Xudafərin körpüsü "Yazıçı" nəşriyyatı, 1982



Yüklə 2,04 Mb.
səhifə3/31
tarix21.03.2017
ölçüsü2,04 Mb.
#12109
1   2   3   4   5   6   7   8   9   ...   31

Ayğır nəfəs almağa başlayan kimi ayağa qalxdı, Uzun Həsən də onun yəhərində. Bayaqkı qənşər, şux yerişindən əsər-əlamət qalmamışdı. Üstündə yük hiss eləyib şıllaqlamağa başladı. Bir şey çıxmadı. Artıq özünə gəlmişdi. Üstündəki yük onu elə bil ayıltmışdı. İndiyə qədər belə şey görməmişdi. Heç onun üstünə milçək də qona bilmirdi. Mozalan dişləyəndə ağız atırdı. Milçəkləri quyruğu ilə qovurdu. Amma indi belində ağır bir yük vardı. Ağzını atıb dişləmək istəyirdi, cəhənglərini dartan dəmir yüyən onu başını döndərməyə qoymurdu. Ayğır şahə qalxdı, amma üstündəki onu öz ağırlığı, hərəkətləri ilə qabaq ayaqlarını torpağa endirdi. Böyürlərinə iki ağır şey dəydi. Ayğır bu vəziyyətdən xilas olmaq üçün baş götürüb qaçmaqdan özgə çarə görmədi. Götürüldü, yəhərdəki də elə bunu istəyirdi. Yaş, sürüşkən kövşən yerində dəli bir qaçış başladı. Ayğırın dırnaqlarından palçıq parça-parça göyə tullanır, amma onların üstünə düşmürdü. Bu dəli sür’ətə çata bilmirdi.

Uzun Həsən qırğı kimi ayğırın yalına yatmışdı. Artıq onu ipə-sapa yatırırdı. Bir azdan o, sür’əti bir az da artırdı. Həsənin ə’yan-əşrəfi də atlarına süvar olub ona çatmaq üçün çapır, amma yaxınlaşmaq əvəzinə daha da uzaqlaşırdılar. O, ayğırın başını buraxıb xeyli getmiş, ordugahdan uzaqlaşmışdı. Onun üzünü döndərib əks tərəfə dönmək üçün böyük bir qövs cızdı. Yenidən sür’ət artdı. Elə bil Uzun Həsəni ayğırla bərabər mancanaqdan buraxmışdılar. Ən güclü pəhləvanın atdığı ox kimi süzürdülər. Bu sür’ət həm Uzun Həsənə, həm də ayğırın özünə xoş gəlirdi. Daha yəhərdən, yüyəndən süvaridən xilas olmağı da bəlkə istəmirdi. Çünki onu bir bu qədər yol qovan da olmamışdı. İndi var gücü ilə qaçırdı.

Uzun Həsən başını qaldıranda qabaqda böyük bir dəstə gördü. Beynindən ildırım kimi bir fikir keçdi. “Əbu Səidə köməyə gələn qoşun olar”. Belinə əl atdı, amma qılınc bağlamamışdı. Əmudu, təpəri, təbərzini, nizəsi də yox idi. Ayğır isə özünü gələn dəstənin üstünə atırdı. O, yüyəni nə qədər dartdısa da, ayğırın sür’ əti azalmırdı.

Birdən bir səs eşitdi:

– Dayı!

Bu səs ayğırı da diksindirdi. O, şahə qalxdı. Uzun Həsən yüyəni yığışdırdı. Ayğır da sakitləşdi.

– Mənəm, dayı.

Bir atlı ona yanaşdı. Yağışdan qorunmaq üçün başına örtük salmış Şeyx Heydər idi.

– Gəldin?

– Gəldim dayı. Özümlə də on min mürid gətirmişəm.

– On min?

– Bəli. Yolda Əbu Səidə köməyə gələnlərlə də vuruşduq. Beş min əsir tutmuşuq. Bütün arabaları qənimət almışıq.

– Bərəkallah, bacıoğlu. Səni ordugahda gözləyirəm. O, atın başını döndərdi ordugaha tərəf, yüyəni buraxdı. Ayğır götürüldü. Yolda onun dalınca çapanların yanından keçib öz alaçığına çatdı, ayğırı saxladı. At bu dəfə də şahə qalxdı. Amma yorulub sakitləşmişdi. Ayaqlarını yerə qoydu, Həsən tullanıb yəhərdən düşdü. Nökər-naiblər atın cilovundan yapışdılar.

– Aparın gəzdirin, təri soyusun, – dedi.

