəzək arasındakı anasının qırışmış, sümüklü sifətini ifritə, cin, şəyatin şəklində gördü. Gözlərindən elə bil od çıxırdı. Qarabağ gözəlinə baxandan sonra hər şey ona kobud, yöndəmsiz, kifir görünürdü. Amma anasının gözləri onu bir anlığa özünə qaytardı.
– Nə olub sənə?
– Nə olub, nə olub?! Şeyx Heydər qayınatan Fərrux Yasarın hökmdar olduğu Şirvanı tutub, qalıb Dərbənd qalası. Sabah qoşun yığıb sənin üstünə gələcək. Onda taxt-tac da çıxacaq əlindən, hələ deməyəsən ilxıçı qızı da.
– Vermərəm, vermərəm, onun öz başı bədənindən ayrılmalıdır.
– Otur oğlum.
Sultan Yaqub oturdu. “Vermərəm, vermərəm” deyəndə o Qarabağ gözəlini nəzərdə tutmuşdu. Taxt-taca sahib olanda fikirləşmişdi ki, xoşbəxtlik gəlib çıxdı. İndiyə qədər də belə bilirdi. Amma bu gün o gözəli görəndən sonra hiss eləmişdi ki, onunla xoşbəxtlik arasında zəmin-asiman fərq var. Xoşbəxtlik elə bu gözələ sahib olmaqdır. Belə bir anda o, hökmranlıq verərdi əldən?
Bir az fikirləşəndən sonra yenə hökmdarlıq taxtına qayıtdı. Yenə gözünün qabağına yastıbaşlı, qara, haçadilli ilanlar gəldi. Onlar dörd bir tərəfdən bu taxta tərəf başlarını qaldırıb sürünürdülər. Amma taxta yaxınlaşanda hamısı qızıl ilan kimi quyruqları üstünə qalxdılar. Bir an da keçsə həmin ilanlar qızıl taxtın ayaqlarına dolaşacaqlar.
Fərrux Yasar onun qayınatası idi. Özü də hələ onun atasından da əvvəl taxta oturmuşdu. Siyasətin hər üzünü bilir. Onunla qohum olmaqda bir məqsəd güdmüşdü. Şirvan Dərbəndə qədər olan torpaqları tutub, əgər o tərəfdən qorxu olsa, qabaqda dayanacaq. Bir də Şirvanşahlar hələ heç kimin torpağına qoşun çıxarmayıblar. Həmişə öz başları öz işlərinə qarışıq olub.
Amma bu Şeyx Səfi nəsli öz işini biləndir. Bütün hökmdarların da sirləri onlardadır. Hər sarayda, hər bəylikdə, hər vilayətdə, bəlkə də hər evdə onların müridləri var. Bu müridlər gəlir və həmin sirləri də özləri ilə gətirirlər. Yaxşı ki, Ələmut ismayililəri kimi hərəkət eləmirlər. Onlar kimi başlasalar istədikləri hökmdarı oğurlayıb gətirərlər, xoşlarına gəlməyənlərin hamısını öldürərlər. İndi onlar Şirvan üstünə getdilər. Oranı tutsalar sakit duracaqlarmı? Yox. Onda Şirvan hər yerə əl-qol uzadacaq.
– Ana, qayınatam Süleyman Bicanoğlunu... Qoy bir qayınatam o birisinə köməyə getsin.
– Yaxşı fikir eləmisən, oğul. Bicanoğlu igid sərkərdədir, özünün də Şeyx Səfi nəslini görməyə gözü yoxdur.
O, qalxıb iri addımlarla otaqdan çıxdı. Taxt-tac salonuna getdi. Taxtda oturan kimi vəzirlə vəkil də onun yanında öz yerlərini tutdular.
– Tək vəzir qalsın. Özün də yaxına gəl.
Vəzir Zəkəriyyə Keçəçi hələ Uzun Həsənin vaxtından bu vəzifədə idi. Bir dəfə də olsun hökmdar onun məsləhətindən çıxmamış, yaxud onu cəzalandırmamışdı. Bu qoca, arıq vəzir sülalənin dirəklərindən biri idi. Uzun Həsən öləndə də vəsiyyət eləmişdi ki, onun oğlanları bu sədaqətli, ağıllı vəzirin sözünü eşitsin. Uzun Həsənin məşhur “Qanunnamə”sinin hazırlanmasında vəzir yaxından iştirak etmiş, onu bütün ölkədə tətbiq eləmişdi.
