– Mən də balalarımla bir yerdə çürüyəcəyəm.
Bir neçə gündən sonra Aləmşahbəyimi də oğlanları ilə bərabər indi salındıqları qalaya gətirdilər.
Artıq dörd il idi ki, həbsdə idilər. Bu qaladan heç yerə çıxmamışdılar. Qalanın qapıları onlara ərzaq gətiriləndə açılırdı. Ən geniş yerləri bürcün üstündəki yol idi, çıxıb gəzirdilər. Tağların arasındakı meydan, su dolu hovuz, bu idi uşaqların dünyası.
Ana-bala bürcün üstündəki yolla gələndə İsmayıl göydə quş səsi eşitdi. Dayanıb əlini gözünün üstünə qoyaraq göyə baxdı. Haça səflə uçan quşlar oxuyurdular.
– Ana, o quşların adı nədi?
– Durnadı, oğlum.
– Onlar uçub hara gedirlər?
– Bağdada.
– Yorulanda hara qonacaqlar?
– Hara xoşlarına gəlsə.
– Qonsunlar da, bura.
– Qaladan Allah da bezardı, bəndə də. Quşların qanadı var. Hara xoşlarına gəlirsə oraya da uçub gedirlər.
Durnalar uçub getdilər. Gözdən itməmiş səfləri pozuldu. Aramla oxunan durna nəğməsi bir-birinə qarışdı.
– Ana, onlara nə oldu?
– Oğul, kimsə yerdə daş çevirdi. Daşı döndərəndə durnalar yollarını itirir. Azırlar.
– Kim çevirdi daşı?
– Nə bilim, oğul. O qədər daş çevirənlər var. İndi fələyin çərxini çevirirlər. O da olsun durnanın nişan tutduğu daş ola.
İsmayıl canıyananlıqla durnalara baxır, onların səfinin düzəlməsini istəyirdi. Əlacı olsa, o çevrilən daşı düzəldər, durnanın qatarını səfə düzər, dəvə kimi ovsarlarından tutub aparardı. Lap Bağdada kimi. Çox eşitmişdi Bağdad barəsində. Gedib görərdi. Birdən durnaların mahnıları əvvəlki kimi aramla eşidilməyə başladı. Onlar da yollarına davam elədilər.
Hovuz olan meydana düşəndə İsmayıl yenə dayandı. Hovuzdan su axıb tökülür, harayasa axıb gedirdi. O, suyun səsinə qulaq asdı. Ona elə gəldi ki, bu səs durnalardan qalıb. Durna mahnısı qırılanda bir parçası bu bulağa düşüb. O, əllərini suyun altına tutdu. Bumbuz idi. Həm də o durna mahnısı kəsildi. Əlini çəkəndə mahnı yenə eşidildi. Gördü ki, bulaq suyu da durna qatarı kimidi. Səsi, mahnısı qalır, özü isə uçub, axıb gedir. İstədiyi yerə, istədiyi səmtə.
Səkinə onları səslədi:
– Atam-anam, süfrə hazırdı.
– Səkinə xala, nə bişirmisən?
– Atam-anam, vətəni yadıma saldınız, anamın xoşladığı bir xörək bişirmişəm, qurutdu xəngəl.
Sultanəli də, İbrahim də süfrə başında oturmuşdular. Analarını görüb qalxdılar. Onun əlindən öpdülər, anaları da onların üzündən öpdü. Oturdular. İsmayıl da məstlərini çıxartdı, gəlib süfrə başında bardaş qurdu.
Səkinə iri məcməyidə xəngəli gətirib süfrənin ortasına qoydu. Qalaylı mis parçda dağ olmuş yağı bir daha xəngəlin üstündə gəzdirdi. Hücrəni qovrulub qızarmış soğanın xoş ətri basmışdı. Onlar yeməyə başlayanda Səkinə çıxıb o birisi hücrəyə keçdi. Bir azdan oradan saz səsi eşidildi. Elə yanıqlı çalınırdı ki... Hamısı əl saxlayıb qulaq verdilər. İsmayıl əllərini silib qalxdı. Bu səs onu əfsunlamışdı. Bayaq gördüyü Savalan da, anasının ağlamağı, durna qatarı, pozulan durna mahnısı gəlib dayandı gözlərinin qabağında. Özü də bu işə heyran qaldı. O çalınan hava hər şeyi təzələyə bilmişdi.