Alaçığın qabağında on səkkiz, on doqquz yaşlı oğlu, boy-buxunda, sir-sifətdə atasına oxşayan Uğurlu Məhəmməd dayanmışdı. O, atasını görüb yaxın gəldi, əlini sinəsinə basıb baş əydi.

Sənin işini mən görürəm də, oğlum, – deyə ona zarafat elədi. Amma zarafatı ciddi dedi.

– Atayi mehriban, sənin işini görmək dərəcəsinə yetişməyimə hələ çox var.

O əlini oğlunun çiyninə qoydu

– Sən mənə oxşayacaqsan. Buna gün kimi inanıram. Ora bax, deyə bir az yuxarı qalxmış buludları göstərdi, – görürsən, buludlar günəşin qabağını kəsib. Amma bulud nədi, heç nə. O əriyib gedəcək. Günəş isə elə günəşdi.

Birdən onun gözünə bir dəstə qaz göründü. Buludların arasında qanad çala-çala ordugaha yaxınlaşırdılar.

– Tez, yay-oxu, alaçıqdan bura gətir. Özününkünü də götür.

Uğurlu Məhəmməd alaçıqdan atasının və öz yay-oxlarını gətirdi.

– Oğul, o qazları görürsən də.

– Hə, üç qazdı. Qabaqdakını mən nişan alıram, arxadakını sən. Xeyli vaxtdı Bozağoğlundan dərs alırsan. Görüm necə atırsan.

Atası oğlunu həvəsləndirdi. Hər ikisi oxlarını hazırladılar. Qazlar uçub onların başı üstünə gələndə arxasında lələk olan oxlar yaylardan ayrıldı. Vıyıltı ilə yuxarı uçdu.

Ordugahdan heyrət nidaları qalxdı. Qazların ikisi də sinələrindəki oxlarla bərabər hərlənə-hərlənə gəlib yerə düşdü. Ata oğlunun qolundan tutub alaçığa apardı. Ata keçib taxtında oturmadı. Alaçağın ağzında palçıqlı məstlərini çıxartdı, naxışlı yun corabda xalçanın üstü ilə keçib döşəkçənin birinin üstündə bardaş qurdu. Oğlu da məstlərini çıxartdı. Ayaq üstündə qaldı.

– Gəl görüm, otur yanımda. Səninlə məsləhətləşmək istəyirəm.

– Eşidirəm, atayi mehriban.

– Şeyx Heydər on min müridlə bizim köməyimizə gəlir. Bizim qüvvəmiz artır. Əbu Səidin əli-ayağı bağlanır. Biz indi ona rahatlıq versək, özümüzə qəbir qazarıq. Səni bir minbaşı kimi səfərə göndərmək istəyirəm. Gecəylə hücuma keçib düşmənə ağır zərbə vurub qayıdacaqsan. Görüm sərkərdəlik qabiliyyətin də ox atmağın kimi olacaqmı?

Baş üstə, atayi mehriban. Mən hazır.

– Yüzbaşıları özün seç.

Bununla da ata ilə oğulun söhbəti qurtardı. Uğurlu Məhəmməd qalxdı. Elə çıxdı ki, arxası atasına tərəf düşmədi.

Bir aya yaxın çəkən yağışlar bir gecə qara çevrildi. Səhər hər tərəf ağ bir örtüyə bürünmüşdü. Sultan Əbu Səid qalxıb soyuq çadırda gərnəşdi. Yorğanı üstündən atıb isti paltar geyindi. Yaxasına, ətəyinə, qollarına samur xəzi tikilmiş xorasan kürkünə bürünüb çadırdan çıxdı. Yanı ilə onu kölgə kimi izləyən adamlara əhəmiyyət vermədən yeriyirdi. Ordugahın arasında iri bir şeyin üstünə qar yatmışdı və nə olduğu bilinmirdi.

– Bu nədi belə?

– Fildi, Sultani əzəm. Ölüb.

– Fil ölüb?

– Bəli. O isti yerin heyvanıdır. Qarabağın soyuğuna dözmədi.

– Soyuğuna yox, aclığa. Bütün günahlar səndədir, vəzir. Məni bu tələyə salan sənsən. Qarabağı da vermirdik, babamın iyini almağa gəlirdim. İndi fil leşinin iyini alarıq. Səltənəti sən məhv elədin.

Sara xatunu Əbu Səidin çadırına gətirən, sonra sultanın qulağına pıçıldayan vəzirin bu sözdən sonra dişi-dişinə dəyirdi. Soyuq da tə’sirini göstərirdi. O Xorasanda belə soyuq görməmişdi. Üç gün dalbadal əsən külək birdən-birə qar gətirmişdi.