– Vəzir, Süleyman Bicanoğlu dörd-beş minlik qoşun götürüb Dərbənd qalasına getməlidir.
Vəzirin heç nədən xəbəri yox idi.
– Onda biz Şirvanşahla müqaviləni pozmuş olarıq.
– Özü tələb eləyir. Şeyx Heydər onunla vuruşmağa gedib.
Vəzir inanmadı.
– Sultani əzəm, Şeyx Heydər Çərkəzistana gedib. Fərrux Yasar onunla düşməndi. Bəlkə də Uzun Həsənin qohumları arasında narazılıq salmaq istəyir? Axı biz hər şeyin düzgünlüyünü öyrənməsək, belə addım atmağımız yerinə düşməz. Sonra gec olar, səhvimizi düzəldə bilmərik.
– Necə, Fərrux Yasar mənim qohumum deyil? Onun bacısı mənim əyalım deyil?
– Şeyx Heydər necə? O da bacınızın əridir. Həm də Ərdəbil ocağına düşmənçilik bizə xeyir gətirməz. Onların müridləri çoxdur.
– Bəlkə vəzir də onların mürididir?
Zəkəriyyə Keçəçi əlini döşünə qoydu.
– Sultani əzəm yaxşı bilir ki, mən şiyə deyil, sünniyəm, hənəfiyəm. Onlarla mənim heç bir əlaqəm yoxdur. Rəhmətlik Uzun Həsən deyərdi ki, bu ocağın gücü mənə bəllidir, ona görə də onlarla qohumluq telləri qurmuşam. Əbu Səidlə qarşılaşanda Şeyx Heydər, onun müridləri olmasa bu günkü Ağqoyunlu dövləti də olmazdı. Məni dar ağacına çəkdirsəniz də mən onun üstünə qoşun göndərməyin tərəfdarı deyiləm.
– Sən gördüyün dövranlar keçib, vəzir. Şeyx Heydər indi şahlıq, sultanlıq həvəsinə düşüb. Belə olmasa bu qədər qoşun yığıb onları silahlandırmazdı. Qocalmısan vəzir, ürəyin yumşalıb.
Vəzir yenə əlini döşünə qoyub baş əydi.
– Ola bilər. Qocalıq bədbəxtliyin başlanğıcıdı. Ancaq mən yenə öz fikrimdə qalıram. Həm də Şeyx Heydərin getməyinə icazə vermisən.
– Vəzir, get. Məsləhət qurtardı. Mən xacalət çəkirəm ki, bir dərvişə bacımızı vermişik. Onun hökmü verilib. Şeyx Heydər məhv olmalıdır. O baş nə qədər ki, sağdır onun içində nə qədər nəqşələr çəkiləcək.
Vəzir baş əydi, fikirli-fikirli çıxıb getdi. Cavan Sultanı öz fikrindən döndərə bilməmişdi.
Süleyman Bicanoğlunun gətirdiyi dörd minlik qoşun Fərrux Yasarın bundan da çox qoşunu ilə birləşdi. Oradan Dərbəndin üstünə getdilər. Neçə vaxtdan bəri Şeyx Heydərin müridləri Dəmir qapı Dərbəndi mühasirəyə almışdılar. Mühasirə də o vaxt başlamışdı ki, müridləri keçib getməyə qoymamışdılar.
Qalanı almaq, bürcləri dağıtmaq üçün müridlərdə mancanaqlar, divar deşən alətlər yox idi. Qalanın müdafiəçilərini aclıqla təslim olmağa məcbur eləməkdən başqa elə bir yol yox idi. Dərbənddə hələ xeyli yemək və su vardı. Onlar tükənənə qədər kömək gəlib çıxa bilərdi.
