Xxi əsrin əvvəlində Rusiyanın xarici siyasəti Tərkib Giriş I fəsil


I Fəsil. SSRİ-dən sonra Rusiyanın dünya siyasətinə girişi I.1. Rusiyanın özünü dünya siyasətində yenidən müəyyənləşdirməsi



Yüklə 99,45 Kb.
səhifə2/6
tarix11.05.2023
ölçüsü99,45 Kb.
#111048
1   2   3   4   5   6
Rusiyanin XXI srd xarici siyasti

I Fəsil. SSRİ-dən sonra Rusiyanın dünya siyasətinə girişi
I.1. Rusiyanın özünü dünya siyasətində yenidən müəyyənləşdirməsi
1991-ci ildə Sovet İttifaqının dağılması ilə onun mülkiyyətində olan bütün sahələr demək olar ki Rusiyaya keçdi. Moskva Rusiyanın paytaxtına çevrildi və avtomatik olaraq BMT TŞ-da öz sələfini əvəzlədi. Sovet İttifaqı Rusiyaya həm də böyük nüvə arsenalı, hərbi sənaye kompleksi və institutları olan bir dövlət buraxdı. Digər postsovet ölkələri kimi bu institutları yenidən qurmaq üçün vaxta ehtiyacın olmaması, rəsmi Moskvanı beynəlxalq siyasətə daha tez qoşulub, əlverişli imkanlardan faydalanmağa imkan verdi. SSRİ formal olaraq bir dövlət kimi varlığını bitirsə belə, Rusiya həm onun həm də öncəki İmperiyanın varisi olaraq davam etdi və hətta bunu onların əvəzlənməsi kimi də adlandırmaq olar. Vaxtilə Çarizm tərəfindən işğal olunmuş Qafqazın azadlıq ruhu yenidən baş qaldırdı. Qafqaz xalqları Sovetlər İttifaqı qurulandan sonra da dəfələrlə 1920 və 1930-cu illərdə bu imperiyaya qarşı üsyan etmişdilər. 1992-də yenidən başlayan azadlıq hərəkatı bütün Qafqaza yayıldı, Abxaziya-Qara dəniz sahillərinə qədər uzandı. Daxili iqtisadi və siyasi böhranla üz-üzə qalmış yeni Rusiya hakimiyyəti bu hərəkatlara qarşı mübarizədə çətinlik çəkməsi səbəbindən ilk illərdə üsyançılar və ya seperatçılar müharibədə ciddi uğurlar qazandılar. Rusiya sərhədlərinin o dövrdə demək olar ki, çox zəif qorunması, dövlət strukturunda böyük problemlərin olması Çeçenistan müharibəsinə əfqanların da qoşulmasına şərait yaradırdı. Abxaziya problemi 1993-ün sonlarında həll olunsa da çeçenlərlə müharibə hələ uzun illər sürəcəkdi. 1997-də vəziyyət sülh müqaviləsi nəticəsində nisbətən normallaşsa da1, Rusiya tərəfindən verilən vədlərin yerinə yetirilməməsi və hərəkat rəhbərlərindən bir neçəsinə qarşı sui-qəsd 1998-də mübarizəni yenidən alovlandırdı. 1 il sonra Putinin hakimiyyətə gəlməsi ilə Çeçenistana qarşı daha sərt, düşmən münasibət ortaya qoyuldu və Kreml özünün terrorçu adlandırdığı çeçen rəhbərlərlə hər hansı danışıqları rədd edərək, sırf hərbi dillə danışmağa başladı. Putinin ölkəni öz əlinə almasından sonra, Çeçenistana istər humanitar istərsə də hərbi dəstəyin yolları bağlanıldı. Beynəlxalq ictimaiyyət Rusiyanın bu məsələdə qətiyyətliliyini, onsuz da əl çəkməyəcəyini görərək, müvafiq dəstəkləri də azaltdı və Rusiya hökümətinin bölgə əhalisinə qarşı amansız müharibəsinə münasibətdə bir neçə qınayıcı bəyanatla kifayətləndi. 2002-də bölgədə müharibə sona çatsa da, ruslara qarşı partizan müharibəsi daha bir neçə il sürdü. Bundan başqa, digər daxili problemlərin - məmur özbaşınalığı, total korrupsiya, güc strukturlarının aşınması və sosial-iqtisadi böhran problemlərini həll edən Rusiya gücləndi və özünü dünyaya böyük neft-qaz istehsalçısı kimi təqdim etməyə başladı. Rusiya bu zaman öz yeni imicini formalaşdırmağa çalışaraq, Qərb institutları ilə müvafiq əməkdaşlığa və Avropa ölkələri ilə yeni dostluq münasibətlərinə başlamaq istəyini vurğulayırdı. Uzun illərin daxili problemlərindən cana doymuş Rusiya bir daha yeni müharibə ilə qarşılaşmaq istəmirdi, bu səbəbdən NATO-nun Rusiyanın tarixi nüfuz dairələri sayılan Balkan yarımadası və Şərqi Avropaya genişlənməsinə də sərt reaksiya verməyərək, yalnız bir neçə bəyanat və çıxışla buna münasibət bildirdi. Lakin, NATO-nun onun sərhədlərinə yaxınlaşması və Gürcüstanda Rusiya ilə mübahisəli Abxaziya və Osetiyada gürcülərin 2008-in avqustunda hərbi əməliyyata başlamaları Rusiya siyasətində indiyə qədər olan sakit, sülhsevər imici darmadağın edərək, onu yenidən keçmişə, öz antaqonist siyasətinə qaytardı. Bu həm də Avropa və Amerika üçün Rusiyanın demokratikləşəcəyinə, qonşuları ilə problemləri sülh yolu ilə həll edib, onların daxili işlərinə