– Nə oldu elçilər?

– Elçilər əliboş qayıdıb.

– Necə? Qarabağı da, Azərbaycanı da, İraqi Əcəmi, İraqi Ərəbi, lap Reyi də veririk, Uzun Həsənin gözü doymur? O ki bizdən bir buranı istəyirdi.

– “Yox” deyib durub.

Ordugahdakı çadırlardan çıxan yox idi. Sultan elə bildi ki, qoşundan salamat qalanlar da onu tərk edib. Çadırlardan birinə girdi. Səsini çıxartmadı. Silahlı-əbləsəli oturub yuxuya gedənlərdən heç biri yerindən qımıldanmadı. Vəzir qışqırdı:

– Sultanı görmürsünüz?

Heç kimdən səs çıxmadı. Vəzir qapının yanında oturan əsgəri təpiyi ilə itələdi. Əsgər yıxıldı, başından dəbilqə, düşüb o biri əsgərin sinəsindəki qalxan şəkilli zirehə dəyib cingildədi. Amma nə yıxılan, nə onun toxunduğu qımıldanmadılar.

– Sultani əzəm, çıxın buradan. Vəba...

Sultan geri qayıtdı.

– Ölənlər də, xəstələr də yandırılsın!

– Baş üstə, – deyə əmirsipəhsalar dindi, amma sözünü dəyişdi.

– Odun yoxdu, Sultani əzəm.

Əbu Səid çadırına qayıtdı. Əmirsipəhsaları çağırıb qulağına nəsə pıçıldadı. O, çıxdı. Vəzir Sultanı danışdırmaq istədi, amma onun danışmağa həvəsi qalmamışdı. Bir azdan əmirsipəhsalar beş nəfər silahlı əsgərlə çadıra girdi. Vəzir deyəsən bütün bunların onun əleyhinə olduğunu görüb gah əmirsipəhsalara, gah da sultana baxdı. Özü qıc kimi olsa da, gözləri yerində oynayır, o tərəf bu tərəfə qaçırdı. Sultan üzünü əmirsipəhsalara çevirdi.

– Deyəsən vəzirimiz məşhur nəsildəndir.

– Bəli, Sultani əzəm, Barmakilərdəndir.

– Yalan desən də inanırıq. Barmakilərin kökü çoxdan kəsilib. Bir də onlar belə ağılsız məsləhət verməzdilər. Hər halda əsilzadəsən – Sultan bu sözdən sonra taxtının yanından asılmış yayını götürüb baxdı. Ucları ceyran buynuzundan düzəldilmişdi. Tutacağı qızıldan idi.

– Bu heyifdi. Bir yay gətirin, kirişi yoğun olsun. Vəzir Sultanın qabağında diz üstə çökdü, ona tərəf süründü.

– Sultani Əzəm, mən bütün Qaraqoyunlu mülkünü öz mülklərimizə qatmaq üçün belə məsləhət vermişəm. Mənə rəhminiz gəlsin. Mən sizə həmişə sədaqətlə qulluq eləmişəm. Şirvanşaha göndərdiyim elçilər qayıtsın, hər şey yaxşı olacaq. İnandırıram sizi.

– Şirvanşah?.. Nə vaxt göndərmisən?

– Bir həftədir. Bu gün gələcək.

Sultan çadırın açıq qapısından baxdı. Gördü ki, bir atlı çapa-çapa gəlir. Atdan buğ qalxır. Onun ata paxıllığı tutdu. Gör necə canı istidi ki, buğlanır. Mən bu qədər paltarın içində donuram. Atlı gəlib çadırın yanında yəhərdən aşırıldı.

– Gəldi, elçi, gəldi elçi. – İcazə verin içəri gəlsin.

– Gəlsin.

Elçini çağırdılar. O, içəri girib əlini döşünə qoyub baş əydi, belindəki əyri qılınc qalxıb çadıra toxundu.

– De görək nə xəbərlə gəlmisən?

– Bəd xəbərlə gəlmişəm, Sultani əzəm. Şirvanşah...

– Hanı məktubu?

– Məktubu yazmağı da lazım bilmədi. Dilcavabı buyurdu. Dedi ki, bəs mən Sultan Əbu Səid həzrətlərinə həmişə kömək eləmək istəyirdim. Babam da onun babasının sayəsində hökm sürmüşdü. Amma qorxuram. Uzun Həsən məktub yazıb. Yazıb ki, baban Şeyx İbrahim Teymurləngə hədiyyənin hamısını doqquz dənə aparmışdı, qulu səkkiz. Əmir Teymur soruşanda ki, qul niyə səkkizdi, demişdi, mən də doqquzuncu. İndi nə Əbu Səid Teymurləngdir, nə sən Şeyx İbrahim. Ona ərzaq göndərsən, qoşun versən, kömək eləsən, Şirvanı yerlə-yeksan eləyəcəm.