Bu kömək Heydər gözlədiyindən gec gəldi. Qala təslim olmaq istədiyi gün bürclərdə uzaqdan toz qalxdığını gördülər. Qalada təslim olmaq istəməyənlərin sevinc nidaları müridlərin təəccübünə səbəb oldu. Onlar da toz dumanını gördülər.
Şeyx Heydər bir dəstə müridi qabağa göndərdi ki, görsün kimlərdi gələn. Onları Süleyman Bicanoğlunun yanına gətirdilər.
Qırx-qırx beş yaşlı bu sərkərdə atın üstündə oturub gələn elçiləri dinlədi. Sonra onların başındakı qırmızı börkləri göstərib:
– Məni bir başa salın görüm siz kimsiniz?
– Biz qızılbaşlarıq.
– Qızılbaş, – deyə Süleyman Bicanoğlu gülümsədi. Qızıl xəzinədə olar. Kəsilsin o qızıl başlar.
Bir anın içində beş nəfər elçinin qırmızı börklü başları nizələrə keçirildi.
Şeyx Heydər gördü ki, bu qoşunla vuruşmaqdan başqa çarə qalmayıb. Amma burada döyüşə girmək ona qələbə gətirə bilməzdi. Müridlərin hamısını Dərbəndin mühasirəsindən çıxardı. Dağlarla üzü Şamaxıya tərəf yol aldı. Elə bir yerdə o döyüşə girmək istəyirdi ki, üstünlük onun tərəfində olsun. Amma Süleyman Bicanoğlu da təcrübəli sərkərdə idi. Uzun Həsən Otluqbellidə Fateh Sultan Məhəmmədə qalib gəldiyi döyüşdə iştirak eləmiş, igidlik göstərmişdi. O, başa düşdü ki, Şeyx Heydər müridləri dağlara aparmaqda məqsədi döyüşdən qaçmaqdı. O, vaxt qazanır. Müridlər tə’qibdən qurtarsalar, sonra elə bir yer tapıb onlarla döyüşə girəcəkdir ki, orada Şirvanşahla Ağqoyunlu sərkərdəsinə heç nə kömək edə bilməyəcək. Şeyx Heydərin müridləri onların əsgərlərindən daha möhkəm, daha iradəli idi. Onu öldürə bilərsən, amma qaçmağa məcbur eləyə bilməzsən.
Gecə keçdi. Hər iki qoşun yatmadı. Hər ikisi yol gedirdi. Süleyman Bicanoğlu döyüş üçün yer seçmişdi. Onların yolu çayın sahilində yastanalara çıxdı. Hər tərəfi yarğandı. Özünün seçmə süvarilərini həmin yastanaya gətirdi. Sərrast oxatan Mosul atıcılarını da elə yerləşdirdi ki, ensiz yolla gələn müridlərə çoxlu tələfat versinlər.
Döyüş səhər işıqlaşanda başladı.
Müridlər düşməni qarşıda görəndə: “Qurban olduğum, sadağa olduğum pirim, mürşüdüm”-deyə onların üstünə atıldılar. Qılınclar qalxanları çeynəyib tökür, qollar, başlar üzülüb düşür, kiçik bir yastana döyüş üçün darısqallıq eləyir, çoxlu döyüşçü atla bərabər yarğanlara uçurdu. Süleyman Bicanoğlunun süvariləri əzilib geri çəkilməyə başladılar.
Şeyx Heydər atını bir dikin üstündə saxlayıb yeni-yeni dəstələri irəli göndərir, döyüşü idarə eləyirdi. Hüseyn Lələ bəy də onun yanında dayanmışdı. Birlikdə tədbir görürdülər.
– Aşağıdan gələnlərin qabağını saxlayıb qalan müridləri çayın kənarı ilə yuxarı aparmalıyıq. Yolu dəyişib, onları azdır.
Söz Şeyx Heydərin dodaqlarında qaldı. O, qabağa əyildi, kürəyindən qanlı oxun ucluğu göründü. Hüseyn Lələ bəy atını Ülkərə yaxınlaşdırdı. Özü də qışqırdı:
– Dədə bəy!
Dədə bəy atını çapa-çapa gəldi. Əlində siyirmə qılınc vardı. Qan onun əlinə, paltarına, atın yalına sıçramışdı.