qayışmayacağı gözləntilərini puç etdi. Bundan sonra Rusiya Avropa üçün etibarlı tərəfdaş olmaqdan çıxıb təhdid yaratmağa başladı. Quzey qonşumuzun davranışında belə sərt dəyişim Azərbaycan üçün də Qarabağ probleminin həllində Rusiyanın önəmli rol oynaması ilə bağlı ümidləri yox etdi. Təsadüfi deyil ki, Rusiya bundan sonra işğalçı Ermənistana köməyini daha da artıraraq, onun yanında olmasını tam aydınlığı ilə göstərdi. Putin hökümətinin yeni “Rus dünyası” və “Yaxın xaric” konsepsiyaları2 da imperialist siyasətin sadəcə başqa adı idi. Yaxın xaric deyərkən sərhədyanı ölkələri (Çindən başqa) nəzərdə tutan Rusiya onları hər zaman təsir dairəsində, öz yanında saxlamağı və başqa heç bir gücə bu məsələdə güzəştə getməməyi tutursa, Rus dünyası siyasəti, dünyada xüsusən sərhədyanı ölkələrdə rusdilli əhalinin maraqlarının müdafiəsi adı altında, maraqlara uyğunsa hətta bunu bəhanə edib həmin ölkə ilə müharibə aparmağı da hədəfləyir. Yuxarıda sadalanan faktorlardan başqa və Rusiya üçün ən mühümü bütün bunları həyata keçirmək üçün resurs və imkanların olması şəraitini yaradan maliyyə durumu, böyük valyuta ehtiyatları, bir sözlə biznesdir. Bu anlamda, Rusiyanın aparıcı dövlət neft-qaz şirkətləri Rusiya siyasətinin və maraqlarının lokomotividir, çünki Rusiya iqtisadiyyatının əsas qüvvəsi neft-qaz sahəsinin üzərinə düşür və dövlət xəzinəsi əsasən təbii sərvətlərdən gəən gəlirdən formalaşır. Bu baxımdan, bugünkü dünya bazarında neft-qazın qiyməti Rusiya üçün çox böyük geosiyasi əhəmiyyət kəsb edir
SSRİ-nin dağılmasından sonra onun varisi olan və Rusiya Federasiyası adlandırılan bu yeni dövlət demokratiya və bazar iqtisadiyyatı dövrünə qədəm qoydu, ancaq, dünyanın ən böyük dövlətində bu transformasiya üçün hər hansı bir aydın konsepsiya yox idi. Digər postsovet ölkələri kimi RF da bu mərhələyə xaos və iqtisadi nizamsızlıq şəraitində keçdi. Ölkədə iqtisadi böhran hökm sürür, insanlar hətta gündəlik tələbat məhsullarını bazarlarda tapmağa çətinlik çəkir, inflyasiya sürətlə artırdı. Büdcə gəlirləri xərclərdən dəfələrlə az idi, müəssisələr işçilərə aylarla maaş verə bilmir, bəziləri isə bu səbəbdən əmək haqqını digər yollarla (ərzaq və s.) ödəyirdi. Hərbi və ağır metallurgiya sənayesi üzərində qurulmuş Sovet iqtisadiyyatında yüngül və yeyinti sənayesinə keçid çox ağrılı proses idi. 1995-də Beynəlxalq Valyuta Fondundan alınan irimiqyaslı borclar hesabına hökümətin rublun “üzən” məzənnəsini sabitləşdirə bildi və inflyasiya da müvafiq olaraq xeyli azaldı. Genişmiqyaslı borclar alınmasına baxmayaraq, hökümət iqtisadiyyatda real islahatlar aparmır və onu bazar şərtlərinə uyğunlaşdırmırdı. Bu səbəbdən iqtisadi sabitlik süni idi və çox keçmədən rubl 1998-ci ildə xeyli dəyər idi, valyuta böhranı yaşandı. Digər tərəfdən isə alınmış borcların qaytarılma öhdəliyi problemi daha da çətinləşdirdi. Bütün bu proseslər nəticəsində ölkədə kəskin təbəqələşmə baş verdi, çox az qism hədsiz varlanmaqla bərabər, əhalinin əksər hissəsi yoxsulluqla yaşayırdı. Ölkənin siyasi həyatı da böhran içində idi. B. Yeltsin dövləti idarə edə bilmir, öz komandası ilə yola getmir, parlamentlə tez-tez mübahisələri yaşanırdı. Əhali içində belə bir təsəvvür var idi ki, ölkəni Yeltsin yox ona yaxın olan oliqarxlar idarə edir. Dəfələrlə Yeltsin komandası ilə parlament arasındakı mübahisələr açıq dava şəklinə də keçmişdi. Nəhayət, Yeltsin bu davada qalib gələrək, səlahiyyətlərini daha da artırdı və prezidentə parlamenti buraxmaq imkanı verildi. SSRİ dağılsa da Kommunist Partiyası hələ də xalq içində böyük rəğbətə malik idi və genişmiqyaslı təşkilatlanma və dəstəyə malik idi. Dövlət strukturlarını Sovet kadrlarının zəbt etməsi və möhkəmlənməsi yeni siyasətçilərin də səhnəyə gəlməsinin qarşısını alırdı. Nəticədə 1996-cı il seçkilərində Yeltsin yenidən qələbə qazandı. Lakin bu həm də onun sonunun başlanğıcı idi. Rusiyada hər sahəni bürümüş rüşvət və korrupsiya, təhsil, səhiyyə və digər sosial xidmətlərin çöküşü, cinayətkarlığın sürətlə artımı və hökümətin bütün bunların öhdəsindən gələ bilməməsi cəmi 3 il sonra onun istefasına gətirib çıxardı.