– Sən mürəxxəssən.

Elçi getdi. Vəzirin rəngi çadırın parçası kimi ağarmışdı. Bu vaxt yay dalınca gedən əsgər qayıtdı. Sultan əmirsipəhsalara işarə etdi.

– Mənim gözümün qabağında. Qədim adətimizlə yayın kirişiylə. Qoy bu satqın mənim ölümümü yox, mən onun ölümünü görüm. Əmirsipəhsalar əsgərlərə işarə elədi. İkisi vəzirin qollarını burdular. Əmirsipəhsalar arxa tərəfində dayanıb yayın kirişini onun hulğumuna söykədi, yayın əyri uclarından tutub var gücü ilə özünə tərəf dartdı. Vəzirin gözləri hədəqəsindən çıxıb çevrildi, bir neçə andan sonra onun qolları boşaldı, rəngi qaraldı.

– Hazırdı, Sultani əzəm.

– Görürəm. Sürüyün meyitini atın düzün ortasına. Canavarlar...

– Sultani əzəm, axı o əsilzadə nəslindəndi, müsəlmandı.

– Yaxşı, nə eləyirsiniz, eləyin. Qoy bu işi əsgərlərin görsün. Səni özgə yerə göndərəcəm.– Əsgərlərdən ikisi vəzirin meyitini büküb apardılar. O birilər də çıxdı.

Sultan gedib taxta oturdu, sifətini ovucları arasına aldı. Xeyli fikirləşdi, sonra fikirlərinə qarşı elə bil üsyan elədi. Ayağa qalxdı.

– Haradasan, ulu baba, haradasan? Ya bizi yaratmayaydın, ya da öz ağlından bizə də verəydin. Sən dünyanın ən böyük hökmdarlarını əlində oyuncağa döndərmişdin, indi mən, sənin nəvən bir tərəkəmə bəyinin əlində əsir-yesir qalmışam. Diril, başını qaldır, mənə bir yol göstər.

Əmirsipəhsalar quruyub qalmışdı. Sultanın acizliyi onun bütün ümidlərini qırmışdı. Amma bu dar macalda ona kömək eləmək istədi.

– Ya Sultani əzəm, bir çıxış yolu var.

– Hanı o çıxış yolu!

– Salamat qalan qoşunu yığaq, Xudafərin körpüsündən keçək.

– Yox, əmir. Mən bir bəyin qabağından qaçmağı qeyrətimə sığışdıra bilmirəm. Məni o Şeyx Heydərin cəddi bu kökə saldı. Babam onlara biət eləmişdi. Nəzir-niyaz verirdi. Mən bu keçisaqqala uyub onun sözünü yerə saldım. Mənə bu da azdır. Anamı bura çağırın.

Bir azdan sultanın anası onun çadırında idi. Qollarını qoynuna qoymuşdu. O, Sara xatundan yaşlı olardı, arıq, ucaboy, sifətində qırışlar yol salmış qadın idi. Sadə geyinmişdi, üstündə heç bir bəzək-düzək yox idi.

– Anamdan başqa hamı çıxsın.

Soyuq çadırda ana və oğul qaldı.

– Vəziyyətimizdən xəbərin var? Heç bir çıxış yolu yoxdu. Uzun Həsənin gücü mənim gücümdən xeyli çoxdur. İstəsə günü bu gün hamını qılıncdan keçirər. Bir heyfi yadından çıxarda bilmir. Mən onun anasını “yox” cavabı ilə yola salmışdım. Bilir ki, mənim də anam yanımdadır. Sən hazırlaş, Sara xatunun yanına get. De ki, mən kişilərlə yox, Sara xatunla görüşməyə gəlmişəm. İkiniz də anasınız. Danışın, o səni başa düşər. Alicənab qadındır. Sonra da Ərdəbil şeyxinin nəzirini apar. De ki, Teymurdan bəri neçə illərdi biz babanın türbəsinə nəzir verməmişik. Gətirmişəm. O nəsillə oyun oynamaq olmaz, mən oynadım. Bu da axırı.
Bizə yol versinlər, keçək gedək yurdumuza. Cəhənnəm olsun Qaraqoyunlu mülkündən gələcək xeyir... Mən bir də üzümü bu tərəflərə tutmaram. Dilini Sara xatun kimi şirin elə. De ki, köhnə dostluğu təzələyək. Qohum da olarıq. Uzun Həsənin gərək ki, qızı olmamış olmaz... Mən lap ağlımı itirirəm.