– Dədə bəy, mən şeyxi bu meşəyə endirirəm. Müridləri o dağa tərəf apar.
– Qurban olum, ay Şeyx, nə oldu sənə?
– Heç, yüngülcə yaralanmışam. Möhkəm dayanın.
Dədə bəy onun kürəyindən ox çıxdığını görmədi.
Hüseyn Lələ bəy Şeyx Heydəri meşəyə gətirdi. Ağacların arasından keçən günəş şüaları gümüş xəncərlər kimi göy otluqlara sancılırdı. Burada “qurban olduğum, sadağa olduğum, pirim, mürşüdüm” nidaları eşidilmirdi. Meşəni quş səsi başına götürmüşdü. Dostunu yəhərdən endirdi. Bir daşın üstündə oturtdu. Ox ucluğunu çıxarıb atdı. Sinəsindən lələklə qarışıq oxu tutub çəkib çıxartdı. Heybəsindən sarğı, məlhəm çıxartdı. Onu otlar üstündə uzandırdı.
Hardasa bülbül oxuyurdu.
Onun sulanmış gözləri qarşısında Aləmşahbəyim dayandı. Oğlanları əl-ələ verib elə bil ona baxırdılar.
– Vaxt itirmə, qulaq as.
– Yaranı sarıyım, sonra.
– Keçdi. Məni dəfn eləyəndən sonra müridləri burax. Hərəsi öz yerinə qayıtsın. Özün də Ərdəbilə qayıt. Oğlanlarımı, Aləmşahbəyimi sənə tapşırıram. Babamın batin kitablarının yerini bilirsən. Mənim işimi sən davam eləyəcəksən. Vaxt...
O, son sözlərini deyib qurtaranda Ülkər ayaqlarını yerə döyüb kişnəyirdi...
KÖRPƏ DUSTAQLAR...
Qala divarının üstündəki daş yolla yaşlı bir qadın qaça-qaça gəldi. Uzun qara tumanının ətəkləri ayaqlarına dolaşırdı. Başına yaylıq örtmüş, başqa bir ləçəyi alnından çəpəki keçirib yaylıqla bərabər bağlamışdı. O, Aləmşahbəyimlə İsmayıla çatdı. Gördü ki, Aləmşahbəyim ağlayır, əllərini quru sinəsinə çırpdı.
– Atam-anam niyə ağlayırsan? Canım sənə fəda olsun, bu nə göz yaşlarıdı?
Aləmşahbəyim qala dişləri arasından gözlərini uzaqlara zilləyib, yanağından axan yaşı sildi. Cavab vermədi.
– Heç mən də bilmirəm, anam niyə ağlayır. İsmayıl kişi kimi xidmətçi qadın Səkinəyə baxdı. Aləmşahbəyim uca, sərv qamətini düzəltdi:
– Səkinə, get süfrəni hazırla, uşaqları da çağır, biz də gəlirik, – dedi.
O, öz dərdini özü çəkməyi öyrənmişdi. Qapılarında Ülkər ayaqlarını yerə döyüb kişnəyənə qədər dərdini deməyə sirdaşı vardı. Həmin gündən isə qol-budağı qırıldı, ümid evi yıxıldı.
Səkinə getmirdi. Aləmşahbəyimi ovutmağa çalışırdı.
– Atam-anam, canım sənə fəda, niyə ağlayırsan?
– Səkinə, sənin əslin hardandı?
Səkinə öz taleyindən çox danışmışdı. İndi də soruşur. Yə’ni yadından çıxıb. Çıxar, unudar. Bu qədər dərdin içində adam öz adını da yadından çıxarır.
– Borçalı çökəyi adlı bir gözəl məmləkət vardı. Gəncədən o yana, Tiflisdən bu yana. Orada böyümüşəm. Kim daş deşiyindən çıxır ki. Kənddən qırx qız yığılıb gəzməyə çıxanda hər daşın dalında bir oğlan gizlənib bizə baxırdı. Bir gün bir od gəldi, bir alov qaladı. Kəndimizi yandırdılar. Atam-anam necə oldu bilmədim. Biz qırx qızı zəncirə vurub bazarlarda satdılar. Gəlin olacaqdım, kəniz oldum. Daha qocalmışam, saçlarım da ağarıb. Yaxşı ki, sizin kimi insanların arasına düşdüm. Yoxsa heç bilməzdim günüm necə olacaq.