Qapıdan içəri boylandı. Səkinə oturub cürə sazını basmışdı sinəsinə, çalırdı, nə çalırdı. Heç İsmayılın gəlməyindən xəbər tutmadı. Gözlərindən sel gedirdi. Bu yanıqlı hava elə bil o əsirliyə gələndə qırx qızı bir-birinə bağlayan paslı zəncirin cingiltisi, o qızların ah-naləsi idi, taledən şikayət eləyirdi. İsmayıl görürdü ki, Səkinə arvadın özündən, sözündən xəbəri yoxdur. Birdən-birə o havanı dəyişdi. Elə bil qoşunlar löhrəm yerişlə keçib gedirlər. Səkinə arvad isə bu balaca sazla o yollara vurulan paslı kilidləri qırır, yolları açır. Zəncirdən qurtulan qırx qız da onunla bərabər qayıdır. Öz yurdlarına, gözəl Borçalı çökəyinə qayıdırlar. Hamı onları qarşılayır. Amma bu qırx qızı tanıyan yoxdur. Qırx qızın yerində qırx qarı dayanıb.
İsmayıl da bu musiqinin seyrindən divara söykənib heyranlıqla bu əsir, kəniz qadına baxırdı. Deməyəsən o xörək bişirməkdən, paltar yumaqdan, daş döşəmələri süpürməkdən başqa gözəl işlər də bacarırmış.
Havanı çalıb qurtardıqdan sonra başını cürə sazın üstünə qoyub hönkürdü. Sonra yavaş-yavaş özünə gəldi. Yaylığının ucu ilə gözlərini sildi, başını qaldıranda divara söykənən İsmayılı, qapıda Sultanəli ilə İbrahimi, onların başı üstündə Aləmşahbəyimi gördü. Onların hamısının gözlərində kədər vardı. O, ayağa qalxdı:
– Atam-anam, keç günahımdan. Bayaq dərdimi danışdım, sonra evimizdə gördüyüm xəngəldən bişirdim, özümü saxlaya bilmədim. Nə qədər ağlayırdımsa ürəyim boşalmırdı. Bircə dəfə bu sazı çalmaqnan elə bil evimizə-eşiyimizə getdim, atamı-anamı, qardaş-bacımı görüb geri qayıtdım.
– Bəs bizdən niyə gizlədibsən bu sirrini, Səkinə, – deyə Aləmşahbəyim soruşdu.
– Nə bilim, vallah, atam-anam. Birinin xoşuna gəlir, birinin xoşuna gəlmir. Mən nə karəyəm ki, deyəm, saz çalım. Bu dərdin, ələmin içində.
– Çal, həmişə çal, elə saz da bizim kimi dərdlidi.
O, cürəni bir tərəfə qoydu.
– Gedim süfrəni yığışdırım.
– Sonra. Bir hava da çal.
Səkinə utana-utana sazı sinəsinə götürdü. Təzanəni gəzdirib havanın kələfinin ucunu tapan kimi özü də dəyişildi. Elə bil heç kimin görmədiyi yerdə əlləri işləyib dünyanın ən iri düyünlərindən birini açmağa çalışır. Bu anda hər şey yaddan çıxır. Sazın simlərindən qopan hava gah adamı yandırıb-yaxır, gah qanadlandırır, gah mə’yus eləyirdi.
O, çalıb qurtarandan sonra İsmayıl soruşdu:
– Səkinə xala, bu havanın adı nədi?
– Ruhani.
– Niyə ruhanidi?
– Atam-anam, nə bilim. Rəhmətlik atam bu havanı çalıb qurtarandan sonra deyərdi Allah rəhmət eləsin. Deyərdik kimə? Deyərdi şairə. Öz qəzəllərinə, sözlərinə görə onun dərisini soyublar. O, hürufani olub. Aşıqlar da bu havanı onun mərdanəliyinə, igidliyinə qoşublar:
– Şair Seyyid İmadəddin Nəsimi, – deyə Sultanəli dilləndi.
– Nəsimi? O, kimdi? – deyə İsmayıl Sultanəliyə yazıq-yazıq baxdı.
– Sus! – Sultanəli barmağını mehribanlıqla onun dodaqlarına qoydu.
– Onun adını çəkənin dərisini dırnaqdan tutmuş təpəsinə qədər soyurlar.
– Niyə axı? Onun günahı nə olub?