Postsovet Rusiyasının digər vacib problemi isə etnik kimlik idi. Tarixən çoxsaylı xalqların yaşadığı bir dövlət olan Rusiyada SSRİ-nin çöküşü isə yasaqlanmış milli məsələlər yenə baş qaldırdı. Qeyri-rus xalqlarda müstəqillik həvəsi artırdı, hətta Rusiyanın sərhədlərindən çox uzaqda yerləşən Tatarıstan və Başqurdistanda bu məsələ aktiv idi. Bu muxtar respublikalar Moskvadan yeni səlahiyyətlər-muxtariyyətin artırılmasını tələb edirdilər. Çeçenistanda isə artıq müstəqil ölkə qurulmuşdu və rusların buradan çıxarılmasına hazırlıq gedirdi. 1996-da rəsmi Moskva Çeçenistan ilə sülh müqaviləsi bağlamağa məcbur oldu. Getdikcə pisləşən etnik vəziyyət də Yeltsinin istefasına aparan səbəblərdən biri idi. SSRİ-dən sonra Rusiya yeni yaratdığı MDB vasitəsilə keçmiş Sovet ölkələrini təsir altında saxlamağa çalışsa da bu çox çətin idi. Moskvanın bu istəyi həmin regionlarda müharibə ilə nəticələnirdi. Birləşmək adıyla rəsmi Moskva Belarus və Ukraynanı özünə ilhaq etməyə çalışsa da, həmin dövlətlər buna xoş yanaşmırdılar. SSRİ-nin dağılması nəticəsində Rusiya sərhədlərindən kənarda qalmış ruslar da ayrı bir problem idi. Əsasən Qazaqstan, Ukrayna və Moldovada yaşayan bu rus icmalara yerli xalqların və müvafiq dövlətlərin münasibəti xoş deyildi, çünki rəsmi Moskva onlardan bu dövlətlərə qarşı siyasi rıçaq kimi istifadə edə bilərdi, lakin, Rusiyanın özünün çoxsaylı daxili problemlərinin olması və ABŞ, Avropa ilə münasibətləri yaxşılaşdırmaq istəməsi səbəbindən onları qıcıqlandırmaq istəməməsi yarana biləcək mümkün problemlərin qarşısını aldı. Tədricən həmin ruslar də Rusiyaya qayıtmağa başladılar.SSRİ-nin bitməsinin nəticəsi olaraq, ölkədə təkcə iqtisadi-siyasi yox bütün sahədə köklü dəyişikliklər baş verdi. Tarixə yanaşmada marksizm-leninizmin tərifindən imtina olunaraq, çarizm dövrü təqdir olunmağa başlandı. II Nikolayın qalıqları yenidən dəfn olundu
2000-ci illərdən başlayaraq, Rusiyanın xarici siyasəti iqtisadi tələblərə müvafiq olaraq bazar motivləri üzərində formalaşmağa başlandı. Özünü nə qədər Çarizmin və SSRİ-nin varisi elan etsə də, bugünkü xarici siyasət motivləri Çarizmin və Sovetlərin siyasətindən kəskin fərqlənir. Artıq əvvəlki kimi ideoloji xətt və ekspansionist siyasət hökm sürmür, Rusiya Federasiyasının xarici siyasəti daxili səbəblərdən daha çox qaynaqlanır. SSRİ-dən fərqli olaraq, bugünkü Rusiya dünyada ən az ideoloji dövlətlərdən və ya ən ideologiyasız sistemlərdən biridir. Rusiya elitinin dünya baxışı daha çox maliyyə maraqları üzərində qurulur. Dəyərlər, ərazi iddiaları, hərbi sahədə birincilik ikinci və daha sonrakı yerlərdə durur. Maraqlar uyğun gəldikdə dəyərlər sonrakı plana keçir. “Oynayan” enerji qiymətləri Rusiya üçün nüvə başlıqlarının sayından daha əhəmiyyətlidir. Geosiyasət iqtisadi maraqlara uyğun gəldikdə rol oynayır, ancaq, o, əvvəlki kimi Moskva siyasətini yönləndirən xətt deyil. Şəxsi və korporativ maraqlar siyasi xəttin yönünü bəlirləyir, sadə dillə desək RF ona sahib olanlar tərəfindən idarə olunur. İqtisadi maraqların hakim olması səbəbindəndir ki, Rusiya siyasətində aparıcı şəxslərin bəziləri heç də siyasətçi deyil, Qazprom, Rosneft və digər strateji əhəmiyyətli dövlət qurumlarının rəhbərləridir. Putin dövlət başına keçəndən sonra Rusiya sanki bir qrup şəxsin idarə etdiyi konqlomerata çevrilib3. İqtisadi məsələlərdə; məsələn, neftin və qazın qiymətində Rusiya hətta ən yaxın müttəfiqi dediyi ölkələrə belə güzəştə getmir. Hakim elita arasında şəxsi var-dövlət də üstünlük, güc əlaməti sayılır və sanki, dövlət məmuru mütləq varlı olmalıdır kimi ənənə hökm sürür. Varlı olduqları qədər də güclü görünürlər. Məhz bu səbəbdəndir ki, qeyri-rəsmi olaraq Vladimir Putinin ölkənin ən varlı şəxsi olması kimi mövzular artıq çox geniş yayılıb və dəfələrlə bu barədə araşdırılma aparılaraq, tək onun deyil həm də baş nazir və digər nazirlərin, orta və yüksək bürokratiyanın ölkə daxilində və xaricdə çoxmilyardlıq mülkləri üzə çıxarılıb. Uyğun olaraq, xarici siyasət də biznes üzərindən yürüdülür, Rusiya maraq göstərdiyi ölkələrə əvvəlcə milyarderlərini göndərərək həmin yerlərə çox böyük yatırımlar ayırır və daha sonra dövlət səviyyəsində buna girişir. Bu perspektivdən yanaşmada dünyada hər kəs Rusiyanın tərəfdaşı ola bilər, hətta rəqib adlandırdığı şəxslər belə, əgər onun maliyyə-biznes maraqlarına uyğun gəlirsə və əgər uyğun gəlmirsə ən yaxın adlandırdığı şəxslər belə asanlıqla rəqibə çevrilir. Rəsmi kürsülərdən nə qədər anti-Qərb ritorikası, patriotizm səslənsə belə, dövlət məmurlarının Avropa və ABŞ-da mənzillər də daxil, çoxsaylı mülk, obyekt almaları, onların övladlarının isə həmin ölkələrdə yaşayıb, oranın vətəndaşına çevrilmələri bugün artıq faktdır. Qarşılıqlı münasibətlər heç də üzdən göründüyü kimi antaqonist yox rəqabət xarakterlidir. Bugünkü Rusiya SSRİ-nin xiffətini çəksə də, onu bərpa etmək haqqında, dünyada hegemonluğu ələ almaq barədə heç düşünmür də. Rusiya liderləri onu qlobal miqyasda böyük güc kimi superkorporasiya şəklində təşkil etməyi düşünür və bu yolda Rusiyanı böyük enerji ehtiyatlarından istifadə edərək dünyanın böyük iqtisadi emalatxanası olaraq görür. Qərblə münasibətlərdə ideoloji və əxlaqi prinsiplər deyil, sövdələşmə şərtləri və bundan gələcək faydanın miqdarı əsasdır. Təsadüfi deyil ki, bu gün bir çox Avropa ölkəsi geosiyasi baxımdan onlara təhdid görünsə də, iqtisadi əlverişlilik baxımından Rusiya ilə anlaşıb uğurla əməkdaşlıq edirlər. Əgər XX əsrin əvvəlində Qərb daha çox maddiyyata əsaslanan praqmatik və praktik Rusiya isə qatı ideoloji idisə, indi tam əksidir. Rusiyanın dünya siyasətinə aktiv olaraq atılmasının başlanğıcının yüksək neft qiymətləri ilə eyni zamana düşməsi boşuna deyil, Putin höküməti kifayət qədər valyuta ehtiyatı toplayıb, iqtisadi möhkəmliyini təmin etdikdən sonra imperial ambisiyalarını yenidən qonşu dövlətlərə qarşı yeritdi. Ona bu arxayınlığı yüksələn neft qiymətləri vermişdi.