İsmayıl bu söhbəti ilk dəfə eşidirdi.
– Bəs niyə evinizə getmirsən, Səkinə xala?
– Yollar qıfıllıdı, qurbanın olum.
Aləmşahbəyim əllərini oğlunun çiyinlərinə qoydu. İsmayıl qartal dimdiyinə oxşayan burnunu qaldırıb, aydın gözlərini anasına dikəndə o Səkinəyə deyirdi:
– Səni əsir gətirdilər, eləmi?
– Bəli, qadan ürəyimə.
– Mən də şah qızıyam.. Qardaşım taxtda oturub, amma körpə balalarımla dustağam. Sənin mənə köməyin dəyə bilər?
Səkinə onun dərdini yüngülləşdirmək üçün canıyananlıq eləyirdi. İndi Aləmşahbəyim öz vəziyyətini ona başa salanda Səkinə də ona qoşuldu, sel kimi göz yaşı tökməyə başladı. Ağlaya-ağlaya da çıxıb getdi.
İsmayıl qaladişinə söykənib anasına baxdı:
– Ana, mən balacayam. Hələ çox şeyi bilmirəm. Sən də mənə demirsən. Sultanəli də, İbrahim də məndən hər şeyi gizlədirlər. Amma mən görürəm ki, nəsə olub. Nə olub, onu bilmirəm. Sən ağlayırsan, Səkinə ağlayır, niyə ağlayır?
Aləmşahbəyim əlini oğlunun başına çəkib dedi:
– Böyüyəndə hər şeyi bilərsən.
– Deyin, bilim, mən də tez böyüyüm.
Anası onu qucaqladı. İsmayıl isə dartınıb onun qolları arasından çıxdı. Divar üstündəki yolla qaçdı.
– Tut görüm.
Anası da onun dalınca qaçdı. İsmayıl özünü ciddi aparmaq istəyirdi. Amma uşaqlıq özünü göstərdi. Gülə-gülə qaçdı. Anası da onu qovmağa başladı. Amma çata bilmirdi. Onun cəmi-cümlətanı iyirmi səkkiz yaşı vardı. Gözəlliyi cilvələnib qızılgül kimi pardaxlanırdı. Bu yaşda o, al-əlvan geyinməliydi. Amma...
İsmayıl nəsə görüb dayandı. Heyrət içində gözlərini Savalana dikdi. Savalan nəhəng bir göz dağına dönmüşdü. Hər tərəf axşamın bənövşəyi göy rənginə bürünsə də, Savalan od tutub yanır. Günəşi elə bil özündə əks eləyirdi. İndi o, elə bil ikinci bir günəşə dönmüşdü. Zirvəsindəki buzlaqlar daha gözqamaşdırıcı idi, aşağı endikcə o, kürədəki polad rənginə düşürdü. İsmayıl bu mö’cüzə qarşısında mat-məəttəl qalmışdı.
– Ana, Savalan yanır?
– Yanır, bala, yanır. Sən onun üstünə çıxsaydın, gör nə olardı ey. Ona görə ağlıyırdım da.
– Yox, o məni yandırmaz.
– O yüksəkliyə qalxmaq istəyənlərin çoxu yanıb, oğul.
– Məni yandırmaz. Böyüyəndə çıxacam, görüm o niyə belə qırmızıdı.
Anası heyran-heyran oğluna baxdı. Yaxınlaşıb arxadan onu qucaqladı. Oğlunun saçları onun sinəsinə söykəndi, İsmayıl necə də böyümüşdü.
– Ana, Savalan yanırdı, artıq sönür. Mənə de görüm Savalana qədər belə gömgöy görünən o dağlar, dərələr, düzənlər ki, var, ora nədir?
– Ərdəbil mahalı.
– Yox.
– Bəs nədi?
– Vətən!