– Sonra bilərsən. O, hürufi şairdi.
– Hürufi nədir? – İsmayıl qardaşının əlindən yapışıb buraxmır, öyrənməyə çalışırdı.
– Bir-iki kəlməylə başa düşmək olmaz. Gərək onun yazdıqlarının hamısını oxuyasan. Əvvəl özümüzü öyrən, sonra.
– Biz kimik?
– Sufi.
– Sufi nədir? – İsmayılın bu sualından sonra anası onun qolundan tutub qalxızdı, çənəsindən yuxarı qaldırdı.
– Nə görürsən?
– Səqf.
– Nədəndi o səqf?
– Daşdan. – İsmayıl təəccüblə anasına cavab verirdi.
– Necə daşdan?
– Kobud.
– Bura nədi?
– Qala.
– Bax, sufilik də budu. Zindandı, zəncirdi, ayaqlarda kündədi. Sufilər də, hürufilər də özlərinə bu dünyada da cəhənnəm qazanırlar, o dünyada da.
Söhbətləri burada bitdi.
Öz hücrələrinə keçdilər. Sultanəli şamları yandırdı. Amma anası görürdü ki, şamı yandıranda əlləri əsir. Amma heç nə soruşmadı. Bilirdi ki, bayaq İsmayıla dediyi söz onun xətrinə dəyib. Anası olduğuna görə cavab verməyib. İbrahim də tutulmuşdu. O, böyük qardaşından iki yaş kiçik idi. Amma hamıdan hirsli, əsəbiydi. Əsəbiliyinin də səbəbi dilinin tutulmağı idi. Danışmaq istədiyi yerdə, dilinə söz gəlmir, o qızarır, pörtür, dili-dodağı əsirdi.
Qapı döyüldü. Sultanəli getmək istədi, amma anası qoymadı. Qapını o özü açırdı. İstəmirdi ki, bəla birdən-birə onun oğlanlarına gəlsin, özünü qabağa verirdi. Keçən illərdə qapıda onu görən silahlı-əbləsəli bir fərraş özünü saxlaya bilməyib çöhrəsi açıq bu qadının gözəlliyinə görə bircə kəlmə demişdi:
– Fətəbərəkallah!
Onun bu kəlməsini eşidib saraya xəbər vermişdilər. Üstündən xeyli keçəndən sonra həmin fərraşı Ərdəbilin mərkəzi meydanında e’dam eləmişdilər. E’lan eləmişdilər ki, o əsilzadə ailələrindən birinin qadınının sifətinə baxıb.
Bu dəfə də özü getdi. Bilirdi ki, qardaşının fitvası ilə oğlanları böyüdükcə bir-bir gedəcək. Odur ki, gecələr də yuxusu ərşə çəkilir. Ərinin xəncərini başının altında saxlayırdı. Yad səsi eşidən kimi, Səkinə də oyanırdı.
İndi qapıda ucaboy, Sultan Yaquba bənzər, əyin-başından saray adamına oxşayan bir nəfər dayanmışdı. Aləmşahbəyim geri çəkildi.
– Sən kimsən?
– Bacı, qardaşını tanıya bilmədin? Aləmşahbəyim diqqətlə baxdı. Məsih Mirzə idi. Aləmşahbəyim onu sancdı.
– Günah bacıda deyil. Qardaş bacının dar günündə görünməyəndən sonra onu necə tanıyasan?
Məsih Mirzə içəri girdi.
– Bacımı, onun balalarını bu gündə görüncə gözlərim kor olaydı – deyib silahlarını çıxartdı. Sultanəlinin yanında dayanan qardaşları da onun kimi, indi sifətini gördükləri dayılarına kinli-kinli baxırdı. – Sizin yanınıza gəlmək olurmu bəyəm. Taxt-tac Yaqubun gözlərini tutub, heç nə görmür. Bura girmək üçün nə qədər vaxtdı əlləşirəm. Əbih Sultan olmasaydı, bura yol tapa bilməyəcəkdim.
Aləmşahbəyim qardaşının gəlişindən sevinsə də, həm də bərk narahat oldu. Aşkardır ki, o bacısını elə-belə görməyə gəlməyib. “Yox, yəqin ki, uşaqlarla işi yoxdur. Nəsə başqa məqsədi var. Əbih Sultanla birləşibsə, bu ayrı məsələdi.”
O, bardaş qurub oturdu.
