“Xürrəmilər” hərəkatı haqqında yazanların əksəriyyəti ərəb tarixçiləri olub. Ərəb Xilafətinə qarşı yönəlmiş bir hərəkat barədə onlar ürək dolusu, müsbət fikirlər yaza bilməzdilər. Əbül- Müzəffəri İsfərayini “Ət- təbsir fi- d- din və təmyizəl- firqət- əl- naciyyəti ən firəq il- halikin”adlı kitabında yazır: “Xürrəmilər iki dəstəyə bölünürlər: onlarda biri İslam dövlətindən qabaq yaşamış məzdəkilərdir ki, haram işləri halal bilirdilər və deyirdilər ki, qadınlara və mal dövlətə şərikdirlər. İkinci dəstə İslam dövründə meydana gəlmiş Xürrəmilərdir ki, bunlara da Babəkilər və ya Məzyarlılar deyilir. O, Azərbaycanda meydana gəlmişdi və tərəfdarları olduqca çox idi.