Rusiya üçün enerji, iqtisadi məsələlərdən daha çox siyasi təsir alətidir və buna görə də hər yolla qiymətləri yüksək saxlamağa çalışır. Rəsmi Moskvanın enerji qiymətlərindən dəfələrlə qonşu ölkələrə qarşı siyasi silah kimi işlədilməsi tarixi çox da uzaqda deyil. Enerji qiymətlərinə nəzarət edə bilməməsi səbəbindən (yeri gəlmişkən, SSRİ-dən iqtisadi çöküş də neft qiymətlərinin kəskin enişi ilə başlamışdı) Rusiya beynəlxalq münaqişələrdə əgər onun üçün vacib strateji əhəmiyyət kəsb etməzsə əvvəlki kimi güc istifadə etməyə meyilli deyil, çünki bu zaman onu Qərbin maliyyə-iqtisadi, eyni zamanda enerji qiymətləri ilə bağlı sanksiyalarının gözlədiyini yaxşı bilir. Ruslar nə qədər kollektivizmdən uzaqlaşıb ifrat kapitalist fərdiyyətçiliyinə doğru yönəlsələr də, dəyərlər baxımından Avropa ilə heç bir zaman uzlaşa bilməyəcəklərini başa düşərək, onunla daha çox iqtisadi məqamlar üzərindən əməkdaşlıq etməyə, onun üçün böyük problemlər yarada biləcək və tarixən düşmən münasibət bəslədiyi islam dünyası ilə isə artıq, sülh şəraitində yaşamağa və Latın Amerikası və Afrika ilə əlaqələri gücləndirərək burada yeni müttəfiqlər tapmağa və Çin ilə ABŞ-ın təsiri qarşısında birgə durmağa yönələn siyasət yürüdürlər.Rusiya bugün Avropada dominantlıq istəyində olmasa da, onun zəifliklərindən siyasi üstünlük qazanmaq üçün öz xeyrinə doğru məharətlə istifadə edir. İtirilmiş Baltik ölkələri və şərqi Avropanı geri qaytarmaq istəməsə belə, burada öz aktivlərini gücləndirməyə, güclü təsir qazanmağa yönəlmiş siyasət aparır. Vaxtilə “qardaş dövlətlər” adlandırdığı Ukrayna və Belarusa satdığı qazın qiymətini 2005 və 2006-da kəskin qaldırması, 2009-da isə Ukraynaya qaz verilişini dayandırması4 da SSRİ-nin yenidən qurulacağına olan ümidlərin üzərindən birdəfəlik xətt çəkdi. Rusiyanın Gürcüstan, Ukrayna kimi dövlətlərə qarşı təzyiqi və aqressiv siyasətinin də arxasında bu ölkələrin iqtisadi inkişafının Qərbə doğru hesablanması, müstəqil iqtisadi siyasət yürütmələri idi. İqtisadi təsir ona həm də bu dövlətlərin siyasətinə təsir etməkdə kömək edəcək. ABŞ-la münasibətlərdə Rusiya Avropa ilə müqayisədə sərtdir, çünki NATO-nun öz sərhədlərindən mümkün qədər uzaqda tutmağa və bölgədə demokratikləşmə prosesinin qarşısını almağa çalışır. Rəsmi Moskva yaxşı anlayır ki, Gürcüstan, Ukrayna, Moldova kimi dövlətlər Avropa Birliyi və NATO-ya qoşulmaqla Rusiya üçün daimi bağlanacaq və ona qarşı daha sərt siyasət yürüdərək, ölkə daxilində də hökümət üçün xoşa gəlməyən proseslərə başlanğıc verə bilər. Bu zaman, Rusiya bu dövlətləri birdəfəlik itirəcək. Digər baxımdan Avropa kimi ABŞ ilə qarşılıqlı asılılığın olmaması və dünya miqyaslı məsələlərdə Rusiyanın BMT TŞ-da veto hüququnun olması, onu okeanın o biri tərəfindəki keçmiş düşməni ilə antaqonist siyasət yürütməyə imkan verir. Ancaq, bu da uzun müddət davam edə bilməyəcək, çünki gələcəkdə Rusiyada hakim olacaq indiki gənc nəslin içində patriotizm təbliğatı ilə ABŞ-a qarşı düşmənçilik ruhunda böyüdülənlərlə yanaşı, sərbəst düşüncəli, liberal fikirli, dünyanı bütöv və aydın görən, ölkədə dərin köklü islahatlar tələb edən də çoxmilyonlu gənclər var və bu da 2 ölkə arasında antaqonist münasibətlərin gec-tez başa çatacağına işarədir. Kütləvi İnformasiya Vasitələrində ABŞ-a qarşı düşmənçilik ruhlu təbliğata, dövlət rəsmilərinin sərt çıxışlarına baxmayaraq, ABŞ-ın geosiyasi və iqtisadi üstünlüyündən ehtiyat edən Rusiya mümkün qədər ondan uzaq durmağa və qarşılaşmamağa çalışır. Rusiya nə qədər də Qərb dəyərləri ilə uyğun gəlməyərək, anaxronist siyasət yürütsə də, o rədd edilmək üçün çox böyükdür və qarşı tərəf də bunu anlayaraq mümkün potensialdan istifadə üçün rəsmi Moskva ilə əlaqələri kəskinləşdirib onu tamamilə izolyasiya etməkdə maraqlı deyil, çünki bu zaman hər 2 tərəf itirir. Bugün Rusiya izolyasiya olunması təhlükəsiz hətta tarixən heç bir əlaqəsinin olmadığı və ya onunla ziddiyyətli maraqları olan dövlətlərlə yaxınlaşmaqda maraqlıdır. Çili, Peru kimi Latın Amerikası ölkələri, Şimali Koreya kimi problemli dövlətlə Putinin yaxınlaşmaq istəyində də bu durur. Rəsmi Moskva mümkün qədər ABŞ-a qarşı daha çox ölkənin daxil olduğu bir blok formalaşdırmağa çalışır. Rusiya dünya siyasətində özü üçün Avrasiya meydanını seçib. O nə Avropa, nə də Asiyaya müttəfiq olmadan öz nüfuzunu burada bərqərar etməyə çalışır.