Anası oğlunun acizliyinə acıdı.

– Oğul, Teymur nəslindən bir xatun, düşmən qapısına gedib iltimas eləməyib.

– İndi ayrı zamandı, ana. Onlar göndərmişdi, mən də göndərirəm. Əvəz-əvəz. Uzun Həsən də daha bəy deyil. O sultanlıq qazandı. Sultan Uzun Həsən... İstəyirsən məktub da yazım.

– Oğul, bir ölümdən ötəri səltənətimizin şərəfini ayaq altına atmaq bizə yaraşmaz. Məktub yazma. Mən Sara xatundan özgə heç kimlə görüşən deyiləm.Bu sözləri də öz bildiyim kimi... Yenə sənin xətrinə...

Uzun Həsənə deyəndə ki, bir qadın elçilərlə onun yanına gəlir, əlini göylərə qaldırdı:

– Şükür sənə tanrı. Ulduzumuzun işığı varmış, o hələ sönəsi deyilmiş. Məni xəcalətdən də, dar ayaqdan da qurtardı.

Elçiləri alaçığa gətirdilər. Parança geymiş qadın ayaq üstündə qaldı. Onunla gələn əmirsipəhsalar tə’zim edib Uzun Həsənə dedi:

Sultan Uzun Həsənə, Sultan Əbu Səiddən salamlar var. Anası möhtərəm ananız Sara xatunla görüşməyə gəlib.

Uzun Həsən artıq onun sultanlığını qəbul etmiş Əbu Səidin razılığını, təsdiqini bildirən bu xəbərdən xeyli məmnun oldu. Hələ, Təbriz taxtına çıxmamış, özünü sultan e’lan eləməmiş, adından sikkə kəsdirməmiş, xəlifənin onun adını xütbəsində yad etməmiş bu adı qazanmışdı. Göstəriş verdi.

– Ananı anamın çadırına aparın.

Sara xatun onu böyük ləyaqətlə qarşıladı. İkisi yanaşı oturdular. Söhbət qızışdı.

Əbu Səidin anası dedi:

– Yaxşı bilirsən ki, mən Teymur nəslindənəm. Məni öz ayağınıza gətirməyiniz o nəslə hörmətsizlikdən başqa bir şey deyil.

Sara xatun ağ birçəyini çənəsinin altında birləşən qızıl arpa zəncirin altına saldı.

– Əvvəla çağırmamışıq. Özün gəlmisənsə, xoş gəlmisən, gözümüz üstündə yerin var. Bir də ki, ay bacı, fələyin nərdivanı yaman şeydi, qaldırdığı kimi endirməyi də var. Heç kimdə borc, heç kimdə qisas qoymur. Mən keçən dəfə gələndə Teymur qapısına ehtiyacdan gəlməmişdim. Biz onda ölümə də hazır idik. Birdən-birə hər şey döndü. Oğlun otu qurumuş Qarabağı da bir qışlığa bizə qıymadı.

– O vəzirin fitvasıydı, o da öz cəzasına çatdı. İndi Qaraqoyunluların bütün mülklərini, taxtı-tacı ilə bərabər oğluna verir oğlum. İndi nə istəyir?

.– Yox, elə deyil. Teymurləng rəhmətlik sağ deyil ki, onun ağzıyla danışalar. O səltənəti oğlum alıb. Sultan Əbu Səid vermir. İmkanı olsa verməzdi də. Hər ikimiz anayıq. Sənə öz oğlun, mənə də öz oğlum əzizdir. Heç vaxt məsləhət görməzdim ki, oğluma səltənət bağışladığınızı deyəsiniz. Səltənəti oğlum qılınc ilə qazanıb. Bu torpaqlara da Xorasandan gəlib sahib çıxmaqdansa, Təbrizdə oturan tərəfindən idarə olunmağı daha düzgün yoldu. Buna mənim oğlumun haqqı, sənin oğlunun haqqından çoxdur.

– Teymur sağ olanda belə danışmırdınız. Şahruxun vaxtında da səsiniz çıxmırdı.

– Daha bəsdi də, nə qədər dözmək olar.

Sizin nəsil ki, Teymurun xidmətində olub.

– Bəli, olub. Oğlun həmin dostluğu bizdən qabaq yaddan çıxarıb.

– İndi nə deyirsən? Qonağı belə qarşılayarlar. Mənim oğlum səni belə qarşılamamışdı axı.