Ananın sinəsi alışdı. Oğlunu özündən araladı. Soyuq divara söykəndi. Amma döşlərinin arasında istilik gəzirdi. Bayaq oğlunun başını söykədiyi ürəyinə elə bil Savalanın közü düşmüşdü. Əri Heydərin sifətimi toxundu, onun təmasımı keçdi? Bədəni əsirdi, titrəyirdi. Qalanın dişini qucaqladı. Daşın üzü soyuq olar. Amma bu soyuqluq onun sinəsindəki közü söndürmək əvəzinə daha da istilətdi, alovunu külək kimi üfürüb artırdı, kül basmış közlərini qızartdı.
“İsmayıl bu yaşda atasına çəkib. Hələ onun qulağına babasının batin fikirləri pıçıldanmayıb. Atasının işlərindən ona heç kəs danışmayıb. Mən yalvarmışam. Sultanəliyə də, İbrahimə də demişəm ki, oğlanlarım, məni sevirsinizsə İsmayılı mənim əlimdən almayın. İkiniz atanızın yoluyla getsəniz bəsdir. İsmayılımı mənə verin. Sizin yolunuz qandır, qadadır, ölümdür. Mən yazığam, gözümü tikməyə bir qibləgahım olsun. Bu da hələ yeddi yaşı tamam olmamış körpəm”.
– Ana, bəs niyə biz bu qaladan çıxıb getmirik? Mən o meşələri, qızılgüllü həyətimizi, evimizi görmək istəyirəm.
– Gedərik, oğul, gedərik.
Ülkər qapıda ayaqlarını yerə döyüb kişnəyirdi, az sonra Sultan Yaqubun fərraşları qızılgüllü həyətə doldular. Əbih Sultan saraydan fərmanla gəlmişdi. O, atının yüyənini dartıb saxlayanda Aləmşahbəyim eyvanda idi. Yas paltarı onun ağ sifətini, yaşlı mavi gözlərini, örpəyin altından görünən qızıl saçlarını daha da işıqlı göstərirdi. Əbih Sultan onu görəndə bir müddət danışa bilmədi. Aləmşahbəyim yaslı-yaslı da gözəl idi. İndi o daha duldu. Qardaşı yəqin ki, bundan sonra heç bir hökmdara, şahzadəyə verməz. Onda onun oğlanları taxt-tac davasına qalxmaq üçün imkan taparlar. Özündən çox aşağı bəylərə, əsilzadələrə, saray adamlarına verəcək. Yox, bu gözəldən heç keçmək olmaz. Şeyx Heydərdən qabaq onunla evlənə bilməmişdisə, ondan sonra evlənər.
Aləmşahbəyim səsini qaldırıb onun üstünə qışqırdı.
– Sənə kim icazə verib bu həyətə at üstündə girəsən? Şeyx Heydər yoxdusa da, Uzun Həsənin qızı hələ sağdır.
Əbih Sultan atdan endi.
– Hökmdar fərmanı gətirmişəm.
– O fərmanları çox görmüşük. Rəiyyət qapısına aparmamısan. Çıx həyətdən, fərmanı göndər.
Əbih Sultan atını həyətdən çıxarmalı oldu. Onun adamları evi mühasirəyə almışdı.
Fərmani-hümayunu göndərdi. Aləmşahbəyim onu alıb oxudu. Qardaşı ona başsağlığı verir və onun Təbrizə gəlməsini məsləhət bilirdi. Amma bu məsləhətdə bir hökm də vardı. Yazırdı ki, tə’ziyyə məclisi Nəsriyyə məscidində başlayıb. Şeyxin oğlanlarının və əyalının sarayda olmağı vacibdir.
Bu məktubdan sonra o yumşaldı. Ərinin təziyyə məclisinin Təbrizdə başlaması ona hörmət idi. Heydərdən sonra Ərdəbildə oturmağı da yaxşı düşməzdi. Elə fərman gələn gün o, oğlanlarını da götürüb Təbrizə yola düşdü.