– Səndən nə yaxşı, qardaş?
– Gəlmişəm də. Dedim, görüm necəsiniz.
– Belə də, günümüz xoş, dövranımız çağ.
Məsih Mirzə hal-əhval tutandan sonra uşaqlara baxdı. Sonra da bacısına dedi:
– Səninlə ikilikdə sözüm var.
– Yaxşı, Sultanəli, keçin o birisi hücrəyə. – Onlar çox könülsüz getdilər. – Hə, eşidirəm, səni, – deyə qardaşının qılıncını kəmər qarışıq cingildədə-cingildədə aparıb pəncərənin qabağından asdı. Məsih Mirzə bardaş qurmuşdu, dizlərinin kündələri şam işığında qızarırdı. Qırmızı atlasdan şalvar geymişdi. Üstünə isə başı kölgə salmışdı. Əllərini də uzadıb dizlərinin üstünə qoymuşdu, iri barmaqları yerdən çıxarılan ağacın rişələri kimi görünürdü.
– Bacı, dərdini təzələsəm də deməliyəm ki, Şeyxin ölümünə fitva verən adamı tapmışam. Üləma Fəzlüllah ibn Rüzbahan Hünəci Yaqubu başdan-beyindən çıxarıb. O, Yaquba, bir də Osmanlı Sultanı Bəyazidə məktublar yazıb. Yazıb ki, Şeyx Cüneyd kimi Şeyx Heydər də ürfan və ruhaniyyət yolu ilə getmək əvəzinə, ölkə və vilayətlər ələ keçirmək istəyirlər. O, üsyanlar başçısıdı, sufi nəsəbdi, xəyanətkardır. Qardaşımız da bu murdar fitnəkara inandı. Ağılsız tərpəndi. Tək sənin yox, həm də öz xətrinə belə iş görməməli idi. Çünki Şeyx Səfinin qurduğu binanı uçurmaq fikrinə düşən ağılsız adamdır. Onun ziyarətinə Hinddən, Çindən, Rumdan, Sərəndibdən1, Hicazdan, Dəməşqdən, Bağdaddan, Bəsrədən gəlirlər. Səfiyyəddinin oğlu Sədrəddinə Məlik Əşrəf Çobaninin gücü çatmadı. Cəlayirlər də ona heç nə edə bilmədilər. Belə adamlara arxalanıb səltənəti möhkəmlətmək əvəzinə, onlara qılınc qaldırdı. İndi ölkənin yarıdan çoxu ona lə’nət oxuyur.
– İndi məndən nə istəyirsən? – Aləmşahbəyim qardaşının bal-
---------------------
1. İndiki Şri-Lanka.
tanı hara çaldığını yaxşı başa düşürdü. Amma fikrini açıq söyləməyini istəyirdi.
– Düzü, səninlə tamam başqa bir işdən ötrü məsləhətləşməyə gəlmişəm.
– Buyur.
– Səni və balalarını bu müsibətdən qurtarmaq üçün bircə yol var. – Məsih Mirzə susdu. Bacısı da dinməyib onun təklifini gözləyirdi. Qardaşı da fikrini deməyə görünür çətinlik çəkirdi. Amma sözünü dedi. – Sən cavan vaxtında oturub qalmayacaqsan ha. Güclü, qüdrətli bir adama getməyə razılıq versən, o səni də, övladlarını da buradan çıxarar, qanadı altına alar.
– Demək mənə elçiliyə gəlmisən, qardaş?
– Elçiliyə yox. Fikrini aramağa. Görüm nə deyirsən?
– Qüdrətli adam da yəqin ki, Əbih Sultandı, elə deyilmi?
– Hardan bildin? Əbih Sultan doğrudan qüdrətlidir. Ölkənin dirəklərindən biridir.
– O dirək qardaşının laxlamış səltənətini saxlasın da. – Aləmşahbəyim elə hirslənmişdi ki, qardaşı olmasa, o divardakı qılıncı onun köksünə sancardı. Amma özünü ələ almaq üçün bütün iradəsini cəm eləmişdi. “İndi də bu taxt həvəsinə düşüb. Ona görə qardaşını da yay kirişi ilə boğmağa, bacısını da kiminsə ağuşuna atmağa hazırdı”.
– Laxlayan dişin çəkilməkdən özgə əlacı yoxdur.
– Demək sən də qardaşının başını yemək istəyirsən.
