III Fəsil. Rusiyanın dünya siyasətində dönüş: Yaxın Şərqdə Rusiyanın yürütdüyü siyasət və bunun doğurduğu problemlər
III.1. Post-sovet dövründə Rusiyasının Yaxın Şərq siyasəti
Rusiyanın Orta Şərq üzrə siyasəti bir neçə aspektlərdən formalaşır. Rusiya regionda olan digər Avropa və dünyanın aparıcı dövlətləri kimi Orta Şərqin sərvətlərindən bəhrələnmək istəyir və bu proselərdə iştirak etmək, keçmiş SSRİ-nin təsir sahəsində, ənənəvi strateji partnyorları ilə regionun aparıcı oyunçusuna çevrilməyə çalışır . Avropa və dünya siyasətində söz sahibi olmaq üçün Orta Şərqdə onun orda varlığı xüsusi əhəmiyyət daşıyır. Rusiyanın B. Yeltsin dövründə Yaxın Şərq siyasəti əsasən ABŞ siyasətinə dəstək verməklə keçmişdir. Onun dövründə ölkənin xarici işlər naziri olan A. Kozırev Qərbyönümlü liberal siyasətçi kimi təsir bağışlamışdır. Ancaq, sonradan ölkənin siyasi və iqtisadi uğursuzluqları, parlament seçkiləri nəticələrində istiqamət sağçılığa doğru dönmüşdür və ABŞ-a dəstək, on qarşı antaqonizmlə əvəz olunub. Bu həm də Rusiyanın ABŞ-ın hakim mövqedə olduğu təkqütblü dünya siyasətinə etirazı nəticəsində yaranmışdı. Xüsusən Putinin 2000-ci ildə hakimiyyətə gəlməsindən sonra ABŞ-ın İraq və Əfqanıstan siyasətinə etirazı, İranla yaxınlaşmağa çalışması Rusiyada ABŞ-a qarşı münasibəti dəyişmişdir. Yeni hökümətin Avrasiyaçılardan təşkil olunması Qərblə yaxınlaşmağın tərəfdarı olan Atlantikçilərin mövqeyini zəiflətmiş, Putin onları cəmiyyət və dövlət səviyyəsində malik olduqları güc vasitələrində, media və biznes şirkətlərindən məhrum edərək, buna qarşı olanları cəzalandırmağa başlamasına səbəb oldu. Putin hakimiyyətə yeni komanda ilə gəldi və həm daxili həm də xarici siyasətdə çoxsaylı dəyişikliklərə imza atmağa başladı. Davamlı olaraq, parlamentdə öz partiyasının üstünlükdə olması, ona istədiyi siyasəti rahat yürütməyə imkan vermişdir. Sovet İttifaqı Rusiyaya Ərəb dünyası və İranla yaxın münasibətləri miras qoydu. SSRİ-nin İsrail və Türkiyədən başqa bütün region dövlətləri ilə yaxın münasibətləri vardı, həmin ölkələrdə onlarla layihənin, infrastruktur şəraitinin yaradılmasında yaxından iştirak etmiş və sosialist ərəb dövlətlərinə böyük miqdarda yardımlar etmişdir. Yaxın Şərq dövlətləri həm də SSRİ-nin əsas silah alıcılarından idi və hərbi sənaye kompleksində bu bölgənin ayrıca yeri var idi. 1991-ci ildən sonra təxminən 20 il müddətində Rusiya xarici siyasətində Yaxın Şərq önəmli yer tutmamışdır. Kreml bu ölkələrlə əlaqələri kəsməsə də, onu inkişaf etdirməyə də həvəs göstərmədi. Bu həm Rusiya daxili mürəkkəb vəziyyət, həm də bu məqsədlə çoxlu resursların tələb olunmasında idi, rəsmi Moskva mümkün qədər ABŞ təsir dairəsində olan və davamlı olaraq konfliktdə olan bu bölgədən uzaq durmaqla özünü baş verə biləcək problemlərdən uzaq tutmağa çalışmışdır. Həm də artıq əvvəlki kimi, Rusiya ilə ərəb ölkələrini birləşdirən ortaq ideologiya və hədəflər də yox idi. Ukrayna və Gürcüstanda işğalçı siyasəti ilə bağlı qoyulmuş sanksiyaları rəsmi Moskva Yaxın Şərqdəki yeni tərəfdaşları hesabına kompensasiya etməyə çalışır. Neft-qazla zəngin bu bölgə Rusiya iqtisadiyyat üçün böyük faydalar gətirə bilər, digər tərəfdən bununla Moskva həm də beynəlxalq təcrid olunmasının qarşısını almağa çalışır.
1979-cu il inqilabından sonra İranla SSRİ arasında başlayan yaxın münasibətlər Sovetlər dağıldıqdan sonra Yeltsin dönəmində bir qədər sərin keçsə də, Putinin hakimiyyətə gəlməsi ilə xoş bir şəkildə davam etmək yönündə getmişdir.1990-cı illərdə onsuz da siyasi və iqtisadi böhranda boğulan Yeltsin höküməti yeni və böyük bir güclə rəqib olmaq istəmirdi, bu səbəbdən ABŞ-ın İranla bağlı siyasətini açıq şəkildə olmasa da dəstəkləmişdir. Buna baxmayaraq, Türkiyə kimi NATO üzvü və regionda böyük maraqları olan dövlətə eləcə də onun dəstəklədiyi Azərbaycana qarşı Rusiya və İran birgə çıxış edərək, Dağlıq Qarabağ məsələsində Ermənistana dəstəklə bağlı mövqelər üst-üstə düşmüşdü. Sonralar da Xəzərin enerji resurslarının onlardan yan keçməklə daşınmasına etiraz bu ölkələr Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsinə qarşı ortaq mövqedən çıxış etdilər. Buna baxmayaraq Çeçenistanla müharibədə, özünü islam ölkəsi elan edən İran müsəlman çeçenlərin qatili olan Rusiya ilə bir masada oturmaq istəmirdi və bu məsələ ilə bağlı 2 ölkə arasında çoxsaylı qınayıcı bəyanatlar olmuşdu. Lakin, sonradan dövlət maraqları islam həmrəyliyini kölgədə qoydu və İran Çeçen məsələsini Rusiyanın daxili işi adlandırdı. 1995-cı ildə ABŞ-la imzalanan Qor-Çernomirdin sazişi ilə Rusiya İrana 1999-cu ilə qədər silah satmamaq şərti28 ilə razılaşdı. ABŞ isə bunun qarşılığında Rusiya sənayesinə yardım etməyi öhdəsinə götürdü. 1998-ci ildə buna əlavə olaraq Rusiya İrana nüvə taraşdırmaları yönündə dəstəyini dayandırdı. Bütün bu narazılıqlara baxmayaraq İran Rusiyanın Yaxın Şərqdəki ən böyük tərəfdaşı olaraq qalırdı. Hər 2 ölkənin Tacikistanda müharibəyə son qoyulub sülhün əldə olunmasında böyük xidmətlər var idi. Sonrakı illərdə hakimiyyətin dəyişməsi ilə İranla münasibətləri yaxşılaşdırmaq yönündə addım atıldı, Rusiya sazişi birtərəfli qaydada ləğv etdi və İrana dəstəyinə davam etdi və 2000-ci ildə Putin Tehrana, sonrakı il isə İran prezidenti Moskvaya rəsmi səfərə getdi. Rusiyanın bu hərəkətləri Vaşinqtonda qıcıq yaratdı və ona hərbi sahədə sanksiyalar tətbiq etdi və investisiyalarının böyük bir hissəsini bu ölkədən çəkdi. Qısa müddət ərzində 2 ölkə deputatlarının qarşılıqlı səfəri və Rusiya müdafiə nazirinin iranlı həmkarı ilə görüşməsi və hərbi texnoloji sahədə əməkdaşlıqla bağlı müqavilə imzalaması diqqət çəkdi. Münasibətlərin yaxınlaşma səbəbi təkcə ABŞ-la gərgin münasibətlər yox, həm də İran prezidenti Xatəminin “sivilizasiyaların dialoqu” konsepsiyası arasında fərqli din və mədəniyyətə aid ölkələr arasından yeni tərəfdaşlar tapmaq, Rusiya üçün isə özünə yeni müttəfiqlər tapmaq istəyi idi. Xəzər dənizinin hissələrə bölünməsi Rusiya və İran arasındakı narazılıqların əsas səbəbindən biri idi. Rusiya Azərbaycan və Qazaqıstanla bu məsələdə razılaşsa da İran uyğun olmadığı halda özünə dənizdən 20% pay istəyir və Azərbaycanla bu sahədə əməkdaşlığa etiraz edirdi. 