“Səkkiz behişt” sarayında o qardaşı ilə üz-üzə gələndə kövrəldi. Gözləri doldu. Gözləyirdi ki, qardaşı ona başsağlığı verəcək, onun dərdini yüngülləşdirəcək. Amma Sultan Yaqub onun qara libasına kinayə ilə baxdı, gözlərinin dolmağı xoşuna gəlmədi. Qızıl kəmərindən asılan almas qaşlı xəncərini yarıya qədər çəkib təzədən sərt hərəkətlə qınına çırpdı.
– O dərviş övladından ötəri göz yaşı da tökürsən?
Bu sözdən sonra Aləmşahbəyim hər şeyi başa düşdü.
– Qardaş, bu sənin işindi? Heydəri sən öldürtdürmüsən?
– O, öz ölümünə tərəf atını dördnala çapırdı.
– Sən öldürtmüsən?
Sultan Yaqub bacısı ilə ikilikdə danışırdı.
– Sən mənim ana ayrı olsa da, ata bir bacımsan. Ər eldən gələr, övlad beldən gələr, bəs qardaş hardan gələr? Mən onun qanını ala bilərəm.Neçə yüz adam deyirsən boynunu vurdurum. Bütün ölkədə qırx gün tə’ziyyə məclisləri saxlatdırım, matəm e’lan eləyim. Amma qardaşını başa düş. Bu sufi-salik taxtıma göz dikmişdi. Qoşun yığırdı, tə’lim keçirdi. Əfşar, qacar, varsaq tayfalarını mənim üstümə qaldırırdı. Mən gec tərpənsəm, sən bir gün ərinlə mənim matəmimi saxlamaq barəsində danışacaqdın. Onda qardaşını oxşayıb ağlayacaqdın, indi ərinə ağlayırsan.
Aləmşahbəyim taqətdən düşdü. Çin ipəyindən tikilmiş üstü əjdahalı döşəyin üstünə çökdü. Bu, Sultan Yaqubun acığına gəldi.
– Sən hökmdar qardaşının yanında oturursan?
Aləmşahbəyimin ayaq üstündə dayanmağa taqəti qalmamışdı.
– Əvvəl məni öldürəydin.
– Sənə mə’lumdur ki, qız olanda ağzına yastıq qoymaq adəti də var. Bundan da heç kim kefini pozmayıb. Mənsə bacımı istəməsəydim, belə açıq-saçıq danışmazdım. Şeyx Səfi nəsli niyə sümüyünü gətirib bizim sümüyümüzə calayıb? Bir fikirləş. Nə üçün? Hökmdara yaxın olmaq, imkan düşən kimi onun başını bədənindən ayırıb, özü taxtı tutmaq üçün.
Aləmşahbəyim qardaşını eşidirdi. Amma öz ərini görürdü. Heydərin işıqlı aydın gözləri ona baxıb gülümsəyirdi. O, bu gözlərdə xəyanət axtardı. Tapa bilmədi. Yox, orada məhəbbətdən özgə heç nə yox idi.
Sultan Yaqub deyirdi:
– Mən tərpənməsəm, o qılıncını mənim boynuma endirə – cəkdi.
O isə ərinin iri əllərini gördü. Sağ əli ilə belindən açdığı qılıncı divardan asdı, sonra bu əl qartal kimi göydə uçdu və onun qızılı, ənbər qoxulu saçlarına endi. Elə sığalladı ki, bu əlin sığalından bir tük də incimədi.
S
ultan Yaqub danışırdı:
– Ərin məni öldürəndən sonra meyitimin üstündə dayanıb deyəcəkdi ki, gəl bacısı, qardaşını cəhənnəmə vasil eləmişəm. Yol saçlarını.
Amma Aləmşahbəyim yenə ərinin dodaqlarını gördü. Həmin dodaqlar onun saçlarından öpdü. Sonra aşağı sürüşdü, arvadının alnını, gözlərini öpüşlərə qərq elədi. Sonra pıçıldadı.
– Gözümün nuru, başımın tacı...
Qardaşı onu inandıra bilmədi. O, qalxdı. Başını qaldırıb düz qardaşının gözlərinin içinə baxdı.
– O, tac hərisi deyildi. Onun başının tacı vardı. Ölübsə də yenə tac onundu.
– Tac? Hanı onun tacı?