Söz Məsih Mirzəni tutdu. Fikrə getdi. Səsinə bir az da mehribanlıq verib dedi:
– Başını yemək niyə? Qardaşımız bacısını, bacısının uşaqlarını həbsdə saxlamaqla özünü tamam nüfuzdan salıb. Sən gərək mənə kömək əlini uzadasan.
Aləmşahbəyim yarpaq kimi əsirdi.
– Məni Əbih Sultana ərə verməyin xam xəyaldı, qardaş. Mən öldürülmüş ərimin namusunu dünyanın ən böyük hökmdarına da dəyişmərəm. O ki qaldı mənim sənə köməyimə, mən özüm qolu bağlı dustağam. Həm də bacıyam. Bir qardaşa xeyir-dua verib başqa qardaşın üstünə göndərmək hansı bacının ürəyindən olar?
Məsih Mirzə onun bu sözlərini də sakitliklə qarşıladı.
– Ərə getmək təklifinə bundan başqa bir cavab gözləmirdim. Sağ ol! Halal olsun! Ancaq Şeyxin müridləri mənim tərəfimə keçməsə işlər yaxşı getməyəcək.
– Mən şeyx deyiləm. Neçə ildir ki, bu qəfəsdəyəm. Heç nədən xəbər-ətərim yoxdur. Dur, yoldan gəlib yorulmusan.
– Qayıtmalıyam. Məni gözləyirlər.
“İlahi, axı mən sənin yanında nə günah işlətmişəm? Niyə məni belə bəlalara düçar eləyirsən? O biri qardaş bu körpələri bura salıb ki, qurbanlıq qoyun kimi, böyüyüb əmələ gəldikcə başlarına bıçaq çəkə. Bu da onu yıxsa yenə də onların başını sığallamayacaq”. Sussa da müsibət müsibət üstündən gələcək.
Sultanəli qapının dalında dayanıb onların söhbətini dinləyirdi. Dayısının “qayıtmalıyam” kəlməsindən sonra qapını itələyib içəri girdi. Bayaq salam da verməmişdi.
– Axşamın xeyir, dayı-dedi.
– Bu hansı igiddi, – deyə bacısından soruşdu.
– Böyüyüdü, Sultanəlidi, – deyə narahatlıqla dilləndi. O, istəmirdi ki, onları yaxından tanısınlar. Xüsusən Sultanəlini. Boy-buxunda atasına çəkmişdi. Özü də gecə-gündüz oxuyur, özünü həyata hazırlayırdı.
– Yox, mən Sultanəli deyiləm. Mən Şeyx Sultanəliyəm. Atamın ölümündən sonra Şeyxlik mənə çatıb.
– Maşallah, maşallah. – Dayısı qalxıb onunla görüşdü. Sonra onun iti gözlərinə baxdı və bundan sonra onun əlindən öpdü. Şeyx idi, bütün müridlərin mürşidi bu uşaq sayılırdı. Demək Məsih Mirzə bacısı ilə yox, Sultanəli ilə danışmalıydı.
– Deyir on iki imama yalvarınca, bir Allaha yalvar.
– Dayı, dediklərinin hamısını eşitmişəm. Əgər bizi zindandan qurtarmaqla Şeyx Səfi nəslini öz əlində silaha çevirmək istəyirsinizsə mən buna qəti ziddəm. Niyə, ona görə ki, müsəlman hökmdarların hamısı peyğəmbərin adından danışıb və öz bildiyini eləyib. Şeyx Heydərin övladlarının qeyrətləri varsa özləri-özlərinə əncam çəkəcəklər. Yoxdursa, onda heç.
Aləmşahbəyim oğluna gözlərini ağartdı ki, dinməsin. Amma o öz sözlərini demişdi. Məsih Mirzə də bacısı oğlunun dediklərini eşitmişdi. Amma hələ də inana bilmirdi ki, bu sözləri uşaq dilindən eşidib.
– Bacıoğlu, sizin gücünüzdən istifadə eləyib ölkəni möhkəmləndirmək istəyirlərsə buna sevinmək lazımdır. Amma o nəslin kökünü kəsmək istəyənlər də var.
Ana oğlunun belə odlu-odlu danışdığını eşitməmişdi. Həmişə o, hücrənin bir küncünə çəkilib dəri cildli kitabları vərəqləyirdi. Oxuyurdu, yazırdı, oxuduqlarını yadında saxlamaq üçün vird eləyirdi. Qardaşı İbrahimlə də məşğul olur, onu oxutdurur, yazdırırdı.