Bu dövlətin Braziliya, Hindistan, Çin və Cənubi Afrika ilə birlikdə BRİCS təşkilatına üzvlüyü onu göstərir ki, o hələlik mədəniyyət baxımından Avropaya tam bağlı deyildir.Onun hazırda Avropa İttifaqı kimi qərbyönlü qurumlara üzvlük istəyi yoxdur. Bunun əvəzində Rusiya daim Qərbə alternativ yaratmağa can atır. Bunlardan ən sonuncu cəhd Avrasiya İttifaqıdır. Bu təşkilat Qərblə balansa hesablanmış, lakin Qərbin norma və dəyərlərindən azad bir qurumdur. Avrasiya İttifaqına qoşulan ölkələrin bunu hansı bir həvəslə etdiyi xatırlanarsa, onun gələcəyi barədə doğacaq suallar təbii səslənə bilər. Bütün bunlardan daha mühüm amil isə budur ki, Rusiya dünya boyunca demokratiyanın ən inadkar rəqibidir.



I.2. Qloballaşan dünyada Rusiyanın yeri
Sovetlərin dağılmasından artıq 28 il vaxt keçsə də Rusiya özünün dünya siyasətində konkret yerini, xarici siyasət istiqamətini hələ də müəyyənləşdirə bilməyib. Bu ölkə bəzən Qərbə-Avropa və ABŞ-a, bəzən isə Şərqə- Çin və Hindistana istiqamətlənmiş siyasət yürüdüb. Bu məsələ həm də bu dövlətin dərin struktur keyfiyyətləri, əhalinin mental xarakteri ilə bağlıdır. Məhz bu səbəbdən yuxarıdakıların heç biri ilə uzlaşa bilməyəcəyini görən Rusiya özü ayrıca blok formalaşdırmağa çalışır və bu məqsədlə bir neçə təşkilat da yaratdı. Beynəlxalq münasibətlərdə rəsmi Moskvanın özünü dəcəl, ərköyün uşaq kimi aparması nəticəsində heç bir dövlət onunla tərəfdaş olmaqda maraqlı deyil. Rusiyanın 2008-də Gürcüstanla müharibəsi isə Qərbin Rusiyanın modernləşib, bərabər tərəfdaş olacağına olan ümidləri qəti olaraq söndürdü. 1990-larda Qərb institutlarından və dövlətlərindən yardım istəyən bu dövlət, özünə gəldikdən sonra beynəlxalq aləmdə özünü ABŞ-la bərabər supergüc kimi görməyə başladı və onunla başqa sahədə rəqabət apara bilməyəcəyini görən Moskva hərbi ritorikaya, aqressiv xarici siyasətə üstünlük verməyə başladı. Gürcüstandan sonra 2014-də Krımı işğalı və Ukraynanın şərqində hərbi əməliyyatlara başladıqdan sonra isə Avropa indiyə qədər Rusiya ilə əlaqələrdə böyük yanlışlıqlara yol verdiyini başa düşdü. Vaxtilə ABŞ rəhbərləri Avropanı bu məsələdə Rusiya ilə ehtiyatlı olmağa çağırsalar da, bu çağırışlar ciddiyə alınmamışdı. Ukrayna hadisələrindən sonra Avropa səhvini anladı və öz əli ilə cəlladını böyütdüyünü başa düşdü. 2000-ci illərdə Rusiya əhalisi aparılmış sorğulara əsasən yüksək həyat səviyyəsini supergüc olmaqdan üstün hesab etsələr də 2011-də artıq vəziyyət dəyişmişdi5. Rəsmi Moskvaya kömək edən digər faktor isə ABŞ təsirindən və siyasi asılılığından çıxmağa çalışan Almaniya və Fransanın bəzi məsələlərdə onunla həmfikir olması oldu. Rusiyanın rifah səviyyəsinin, iqtisadi göstəricilərinin yüksəlməsinin ölkədə demokratikləşməyə də müsbət təsir edəcəyini düşünən avropalılar bunun tam əksini görəndə təəccübləndilər. Putin iqtisadi resurslar hesabına dövlət hakimiyyətini tamamilə uzurpasiya edərək, ona müxalif olanların bəzilərini satın aldı, barışmayanları isə müxtəlif yollarla susduraraq ölkəni diktaturaya çevirdi. Media vasitəsilə Rusiya üçün “Düşmənlər (!) tərəfindən çəmbərlənmiş qala” xarakterli təbliğat aparan hökümət xalqın çoxunu buna inandıra bildi. “Rusiyanın keçmiş əzəmətini bərpa etmək” adıyla ölkədəki demokratik-liberal institutlar, vətəndaş cəmiyyəti məhv edildi, buna etiraz edənlər isə “Qərbin agenti” adıyla damğalandılar. Beynəlxalq siyasətdə marjinallaşdırılmaq, aqressiv siyasətinə görə dünya üçün həlledici proseslərdən kənarlaşdırılmağı, Rusiya ona qarşı düşmənçilik kimi qələbə verdi və güc göstərməsi ilə əhali arasında nüfuzunu artırmağa çalışdı. İmperial təfəkkürlə tərbiyə olunan rusların da əksəriyyəti məhz bu səbəbdən Moskvanın işğalçı siyasətinə haqq qazandırdı, Putinin reytinqi zirvəyə qalxmağa başladı6. Sistemin çox köhnə olması və dünyadakı sürətlə dəyişikliklərə uyğunlaşa bilməməsi Rusiyanın anaxronist siyasətdə inad etməsində əsas səbəbdir, əslində indiki hökümət üçün dərin struktur dəyişikliklərə getmək də təhlükədir, çünki bu onun dövlət idarəçiliyindən uzaqlaşdırılması ilə nəticələnə bilər.