– Qarşında dayanıb. Yaxşı bil ki, onun tacı həmişə hündürdü. Heç vaxt ayaq altına düşməyəcək.
Sultan Yaqub ucaboy, gövdəli cavan oğlan idi. Yeriyəndə yer titrəyirdi. Ağılda, tədbirdə olmasa da boy-buxunda atasına çəkmişdi. Bu nəsildə kişilər qüvvətli, qollu-qabırğalı yaranırdı. Sara xatundan başqa isə bütün qızlar zərif, incə, ucaboy idi. Ucaboy, heybətli, qorxunc Sultan Yaqub zərif, gözəl bacısının başı üstündə dayandı.
– Mənim düşmənlərimə tac olan bacım. Bacı kimi gözümün işığısan. Amma sənin nə ərin olub, nə uşaqların.
Aləmşahbəyim yenə aşağı çökdü. Qardaşının ayaqlarını qucaqladı.
– Qardaş, qurbanın olum, çıxar xəncərini, doğra məni. Ancaq uşaqlarıma toxunma.
– Qurd balası qurd olar.
– Bəs mən. Onlar mənim də övladlarımdır. Məni öldür, o körpələrə qıyma. Bu dünyada hökm versən də, o birisi dünyada cavab verməli olacaqsan. Atalarını öldürdün bəs deyilmi? Körpələr sənə nə eləyib? Axı sən onların dayısısan. Atamız Uzun Həsən nə vaxt belə bir qəddarlıq eləmişdi?
Sultan Yaqub ayaqlarını bacısının əllərindən qurtarıb xeyli gəzindi və fikirləşdi: “Onların atalarının qətlinə mən fərman vermişəm. Onlar böyüyəndə atalarının düşmənini axtaracaq. Bacım övladları dayılarına qəddar kəsiləcəklər. Gəlini gərdəkdə, küçüyü... Bəs o dünyada necə? Bacım da düz deyir. Cavab vermək lazım gələcək. İndi istədiyimiz hökmü veririk, onun cavabını fikrimizə də gətirmirik. Onlar hələ körpədi. Qan üstündə qan eləmək də... Qoy hələ yaşasınlar. Bir-bir böyüyüb ərsəyə çatdıqca onları götürmək çətin deyil”.
– Deyirsən atamız qəddar deyildi. Bəs qardaşımız Uğurlu Məhəmmədi niyə asdırdı?
– O düşmənimizə sığınıb atamızın üzünə qabarmışdı. Bu işdə atamızda heç bir günah görmürəm. O, hansı körpəni öldürmüşdü. Yox, qardaş heç atamıza oxşamaq istəmirsən.
– Uşaqlarına toxunmasam, atama oxşayarammı?
– Oxşayarsan. Yalvarıram, mənim balalarımla işin olmasın.
O dayanıb bacısına baxdı. Onların gözləri bir-birinə sataşdı. Qardaşı gözlərini yayındırdı. “Demək günahkar olduğunu başa düşür. Gözlərimin içinə düz baxa bilmədi. Yumşalıb”.
– Bacı, ərinə görə də belə yalvarardınmı?
– Yox.
– Niyə? – Sultan Yaqub bacısının cavabından xoşlanıb qımışdı.
– O kişiydi və istəməzdi ki, onun arvadı ərinə görə doğma qardaşına da yalvarsın. Amma bala şirindi.
– Yaxşı. Sən deyən olsun. Hökmümü dəyişirəm. Nə qədər ki, mən taxtdayam, onlar həbsdə olacaqlar.
Aləmşahbəyimin ümidi artdı, ürəyi arxayınlaşdı.
– Qardaş, onların ən böyüyünün hələ heç on dörd yaşı da yoxdur. Onlardan niyə belə ehtiyat eləyirsən? Əlləri qılınc tutmur.
– On dörd yaş da bu nəslin övladları üçün bəsdir. Böyük, on dörd yaşlı oğlun Sultanəli artıq Şeyxdi. Müridlər hamısı ona biyət eləyir. Bu qorxu deyil? Tək sənin xətrinə zindana gedəcəklər.
Dostları ilə paylaş: |