2001-də İran hərbi qayıqlarının Xəzərin Azərbaycan hissəsindəki BP axtarış gəmisinə doğru atəş açması və bunu öz dəniz sərhədlərinin pozulması kimi izah etməsi Rusiyanı çətin vəziyyətdə qoydu və Xəzərlə bağlı strateji maraqları olan ABŞ-ı, eləcə də onun tərəfdaşı olan Türkiyəni hərəkətə keçirdi. Rəsmi Moskvanın regionda yeni problemlər yaşamaq istəməsi onun bu insidentdə Azərbaycanın yanında olmasına gətirib çıxartdı və İran bir daha belə hərəkəti təkrar etmədi. 2001-ci il ABŞ-ın Əfqanıstana müdaxiləsindən sonra İranla birgə bu ölkədə fəaliyyəti Rusiya ilə münasibətlərin inkişafını ləngitsə də, 2003-cü ildə İraqa müdaxilədən sonra rəsmi Moskva və Tehran ABŞ siyasətinə etiraz fonunda yenidən yaxınlaşmağa başladılar. ABŞ-ın Rusiyadan İranla bağladığı hərbi müqavilələri ləğv etməyi tələb etməsi, rus casuslarını deportasiya etməsi və Rusiyanın İraqa satdığı hava hücumundan müdafiə sistemlərini bombardman etməsi “Soyuq Müharibə” rəqibləri arasında münasibətləri kəskinləşdirdi və Tehranı Moskvaya yaxınlaşdırdı. 2003-dən sonra Azərbaycanın Türkiyə və ABŞ-la münasibətləri gücləndirməsi Putinin Xəzərin statusu ilə bağlı İranla yaxınlaşmasına gətirib çıxardı. 2004-də Rusiya və İran Buşəhr Atom Elektrik Stansiyasının birgə tikintisi sona çatdırmaq haqqında razılığa gəldilər. İranın nüvə proqramı ilə bağlı gərginlik və ABŞ-ın bu məqsədlə ona tətbiq etdiyi sanksiyalar və 2009-cu ildə Rusiya ilə “sıfırlanma” siyasəti isə Kremli yenidən İrandan uzaq durmağa sövq etdi, çünki İranın böyük regional ambisiyaları və nüvə silahı yarada bilmək ehtimalı rəsmi Moskva tərəfindən heç də xoş qarşılanmır. 2012-ci ildən Yaxın Şərqdəki “ərəb baharı” və ABŞ-ın bu bölgədə fəaliyyətini gücləndirməsi yenidən ortaq rəqibə qarşı Rusiya və İranı yaxınlaşdırdı. Bu dövrdə regionda baş verən siyasi dəyişikliklərlə əlaqədar Rusiya nəinki İran və Suriya kimi keçmiş tərəfdaşlarla münasibətləri gücləndirdi, həm də Misir, Liviya və İraq kimi bu vaxta qədər diqqətdən kənar qalan ölkələrlə yaxınlaşmağa başladı. Rusiyanın İsraillə yaxın münasibətləri onun İranla yaxınlığına mane olmur və ABŞ qarşısında böyük güc ehtiyacı hiss edən və Rusiya kimi belə bir dövlətlə münasibətləri korlamaq istəməyən İran bu məsələyə ciddi önəm vermir. 2013-2015-ci illərdə Rusiya hakimiyyəti İranın nüvə məsələsinin həlli yolunda çox çalışdılar. Moskva bu zaman İranın ABŞ və Avropa dövlətləri ilə nüvə proqramı ilə bağlı danışıqlar aparmasına kömək etdi. İranla yaxın əlaqələr baxmayaraq Rusiya regionda qüvvələr balansının dəyişməyini və onun nüvə silahı əldə etməsini istəmir. Digər tərəfdən isə o İranın İraq, Suriya kimi xoşagəlməz vəziyyətə düşməsini istəmir. Bundan başqa Rusiya beynəlxalq danışıqlarda bitərəf və konstruktiv tərəf kimi görünmək istəyir. 2015-ci ildə danışıqların uğurla başa çatmasını və müqavilənin imzalanmasında Rusiyanın da uğuru vardır.
İraqla münasibətlərdə Putinə Yeltsin dövründən problemlər miras qaldı. İraqa 7 milyard dollar həcmində verilən borc29 geri qaytarılmalı idi, Rusiya şirkətlərinin burada fəaliyyət göstərə bilməsi üçün rəsmi Moskva ABŞ sanksiyalarının götürülməsinə çalışmalı idi. ABŞ-ın İraqla gərgin münasibətləri və vaxtaşırı bu ölkənin hava hücumundan müdafiə sistemlərini bombalaması Rusiya üçün burada fəaliyyət göstərməyi çətinləşdirirdi. ABŞ-ın İraqla gərgin münasibətlər zamanı Rusiyanı iqtisadi və siyasi dəstəklə öz tərəfinə çəkməsi bu dövlətin BMT-də öz keçmiş müttəfiqini dəstəkləməkdən imtina etməsinə səbəb oldu. 2000-ci ildə BMT Təhlükəsizlik Şurasında ona qarşı embarqo və sanksiyaları ehtiva edən qətnamənin qəbul edilməsi İraqın Fransa və Çinlə də əlaqələrini pisləşdirdi və beynəlxalq aləmdə təcrid olunmuş durumda qaldı. Belə bir vəziyyətdə Bağdad maksimum dərəcədə Rusiya ilə yaxınlaşmaqla özünü təhlükədən sığortalamaq istəyirdi. Buna baxmayaraq, İraqın BMT və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin kimyəvi silahların araşdırılması məqsədi ilə bu ölkəyə gələcək qrupu qəbul etməməsi və Rusiyanın təkidlərinə rəğmən bu istəyindən dönməməsi əlaqələri mənfiyə doğru dəyişirdi. Buna baxmayaraq, rəsmi Moskvadan İraq mövqelərinin havadan bombardmanına sərt reaksiya verilirdi və Bağdada qarşı hərbi müdaxilə dəstəklənmirdi. Putin Səddam Hüseyn rejimi ilə əməkdaşlığa meyil etməsə də, ABŞ və Böyük Britaniyanın sanksiyaları genişləndirməsinin də əleyhinə idi. İraq baş naziri sonra isə vitse-prezidentinin Rusiyaya ardıcıl səfərlərinə baxmayaraq, onlar Kremldən ancaq sanksiyaların götürülməsi ilə bağlı vəd ala bildilər. İraqın belə bir çətin durumunda Rusiya ancaq biznes maraqlarını güdürdü. Rusiyanın neft şirkətləri İraqın neft yataqlarının işlənməsi ilə bağlı çoxsaylı müqavilələr bağlamışdı. 11 Sentyabr hadisələrindən sonra ABŞ-ın İraqa münasibəti daha da kəskinləşdi, lakin Rusiyanın səyləri nəticəsində o, bu dəfə hərbi müdaxilədən qurtula bildi. 2002-də İraqın Rusiyanı onu dəstəkləməyəcəyi halda neft şirkətləri ilə neft müqavilələrini pozacağı ilə hədələməsi30 isə bu ölkəyə ola biləcək dəstəyi aradan götürməyə doğru başladı. Putin maliyyə-iqtisadi səbəblər üzündə İraqı dəstəkləyirdi və neft şirkətləri təhdidlə üzləşdikdə o da bu fikrindən vaz keçdi. İraqa qarşı sərt bir siyasət yürütməyi qəraraa almasa da, 2003-də ABŞ-ın müttəfiqləri ilə birgə İraqa hərbi müdaxiləsini sakit qarşıladı. Nəticədə 2003-dən sonra da Rusiya İraqla münasibətləri qoruyub saxlaya bildi və hal-hazırda da siyasəti bu istiqamətdə davam edir. “Ərəb baharı”ndan sonra Rusiyanın regiona artan dəstəyi fonunda İraqla da münasibətlər genişlənmiş və bu ölkə ilə iqtisadi, siyasi və hərbi sahədə bir neçə müqavilə bağlanmışdır.
Digər region ölkələrindən fərqli olaraq, Türkiyənin NATO üzvü olması onun Rusiya ilə münasibətlərini qarşıdurmadan əməkdaşlığa qədər bir çox sahəyə gətirməyə səbəb olub. Rusiyanın Türkiyə ilə münasibətlərində ortaq bir hədəfin olmaması bu əməkdaşlığın qarşılıqlı maraqlar əsasında qurulmasına gətirib çıxarıb.1991-ci ildən sonra Türkiyə şirkətləri Rusiyaya geniş investisiya qoydular, burada əsas layihələrdə iştirak etməyə başladılar, hətta 1993-cü ildə Dumanın təmir olunmasının Türk şirkətlərinə həvalə olunması31 bu ölkədə Türkiyəyə yüksək etimaddan xəbər verirdi. Rusiya tərəfdən isə Türkiyəyə böyük həcmdə turist axını müşahidə olunurdu. Rusiya Türkiyənin kənd təsərrüfatı məhsulları üçün əsas bazarlardan biri olmaqla həm də ən çox turistin gəldiyi ölkələrdən biri idi. 1990-cı illərdə Türkiyə Rusiyanın siyasi həyatında da fəal iştirak edirdi, 1996-cı il prezident seçkilərinə türk investorlar Yeltsin üçün 5 milyon dollar ianə32 etmişdilər. Rusiya da eyni zamanda Türkiyəyə ən böyük qaz ixracatçısı idi, digər baxımdan rəsmi Ankara bəzi embarqolar səbəbindən Avropadan ala bilmədiyi hərbi texnikaları Rusiyadan ala bilirdi. Yüksək səviyyədə əməkdaşlığa rəğmən, 2 ölkə arasında problemlər də var idi. Rusiyanın gizli şəkildə PKK-ya dəstəyi, Güney Qafqaz və Orta Asiyada siyasi təsir uğrunda mübarizə, Çeçenlərə qarşı Rusiyanın müharibəsi ölkələr arasında narazılığa səbəb olurdu. Rusiya hərbiçilərinin Öcalanı himayə etməsinə və Dumadan gələn çağırışlara rəğmən ona sığınacaq verilməməsi PKK ilə bağlı gərginliyi zəiflətdi. Azərbaycanla bağlı Bakı-Ceyhan boru kəmərinə Rusiyanın etirazı da bura daxil idi. Eyni zamanda Türkiyə ilə az qala müharibə vəziyyətində olan Yunanıstan və Bolqarıstana Rusiyanın böyük dəstəyi də Türkiyəni qıcıqlandırıdı. Buna baxmayaraq 1998-ci ildə dərin iqtisadi böhrandan sonra Rusiya Türkiyə ilə “qaynar nöqtələri soyutmağa” və narazılıqları azaltmağa çalışdı, burada məqsəd həm ölkənin iqtisadi problemlərinin həllində kömək əldə etmək, həm də Rusiyanın Türkiyənin Orta Asiyada təsir baxımından ona təhdid yaratmadığını görməsi oldu. Böhrandan sonra bu 2 ölkə enerji sahəsində, xüsusən “Mavi Axın” qaz kəmərinin reallaşması üçün birgə fəaliyyətə başladılar. Rusiya eyni zamanda Türkiyəyə ABŞ və Avropa ölkələrinin təklif etdiyindən ucuz qiymətə hərbi silah və avadanlıqlar satmağa hazır idi. Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı birbaşa Azərbaycana qarşı yönəlsə də, Türkiyəni də narahat edirdi, Gürcüstandakı hərbi bazalar və Moldovadakı rus qoşunları da müzakirə mövzularından idi. Danışıqlar nəticəsində Rusiyanın Gürcüstandakı bazalarından 2-ni bağlamağa və Moldovadakı qoşununu çıxarmağa razılaşması33 Türkiyəni tam qane etməsə də bu sahədə də gərginliyi azaltdı. Xəzərin o tayındakı türkdilli dövlətlərə Türkiyənin böyük həcmli yardımı, xüsusən islamçı ekstremistlərə qarşı mübarizədə Özbəkistana 2 təyyarə hərbi silah-sursat verməsi, bu konfliktdən öz xeyrinə yararlanmaq istəyən Rusiyanı çətin vəziyyətdə buraxdı. Çeçenistanla II müharibənin başlanması isə bu ölkələrin əlaqələrini gərginləşdirdi. Türkiyənin çeçenlərə humanitar yardımı, qaçqınlara sığınacaq verməsi və Türkiyədən hərbi əməliyyatları dayandırmaq barədə çağırışlar, eyni zamanda çeçenlərin Türkiyədə ruslara qarşı hücum xarakterli fəaliyyəti və bu zəmində baş verən terror aktları Rusiyanı çox ciddi narahat edirdi. Bu məsələ ilə bağlı dəfələrlə qarşılıqlı səfərlər olmuşdu. 2011-də başlayan “Suriya böhranı” Türkiyə və Rusiyanın qarşı-qarşıya gətirsə də, hətta Türkiyənin Rusiya hərbi təyyarəsini vurması ilə nəticələnsə də, sonradan hər 2 tərəf ortaq məxrəcə gəldi. 2016-cı ildə Türkiyədə siyasi hadisələrdən sonra bu ölkənin ABŞ-la münasibətlərinin pisləşməsi onu Rusiyaya doğru itələyərək, bu ölkənin siyasi orbitinə yaxınlaşdırdı. Daxili siyasətdə avtoritar meyillərin artması ilə bağlı ABŞ və Avropanın Türkiyədən uzaqlaşması, Yaxın Şərq ölkələri ilə xoşagəlməz münasibətləri rəsmi Ankaranı təcrid olma şəraitində buraxdı. 2018-ci ildən Suriya məsələsində Rusiya ilə daha da yaxınlaşması, 1 il sonra isə NATO üzvü olan Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemləri almaq istəməsi ABŞ-la münasibətləri gərginləşdirsə də, bu ölkəni Rusiyaya daha da yaxınlaşdırır.
Rusiyanın Körfəz Əməkdaşlıq Təşkilatı ölkələri ilə əməkdaşlığı elə də dərin siyasi köklərə malik deyil. SSRİ dönəmində ABŞ-la bir düşərgədə olan Körfəz ərəb ölkələri (Yəməni çıxmaqla), Səudiyyə rəhbərliyi altında, Rusiyanın islamçılara qarşı olan sərt davranışına və müsəlman çeçenlərlə olan qanlı savaşlardan sonra bu ölkəyə çox mənfi münasibət bəsləyirdilər. Dünyanın ən böyük neft istehsalçılarından olan Səudiyyə və Birləşmiş Ərəb Əmirlikləri Rusiyanın əməkdaşlıq etmək istədiyi ölkələr olsa da İraq, Suriya və Livan məsələsində kəsişən siyasətləri buna imkan vermir. Digər tərəfdən Körfəz ölkələrində ABŞ-ın böyük nüfuza və həlledici mövqeyə sahib olması da Rusiyanın bura girməsini mümkünsüz edir. ABŞ üçün bura strateji həyati maraqlarının olduğu məkandır və hansısa dövlətin bu maraqlara kölgə salmasına icazə vermək fikrində deyil. Eyni zamanda Rusiya vətəndaşları üçün bura cəlbedici deyil və eynisi Körfəz ölkələrinin əhalisinə də aiddir. BƏƏ-də azad biznes şəraitinin olması rus biznesmenləri və dövlət şirkətləri üçün imkanlar yaratsa da, onlar dayanıqlı deyil və ümumilikdə götürdükdə Rusiyaya iqtisadi baxımdan böyük fayda gətirmir. Ruslar üçün bu ölkələr daha çox turistik məkan kimi əhəmiyyətlidir. Qətərin Avropaya istiqamətlənmiş neft layihələrinə Rusiyanın qarşı olması bu ölkələr arasında çoxsaylı problemlərdən biridir. “Ərəb baharı” hadisələri Moskva ilə bu ölkələrin əlaqələrinin çox problemli olmasını göstərdi. ABŞ-ın Suriyada siyasi böhra ilə bağlı vaxtında qəti və həlledici mövqe ata bilməməsi və boşluğun Suriya tərəfindən doldurulması, ərəb ölkələrinin diqqətini Moskvaya yönəltsə də bu uzun sürmədi.
Rusiya Federasiyası geniş torpaqları, zəngin enerji mənbələri, coğrafi mövqeyi, tarixi və mədəni səviyyəsinə görə bir dövrə damğa vurmuş SSRİ-nin varisi olmaqla dünyanın siyasi və iqtisadi baxımdan mühüm ölkəsidir. Müasir günümüzdə də xüsusilə dövlət başçısı V.Putinin aktiv siyasət içərisində mühüm siyasi fiqur və xarizmatik lider olması Rusiya Federasiyasının nüfuzunu artırır. Putinin tez-tez əvvəlki imperiyanı geri gətirməklə bağlı vədləri cəmiyyət tərəfindən qəbul edilir və xalqın ona dəstəyini artırır. Rusiyanın Suriya siyasətində “Ərəb baharı”-na təsirini görmək çox asandır. Rusiya ölkədəki hava və dəniz mənbələrini itirmək istəməsə də, Əsəd rejiminin zəifləməsini də istəmir. Silah satışına və mühüm strateji mövqeyə malik olan Suriyanı itirmək Rusiyanın xarizmasına zərər gətirəcəkdir. Rusiyanın İranla əlaqəsindən aydındır ki, İran Rusiyanın bölgədə ikinci müttəfiq ölkəsidir. Xüsusilə nüvə, silah və neftlə bağlı müxtəlif müqavilələri vardır. Səudiyyə Ərəbistanı ABŞ ilə ayrı-ayrı mövqedən çıxış edir. Ancaq son illərdə Rusiya Səudiyyə Ərəbistanıyla ortaq nöqtələr tapmağa çalışır və özünə bir bazar yaratmağa çalışır. Yaxın Şərq yeni dünya nizamında fövqəl dövlətlərin maraqlarına uyğunlaşdırılmasının bazasına çevrilib; ayrı-ayrı bölgələrdə üstünlüklərin qazanılmasında Ərəb dünyası ən önəmli rol oynayacaq, qarşıdakı illərdə isə Rusiyanın burada iştirakının artması gözlənilir.
Bölgədə Rusiyanın hədəflərinə nail olması üçün Kreml, Yaxın Şərqdə Vaşinqtonu strateji olaraq tükəndirərək, dünya nüfuzuna təsir göstərən müxtəlif yerlərdə hibrid müharibələrə sürükləməyə çalışır. Amerikalılar rus ordusunu özündən sonra ikinci hesab etsə də, Rusiya ikinci dərəcəli dünya gücü olmaqdan imtina edir və dünyanın güc balansını yenidən formalaşdırmaq zərurətinə israr edir və Yaxın Şərqi də bu baxımdan rəqabət üçün ən uyğun yerlərdən biri hesab edir, çünki bu gün dünyanın “qan damarları” sayılan neft və qazın dünyada ən zəngin olduğu məkan buradır.
III.2. Rusiya və İsrail münasibətləri
Soyuq Müharibə başa çatdıqdan sonra Rusiya və İsrailin münasibətlərində köklü dəyişikliklər baş verib. 1991-ci ildə diplomatik əlaqələrin bərpası və 2000-ci ildən sonra Putinin hakimiyyətə gəlməsi ilə 2 ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edib və indiyə qədərki ən yüksək səviyyəsinə çatıb. Rusiyada tarixən yaşamış böyük sayda və nüfuzlu yəhudi icmaları bu əlaqələrin inkişafına təkan verir. 2 ölkənin bir-biri ilə dərin bağları və möhkəm əlaqələri hətta ən ziddiyyətli məqamlarda belə qarşıdurmanın qarşısını almağa səbəb olub. Rusiyanın İsraillə bağlı əlaqələrinin mahiyyətini başa düşmək üçün ilk öncə bu ölkənin xarici siyasət kursuna baxmaq faydalıdır, belə ki, rəsmi Moskvanın revizionist güc olması, beynəlxalq böhranlara özünü daxil etməklə yenidən supergüc olmaq istəyi, maksimum çoxtərəfli xarici siyasət qurmaq istəyi və ABŞ-ın güclü olduğu Yaxın Şərqdə təsirini artırmaq, eləcə də burada açar məsələlərdən olan İsrail-Fələstin münaqişəsində iştirak etmək onun hədəflərinə daxildir. Kremlin məqsədi tarixən qaynar olan bu regionda dövlətlərarası problemlərdən istifadə edərək onlar arasında qarşıdurma yaratmaq və bu yolla ABŞ-ın burada nüfuzunun azalmasına nail olmaqdır. Yaxın Şərq kimi təbii ehtiyatlarla zəngin və əlverişli strateji mövqeyə malik (Avropa, Asiya və Afrikanın kəsişməsində olması) regionda əsas oyunçulardan biri olan İsraillə yaxınlığın, bu ölkənin gələcək hegemonluq niyyəti baxımdan uyğundur, eyni zamanda Rusiya ənənəvi tərəfdaşları olan bəzi ərəb dövlətlərini özündən uzaqlaşdırmamaq üçün İsrail ilə çox yaxınlaşmağa da maraqlı deyil və burada daha çox ərəb ölkələri və İsrail arasında balanslı siyasət yürüdür. İsrail üçün isə, hər tərəfdən dəfələrlə müharibə apardığı düşmən ərəb ölkələri ilə əhatə olunmasının yaratdığı izolyasiya şəraiti onun üçün istənilən dövlətlə əməkdaşlığı maraqlı edir. Avropa və Amerikada yürütdüyü sionist siyasətlə bağlı və ərəblərə münasibətdə ikili münasibətlərlə üzləşən və xüsusən bu qitələrin əksər əhalisinin inancını təşkil edən xristian dininin