Rusiya bugün beynəlxalq təhlükəsizlikdə kəsişmə mövqeyində dayanır. Bu kəsişmə hərbi güc, iqtisadi potensial və mədəni və kimlik çərçivəsi səviyyəsində formalaşır. Hərbi güc Sovet dövründəki əsas məsələ olmaq səviyyəsindən bugünkü Rusiya siyasətində qeyri-müəyyən faktora çevrilib. Artıq əvvəlki kimi, ABŞ-dan hərbi hücum gözlənilmir, təhdidin istiqaməti islamçı silahlanmaya, terrorizmə, coğrafiyası isə Qafqaz və Mərkəzi Asiyaya doğru yönəlib. Digər tərəfdən Rusiyada getdikcə artmaqda olan müsəlman əhali və bu dinin nüfuzu da onun üçün təhdidlərdən biridir. ABŞ tərəfindən gələn təhdid kimi isə onun qonşu ölkələrdə yerləşməsi görünür. İqtisadi axımlarda isə indiyədək Rusiyada çoxsaylı dəyişikliklər olub. İnzibati amirlik sistemindən bazar iqtisadiyyatına keçid, dövlət nəzarətinin zəifləməsi, ağır sənayedən texnoloji proseslərə keçid və s. Bütün bunların fonunda Rusiya iqtisadiyyatında xeyli böyümə qeydə alınıb. Mədəni kimlik məsələsi isə hələ də qeyri-müəyyən olaraq qalır, SSRİ zamanı bu vahid Sovet kimliyi ilə xarakterizə olunurdusa, bu gün vəziyyət çox rəngarəngdir. Rusiya cəmiyyəti Avropalı mədəni kimliyinin bəzi tərəflərini qəbul etsə də, digərlərini qəbul etmədi. Hazırda Rusiyada bu barədə çoxlu müzakirə və mübahisələr getməkdədir, əhalinin, xüsusən gənclərin bəzi hissəsi özlərini avropalı, digərləri avrasiyalı, rus, xristian, müsəlman və s. görür. İdeoloji məsələlər isə burada demək olar ki, yox səviyyəsindədir. Qloballaşmaya münasibət isə müsbət deyil, çünki həm də dövlət siyasətindən gələn məsələlərdən dolayı ruslar amerikalıların başçılıq etdiyi bu axıma qoşulmaq, tərkib hissəsi olmaq istəmirlər. ABŞ-a qarşı antipatiyanın əsas səbəblərindn biri Rusiyanın özünü ABŞ tərəfindən aldadılmış hiss etməsi, SSRİ-nin dağılma ərəfəsi ona verilən vədlərin düzgün yerinə yetirilməməsi təbliğatı, Avropa Birliyi və NATO-nun Şərqə doğru genişlənməsi durur. ABŞ-ın SSRİ-dəki son səfiri Cek Metlok da bu yanaşmanı dəstəkləyir: “Biz onlara Atlantikdən Urala qədər Avropa demişdik, ancaq, bu onun (Avropanın) yenidən bölünməsi ilə nəticələndi və biz hüdud xəttini rusların ziyanına şərqə doğru daha çox çəkdik”7.
2000-də faktiki, sonrakı il rəsmən hakimiyyətə gələn Putin, artıq Rusiya Federasiyasının artıq bir super güc olmadığını bildiyindən, ölkəni enerjiyə üstünlük verən bir süper gücə çevirməyi və mərkəzləşdirilmiş güclü idarəçilik qurmağa başladı. Bundan əlavə, Putin oliqarxlara, ölkədə fəaliyyət göstərən media inhisarlarına qarşı savaş açaraq, Yeltsin dövründə başlanan özəlləşdirməni dayandırdı. Xüsusilə, enerji sahəsində olan özəlləşdirmələrin əksəriyyətini ləğv etdi. Putin enerji sektorunu ölkənin əsas gücünə çevirməyə başladı. Rusiya hökuməti xarici siyasətdə iqtisadi əlaqələrə daha çox diqqət ayırmağa başladı. Ölkənin müxtəlif iqtisadi sektorlarını təmsil edən kommersiya elit qrupları arasında xarici siyasətdə və daxili siyasətdə fərqli fikirlər var. Görüşün fərqliliyinə baxmayaraq, kommersiya elitasının əksəriyyəti Rusiyanın Qərbi Avropa iqtisadi sahəsinə inteqrasiyasını dəstəkləyir. Başqa sözlə, onların məqsədi ölkənin xaricdən yeni texnologiya, kredit və investisiya təmin etməsi üçün marketinq sahələrini genişləndirməkdir. Eyni zamanda bəzi sektorlar müxtəlif səbəblərdən Avropa bazarına çıxa bilmirlər. Bunun səbəbləri; iqtisadi, siyasi və ya istehsal olunan məhsulların rəqabətə uyğunlaşa bilməməsidir. Rusiya xarici siyasətini təsir edən altı kommersiya elit qruplarından biri olan metallurgiya sektoru (RusAl) bu gün xarici siyasətdə Qərb ölkələri ilə əməkdaşlığı dərinləşdirməyə çalışır. Onlar həmçinin Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyünü dəstəkləyir və ölkəni AB və ABŞ-dan iqtisadi asılılıqdan azad etmək istəyirlər. İxracat sahəsinin genişləndirilməsi, sektorun texniki yenilənməsi, ölkəyə xarici sərmayələrin təşviqi, MDB-də ümumi bazarın bərpası, Yaxın Şərq bazarının əldə olunması, Çin, Hindistan və Balkan ölkələrinə ixracın artması bu sektorun məqsədidir. Rusiya xarici siyasətini təsir edən bir elit qrup da elektro-energetika sektorudır. Bu sektorun xaricdəki maraqlarına Avropanın, Baltikyanı ölkələrin və Balkan respublikalarının enerji şirkətləri ilə sıx əməkdaşlıq, Skandinaviya ölkələri ilə əməkdaşlıq inkişaf etdirmək göstərilə bilər. Bundan əlavə, Asiya bazarı, xüsusilə də Çin bazarında böyük maraqlar var. Elektro-energetika sahəsi də strateji sahələrdən biri kimi dövlətin monopoliyasındadır. Ticarət elitasının ən güclü lobisi təbii qaz və neft sektorudur.