İndi birdən-birə beləcə partladı, üsyan elədi. Ana həm sevinirdi ki, oğlu belə cəsarətlidir, ağıllıdır. Həm də qorxurdu ki, dayıları onu tanıdılar.
Hökmdar üçün iki baş mövcud idi. Birinci baş həmişə sinəsinə əyilməli, “bəli, bəçeşm” deməlidir. Əgər bu baş dikəlirsə, ağılla beyindəki fikirləri söyləyirsə, öz fikrini izhar eləyib qarşıdakı hökmdarla razılaşmırsa, onda həmin baş mütləq kəsilib atılmalıdır. Kəsik baş isə danışmır. Hökmdara belə “danışmayan” baş daha xoş gəlir. Çünki o daha təhlükəsiz, daha qorxusuz və zərərsiz idi. Sultanəlinin bu danışığı hökmranlıq eşqiylə alışıb yanan dayısının qəlbində o ağıllı başı təhlükəsiz eləmək e’tiqadı doğura bilərdi.
İsmayıl da gümüş xəncərini belinə bağlayıb gəlib qapıdan baxırdı. Sultanəlinin bir sözü həmişəlik onun ağlında qalmışdı. Gecə yarısı qalxıb başqa otağa keçmək istəyəndə də gərək geyinəsən, yarağını qurşayasan, çünki təhlükə həmişə başımızın üstündədir. O, qapıya yaxınlaşıb baxdı və bayaq gördüyü dayısı onun gözündə nağıllardakı divlərə oxşadı. Bu divin kürəyi görünürdü. Anasının sifətində isə dərin bir narahatlıq vardı.
Məsih Mirzə bir tikə uşağın kamilliyinə heyran qalmışdı. Başa düşmüşdü ki, bacısı onun ərə getmək təklifinə razı olsaydı belə, gedə bilməzdi. Deməli atalarının yerində adam var. “Tanrı, məsləhət özünündür. Mən dediklərim sənə naxoş gəlməsin, bu nəsil nədir bəyəm. Birinin başını vurursan, yerinə ondan da hündürə bir pöhrə qalxır ki, mən buradayam. Bəlkə də bunlara elə bir ruh vermisən ki, ölənin nə’şindən uçub getmir, bu dünyadakı övladlarından birinin bətninə qayıdır. Qardaşım Sultan Yaqub bunu başa düşməyib. Tanrı bu nəslin tərəfindədirsə, onları qırıb qurtarmaq olmaz. Elə mənim kimi onlara arxalanmaq lazımdır. Özləri də çox möhkəm və qorxmazdırlar. Neçə il daş divarlar arasında çürüyən bu uşağı da ələ almaq müşkül işdir”.
Məsih Mirzə dedi:
– Ya Şeyx, bəyəndim səni, sevdim səni. Sənə biyət eləyib-inam gətirirəm. Məni də özünə mürid saya bilərsən.
Qardaşının bu sözlərindən sonra Aləmşahbəyim sevindi, ürəyində bir işıq yandı, günəş boyda oldu, o qəlbin bütün şübhələrini, qorxularını əritdi. Oğlunun ipək kimi yumşaq əlindən tutub qardaşının ovcuna basdı.
– Barış, dayınla. Mehriban danış.
Məsih Mirzə dedi:
– Bərəkallah sənin dərrakənə. Dayının indiki vəziri sənin yanında boş bir qabaqdır. Mən taxta çıxan gün bacım oğlunu sağ tərəfimdə oturdacam.
– Ağqoyunlu səltənətinin vəziri?
– Bəli.
Sultanəli hind buddasını xatırladan, dizinin kündəsi qalxan ortasına oxşayan dayısının yanında ayaqlarını çarpazlayıb oturdu.
– Dayı, bizim nəsildən vəzir çıxmaz.
– Nə üçün. Elə hazır vəzirsən.
– Çünki vəzir tülkü kimi bic, ürəyində “yox” fikirləşib dilində “bəli” deyən adamlardan olur. Bizim ürəyimizlə dilimiz bir olub. Bu isə heç bir hökmdarın xoşuna gəlmir. Onlar yalanı, yaltaqlığı daha çox xoşlayır. Yaltaqlanmasan, fikrini düz desən, onda gərək boynunu qılınc altına verəsən.
Məsih Mirzə tutuldu. “Sultan Yaqub düz fikirləşib. Bunlar vəzirlik yox, hökmdarlıq fikrindədirlər”.
– Mənim vəzirim də, hökmdar fikirli olmalıdır. Amma bir şey də var da, bacıoğlu. Şeyx Səfi nəslinin qəlbində sirr olur, indiyə qədər bir adama açmayıblar. Bəs ürəyindəki həmin sirr niyə dilinizə gəlmir?
– Hə, o ayrı məsələdir. – Sultanəlinin əlində bıçaqla yonub naxışladığı bir çubuq vardı. Həmin çubuğu ortadan qırdı, sonra dayısına göstərdi. – Bir şey yoxdu ki?
– Nə olmalıdı ki?
– Heç nə. Ağacdı da, elə deyilmi?
– Bəli, – deyə Məsih Mirzənin gözləri gəzdi, o təəccüblə baxırdı. Sultanəlinin mö’cüzə göstərəcəyini gözləyirdi.
Sultanəli ağacın bir tərəfini şamın oduna tutdu. Ağac alışdı, çırthaçırtla yanmağa başladı. Məsih Mirzə heç nə başa düşmədi.
– Yanır?
– Yanır.
– Niyə yanır? Biz baxanda bunun ki, içərisində alov yox idi. Amma oda verən kimi alışdı və öz-özünə yanmağa başladı. Demək alovla aşinalıq onun bətnində idi. Nə qədər alova tutmasan o batin idi və yanmayacaqdı.
– Batindəki həmişə alova çevrilir? – Məsih Mirzə sınayıcı nəzərlə Sultanəliyə baxdı.
– O baxır batinə, oradakı sirrin xasiyyətinə. Bizdən həmişə şübhələnirlər. Qorxurlar ki, hökmdar olmaq fikrindəyik. Sən də indi bu barədə düşünürdün. Amma onu bilmirlər ki, biz hökmdarıq. Öz batini fikrimizin hökmdarı. Biz əbədi bir yolun yolçusuyuq, beş günlük şahlıq səviyyəsinə enmərik. Ona görə bizim sövdamız baş tuta bilməz. Anam sizə “yox” cavabı verdi. Mən ondan bundan artıq cavab gözləmirdim. Öz qardaşının qanına qəltan olunmasına fitva verib sizinlə razılığa gəlsəydi, mən öz doğma anamdan ömürlük inciyərdim.
Sultanəli bu sözləri deyib ayağa qalxdı. Bu o demək idi ki, mən səninlə söhbəti qurtardım.
Məsih Mirzə də özünü itirib onunla bərabər qalxdı və yenidən oturmaq istədi. Amma gec idi, özünü itirdiyi də hamıya aydın olmuşdu. Bu körpə uşaqla ağıl mübarizəsində məğlub olmuşdu. O, yerişini də itirdi. O, buraya hökmdar olmaq fikri ilə ayaq basmışdı, sanki tacqoyma mərasiminə gəlir, cəvahiratla bəzənən tacı onun başına bacısı qoymalı idi, amma həmin tacı bacısı oğlu onun başına çırpmışdı.
Keçib qılıncını götürdü. Hücrədən çıxmaq üçün qapıya getdi. Amma qapıya çatmamış dayanıb geriyə döndü və bacısına baxdı.
– Bacı, seçdiyim yolda sənə, sənin qohumlarına arxalanmaq istədim. Görünür qismət deyilmiş. Nə olar, özümə bu qılıncla yol açaram. Buna gücüm çatar. Amma bundan sonra məndən inciməyin.
– Yenə də qılınc, yenə də qan. Ey tanrı, sən bu ana-bacıları niyə yaradırdın? Onların nə günahı vardı?!
O vaxtdan xeyli keçmişdi. Nə Sultan Yaqubdan, nə də Məsih Mirzədən bir xəbər çıxmamışdı. Günlər isə bir-birindən üzücü gəlib keçirdi. Səkinə Aləmşahbəyimin qızılı saçları arasında ağ tüklər görmüşdü. Özünə deməmişdi. Bir kisə xınası vardı. İsladıb gətirmişdi.
– Atam-anam, saçlarına xına qoyum? Aləmşahbəyim hirslənməzdi, özündən çıxmazdı. Heç vaxt Səkinənin üstünə səsini qaldırmamışdı. Ona yazığı gəlirdi. Onun xına söhbətindən sonra özünü saxlaya bilmədi. İçində ilan zəhəri rəngində xına olan üstü yazılı mis camı alıb divara çırpdı. Qab daşa dəyib cingildədi, xına divara yayıldı. Qab isə divar dibi ilə diyirlənib qapının yanında dayandı. Səkinə quruyub qaldı. Nə pis iş görmüşdü ki, onu belə təhqir eləmişdilər? Amma nə səsini çıxartdı, nə incidi, nə də gözünü qaldırıb ona baxdı. Gedib qabı götürdü, əski gətirib divardakı xınanı təmizlədi. Aləmşahbəyim də bu müddətdə peşman oldu.
– Səkinə, mənə xına yaraşır?
Səkinə onun hirsinin səbəbini indi başa düşdü. Onun qabağında çökdü. Əllərindən öpdü.
– Keç günahımdan, atam-anam. Gözəl-göyçəksən, məleykə kimisən, istəmirəm bu gözəlliyinə bir xal düşsün.
Aləmşahbəyim gedib barmaqlığın qabağındakı güzgünü götürdü. Xırdaca, qızıl çərçivəli güzkü idi. Bunu əri rum tacirlərindan bir at qiymətinə almışdı. Əsil Venedikt güzgüsü idi. Güzgüdə onun zənəxdanı, soluxmuş ağ qızılgül ləçəklərinin biri-birinə söykənməyinə oxşayan dodaqları, düz və xırda burnu, badamı gözləri, nazik çatma qaşının üstündəki xal görünüb ötdü. Qızılı saçlarının ayrıcına çatanda güzgünü bir yerdə saxladı. Orada bir neçə tük ağarmışdı.
– Heydər qayıtdı, Səkinə.
– Nə dedin, atam-anam?
– Heydər qayıtdı deyirəm.
– Necə qayıtdı?
– Saçımın ağıyla qayıtdı gəldi Heydər.
SULTANBUDDA TOY
Payızın son ayında Xudafərin körpüsündən keçən Sultan Yaqubun qəflə-qatırı Araz qırağı yolla Beyləqan tərəfə yol almışdı. Qabaqda Sultanın seçmə mühafizə dəstəsinin geyimli-kecimli, bığıburma süvariləri gedirdi. Aralıqda Sultan Yaqub günün altında bərq vura-vura atını yorğa yerişlə sürürdü. Onlardan arxada Venedikt zər parçaları ilə bəzənən kəcavədə Qarabağ gözəlini oturtmuşdular. Səlcuqəşahbəyim xatun da ayrı bir kəcavədə gedirdi O, oğlunu nə qədər eləsə də bu toy fikrindən yayındıra bilməmişdi. Müxtəlif bəhanələrlə illər boyu toyu saxlasa da Sultan Yaqub öz dediyinin üstündə dayanmışdı.
Arxada müxtəlif yüklər daşıyan qırx dəvə zınqırovlarını səsləndirə-səsləndirə gəlirdi.
Haramı düzünə elatlar yaylaqdan təzə qayıtmışdılar. Yağışlardan sonra bu geniş düzəndə ot cücərmiş, xırda ağ çiçəklər də açmışdı. Alaçıqların yanında körpə qumral quzular oynaşır, göz işlədikcə uzanan düzdə sürülər otlayırdı.
Toyun günü ölkənin bütün əyalətlərinə xəbər verilmişdi. Hər yerdə şənliklər düzəltmək üçün mə’murlar qapı-qapı gəzib şallaq gücünə muştuluq vergisi yığırdılar.
Toyun olacağı Sultanbudda Gürcüstandan, Şirvan mahalından, qonşu ölkələrin çoxundan qonaqlar də’vət edilmişdi. Şirvanşah Fərrux Yasarın gəlməyinə ümid az olsa da, hər halda oğlanlarından birini böyük hədiyyələrlə göndərəcəkdi.
Qafilə Beyləqan şəhərinin xərabələrinə az qalmış düzdə dayandı. Fərraşlar əvvəl Sultanın qızıl qübbəli çadırını qurdular.
Qarabağ gözəli kəcavədən düşən kimi öz doğma düzlərini gördü. Yetirib yerdən bir ovuc yovşan qopardı. Burnuna yaxınlaşdırdı:
Dostları ilə paylaş: |