katolik qolunda yəhudilərə olan antipatiya Rusiyanı onun üçün çox vacib tərəfdaşa çevirib. Bu baxımdan İsrail üçün rəsmi Moskva ilə əməkdaşlıq ABŞ-la əməkdaşlıqdan sonra 2-ci yerdə durur. Çətin vəziyyət qarşısında təklənməmək və ABŞ-dan asılı duruma düşməmək üçün İsrail öz xarici siyasətini maksimum şaxələndirməyə çalışır. Strateji tərəfdaş kimi ABŞ bu ölkə üçün əvəzsiz olsa da, iqtisadiyyatının həddən artıq Qərb mərkəzli olması İsrail üçün həm də yeni bazarlar axtarışına çıxmağa səbəbdir. Digər tərəfdən onun üçün Rusiya həm də xoşagəlməz qonşulara dediklərini çatıdrmaq üçün istifadə etdiyi əlaqə kanalıdır. Eynisilə İsrail də Rusiya üçün ABŞ kimi antaqonist rəqiblərə qarşı əlaqə vasitəsi kimi görülür. Yaxın Şərq regionunda apardığı birtərəfli və nisbətən sərt siyasəti üçün bu dövlətin güclü xarici dəstəyə ehtiyacı, ABŞ enerji müttəfiqləri olan ərəb ölkələri ilə əlaqələri korlamamaq üçün bunu etməsə də, Rusiya İsrailinin ərəb qonşularına qarşı aqressiv siyasətinə tolerant davranır. Rusiyadakı yəhudilər arasında İsrailə hər il davamlı şəkildə miqrasiya olsa da, burada yəhudi icması istər xalq içində istərsə də dövlət qurumlarına önəmli mövqeyə sahibdir və yəhud dövlətinin xarici siyasətinin əsas məqsədi də dünyadakı yəhudilərin qorunması olduğu, bu insanlar əlaqələrdə çox mühüm rol oyanyır və rəsmi Moskvadan indiyə qədər hər hansı antisemit davranış görülməyib. İki ölkə arasındakı əlaqələrdə maraqlar daha vacib hesab edilsə də sosial-mədəni faktorların rolu böyükdür. İsrail qurulandan sonra bura keçmiş SSRİ-dən yəhudilərin sürətlə axını bu əlaqələrin əsasını qoyan faktorlardan biridir. Bununla yanaşı, İsraildə xeyli sayda ruslar da yaşamaqdadır. Bu ölkə əhalisinin 12 %-ni, seçici elektoratın 16%-ni keçmiş SSRİ və bugünkü Rusiyadan gələn keçmiş miqrantlar təşkil edir34. Bu insanların bəziləri ikili vətəndaşlığa sahibdir və Rusiyada onların qohumları yaşayır. Rus dili İsraildə yəhudi və ərəb dillərindən sonra ən çox danışılan 3-cü dildir. 2014-cü ildə Putin İsraildə yaşayan Rusiya vətəndaşı ola II Dünya Müharibəsi veteranlarına və onların ailə üzvlərinə xüsusi pensiya ayrılmasını nəzərdə tutan qərar imzaladı. 2 ildən sonra, 2016-da qərarın əhatə dairəsi genişləndirilərək, 1992-ci ildən öncə Rusiyanı tərk edən və beləcə vətəndaşlığını itirmiş keçmiş SSRİ vətəndaşlarına da şamil edildi. Pensiyanın kiçik məbləğinə baxmayaraq, rəsmi Moskvanın daxildə pensiya siyasəti ilə bağlı tənqidə məruz qaldığı bir vaxtda bunu etməsi müvafiq veteranların ailəsi, eləcə də İsrail dövləti tərəfindən alqışla qarşılandı35. İsraildə yaşayan rusdilli vətəndaşlar Rusiya diasporasının bir hissəsi olaraq görülməkdədir. Ancaq, Moskvanın bütün cəhdlərinə baxmayaraq, burada yaşayan rusdilli vətəndaşları öz lobbisi kimi istifadə etmək cəhdləri alınmadı, çünki nə qədər tarixi, mədəni əlaqələr olsa da, bu vətəndaşların böyük bir hissəsinin Yaxın Şərqə gəlməsinin səbəbləri içində keçmiş SSRİ, o cümlədən Rusiya hökümətinin antisemit siyasəti və rusların onlara antipatiyası idi. Tarixi vətənlərinə qayıtmaqla yanaşı, Rusiya yəhudiləri həm də keçmişdə üzləşdikləri maneələrdən qurtulmaq istəyirdilər. Bütün bu məsələlər 2 ölkə arasında sosial-mədəni münasibətlərdə İsraili daha güclü edir, bu ölkənin Kremldə qəbul edilən rəsmi qərarları oradakı yəhudi icması vasitəsilə təsir imkanı olsa da, eyni məsələni Rusiyanın İsraildə etməsi çox çətindir. 1991-ci ildə İsrailli ekspertlər Rusiyanın, Rus ekspertlər də İsrail sənayesinin müxəlif sahələrində qarşılıqlı əməkdaşlıqlarını davam etdirirlər, xüsusən hərbi sənaye sahəsində rəsmi Moskva İsrailin texnoloji imkanlarında geniş istifadə edir.
Rusiya İsrail münasibətlərində digər məqam isə bu ölkənin və rusların SSRİ-dən sonra dinə münasibəti ilə bağlıdır. Putinin 2-ci və 3-cü prezidentliyi dövründə Rusiyada sağ millətçiliklə bərabər, ortodoks dindarlığın da artması Xristianlığın doğum yeri olan Yerusəlimə marağı artırdı. Vaxtilə Çar ailəsinə aid olan Müqəddəs Serji kilsəsinin 1991-ci ildə əlaqələr yenidən qurulduqdan sonra Rusiyaya qaytarılması və onun sonradan Rusiya səfirliyinin tərkibinə daxil edilməsi36 də bu qəbildəndir. Çarizm dövrünün Böyük Hersoginyası Mariya Romanovnanın qəbri də Yerusəlimdəki Mariya Maqdalena kilsəsindədir. Qarşılıqlı münasibətlərin 2000-ci ildən sonra güclənməsi ilə bağlı, bunun Putinin yəhudilərə olan simpatiyası, hələ uşaqlıq və gənclik dövründə yəhudi qonşu və tanışlarının ona xoş münasibəti, sonradan isə siyasi karyerasında Rusiyadakı yəhudi biznesmenlərin ona dəstəyi ilə bağlayan ekspertlər də vardır. Belə ki, Rusiyanın Sovet dövründə ərəb dövlətlərinə güclü dəstəyi və İsrailə qarşı müharibələrdə onu dəstəkləməsi, Yeltsin dövründə neytral münasibətlər, Suriya böhranı ilə bağlı İsrailə Rusiyanın bəzi güzəştlərə getməsi bu tipli fikirlər ətrafında düşünmək üçün imkan yaradır. Belə fikir irəli sürən şəxslər Putindən sonra İsraillə əlaqələrin heç də indiki qədər möhkəm və yaxın olmayacağını söyləyir. 2 ölkə arasında münasibətlərdə ortaq cəhətlərdən biri də islamçı ekstremizmə qarşı münasibətdir. İsrailin islamçılarla düşmən münasibəti onu Rusiyanın müsəlman çeçenlərə qarşı müharibəsinə açıq şəkildə dəstəyi ilə ifadə olunmuşdur. İsrail 2014-cü ildə Rusiyanın Krımı işğalı və Ukraynanın şərq regionlarında aqressiv siyasəti ilə əlaqədar bu ölkəyə qarşı irəli sürülmüş BMT qətnaməsində səs verməkdən imtina edib, daha sonra isə bu məsələ ilə bağlı ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Eyni ildə Moskva da İsrailin Qəzzada fələstinlilərə qarşı qeyri-adekvat müharibəsini beynəlxalq aləmin əksər üvləri kimi nəinki tənqid etmədi, ona bu məsələdə haqq qazandırdı. 2017-ci ildə isə rəsmi Moskva Qərbi Yerusəlimi İsrailin paytaxtı kimi tanıdı.
İqtisadi münasibətlərdə də stabil əlaqələr davam edir. 2 ölkə arasındakı ticarətdə heç bir baryer yoxdur və Qərb ölkələrinin təzyiqlərinə baxmayaraq, İsrail Rusiyaya qarşı heç bir sanksiya tətbiq etməyib. İsrailin neft aldığı əsas ölkələrdən biri də Rusiyadır. 2000-ci ildən 2015-ə qədər ölkələrarası ticarət həcmi 3 dəfə artıb. Sonrakı illərdə Moskvanın üzləşdiyi iqtisadi böhranla əlaqələr bu həcmin miqdarı azalıb. Rus turistlərinin ən çox səyahət etdiyi ölkələr aid olan İsrail, bu sahədə 2-ci yeri tutur. Bu ölkənin qədim tarixi və müqəddəs dini məkanları rus turistləri özünə cəlb edə bilir. Hər il təqribən Rusiyadan bura 400 min turist gəlirdi və 2015-ci il iqtisadi böhranından əvvəl bu rəqəm 600 minə qədər çatırdı37.
Hərbi sahədə geniş əməkdaşlıq olmasa da Rusiya İsrailin müasir texnoloji hərbi qurğularına böyük maraqla yanaşır, lakin Ukrayna və Suriyadakı konfliktlə bağlı ABŞ-ın İsrailə təzyiqələri geniş hərbi əməkdaşlığa imkan vermir. Moskva və Tel-Əvivin praqmatik və paradoksal yaxınlığı Rusiyanın Yaxın Şərq arenasına qayıtmağa da geniş imkan yaratdı. Hər iki ölkənin ticarət, turizm, mədəniyyət əlaqələrində ümumi maraqları var. Bu, eyni zamanda güclənən islamçılıqla mübarizədə əməkdaşlıqla bağlıdır. Paradoks ondan ibarətdir ki, Putinin İsrailin qatı düşmənləri, məhz İran, Suriya, “HƏMAS” və ”Hizbullah” ilə yaxşı münasibətləri var. Buna baxmayaraq, bu gün Netanyahunun Putinə ehtiyacı var. Bu, təkcə Moskvaya qarşı embarqo götürüləndən sonra əmtəə dövriyyəsinin artmasına görə deyil, eyni zamanda rus silah və raketlərinin düşmənlərə satışından qaçınmaq üçün lazımdır. İsrail üçün bu, milli təhlükəsizlik məsələsi – real siyasətdir. Rusiyanın da burada öz marağı var. Moskva İsrailin pilotsuz uçuş aparatlarını əldə etmək üçün yüz milyon dollar investisiya edir. Müasir hərbi texnologiyaların Moskvaya verilməsi bəzi ərəb ölkələri ilə silah satışını ləngitməkdə İsrailə kömək edir. Rusiyanın böyük müsəlman əhalisinə malik bir neçə regionunda yayılan islamçılığın qarşısının alınması ölkənin Yaxın Şərqdə yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir.
Milli təhlükəsizlik və Yaxın Şərqə siyasi təsir məsələlərinə əsaslanan bu həssas və gözlənilməz münasibətlər əvvəlki kimi hər iki ölkənin maraqlarını təmsil edir. 2015-ci ildə Rusiyanın Suriyaya hərbi müdaxiləsi 2 ölkə arasında hərbi koordinasiyanı gücləndirib. Bu sahədə əsas problemli məsələ isə özünü İsrailinin düşməni elan etmiş İranla Rusiyanın yaxın münasibətləridir. İsrail və İran arasında münasibətlər Suriyada konfliktlə əlaqədar artıq müharibə vəziyyətinə keçib və rəsmi Tel-Əviv dəfələrlə buradakı İran hədəflərini bombalayıb. Bu da Rusiya ilə münasibətlər narahatlığa gətirib çıxarıb. Rusiya İsrail aviasiyasının uçuşlarına nəzarət edir, amma İran bazalarına həyata keçirilən zərbələrə göz yumur. Bu zərbələr rus obyeklərinə, ələlxüsus Tartusda hərbi-dəniz strukturuna, rus donanmasınının maddi-texniki bazasına təhlükə törətmir. Baza rəsmi olaraq Aralıq dənizində gəmilərin göndərilməsi və təmiri üçün “maddi-texniki dəstək məntəqəsi” hesab edilir. Bu da Türkiyənin boğazları vasitəsilə Qara dənizdəki bazalara qayıtmamağa imkan yaradır. Eyni şey yalnız rus heyətinin çıxışı olan Xmeymim aviabazasına da aiddir. Suriyanın İsrailə düşmən mövqeyi və Rusiyanın konfliktdə onu dəstəkləməsi İsrail tərəfindən heç də xoş qarşılanmadı və bununla bağlı 2 ölkə rəsmiləri arasında dəfələrlə görüşlər olub. İsrail Rusiyanın onun düşməninin hərbi potensialını gücləndirəcəyindən narahatdır. Rusiya isə dəfələrlə bu məsələdə İsraili əmin edən çıxışlar edib. Fələstin məsələsində münasibətdə Rusiya konkret mövqedə olmasa da, o burada da beynəlxalq aləmin böyük gücü kimi çıxış edib, özünü daha geniş miqyasda dünyaya göstərmək istəyir. Burada Rusiya üçün əsas məsələ konfliktin həlli yox, onun danışıqlar masasında görünməsidir. Pozitiv əlaqələrə baxmayaraq, İsrail heç vaxt Rusiya ilə ABŞ-la olduğu səviyyədə yüksək münasibətlərdə olmaq fikrində deyil. Rəsmi Vaqşinqtonun Yaxın Şərqdə əsas strateji müttəfiqi olmaqla, özünü ərəb dövlətlərindən və İrandan qoruyan İsrail yaxşı anlayır ki, Rusiya ona heç vaxt gözlədiyi dəstəyi verə bilməz. Rusiyanı bundan saxlayan bir məqam da öz enerji və təhlükəsizlik maraqları ilə bağlı Yaxın Şərqdə İran, Türkiyə, İsrail və ya hansısa ərəb dövlətinin timsalında aparıcı güc görmək istəməməsidir. Rusiyanın qlobal çəkisini və böyük gücünü görən İsrail isə onu qarşısında görmək istəmir və bu məqsədlə ABŞ orbitinə nə qədər yaxınlaşsa da, Moskva ilə də xoş münasibətlər saxlanacaq.
III.2. Kremlin xarici siyasətində Suriyanın yeri
Rusiya Suriya münasibətləri SSRİ dövründə burada Rusiyanın Tartus dəniz hərbi bazasının qurulması ilə uzunmüddətli xarakter alsa da Yeltsin dövründə Yaxın Şərqə azalan maraq ilə zəifləmişdir. Yeltsin dönəmində bu ölkənin rəsmi Moskvaya yüksək miqdarda borcunun olması ilə əlaqədar, 2 ölkə arasındakı münasibətlər borc məsələsinin həllinə qədər müvəqqəti dondurulmuşdu. 1999-cu ildə Yeltsinin hakimiyyətinin son günlərində Suriya prezidenti Hafiz Əssədin Rusiyaya səfəri ilə əlaqələrin donu açılmışdır. Bu normallaşma prosesinə əsasən 2 faktor təsir etmişdir:
-Rusiyanın Suriyanın İsraillə münaqişəsini həll etmək gücündə olması və Suriyanın bu məsələdə onu vasitəçi kimi görmək istəyi
-Rusiyanın Aralıq dənizi sahilində yeganə hərbi bazasının bu ölkədə yerləşməsi
Putin hakimiyyətinin ilk illərində də İsraillə bağlı olaraq, bu ölkəyə ciddi diqqət yetirməyib, yalnız 2005-ci ildə Suriya prezidenti Bəşər Əssədin Moskvaya səfərindən sonra əlaqələr qaldığı yerdən yüksəlməyə başlayır. Bu zaman Rusiya ABŞ və İsrailin etirazlarına baxmayaraq, bu ölkəyə müasir hava hücumundan müdafiə sistemləri satmağa razılaşdı. Rəsmi Dəməşqin Livanda baş nazir Rafiq Həririnin qətlindən sonra beynəlxalq aləm tərəfindən izolyasiyaya məruz qalması, Rusiyanın bu dövlətlə münasibətləri genişləndirməyində hərəkətverici faktor oldu, eyni zamanda Putin bu zaman İsraillə əlaqələri də yüksək səviyyədə saxlamağı bacardı. 2005-ci ildə 2 ölkə arasında bağlanan müqaviləyə əsasən Suriyanın ödənilməyən borcunun 73 %-i silindi38, qalan hissənin isə Dəməşqə uyğun şərtlərlə ödənilməsi razılaşdırıdı, qarşılığında Suriya Rusiyadan yeni silahlar almaq və rus şirkətlərini heç bir maneəsiz öz bazarlarına buraxmaq öhdəçiliyini götürdü. Əlavə olaraq, Rusiya Suriyaya yeni hava hücumundan müdafiə sistemi satmağı da öhdəsinə götürdü. Dövlətlərin xarici siyasətində böyük fərqlər, kəsişən maraqlar isə Kremli Suriya-İsrail münaqişəsinin həllində vasitəçilik imkanından məhrum etdi. 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra bu 2 dövlətin hər biri buna qarşı çıxış etmişdi. Rusiyanın burada əsas narahatlığı növbəti hədəfin Suriya olma qorxusu idi və belə bir hal olacağı təqdirdə onu müdafiə edəcəyi barədə dəfələrlə bəyanat vermişdi. Çox güman ki, Rusiyanın bütün bu dedikləri formal xarakter daşıyırdı, Suriyanın istədiyi silahları ona satmaması və İsrailin düşmənlərinə kömək etməyəcəyi ilə bağlı Putinin açıq bəyanatı rəsmi Dəməşqdə xoş qarşılanmamışdı. Livandan Suriya qoşunlarının çıxarılmasının BMT-də müzakirəsi zamanı da Rusiyanın rəsmi Dəməşqə qarşı səs verməsi və ardınca Livanın müxalifət liderinin Moskvada yüksək səviyyədə qəbulu qarşılıqlı əlaqələri gərginləşdirdi. Buna baxmayaraq, Suriya bütün bu təzyiqlər qarşısında Rusiya kimi tərəfdaşdan imtina edə bilməzdi. Rusiya da öz növbəsində dünya miqyasında çox neqativ şəkildə tanınan və Rusiyanın da qarşı olduğu bəzi terrorçulara sığınacaq verməsinə baxmayaraq, Yaxın Şərqdəki 2 böyük tərəfdaşından birini itirmək istəmirdi. Rəsmi Moskvaya Suriya ilə əlaqələri bütün problemlərə baxmayaraq davam etdirmək istəyi həm də bu ölkənin Qərb və İsraillə mümkün ola biləcək yaxınlaşmasının qarşısını almaqdır, çünki əgər belə bir hal olarsa, Rusiyanın bu zaman keçmiş müttəfiqi qarşısında təsiri xeyli azala bilər. Rəsmi Moskva Suriya məsələsində ərəb dövlətlərinin birgə rəyinə, Avropa Birliyi və ABŞ-ın rəsmi çağırış və sanksiyalarına baxmayaraq, Əssəd rejimini sona qədər dəstəkləmək iddiasında olduğunu dəfələrlə bu barədə BMT qərarlarının müzakirəsində göstərib. Moskva Suriyada höküməttən başqa heç bir legitim qüvvə tanımır və qəbul etmir. Müxalifətin təmsilçisi olan demokratik, sekulyar Azad Suriya Ordusu belə bu ölkə tərəfindən ekstremistlər kimi qiymətləndirilir. Əgər 2012-yə qədər Rusiya Suriya məsələsində hərbi müdaxilənin əleyhinə idisə, ondan sonra münaqişənin tərəflərin qarşılıqlı razılaşması əsasında, kompromis formasında həllinə də qarşı çıxdılar. Kremlin görmək istədiyi Suriya höküməti qapalı, avtoritar və Qərbə düşmən bir rejimdir.
2011-ci ildə Suriyada diktator rejimə qarşı xalqın üsyanı və nəticədə yaranan vətəndaş müharibəsi Rusiyaya bu ölkə ilə münasibətlərinə yenidən baxmağa gətirib çıxartdı. Vaxtilə SSRİ-nin köməyilə hakimiyyətə gəlmiş Əssəd ailəsinin hakimiyyəti itirmək təhlükəsi bu ölkənin Moskva tərəfindən güclü və ardıcıl şəkildə müdafiəsi və ona qarşı edilən müdaxilə təkliflərinə müqaviməti ilə qarşılaşdı. Vətəndaş müharibəsinin bütün ölkəni bürüməsi, daha sonra İslam Dövləti adlı terrorçu qruplaşmanın bu müharibəyə qoşulması Rusiya maraqlarını təhlükə altında qoymağa başladı. 2015-ci ildə, Suriya üçün Bəşər Əssədin az qala hakimiyyətini itirməsi ilə qurtara biləcəyi bir vəziyyətdə ABŞ-ın bu məsələdə qətiyyətsizliyindən istifadə edən Rusiya bu ölkəyə müdaxilə edərək diktator rejimin müdafiəsinə qalxdı. Təbii ki, rəsmi Moskvanın məqsədi Əssədi hakimiyyətdə saxlamaqdan daha çox burada öz maraqlarına dəyə biləcək ziyanın qarşısını almaq idi. Nəticədə Rusiya bu ölkədə daha da güclənərək aviabaza açdı, Suriyanı tamamilə nəzarətinə götürdü və Əssədin hakimiyyətdə qalması təmin edildi. 2016-cı ilin sonundan etibarən Rusiya və İranın dəstəyi ilə üsyançıların müqaviməti qırıldı və 2019-cu ilin əvvəllərində Suriya İslam Dövləti terrorçularından azad edilmiş, ölkə müxalifətinin əlində isə yalnız bir neçə kiçik məntəqə qalıb. Rusiyanın Suriyada bu etdikləri onun özünə də həm daxili siyasətdə həm beynəlxalq aləmdə ciddi ziyan vurdu və Suriya ilə bərabər onun da izolyasiyasını gücləndirdi, ABŞ və Avropa ölkələri Moskvaya qarşı yeni sanksiyalar qəbul etdilər. Eyni zamanda bu Rusiyanın beynəlxalq nüfuzuna da ciddi ziyan vuraraq, onun aqressiv davranışının bir daha tənqid olunmasına gətirib çıxardı. Hal-hazırda Suriya bir dövlət olaraq mövcudluğu üçün tamamilə Rusiyadan asılıdır, keçmiş müttəfiq indi koloniya durumuna düşüb. Bu ölkənin ordusu, o cümlədən hava və dəniz hücumundan müdafiə sistemləri rus zabitlərinin idarəçiliyindədir. Rusiyanı da burada saxlayan yalnız maraqları və supergüc iddiaları qismində bu regionda özünü ABŞ qarşısında güclü göstərməkdir. Putinin münaqişə başlayandan bəri Əssədin siyasətini dəstəkləyən və ya hər hansı ərəbyönlü çıxış etməməsi də bunu göstərir.Digər bir səbəb isə onun Yaxın Şərqdə İraqda olduğu kimi yeni müharibə görmək istəməməsidir. Kreml burada dinc yolla belə hökümətin dəyişməsinin əleyhinədir, ənənəvi tərəfdaşı kimi Əssəd ailəsi ilə rahat münasibətlərini yeni gələn hökümət verməyə də bilər, Rusiyanın bu ölkəyə 2015-də hərbi müdaxiləsi ilə əlaqədar müxalifət təşkilatları da rəsmi Moskvaya isti baxmır və ondan çox narazıdırlar. Belə bir durumda az qala onun diktəsi ilə hərəkət edən rejimi itirmək heç də sərfəli deyil. Suriya ərəb dövlətləri içində Rusiya ilə unikal münasibətləri olan tək ölkədir, Sovet dövründən qalan tərəfdaşlıq, “isti dənizlər” də Rusiyanın yeganə hərbi bazasının burada olması onu Yaxın Şərq regionunda əvəzedilməz edir. Təbii ki, belə bir ölkəni itirmək, Kreml üçün bütövlükdə Yaxın Şərqi itirməkdir. Rusiyanın bütün bu dəstəyi fonunda Suriya da onun bütün aqressiv siyasətini dəstəkləyir.
2003-də keçmiş müttəfiqi olan İrana ABŞ-ın hərbi müdaxiləsi və rejim dəyişikliyi ilə nəticələnən hadisələrdən sonra Rusiya öz müttəfiqini qoruya bilməyən bir ölkə kimi ciddi nüfuz itirdi. 2011-də Liviyaya hərbi müdaxilə və rejim dəyişikliyindən sonra isə bu nüfuz itkisi artıq çox ciddi xarakter aldı, Rusiya öz etibarlılığını itirməyə başladı. Bu baxımdan yanaşdıqda, Suriyada rejimi qorumaq cəhdinin Moskva üçün bir etibar testi olduğu da görünür. Əgər buna da nail olmazsa, onda Kreml onsuz da sayı çox az olan müttəfiqlərini də itirə bilər. Suriya rejiminin ortodoks xristianlığa yaxın ələvi təriqətli şəxslərdən təşkil olunması və ələvəilərin ölkədə sayca az olsa da hökümətdə olması, hakimiyyətə sünni müsəlmanlar gəldiyi təqdirdə onlar üçün təhlükəli vəziyyət yarana biləcəyi ilə nəticələnmə ehtimalı Putinin Rusiya Ortodoks Kilsəsinin təsirilə ölkədəki xristianları şəxsləndirən Əssədi onları qorumaq məqsədilə dəstəkləməsi də burada önəmli olmasa da səbəblərə daxildir. Xristian həmrəyliyi burada müəyyən qədər rol oynaya bilər, çünki Rusiya rəsmiləri də bir neçə dəfə ölkədəki xristianların taleyinin mövzu olmasını demələri, bu ölkənin xristian tarixini vurğulamaları buna əsas verir. Sovet dövründən fərqli olaraq, bu gün Rusiyada dinin siyasətə ciddi təsiri var və Putinin dəfələrlə dini ayinlərdə iştirakı da bunu təsdiqləyə bilər. Digər tərəfdən isə xristian məsələsi həm də Rusiya üçün qoruyucu pərdə, diktator rejimə dəstəyinə humanitar xarakter verən bir amil kimi çıxış edir. Məsələnin başqa bir tərəfi isə Qərb müdaxiləsinin qarşısı burada alınmazsa, bunun qarşıdakı illərdə bütün Orta Şərqə yayılacağı və Rusiya sərhədlərinə çatacağından ehtiyatdır. Bunun düşünən bəzi rus siyasətçilər Əssədin devrilməsinin yalnız böyük planın bir parçası olmasınını söyləmələri bu anlamda yozumlana bilər. Suriyada rejimə qarşı mübarizədə islamçı dini faktorun olması gələcəkdə silahlı islamçılığın yenidən Qafqaza qayıtması qorxusu ilə Moskvanı üz-üzə qoyur. Vaxtilə Çeçenistan müharibəsinda Yaxın Şərqdən və digər regionlardan gələn minlərlə müsəlmanın Rusiyaya qarşı vuruşması, bu dövlətin Əssədə qarşı müharibədə fəal iştirak edən “Müsəlman Qardaşlığı” təşkilatını terrorçu qrup kimi səciyyələndirməsinə əsasdır. Kreml Suriyada rejim dəyişikliyinin terrorçuların burada hakimiyyətə gələcəyi ilə nəticələyini düşünür və siyasi stabilliyin bu baxımdan daha faydalı olduğunu şərh edir. Eyni zamanda İraq ssenarisinin burada təkrarlana biləcəyi və xalqın hələ dəyişikliyə hazır olmaması ilə bağlı Qərb dövlətlərinin son zamanlar olan münasibəti, Rusiyaya irəli sürdüyü fikirləri əsaslandırmağa imkan verir.
Nəticə
İkiqütblü sistemdən sonra Rusiyanın xarici siyasətində Yeltsin və Putin dövrləri qeyd edilə bilər. Hər iki dövrün izahı üçün xarici siyasətlə əlaqəli amillər yuxarıda göstərilmişdir. Hər iki dövrdə bir tərəfdən beynəlxalq sistemdə transformasiya/yenidənqurma (və qeyri-müəyyənlik) və kommunizm ideologiyasından azad olmuş postsovet dövlətlərində siyasi qurumlarının yenidən qurulması səyləri əsas həlledici faktor oldu.
Bugün artıq, Rusiya Federasiyası super güc deyil, ancaq bu yolda çalışır. Beynəlxalq sistemdə inkişaf istiqamətlərini yönəltmək qabiliyyəti və iradəsi olan bir güc deyil. Ancaq Rusiyanı regional güc kimi xarakterizə etmək də yanlışdır. O, regional güclə super güc arasında ortaq bir mövqedə dayanır. XXI əsrdə ABŞ-ın nüvə silahına malik hərbi gücü qarşısında dura biləcək tək dövlət Rusiyadır, ancaq bu yalnız hərbi sahədə belədir. İqtisadi, sosial və digər baxımdan isə RF özündən ərazicə və əhalicə qat-qat kiçik Avropa dövlətlərindən daha zəifdir. Rusiyanı böyük edən onun zəngin enerji resursları və dünyanın ən böyük ərazisinə malik ölkə olmasıdır. Koreyadan Finlandiyaya qədər uzanan ərazidə tək dövlət olması ona geosiyasi baxımdan üstünlük verir və belə desək, hər zaman güclü olmağa vadar edir. Rusiyanın gücünün bir qaynağı da onun böyük ərazisidir. Bu ona bütün bu ərazidə siyasi qərarlara birbaşa təsir etmək imkanı verir. Belə geniş ərazidən başqa, Rusiyaya SSRİ-dən miras qalan Orta Asiya, Güney Qafqaz və Belarus, Qara dəniz hövzəsi kimi təsir dairələri mövcuddur. Belə geniş əraziyə təsir imkanı baxımdan o, hətta super güc olan ABŞ-dan daha üstün durumdadır. başlamışdır. Hal-hazırda Rusiyanın xarici siyasətini qiymətləndirərkən tarixi perspektiv mütləq nəzərə alınmamalıdır. Bunu nəzərə almadan Rusiyanın xarici siyasətini düzgün qiymətləndirmək mümkün deyil. Böyük dövlətçilik ənənəsinə malik olan Rusiya öz tarixinin 200 ildən çoxunu imperiya, daha sonra 71 il Sovet İttifaqı kimi imperiya adlana biləcək dövlətin əsas lokomotivi (Bu mənada SSRİ-ni Rus imperiyası adlandırmaq olar) kimi keçirib. Bu faktor onun xarici siyasətinə birbaşa təsir edir və aparıcı motivlərdən biridir.
Dostları ilə paylaş: |