Geosiyasi müqayisədə Rusiya hərbi baxımdan ABŞ-a yaxın olsa da, iqtisadi və mədəni kimlik məsələlərində Avropa onun üçün daha əhəmiyyətlidir. Bu geosiyasi anormallığın səbəbi təkcə Rusiyanın daxili siyasi strukturu deyil həm də qlobal dünyada baş verən hadisələrdir. Düzdür son zamanlar ABŞ-a rəğmən Çinlə iqtisadi yaxınlaşma görünsə də Moskva nəhəng Çin iqtisadiyyatının onu bir gün udacağından ehtiyat edərək, buna o qədər də müsbət yanaşmır, sanki ABŞ və Avropanın ona qarşı qoyduğu sanksiyalar qarşısında bunu etməyə məcburdur. Rusiya xarici siyasətində əsas məsələ isə onun “itirdiyi” statusunu geri qaytarmaq istəyidir. Əsas diqqət keçmiş postsovet ölkələrində Rusiyanın gücün bərpa etməyə yönəlib. Rusiya həmin ölkələri “yaxın xaric” və ya yaxın qonşular adlandırmaqla onları təsirində saxlamaqda, tam suverenlikləri ilə barışmamaqda iddialıdır. Medvedev 2008-də avqustun 31-də, Abxaziya və Osetiyanın işğalından sonra Soçidə çıxışı zamanı imperial ambisiyaları mümkün ən açıq formada ifadə etmişdi. Onun sadaladığı 5 prinsipin 2-si “Harada olmalarından asılı olmayaraq rus vətəndaşların həyat və ləyaqətinin qorunması” və “Rusiyanın postsovet məkanında üstün maraqları olduğu ərazilər var”8 idi. Xüsusən sonuncu maddə imperialist siyasəti tam açıq şəkildə ortaya qoyur. Rusiya xarici siyasəti konkret istiqamətə malik olmadığından, ABŞ maraqları ətrafında formalaşır, daha doğrusu onu izləyir. Sanki, “ABŞ nə edirsə, mən də onun tərsini etməliyəm” kimi bir düşüncə hakimdir. Bu xüsusilə ABŞ-ın Polşa və Çexiyada raket əleyhinə müdafiə sistemləri yerləşdirməsindən sonra Rusiyanın narahatlığı ilə daha da artdı. Gürcüstan məsələsindən sonra ABŞ və Avropanın Rusiyaya qarşı adekvat cavab verməməsi, burada müəyyən qədər laqeydlik etməsi, yeni prezident Obamanın Rusiya ilə “sıfırlanma” siyasəti də Moskvanın imperial ambisiyaları yolunda əsas maneələri aradan götürdü və daha sonra bu ölkənin Ukrayna kompaniyasına başlayıb, Kırımı ilhaq etməsinə rəvac verdi.
Rusiyanın hərbi, iqtisadi və mədəni kimlik barəsində standartları təkcə müxtəlif göstəricilərlə fərqlənmir həm də bunlar ayrı-ayrı dövrləri özündə əks etdirir. Rusiya vaxtilə Avropa dövlətlərinin XIX əsrdə mübahisə etdikləri kimlik məsələsində qalaraq, XX əsrin hərbi dünyasında yaşayaraq, XXI əsrin iqtisadi reallıqları ilə uzlaşmaq istəyir. Rus ideyası, avrasiyaçılıq, unikal pravoslavlıq, avtoritarizmin faydaları, modernləşmə çağırışları onu bu 3 dövrün məngənəsində sıxaraq onların heç bircəsini də normal çəkildə tamamlamağa imkan vermir. “Soyuq Müharibə” mentalitetində yaşayan Rusiya hərbi potensialını gücləndirməklə dünyaya meydan oxuyacağını düşünür. Sovet institutlarının, bürokratik ənənələrinin hələ də bu dövlətdə yaşaması onu SSRİ-nin varisindən daha çox müasir davamçısı kimi göstərir. İqtisadi baxımdan isə keçmiş Sovet kökləri qalsa da, bu ölkənin iqtisadi baxışı bugünkü reallığa və gələcəyə daha çox istiqamətlənib. Rusiyanın burada əsas problemi “Soyuq Müharibə”dən sonra dəyişən dünya düzəni və buradan doğan çağırışlardır. O, 3 güc regionu və (Avropa, Asiya və ABŞ) 3 coğrafi vektor (Şərq,Qərb və Güney) arasında balansı saxlamağa çalışır9. Yerli institutlar, maraq qrupları və konseptual dairələr isə dünyanın sürətlə dəyişən elmi-texnoloji və mədəni dəyişikliklərinə çata bilmir, çünki onların çoxu 0-dan yaradılıb və yaxud da daha pisi Sovetlərdən qalıb. Daxili və beynəlxalq siyasət arasında münasibətlərə görə də Rusiyanın hər hansı konkret konsepsiyası yoxdur. Avropa ilə münasibətdə üstünlüyə çalışsa da Rusiya Çin və Hindistan kimi Asiya nəhəngləri ilə çox zaman konsensusa gedir, onlarla əlaqələri korlamaq istəmir, çünki bu onu daha da izolyasiya edər. Şanxay Əməkdaşlıq Təşkilatına üzv olsa da Rusiya yuxarıdakı səbəblərdən dolayı burada fəal iştirk etmir, çoxqütblü dünya yaratmaq yolunda Gömrük İttifaqı və Çinlə birlikdə BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Güney Afrika Respublikası) yaratsa da burada da əhəmiyyətli addım ata bilmir və bunlar regional təşkilat olarq qalırlar.BRICS hələ də dünya miqyasında önəmli bir addım atmayıb və yalnız rəhbərlərin ildə bir dəfə görüşməsi ilə yadda qalır. ŞƏT-in qurucusu olan Çinin burada əsas marağının ABŞ-a qarşı birlik yaratmaq yox Mərkəzi Asiyada sabitliyi qorumaq olduğu da Rusiyanın burada passivliyinin səbəblərindəndir. Avropa Birliyi ilə münasibətdə isə Rusiya onun Şərq Qonşuluğu Siyasətində iştirak etməsə də onunla əlaqələri stabil saxlamqda maraqlıdır və bu barədə müvafiq görüşlərdə də iştirak edir. ATƏT və Avropa Şurasının üzvü olsa da Rusiyaya münasibət bunlarda xoş deyil, çünki öz missiyasının əksinə olaraq münaqişələri həll etməkdə iştirak etmək əvəzinə onların yenilərinin yaradılması və mövcud olanların (Qarabağ, Abxaziya,Osetiya, Dnestryanı və Ukrayna) dondurulması siyasətini aparır. Eyni zamanda insan hüquqları sahəsində repressiv siyasəti də bu dövlətin dəfələrlə Avropa Birliyində qınanılma səbəbi olub.1995-də o zamankı xarici işlər naziri Andrey Kozırevin sonra isə Primakovun demokratik prosesi “ABŞ hegemoniyasının genişlənməsi” kimi görməsi10 ilə Rusiyada demokratiya və insan hüquqları məsələsinin qarşısında sədd çəkildi. 2000-ci illərdə demokratikləşmə nəticəsində bir neçə postsovet ölkəsində diktator rejimlərin devrilməsi ilə Rusiya bu prosesə qarşı diktaturalarla dəstəklə mübarizə aparmağa başladı. Daha sonralar başlayan “Ərəb baharı” isə Rusiyanı daha da qorxuya saldı və onun diktaturalara dəstəyi keçmiş Sovet məkanından çıxaraq bütün dünyaya yayıldı. “Yumşaq güc” kimi isə Rusiya “xaricdə yaşayan həmvətənlər arasında rus dili və mədəniyyətinin təbliği” istifadə olunur. Bu isə ərazisində çoxsaylı rus yaşayan Estoniya, Litva, Ukrayna və Qazaqstan kimi ölkələr üçün real təhdidə çevrilib. Bir gün həmin rusların dövlətə üsyan edib rus qoşunlarını ölkəyə çağırmayacağına da kimsə zəmanət vermir. Bu gün Rusiyanın böyük maliyyə vəsaiti ayrıraraq Qərbdə KİV şəbəkəsi (Russia Today) və müxtəlif təşkilatlar yaratmasının bir məqsədi Rusiya siyasətinin təbliğidirsə, digəri Avropa və ABŞ demokratik rejimlərini pisləmək, onlara qara yaxmaq, həmin ölkələrdəki hər hansı xırda bir problemi şişirdib faciə kimi qələmə verməkdir. Bütün bunları Moskva özü üçün qalxan kimi istifadə edir.
Hərbi və iqtisadi sahədə bütün cəhdlərə baxmayaraq, qlobal rol və mədəni kimlik baxımından Rusiya bugün özünü yenidən kəşf etməkdədir. Sovet İttifaqının aydın bir missiyası və məqsədi var idisə, bugünkü Rusiyada o yoxdur. Belə demək mümkündür ki, Rusiya SSRİ-dən qalan yükün əzilir. Ərazi böyüklüyünə və zəngin resurslarına baxmayaraq, bu dövlətin özünü hələ də aydın müəyyənləşdirməməsi onun periferiya dövləti kimi qalmasına səbəbdir. Son illər Rusiya siyasətində Avrasiyaçılıq irəli sürülsə də, bu adından da göründüyü kimi absurddur, çünki burada ortaq olan yalnız coğrafi ərazidir, Atlatikdən Sakit Okeana qədər uzanan bu geniş ərazinin xalqlarını birləşdirən hər hansı ortaq dəyər yoxdur. Rusiyanı modernləşməyə qoymayan digər səbəb isə tarixi irs və ondan qurtula bilməməkdir. Qurulduğu gündən monarxiya, daha sonra 560 ildən çox totalitar çarizm siyasəti, 70 il də kommunist proletariat diktaturası altında yaşamış bir dövlət və xalq üçün qısa müddətdə modern bir dövlətə, vətəndaş cəmiyyətinə keçməsini gözləmək də mümkün deyil. Rusların içində diktaturaya tirana sevginin olması, milyonlarla günahsız insanı qətl edən Lenin və Stalinə bugün Rusiyada əhalinin təqribən yarısı tərəfindən hörmət və həsrətlə yanaşılması11 da təəccüblü deyil. Əksər ruslar seçim qarşısında qalmaq istəmir və qaldıqda da çətinlik çəkir. Avropa və Asiya, Çarizm və ya Sovet kimi dixotomiyaları onları çaşdırır, çünki özlərini tam olaraq heç birinə aid edə bilmirlər, digər tərəfdən isə nə avropalılar nə də asiyalılar rusları özlərinə aid etmək istəmir. Avrasiyaçılıq onlar üçün bu dixotomiyadan qaçışdır, həm də Atlantizmə antaqonist ideologiyadır və özündə tamamilə antiamerika mövqeyini ifadə edir. Postsovet və postmodern dünya dilemması qarşısında qalan Rusiyanın residivist imperiya və ya qarışıq bazar iqtisadiyyatı adlandırmaq da tam uyğun gəlmir,ancaq Rusiyanın xarici siyasət qərarlarının əksər hallarda daxili reaksiyadan yaranması həqiqətdir. Məhz bu faktor da Rusiyada böyük islahatların qarşısını alıb və alır. Sosial və iqtisadi sahədə islahatların qarşısını alan əsas məqamlardan biri isə Rusiyada hökümətin həddən artıq korrupsiyaya bulaşması və mənimsədiklərini əldə saxlamaq istəyidir. Putin höküməti ekspansionist siyasətə görə nə qədər rəğbət qazansa da oliqarxik idarəetmə sisteminə görə kasıb və orta təbəqənin içində ona güclü müxaliflik var və bunların da çoxunu dəyişiklik etmək gücünə sahib gənclər təşkil edir. Hakimiyyətlə birlikdə yığdıqları var-dövləti də itirmək və xalq tərəfindən cəzalandırılmaq qorxusu rəsmi Moskvanı bütün islahatlara qapı bağlamağa vadar edir


Yüklə 99,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin