Tərkib Giriş
I Fəsil. SSRİ-dən sonra Rusiyanın dünya siyasətinə girişi
I.1. Rusiyanın özünü dünya siyasətində yenidən müəyyənləşdirməsi
I.2. Qloballaşan dünyada Rusiyanın yeri
I.3. Rusiya və beynəlxalq siyasət
II Fəsil. XXI əsrin əvvəlində Rusiyanın Qafqaz və Orta Asiya siyasəti
II.1. Rusiyanın Qafqaz və Orta Asiyaya qayıtması
II.2. Rusiya siyasətində “Böyük Qara Dəniz” və Xəzər regionu
II.3. Rusiyanın və Orta Asiya ölkələri münasibətləri
III Fəsil. Rusiyanın dünya siyasətində dönüş: Yaxın Şərqdə Rusiyanın yürütdüyü siyasət
III.1. Post-sovet dövründə Rusiyanın Yaxın Şərq siyasəti
III.2. Rusiya və İsrail münasibətləri
III.2. Kremlin xarici siyasətində Suriyanın yeri
Nəticə
Giriş
Bugün dünyada əsas söz sahibi dövlətlərdən biri olan Rusiyanın bu yerə gəlib çatması təkcə onun tarixindəki keşməkeşlərlə yox, həm də dəyişən dünyanın münasibətlərindən asılı olaraq çətin bir dövr keçmişdir. Vaxtilə dünyada 2 əsas imperiyadan biri olan bu böyük dövlət SSRİ-nin dağılmasından sonra daxili parçalanma təhlükəsi ilə qarşılaşsa da bunu əzmli və qəddar deyilə bilinəcək addımlarla dəf edərək yenidən özünü böyüklər meydanına ataraq burada əvvəlki yerini qorumağı bacardı. Bizim də dövlət olaraq taleyimizə Rusiya ilə qonşu olmaq düşdüyündən onun xarici siyasəti, orada yaşayan milyonlarla soydaşlarımıza görə həm də daxili siyasəti bizim üçün çox əhəmiyyətlidir və Azərbaycan digər xarici dövlətlərlə münasibətlərdə də bu məsələni diqqətə almaq məcburiyyətindədir. Yerləşdiyimiz coğrafi regionu nəzərə alarsaq, Rusiyanın atdığı əksər xarici addımlar Azərbaycanın təhlükəsizliyinə istər-istəməz açıq və ya qapalı təsirlər yaradır. Bu faktor bizi Rusiyanın siyasətini dərindən izləməyə və təhlil etməyə sövq edərək, gələcəkdə mümkün risklərin qarşısını almağa yönəldir.
SSRİ dağılandan sonra geostrateji fəlakətlə üzləşən Rusiya xaotik bir siyasi arenada manevr edərək, hadisələrin sürətindən geri qalmasına görə bəzi güzəştlərə getməli olsa da, bu vəziyyəti düzəldərək özünə gələ bildi və daxili parçalanma risklərini minimuma endirdi. Bu zaman da həmişə olduğu kimi Rusiyadakı qaynar nöqtələr Qafqaz regionunda idi. Çeçenistan və Abxaziya bu məsələlərdə xüsusilə fəal idi və bu ölkələrdə həqiqətən milli oyanış baş vermiş, Kremlə tabe olmayan hökümətlər qurulmuşdu. Rusiya isə imperial bir dövlət olaraq, təbii ki bunlarla barışmaq, Qafqaz kimi strateji ərazini əlindən vermək istəmirdi. Toqquşan tərəflərdən heç birinin güzəştə getmək istəməməsi, beynəlxalq aləmdən bu məsələyə kifayət qədər güclü reaksiya olmaması Rusiyanı bu azadlıq hərəkatlarını məhv etməyə, amansızcasına basdırmağa sövq etdi. Bu nə qədər daxili təhlükəsizlik, terrorla mübarizə adlandırılsa da, digər xalqlara da “nümunə” məqsədilə xüsusi vəhşiliklə edildi, yüzminlərlə günahsız insanlar öldürüldü. Ümumilikdə bu proses illərlə sürdü. Rusiya üçün bundan sonra 2-ci təhlükə isə daxili bürokratiya, məmurların özbaşınalığı, təhlükəsizlik strukturlarının öz vəzifələrindən uzaqlaşaraq mafiya kimi fəaliyyəti, kriminal qrupların ölkədə tüğyan etməsi idi. Yeltsin höküməti bütün bunlarla mübarizə apara bilməməsi səbəbindən, hakimiyyətin vacib postlarına xüsusi xidmət orqanları əməkdaşlarını gətirməklə, bu problemləri həll etməyi düşünürdü. 1999-da keçmiş KQB polkovniki Vladimir Putinin baş nazir təyin edilməsi ilə nəticələnən bu proses, 1 il sonra prezident Yeltsinin öz səlahiyyətlərini ona verib vəzifədən uzaqlaşması ilə nəticələndi. Bununla da KQB yenidən Rusiyada hakimiyyətə qayıtdı, dövlət siyasəti daha aqressiv və repressiv xarakter aldı. Əhalinin əksəriyyətinin gözlədiyi köklü islahatlar elə arzu olaraq qaldı. Rusiyanın dünyaya açılmasını gözləyənlər, onun daha da keçmişə qapandığını, imperialist ambisiyalara qapıldığını gördülər.
Bu prosesdə ən böyük zərərin Güney Qafqaz və Orta Asiya dövlətlərinə dəydiyini vurğulamaq yerinə düşərdi. Yenicə müstəqilliyə qovuşmuş, öz problemlərinin həllinə başlamış bu dövlətlər çox keçmədən Rusiyanın basqısı ilə üzləşdilər. Orta Asiyada o dövrdə əhali sayının yarıdan çox Sovet dövründə imperialist siyasəti səyləri nəticəsində rusların xeyrinə dəyişdirilmiş Qazaqıstana Rusiya siyasətindən çoxsaylı hədələr gəlirdi. Bəzi rus siyasətçilər hətta bu ölkənin ruslar yaşayan şimal hissəsinin Rusiyaya birləşdirilməsini təklif edirdilər. Qafqazda isə bu təhlükə ilə xüsusən Gürcüstan və Azərbaycan qarşılaşırdı. Gürcüstanda etnik ərazi baxımından Abxaziya, Osetiya Azərbaycanda isə ermənilərlə Qarabağ problemi bu məsələdə Rusiyanın əlinə oyanyırdı. Ermənilər isə ənənəvi olaraq, Rusiya siyasətinin sadiq xidmətçiləri olduqlarından onlara bu qaynar proseslər gedişi toxunulmadı, hətta kömək edildi. SSRİ-nin yaratdığı bu münaqişələrdən Rusiya bu gün də öz xarici siyasətində uğurla faydalanır.