– Düzdü. Ancaq deyilən sözün cavabını alırlar. Sultan Əbu Səid oğluma qılınc bağışlamışdı. Qınından çıxmayan qılınc. Demək istəyirdi ki, sənin qılıncın qında pas atmalıdı.

Anaların söhbəti baş tutmurdu. Sara xatun da yumşalmaq, ona yaxşı sözlər demək istəyirdi, amma heç nə alınmırdı.

Əmirsipəhsalar örtüyün arasından çıxardığı tacı aparıb Uzun Həsənə uzatdı və tə’zim edərək dedi:

– Bu sultanlıq tacını Sultani əzəm, Əbu Səid sənə göndərib.

Uzun Həsən tacı götürmədi:

– Hədiyyəni geri qaytarmaq adətdən kənardı. Amma mən Sultan Əbu Səidin bəylərbəyisi deyiləm ki, başıma tacı o qoysun. Mən o tacın ağırlığından artıq qurtarmışam,– dedi.

Elçiləri yola salandan sonra Uzun Həsən ə’yani-əşrəfini yığdı. Anası sağ tərəfində, Şeyx Heydər sol tərəfində oturmuşdu.

– Əbu Səid bizim əlimizdən heç yana qaçıb qurtara bilməyəcək. Mən hamının fikrini bilmək istəyirəm. Süleyman Bicanoğlu, söz sənindir.

Süleyman Bicanoğlu onun cavan sərkərdələrindən idi.

Bardaş qurub oturmuşdu. Hökmdarın sözündən sonra ayağa qalxdı.

– Düşməni basmışıq, kəsmək bir göz qırpımının işidi. İndi biz nə eləməliyik? Əlimizi saxlamalıyıq, yoxsa?.. Elə bilirəm ki, Teymur övladına əl qaldırmaq günahdı. Onu hörmət-izzətlə yola salmaq yaxşı olardı.

Süleyman Bicanoğlu oturan kimi onun yanında, bığ yeri təzə tərləyən, amma boy-buxunda nataraz Əbih Sultan söz istədi. Onun da atası Diyarbəkr bəylərindən idi. Böyük bir dəstə ilə Uzun Həsənin xidmətinə gəlmişdi.

– Həsən bəy, biz Əbu Səidi əhli-əyati ilə Xorasana göndərsək, oradan üstümüzə yüz minlik ordu gələcək. Əgər tək başına göndərsək, onda ağlaşma səsiylə göz yaşından özgə heç nə eşitməyəcəyik.

Danışanlar çox oldu. Hamısı da bu iki fikirdən birinin tərəfini saxlayırdılar. Sara xatun oturduğu yerdən danışmağa başladı.

– Ey Ağqoyunlu övladları. Cahan şah basılanda hamınız sevinirdiniz. Sevindiniz ki, qədim qan düşmənindən intiqam aldınız. Hələ, heç biriniz Qaraqoyunlu səltənətinin dönüb ağqoyunlu səltənəti olduğuna inanmırdınız. Çünki Teymur nəvəsi Əbu Səid üstümüzə gəlirdi. Onu Şeyx Heydərin ağıllı, müdrik məsləhəti ilə bu günə saldınız. Ağqoyunlu sülaləsi vardı. Amma bu gün o sülalənin oğlu Uzun Həsənin qarşısında sultanlıq taxtı boşdur. Ağqoyunlular hələ belə yüksək məqama çatmamışdı. Burada oturan bəylərin hamısını böyük işlər gözləyir. Hər biriniz bir vilayətin hökmdarı olacaqsınız. Dərbənddən başlamış Bağdada, Diyarbəkrdən tutmuş Xorasana qədər olan bir ölkə sizin ixtiyarınızdadır. Onu əldə möhkəm saxlamaq igidliyinizdən, sədaqətinizdən çox asılı olacaq. Düşmən əlinizdədir. Bir hücumla ələ keçirə bilərsiniz və keçirməlisiniz. Düşməni əldən qaçırsanız sonra çox qan töküləcək. Mən deyirəm ki, Sultan Əbu Səid tutulub girov saxlanmalıdır. Onu Şeyx Heydərin müridləri Ərdəbildə saxlayar. Qoy ömrünü ibadətlə başa vursun.

Uzun Həsən anasının sözlərinə qüvvət verdi.

– Axırıncı döyüşü Şeyx Heydərə və onun qazi-müridlərinə tapşırıram. Bacım oğlunun mükafatı böyükdür. Ən böyük mükafat isə... – O bir an susdu. – Qızım Aləmşahbəyimlə Şeyx Heydərin toyu Əbu Səid tutulandan sonra başlayacaq.

Əbih Sultan yerində qurcuxdu. O, Aləmşahbəyimi görmüşdü və gözəlliyinə heyran qalmışdı. Həm də Uzun Həsənin damadı-kürəkəni olmaq ona daha geniş yollar aça bilərdi. Amma bu imkan əldən çıxdı.

Şeyx Heydər qızardı və başını aşağı dikdi. Sonra ayağa qalxıb dayısına baş əydi.

– Müridlərim hazırdı. Əbu Səid sənin qulluğunda qolubağlı qul kimi dayanacaq...

Bu qələbəni Şeyx Heydərlə Aləmşahbəyimin toyu ilə şənləndirdilər. Uzun Həsənin qızı əri ilə Ərdəbildə qaldı.

İki atlı dağlardan enib Ərdəbilə gedirdi. Onlardan biri Şeyx Heydər idi ki, xeyli yaşlaşmışdı. Toy günündən on ildən artıq bir vaxt keçirdi. Sifətini qara saqqal və bığ örtmüşdü. Sifətindəki uşaqlıq cizgiləri itmiş, o kişiləşmişdi. Qətiyyət indi onun çöhrəsinə daha çox yaraşırdı. Qiyafəsində də dəyişiklik vardı. Şeyxliyi təkcə çalmasından bilinirdi. O, daha çox pəhləvana və cəngavərə oxşayırdı. Çiyinləri enləşmiş, əlləri irilib kobudlaşmışdı. Qollarının əzələsi böyümüşdü.

Bu on ildə çox dəyişiklik olmuşdu. Sara xatundan sonra Ağqoyunlu dövlətini yaradıb və möhkəmləndirən, Avropada fütuhatla məşğul olan Fateh Sultan Məhəmmədlə belə iki dəfə böyük meydan müharibəsi aparan Uzun Həsən ölmüşdü. Taxta da oğlu Xəlil keçmişdi.

Şeyx Heydər elə bu barədə fikirləşirdi. Dayımın hər işdə bəxti gətirsə də övladda, ələlxüsus oğlanlarda bəxti gətirmədi. Böyüyü Uğurlu Məhəmməd əvvəllər atası ilə danışanda qız kimi pörtüb qızarırdı. Sonra onun sağ əli, sərkərdəsi oldu. Yaman yeyənin olsun, yaman deyənin olmasın. Acı, zəhərli ilan dillər onu yolundan çıxartdı. Atasının üzünə ağ oldu. Qaçıb Fateh Məhəmmədə sığındı. Onun qızı ilə evləndi. Uzun Həsənin ürəyi partlamasın, nə eləsin? Qırxı çıxmamış Səlcuqəşahbəyim oğlu Xəlili taxta çıxartdı. Rəhmətlik Sara xatun deyərdi ki, bu səltənəti Səlcuqəşahbəyim dağıdacaq. Budur, bu gün də müridləri Şeyx Heydərə xəbər gətirmişdilər ki, Səlcuqəşahbəyimin kiçik oğlu Yaqub qardaşı Xəlili öldürüb, onun yerinə keçib. Anası da bir gözü ilə şəhid olmuş oğluna ağlayır, bir gözü ilə isə kiçik oğlunun qurğusuna görə gülür. Yaqub Mirzə indi olub Sultan Yaqub.

Hələ cavanlıqda onunla Yaqubun söhbəti tutmamışdı. Dayısı oğluna əlifba öyrədir, təhsil verirdi. Heç vaxt da onun tapşırıqlarına əməl eləmirdi.

– Dayıoğlu, oxu, öyrən, lazım gələr.

– Mən sultan oğluyam. Əvvəl-axır, mən taxta çıxacağam. Şah, hökmdar oğlu doğulmayanlar dərd çəksin.

Heç vaxt onun sifətində özünə qarşı mehribanlıq görməmişdi. İndi o, qardaş qatili hakimiyyətə keçib. Bundan sonra bibisi oğluna da kəm baxacaq.

Şeyx Heydər isə öz işini bilən adam idi. O, gününü hücrələrdə keçirmirdi. Bilirdi ki, vaxt gələr, onu da atası Cüneyd kimi Ərdəbildən didərgin salarlar. Çünki bu nəslin hörməti çox vaxt hökmdarların hörmətindən üstün olub. Hökmdarlar onların ayağına gəlib, onların əllərini öpüb, onlardan xeyir-dua istəyib. Bə’zi hökmdarlar isə onları sevməyib, səltənət içində səltənətə öyrəşə bilməyib. Qaraqoyunlular Şeyx Cüneydi buradan didərgin salma-mışdılarmı? Məcbur olub Diyarbəkrə, oradan Qaramana, Zülqədər oğullarına getmişdi. Uzun Həsənin atası Cahangir bəy onunla ülfət bağlayıb qızını da ona vermişdi. Bu on ildə Şeyx Heydərin hörməti də, şöhrəti də xeyli artmışdı. Uzun Həsən Fateh Sultan Məhəmməddən sonra dünyanın ən böyük dövlətinin başçısı idi. Onunla qonşu ölkələrin hökmdarları qohum olmaq üçün hər şeydən keçərdilər. O isə qızını Ərdəbil şeyxinə vermişdi. Həm səltənət, həm də baba şöhrəti onun hörmətini, şanını-şöhrətini artırır, səfəviyyəyə qoşulan müridlərin sayı gündən günə artırdı. Darül İrşada yığılan nəzir-niyaz padşah xəzinəsinə yığılan gəlirlərə yaxınlaşırdı. Bu qədər əmlakı kasıblara, fəqir-füqəraya paylamaqla qurtarmaq mümkün deyildi. Şeyx Heydər həmin pulla çoxlu silah alıb yığırdı. Özünün nəhəng qurxanası vardı ki, onunla bir dəfəyə iyirmi min müridi silahlandıra bilərdi. İlxıları alıb artırırdı ki, süvarinin sayı çox olsun.

İndi də dağlardakı düşərgədən qayıdırdılar. Müridlər orada məşq keçir, silah oynadır, at çapır, ox atır, hərbin sirlərini öyrənirdilər.

Heydərlə yanaşı gedən adam onun dostu Hüseyn bəy idi. O da şeyx yaşda, ancaq ondan bir az arıq, dirigözlü, qırğıbaxışlı cavan idi. Şeyxin müridləri ordusunun əsas sərkərdələrindən idi.

Hüseyn bəy dilləndi:

– Nə fikrə getmisən, Şeyx.

– Dünya gözlərimdə beş qara axçadan da dəyərsiz görünür. Deyirəm, gör kimin yerinə kim gəlir. Ağac ağacdı, kəsirsən, pöhrə verib yenə elə həmin ağac olur. Meyvəsi, barı da həmin. Amma insan niyə belədi. Oddan kül törəyir. Uzun Həsənin oğlu Uğurlu Məhəmməd atasına, elinə-gününə satqın çıxır. Bir qardaş taxt üstündə o birisini öldürür.

– Şeyx, sən ki dünyanın gərdişini yaxşı bilirsən. Odur, Teymurun övladları da atalarına oxşaya bilmədilər.

– Bunun sirri nədədir?

– Qadında, – deyə Hüseyn bəy dilləndi. Kişi nə qədər kamil, güclü olsa da, o qadın zəifliyi ilə birləşir. Bu ikisinin birliyindən yaranan nə qədər ataya oxşayırsa, bir o qədər də anaya oxşayacaq.

– Sənin sözlərində də həqiqət var. Doğrudan da Səlcuqəşahbəyim Uzun Həsənin tayı deyildi. Yaqub Mirzə də, atasından çox anasına çəkib. Başlayacaq bizi burunlamağa. Darül İrşadın şöhrəti onu dəli eləyəcək. Onsuz da mənim atamın qatili Şirvanşahla qohumdur.

– Bəli, acıdı, ancaq həqiqətdi.

Şeyx Heydər yorulmuşdu, tezliklə evə qayıtmaq, Aləmşahbəyimin keyfini soruşmaq, oğlu Sultanəli ilə oynamaq, yorğunluğunu unutmaq istəyirdi. Amma bu xəbərdən sonra keyfi pozuldu. Atın başını çəkdi:

– Geri qayıdıb şəhərdən çıxaq – dedi.

Hüseyn Lələ bəy bir şey demədi. Onlar dar küçələrdən çıxıb gəldikləri yolla qayıtdılar, bir cığıra dönüb təpədəki qayanın üstündə bitən palıd ağacının yanına gəldilər. Atlardan düşdülər. Daha doğrusu Heydər nə edirdisə Hüseyn bəy də onun hərəkətlərini təkrarlayırdı. Heydər qalxıb palıdın altında, qayanın üstündə oturdu. Buradan Ərdəbil ovuc içi kimi görünürdü. Uzaqda Darül İrşadın kaşı günbəzində günəşin işığı bərq vururdu. Heydər bir az fikirləşib belindən xəncərini çıxardı. Baş barmağına çəkdi. Qan çıxdı.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin