Yadında qalsın



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix17.09.2023
ölçüsü4,97 Mb.
#144862
1   2   3   4   5   6   7   8   9   ...   15
Yadında-qalsın-nahayi

Üçüncü fəsil 
Sənin varlığınla varam! Bütün 
eşqim sənin olsun! 
Məhrəm olduğumuz andan etibarən, qəribə bir hiss 
bütün vücudumu bürümüşdü. Yavaş-yavaş eşqin qüdrətinə 
və aşiqcəsinə darıxmağın varlığına inanmağa başlayırdım. 
Bütün varlığımla ona bağlanmışdım. Hicran qəmi çox tez 
başlamış, hər şey çox tez dəyişmişdi. Həyat dəftərimin 
yeni səhifəsini yazmağa başlamışdım. Orada Həmidlə mən 
təkcə bibioğlu-dayıqızı deyildik. Oktyabr ayının 5-i 
axşamüstü saat 5-dən etibarən artıq onunla həyat yoldaşı 
və ömür sirdaşı olmuşduq. 
Nişanın ertəsi gün səhər tezdən dərsim var idi. 
Rəfiqələrimə şirniyyat və dondurma qonaqlığı verdim. 
Üzüyüm 
əldən-ələ 
gəzirdi. 
Subaylar 
da 
üzüyü 
barmaqlarına taxıb gülə-gülə deyirdilər: “Fərzanənin sağ 


53 
əli bizim başımıza!” O qədər danışdılar ki, axırda 
müəllimələr də nişanlandığımı başa düşüb təbrik etdilər. 
Rəfiqələrimin o qədər zarafat etmələrinə, mənimlə 
deyib-gülmələrinə baxmayaraq, darıxmaq hissi məni tərk 
etmirdi. O gecədən etibarən Həmid üçün yaman 
darıxırdım. Bu üç ayı necə başa vuracağımı bilmirdim. 
Öz-özümü danlayıb deyirdim ki, axı niyə belə bir iş 
tutdum. 
Nikah 
mərasimini 
ezamiyyətdən 
sonraya 
saxlasaydım, bu qədər həsrət çəkib kədərlənməzdim.
Axşamüstü saat dörd olardı, dərsim bitmək üzrəydi. 
Bütün fikrim-zikrim Həmiddə qalmışdı. Müəllimənin 
dediklərindən heç nə başa düşmürdüm. Öz-özümə 
hesablayıb gördüm ki, Həmid indilərdə Həmədana 
çatmalıdır. Yerimdəcə, parta arxasında oturduğum halda 
çantamdan 
telefonumu 
çıxardım. 
Həmidin 
çatıb-
çatmadığını bilmək istəyirdim. İlk dəfə idi ki, ona mesaj 
yazırdım. 
Həmidin telefon nömrəsini görən kimi ürəyim bərk 
döyünməyə başladı. Mesajı bir neçə dəfə yazıb, sildim. 
Özümü əlinə ilk dəfə telefon alan adam kimi hiss edirdim. 
Barmaqlarım çaşıb qalmışdı. Söz seçməkdə niyə bu qədər 
qərarsız olduğumu anlaya bilmirdim. Bir sətir yazmaq 
üçün on beş dəqiqə vaxt sərf etdim və nəhayət, yazdım: 
“Salam! Bağışlayın, səhərdən dərsdə olduğum üçün sizdən 
xəbər tuta bilməmişəm. Sağ-salamat çatdız?” 
Elə bil, Həmid telefonu əlində tutub mənim mesajımı 
gözləyirmiş. Üstündən bircə dəqiqə keçməmiş yazdı: 
“Salam. Dərsin saat neçədə qurtarır?” Bu, onun mənə 
yazdığı ilk mesaj idi. Yazdım: “Bir neçə dəqiqəyə 
qurtaracaq”. Yazdı: “Yoldayam, universitetə gəlirəm. 
Gözlə, evə birlikdə gedərik”. 


54 
Mən onun Həmədanda olduğunu düşünürdüm, o isə 
Qəzvində olduğunu və arxamca gəldiyini yazırdı. 
Fikirləşdim ki, deyəsən, yenə şıltaqlığı tutub. Çünki o, 
səhər tezdən Həmədana getməli idi. 
Universitetin qapısından çıxanda heç kimi görmədim. 
Əmin oldum ki, zarafat edir. Çıxışdan təxminən 100 metr 
uzaqlaşmışdım ki, bir motosikletin siqnal səsinə 
diksindim. Motosikletlə məni aparmağa gəlmişdi. 
-Ezamiyyətə getməmisiz? 
Kaskanı başından çıxarıb dedi: 
-Mənim bəxtimdən ezamiyyət ləğv olundu. 
Üz-gözündən sevinc yağırdı. Mən də sevindiyimdən 
yerə-göyə sığmırdım. Düzü, nişanın ertəsi günü baş 
tutacaq üçaylıq ezamiyyətə dözməyə gücüm yox idi. Ötüb 
keçən bir neçə saat mənə bir neçə il kimi görünürdü.
Motosikletin tərkini göstərib, “min, gedək” deyəndə 
təəccübləndim. 
-Həmid ağa, mən qorxuram, bu vaxta qədər motosikletə 
minməmişəm. Mənlik deyil. Sən get, mən taksi ilə 
gələrəm. 
Əl çəkmədi. 
-Əyləş. İnşallah, öyrəşəcəksən. Yavaş sürəcəm, 
qorxma. 
Bir neçə dəfə “Qul huvəllah” surəsini oxuyub oturdum. 
Bütün yolboyu qaranlıq tunelə girən adam kimi 
qorxumdan gözlərimi yumdum. Yadıma uşaq vaxtı 
məhəlləmizdə nümayiş olunan sirk düşdü. Sirkdə bir nəfər 
motosikleti düz divarda sürürdü. Çatana qədər yarıcan 
oldum. Dairəni fırlanarkən motosiklet o qədər əyildi ki, 
qorxudan “ya Zəhra” -deyə qışqırdım. Mənə elə gəlirdi ki, 
motosiklet aşacaq, yıxılıb maşının altına düşəcəyik. 


55 
Ezamiyyət ləğv olunduğuna görə qərara gəldik ki, 
analiz və nikah üçün nəzərdə tutulan kursda iştirak edək. 
Beləliklə, Şəhid Büləndi tibb müəssisəsinə gedib 
qeydiyyatdan keçdik. Həmid ikinci günə qədər hər gün 
axşamüstü gəlib məni evə aparırdı. Dəsrlərimin nə zaman 
qurtardığını bilir, vaxtında özünü yetirirdi. Onun bu 
dəqiqliyi xoşuma gəlirdi. Məni hər gün tərkinə mindirib 
apardığı Honda markalı mavi motosikletlə o qədər qəza 
törətmişdi ki, sağlam yeri qalmamışdı. 
Adətən, universitetin qapısından təxminən 50-100 metr 
aralıda gözləyirdi. Həftənin birinci günü idi, yorğunluq 
məni əldən salmışdı. Universitetin qapısından çıxanda 
gördüm ki, yenə aralıda dayanıb məni gözləyir. Ona 
çatanda dedim: 
-Bu qədər zəhmət çəkib arxamca gəlirsiz, olmaz ki, 
universitetin girişində dayanasız, mən də bu qədər yolu 
piyada gəlmək məcburiyyətində qalmayım? 
-Allahdan gizli deyil, səndən nə gizli. Qorxuram yaxın 
rəfiqələrin motosikletlə getdiyimizi görəndə xəcalət 
çəkəsən. Buna görə bir az uzaqda saxlayıram. 
-Bu nə sözdür?! Başqalarının nə dediyi mənə qətiyyən 
önəmli deyil. Əksinə, İmam Mehdi (ə) yardımçısının 
miniyi gərək sadə olsun. Bundan sonra düz qapının 
ağzında saxla. 
Sonrakı günlərdə elə də etdi. Mən də rəfiqələrimlə 
sağollaşan kimi motosikletə otururdum. 
İkinci gün analiz verdik, sonra da ayrı-ayrılıqda bizim 
üçün nəzərdə tutulmuş dərslərə başladıq. Bir saatlıq dərsdə 
bir neçə dəfə mesaj yazıb soruşurdu: “Halın yaxşıdır? 
Susamamısan? Ac deyilsən?” Hətta yanımda olmayanda 
belə mənimlə danışmağa bir bəhanə axtarırdı. Dərs 


56 
qurtaran kimi məni universitetə aparırdı. Günortadan sonra 
iki dərsim vardı. 
Həmidin əmisi oğlu Mehdinin toyu idi. Toydan sonra 
bir-birimizi görə bilmədik. Çünki səhər tezdən analiz 
işləriylə məşğul idik. Sonra universitet, unversitetdən 
sonra da toy məni yamanca yormuşdu. Evə çatan kimi 
yuxuya getdim. 
Səhər tezdən oyananda telefonuma baxdım. Həmid 
çoxlu mesaj yazmışdı, narahat olduğunu, məndən cavab 
gözlədiyini 
bildirmişdi. 
Ancaq 
mən 
heç 
birini 
görməmişdim. Birincisində bir beyt şeir yazmışdı: 
Yaxşıların qəlbinə göz dikmək günah sayılsa, 
Nə olardı, yadların da bu günahı ayağıma yazılsa! 
Mənim cavab yazmadığımı görəndə belə yazmışdı: 
“Qəlbimizdə yeri əbədi olan, qəlblərində zərrə qədər 
yerimiz olmayanlar sağ olsun!” Yatdığm heç ağlına da 
gəlməmişdi. Bundan sonra belə yazmışdı: “Bizimlə qəlblə 
danışmaq nə qədər çətindir, heç demə. Elə isə, yaxşı 
olacaqsa, divarla danış”. 
Şeirə çox həvəsi var idi. Hərdən özü də şeir yazardı. Bu 
mesajların bəzilərinin öz şeiri olduğunu bilirdim. Ancaq 
mən hisslərimi dilimə gətirə bilmirdim. Qəlbimdə qorxu 
var idi. Aşiq olmaqdan, sonra da hər şeyin vaxtsız 
bitəcəyindən qorxurdum. Qəlbimdə onun üçün ölürdüm, 
ancaq bütün aşiqanə sözlərimi üzbəüz deməkdən 
çəkinirdim. Bəzi vaxtlar sevgimi inkar edirdim, bununla 
onu itirəcəyimdən qorxurdum. 
Həmidin 
bu 
qədər 
məhəbbət 
dolu 
mesajları 
müqabilində sadəcə rəsmi bir cavab verərək yazdım: 
“Yadımdasınız! Yenicə durmuşam, kitab oxuyuram”. 
Məncə, soyuq rəftarımı hiss edib belə yazdı: 
Eşq bəzən dərdli-qəmli ayrılıqdan yaxşıdır, 


57 
Eşqə saldı, söylədi döz, sabir olman yaxşıdır. 
Mən Quranda həzrət Yəqubdan öyrəndim bunu: 
Sevgilin yoxsa yanında, kor dolanman yaxşıdır. 
Dilimin qıflı açılana qədər xeyli çəkdi. Sonda hisslərimi 
büruzə verməyi və Həmidlə daha səmimi olmağı 
bacardım. Birinci həftə başımda hicab, əynimdə uzunqol 
köynək, ayağımda da corab olurdu, özümü çox səmimi edə 
bilmirdim. Sanki yepyeni bir dünyaya düşmüşdüm. 
Mən bu yadlığı ilk dəfə Həmidlə imamzadəyə gedəndə 
hiss etdim. Həmid axırda dilə gəlib gileylə dedi: “Sən 
məni sevmirsən, Fərzanə? Niyə bu qədər ciddi və quru 
davranırsan? Buz dağı kimisən. Mənimlə danışmırsan, 
hisslərini söyləmirsən”. 
Bu nəticəyə gəlməkdə haqlı olsa da, bu sözləri eşidəndə 
yerimdə donub qaldım. Dedim: “Həmid qətiyyən dediyin 
kimi deyil. Mən səni bir ömür müştərək həyat üçün 
seçmişəm. Ancaq sən də mənə haqq qazandır. Mən səninlə 
səmimiləşmək üçün çox çalışıram. Ancaq bundan ötrü bir 
az zamana ehtiyacım var”. 
İmamzadəyə daxil olanda necə ziyarət etdiyimi 
bilmədim. Həmidin sözləri mənə yaman təsir etmişdi. 
Ürəyimdə fırtına qopurdu sanki. Zərihin kənarında 
oturdum, 
barmaqlarımı 
zərihin 
millərinə 
keçirib 
dayanmadan ağladım. Mən onunla belə rəftar etmək 
istəmirdim. Allahdan kömək istədim. Ağır rəftarımın 
Həmidi zərrə qədər də incitməsini istəmirdim. 
İş o qədər mürəkkəbləşdi ki, sonda anam da məsələyə 
qarışmalı oldu. Biz evə çatanda mənə dedi: 
-Qızım, nə üçün Həmidin yanında başını bağlayırsan? 
Bir-birinizin əlindən tutun, səmimi davranın. O, sənin 
həyat yoldaşındır. 


58 
O, Həmidə qarşı utancaqlığımın getməsi üçün məsləhət 
gördü ki, onun əllərinə krem sürtüm. Həmid rabitə 
şöbəsində işlədiyi üçün tikanlı və hərbi məftillərlə çox 
təmasda olurdu. O, qışın soyuğunda da bu kimi işləri 
görmək məcburiyyətində idi. Buna görə də, əlində sağlam 
yer yox idi. Onun əllərinə krem sürtəndə hər ikimizin 
əlləri əsirdi. Həmid məndən də çox utanırdı. Bir-birimizə 
məhrəm olduğumuzu qəbul etmək bir ay sürdü. 
*** 
Həmidə aldığım hədiyyənin kağızını bir neçə dəfə 
dəyişməli oldum. Çox istəyirdim ki, ilk hədiyyəm 
yaddaqalan olsun. Qapının zəngi çaldı. Yapışqanı, qayçını 
və hədiyyə kağızını cəld çəkməcəyə qoydum. Pilləkənin 
aşağısında məni gözləyirdi. Nə etdimsə, yuxarı çıxmadı. 
Hədiyyəni çadramın altında gizlədib aşağı düşdüm. 
Həmid dedi: 
-Anam sizi ailəcə sabaha nahar yeməyinə dəvət edir. 
Təşəkkür edib dedim: 
-Həmid, gözlərini yum. 
Güldü. 
-Nədi, məni suyla islatmaq istəyirsən? 
-Sənin işin olmasın, gözlərini yum! 
Gözlərini yumanda dedim: “Cığallıq edib açma ha, 
yaxşı yum! Gözaltı da baxma!” 
Bir neçə saniyə gözlətdim. Hədiyyəni çadramın 
altından çıxarandan sonra gözlərinin qarşısında tutdum. 
-İndi aça bilərsən. 
Gözləri hədiyyəyə sataşan kimi çox sevindi. Heç 
gözləmirdi. Elə oradaca açmağa başladı. Hədiyyə olaraq, 
qutunun içinə naməlum bir şəhid məzarından bir ovuc 
torpaq və şəhid kəfənindən bir parça qoymuşdum. Onları 


59 
döyüş bölgələrinə ekskursiya zamanı vermişdilər. Mənə 
çox əziz idi. Bunlara baxanda rahatlaşırdım. 
Həmid təşəkkür edib dedi: “İlk hədiyyəni heç vaxt 
unutmayacam”. Sonra torpağı köynəyinin cibinə qoyub 
dedi: “Çox istəyirəm ki, bu hədiyyəni sevgimizin əlaməti 
olaraq, həmişə üstümdə gəzdirim. Söz verirəm ki, bunu 
heç vaxt özümdən ayırmayacam”. 
Həyətdə güllərin yanında çənəmiz qızışdı. Hər şeydən 
danışırdıq. Həmid sabahkı qonaqlığa çox həssas idi. Mən 
bibimgilə ilk dəfə gəlin kimi gedəcəkdim. Həmid dedi: 
-Orda məbada oturasan ha! Bizdə adətdir, gəlinlər 
kömək edərlər. 
-Gözüm üstə! Sən narahat olma, özüm hər şeyi bilirəm, 
bu işlərin ustasıyam. 
Narın-narın yağmağa başlayan payız yağışı bizi 
sağollaşmağa məcbur etdi. Yağışın damlaları güllərin 
yarpaqları üzərinə qonur, üzümüzü isladırdı. Həmid 
həyətimizdən çıxandan sonra, hələ qapını örtməmiş, 
“Həmid, səni sevirəm!” – dedim, sonra da bərk örtüb 
qapıya söykəndim. Ürəyim sərçə ürəyi kimi döyünürdü. 
Gözlərimi bağlamışdım. Həmid qapının arxasından dedi: 
“Fərzanə, mən də səni sevirəm”. Utandığımdan qaçaraq 
evə girdim. İlk dəfə idi ona “səni sevirəm” deyirdim. 
Ertəsi gün ailəcə bibimgilə getdik. Axşamdan bütün 
bədənimi saran həyəcan bibim qızları və eltilərimlə 
səmimi söhbətlərdən, zarafatlardan sonra yox oldu. 
Müvəqqəti nikah oxunandan sonra “ata” deyə müraciət 
etdiyim qayınatam bizi mehriban qarşıladı. Bibim də məni 
tez-tez əzizləyirdi.
Nahardan sonra söhbət toy vaxtından düşdü. Qərara 
gəldik ki, oktyabrın 17-si, həzrət Əli (ə) və həzrət 


60 
Zəhranın (ə) evlilik günündə daimi nikah üçün qeydiyyat 
şöbəsinə gedək. Ancaq Həmid dedi: 
-Əgər mümkünsə, nikahı bir az gec qeyd etdirək. Mən 
təqvimə baxdım, həmin güc ay öz əqrəbində olacaq. 
Həmin gün kəbin kəsdirmək bəyənilməz işdir. 
Qonaqlıqdan sonra məni universitetə apardı, özü isə 
analizin cavabını almağa getdi. Mənim bəxtimdən 
müəllim gəlmədi, dərs olmadı. Rəfiqələrimlə söhbət 
etdiyim yerdə birdən telefonumun ekranında “Əziz 
yoldaşım, başımın tacı Həmid” sözləri göründü. Mesajı 
görən rəfiqələrimdən biri zarafata dedi: “Uşaqlar, 
Fərzanənin telefonuna baxın, yoldaşının adının yerinə inşa 
yazıb”. 
Həmid 
mənim 
xüsusi 
həmsöhbətim, 
həyatım, 
gələcəyim, bir sözlə, bütün varlığım idi. 
Yazmışdı ki, analizin cavabını almışam və hər şey 
qaydasındadır. Zarafata yazdım: “Hər şeyin qaydasında 
olduğuna əminsən? Mən narkoman deyiləm ki?!” Həmid 
dedi: “Çox şükür Allaha, hər ikimiz sağlamıq”. 
Bir neçə dəqiqə sonra yenə mesaj gəldi: “Təyyarədən 
dispetçerə! Sizin qəlbinizə enməyim üçün yer varmı, 
yoxsa yenə başınıza dolanım?” Mən də yazdım: “Hələlik 
bir dövrə vur, sonrasına baxarıq”. Onu incitməyə ürəyim 
gəlmədi, dərhal yazdım: “Təşrif buyurun, mənim qəlbim 
sizə məxsusdur. Ancaq gələndə əl-ayağınızı yuyun, 
ogünkü kimi yağlı olmasın”. 
Tibb universitetində oxuduğuma, həm də təmizliyə 
həssas olduğuma görə mənə “Təmizkar xanım” deyirdi. 
Düzdür, özü də təmizliyə riayət edirdi, ancaq “təmizkar 
xanım” qədər yox. 


61 
Analizin cavabını alandan sonra qərara gəldik ki, iki 
gün sonra nikaha gedək. Ancaq bu dəfə də qismət olmadı. 
Anasıgil Sünbülabada getmişdilər, işləri xeyli uzanmışdı. 
Analiz yalnız bir ay müddətində etibarlı olduğuna görə 
Həmid bu gecikmələrin məni narahat edəcəyindən 
qorxurdu. Bir mesaj yazıb dedi: “Əzizim, qətiyyən narahat 
olma, tezliklə gedib kəbin məsələsini həll edəcəyik”. 
Həmin an təqvimə baxıb yazdım: “Oktyabrın 31-i İmam 
Hadinin (ə) doğum günüdür. Sənin fikrin nədir, bəlkə elə o 
günə salaq?” Həmid cavab yazdı: “Çox gözəl! Elə indi 
ata-anamla danışacam ki, qəti olsun”. 
Cümə axşamı idi, paltarlarımı ütüləyirdim. Birdən 
qapının zəngi çaldı. Bir az sonra anam otağıma gəlib dedi: 
“Həmid qapıdadır, əzadarlığa getmək istəyir deyə, yuxarı 
çıxmadı. Deyəsən, səninlə işi var”. Çadramı başıma 
keçirib bir stəkan şərbət götürdüm və həyətə düşdüm. 
Əncir ağacının altında dayanmışdı. Məni görən kimi 
yaxınlaşdı. Hal-əhval tutandan sonra şərbəti ona uzatdım. 
İçəndən sonra təşəkkür edib dedi: “Allah sənə Kərbəla 
ziyarəti qismət etsin!” Sonra da əlimə bir qutu verib dedi: 
“Anam sənə xüsusi hədiyyə göndərib”. 
Təşəkkür edib dedim: 
-Kəbin üçün bir şey edə bildin? 
Başını yellədi. 
-Bu gün getdim, ayın 31-nə növbə aldım. 
-Bəs niyə yuxarı gəlmirsən? 
-Əzadarlığa gedirəm. Bilirsən də, hər həftənin cümə 
axşamı günləri məclislərimiz olur. 
Sonra tərəddüd edərək dedi: “Bir söz desəm, “yox” 
deməzsən?” 
Təəccübləndim. 
-Nə olub, Həmid? Nəsə baş verib? 


62 
-Olar ki, əzadarlığa birlikdə gedək? İnan, ora gələnlər 
çox səmimi və mehribandırlar. Düzü, səninlə getmək üçün 
dostum Bəhramın maşınını da almışam. Bu dəfə gəl, 
xoşun gəlməsə, bir də gəlməzsən. 
Bundan əvvəl bir-iki dəfə də məclisə gədəndə məndən 
gəlməyimi istəmişdi. Ancaq getməyə utanır, hər dəfə bir 
bəhanə 
gətirirdim. 
Onun 
əza 
dəstələri 
barədə 
dediklərindən 
düşünürdüm 
ki, 
məclisləri 
olduqca 
mehriban və səmimi keçir, mən özümü onların arasında 
yad hiss edərəm. 
Bu səfər də dəvət edəndə sözünü yerə salmağa üzüm 
gəlmədi və onunla birlikdə dəstəyə yollandım. Orada heç 
kimi tanımadığımdan yolda Həmidə dedim: “Həmid, məni 
evə qaytar, özün get, tez qayıt”. Ancaq Həmid nə olursa-
olsun, məni də aparmaqda israrlı idi. 
Məclisin əvvəlində özümü yad hiss edirdim. Bir 
kənarda oturmuşdum. Ancaq məclisdəkilərin rəftarı 
özümü onlardan biri kimi hiss etməyimə səbəb oldu. Heç 
kimi tanımasam da, yavaş-yavaş bütün xanımlarla 
dostlaşdım. Çox gözəl ab-havası var idi. Səmimi bir 
məclis keçdi. 
Ertəsi gün universitetdə dərsim var idi. Həmid həmişə 
olduğu kimi motosikletlə arxamca gəlmişdi. Ancaq bu 
dəfə əlində gözəl bir gül dəstəsi də vardı. Güllər payızın 
qürubunda günəş şüaları altında işıldayırdı. Salamlaşıb 
xoş-beş etdikdən sonra gülləri mənə uzatdı. Təşəkkür 
etdim, gülləri iyləyib dedim: “Minnətdaram, Həmid can, 
məni çox sevindirdin. Bu gözəl gülləri nəyə borcluyuq?” 
-Bu güllər mənimlə məclisə getdiyin üçün bir 
təşəkkürdür. 
Allahdan gizli deyil, sizdən nə gizli! Mənim o məclisə 
getməyimin tək səbəbi bu idi ki, Həmid məndən əl çəksin. 


63 
Ancaq onun bu rəftarı həmin gecənin sonsuzadək yadımda 
qalmasına səbəb oldu. O gündən etibarən mən də 
“Xeymeyi-Abbas” əza dəstəsinin məclislərinə getməyə 
başladım. Həmid bu kimi rəftarlarıyla çoxlarını məclis əhli 
etmişdi. 
*** 
Bir-birimizlə daha da səmimi olmuşduq. Ona öz 
zövqümə uyğun paltar almaq istəyirdim. Səhər tezdən 
mesaj yazdım ki, bir az tez gəl, bazara gedib sənə paltar 
alaq. 
Mesajın göndərildiyi tarixi telefonun ekranında görəndə 
ürəyim əsdi. Sən demə, bu gün idarəyə gedib nikah 
oxutdurmalıydıq. Oktyabrın 31-i, İmam Hadinin (ə) 
mövlud günü idi. Yerə-göyə sığmırdım. Kəbinkəsən 
demişdi ki, saat 4-də bura gəlin ki, birinci sizin əqdinizi 
oxuyum. 
Həmid nahar yeməyində bizdə idi. Tez-tələsik makaron 
yeyib evdən çıxdıq, peykana minib bazara yollandıq. 
Vaxtımız az idi. Tez qayıdıb idarəyə çatmalı idik. Öncəki 
kimi ailələrimizi və kəbinkəsəni gözlətmək istəmirdik.
Həmidin pencəyi var idi deyə, ona qəhvəyi zolaqlı bir 
ağ köynək və bir də şalvar aldıq. Hava getdikcə soyuduğu 
üçün bir toxuma poliver də aldıq. Saat dördün yarısına 
kimi bazarda olduq. Həmid məni evə apardı ki, öz anam-
atamla gedim, o da gedib valideynlərini aparsın. 
Evə çatanda tələskənlikdən maşını kanalın dibində 
saxladı, danışa-danışa maşından düşəndə düz kanalın içinə 
düşdüm. Həmid bərkdən gülüb dedi: “Halal olsun mənə! 
Gördün necə sürücüyəm?! Sənin şərəfinə Şumaxer kimi 
park eləmişəm”. 
Heç vaxt söz altda qalmazdı. Necə olursa-olsun, söz və 
rəftarıyla vəziyyətdən çıxırdı. 


64 
Fələstin küçəsində, Məhəmməd Rəsulullah (s) məscidi 
ilə üzbəüz yerləşən 125 saylı qeydiyyat şöbəsinə ata-
anamla birgə düz saat dörddə yetişdik. Həmidin ata-anası 
və qardaşı Səid yarım saatdan sonra gəldilər. Onlarla 
salamlaşandan sonra gözüm qapıda idi, ancaq Həmiddən 
xəbər yox idi. Yerimdə quruyub qalmışdım. Bu qədər 
adam gəlmişdi, ancaq səbəbkar ortada yox idi. 
Maraqlananda 
bildim 
ki, 
öncəki 
hadisə 
yenə 
təkrarlanıb. Yolun yarısında cənabın yadına düşüb ki, yenə 
vəsiqəni evdə unudub. O gələnə qədər saat beşi keçmişdi. 
Atam hərbçi olduğu üçün vaxta qarşı çox həssas idi. 
Onun üçün saat dördlə beşə bəş dəqiqə işləmiş arasında 
böyük fərq vardı. Biz də belə böyümüşdük. Onun bu qədər 
gecikdiyinə görə elə hirsləndim ki, çırtma vursaydın, 
məndən qan çıxardı. 
Həmid ata-anasıyla otağın bir tərəfində əyləşmişdi, mən 
də öz ata-anamla düz onlarla üzbəüz. Kəbinkəsən dedi ki, 
gec gəldiyimizdən dolayı, öncədən növbə alanların işi 
bitənə qədər gözləməliyik. Bizim əqdimizi ən sonda 
oxuyacaqmış. Gəlin və bəylər bir-bir içəri əqd 
oxutdurmağa keçirdilər. Biz də tamaşaçı olmuşduq. 
Həmid narahat olduğumu görəndə mesaj yazdı: “Ay 
mənim darlinqim! Narahat olma, vəsiqəmi iki dəfə evdə 
unutmağımın mütləq bir hikməti var”. 
Hirsli olduğum zaman mənə Darlinq deyərdi. İngilis 
dilində “əzizim” deməkdir. Boş vaxtlarında ingilis dilini 
öyrənməyə gedərdi. Bu dili öyrənməyi həddən artıq 
sevirdi. Deyirdi ki, bir gün ehtiyacımız ola bilər. Bəzən 
belə sözlərdən istifadə edirdi. 
Mesajı oxusam da cavab yazmadım. Həqiqətən, çox 
narahat idim. Telefonumdan yenə bildiriş səsi gəldi. Bu 
dəfə lətifə göndərmişdi. Gülməyimin qarşısını ala 


65 
bilmədim. Mənim güldüyümü görəndə özü də təbəssüm 
etdi. Həmişə bu şəkildə bir-birimizin ürəyini almağı 
bacarırdıq. Əgər bir narahatlıq və ya mübahisəmiz olanda 
çox tez həll olurdu, çox tez! 
Həmid açıq qəhvəyi rəngli pencək, tünd qəhvəyi rəngli 
şalvar və bazardan aldığım köynəyi geyinmişdi. 
Soruşdum: “Köynək əyninə oldu? Bəyəndin?” 
Bibim sözümü eşidən kimi Həmidə baxıb güldü. Anam 
soruşdu: “Bacı, gülürsən! Nəsə olub?” Bibim dedi: 
“Həmid evdə çatanda dedim ki, köynəyini ütüləmişəm, 
hazırdır, geyin, gec olmamış gedək. Razı olmadı. Dedi ki, 
mən yeni aldığım köynəyi geyinmək istəyirəm. Nə qədər 
desəm də, razı olmadı. Təzə aldığı köynəyi ütüləyənə 
qədər bir xeyli vaxt keçdi”. 
Zövqümün ona bu qədər dəyərli olduğuna görə çox 
sevindim. 
Bizdən əvvəl düz yeddi gəlinlə bəyin nikahı oxunurdu. 
İdarəni gözəl bəzəmişdilər. Gəlinlə bəyin oturduğu 
stulların hər iki tərəfi krem rəngli pərdələrlə bəzədilmişdi. 
Nikah süfrəsinin üstündən narıncı tüllər asılmışdı. 
Növbəmiz çatanda içəri girib süfrənin kənarında 
oturduq. Kəbinkəsən soruşdu: “Gəlin qızımız, olar ki, 
mehri bağışlayasız, mən müvəqqəti kəbini batil edim?” 
Məndən öncəki yeddi gəlin də müvəqqəti əqd mehrlərini 
bağışlamışdılar. 
Həmidə 
baxıb 
dedim:”Xeyr, 
mən 
bağışlamıram”. 
Hamının təəccüb dolu baxışları mənə çevrildi. Mat-
məəttəl qalmışdılar. Atam soruşdu: “Qızım, mehri almaq 
istəyirsən?” Dedim: “Bəli, alıram”. Həmid gülərək dedi: 
”Baş üstə, verərəm. Elə indicə nağd ödəməyə hazıram”. 
Kəbinkəsən təbəssümlə dedi: “Elə isə mehr bəyimizin 
boynuna”. Müvəqqəti nikahı batil edəndən sonra 


66 
müqəddimə olaraq dua oxudu. İstədim istixarə olaraq, 
Quranı açım, ancaq Həmid Yasin surəsini açmağımı 
tövsiyə etdi. 
Əqd xütbəsi oxunanda Həmid dedi: “Fərzanə, dua elə! 
Allahdan istə ki, mənim qəlbimdəki diləyi versin”. 
Həmidin üzünə baxdım. Belə bir anda Allahdan nə 
istədiyini bilmək istəyirdim. Mən də Allahdan istədim ki, 
diləyi nədirsə, əgər ona xeyirlidirsə, qəbul olsun”. 
Kəbinkəsən ruhani bizim tərəfimizdən vəkil olmaq 
üçün üç dəfə icazə istədi. Gül dərib, gülab gətirdikdən 
sonra 
dedim: 
“Əuzu 
billahi 
minəş-şeytanir-rəcim. 
Bismillahir-Rəhmanir-Rəhim. İmam Mehdinin (ə) və ata-
anamın icazəsilə, bəli, razılıq verirəm”. Həmid də eynilə 
mənim dediyim cümləni dedi. Kəbinkəsənin çox xoşuna 
gəldi. Bizə dedi: “Bura çoxları gəlib əqd oxutdurub, ancaq 
heç biri nə Bismillah deyib, nə də İmam Mehdidən (ə) 
icazə alıb”. 
Bu dəfə də mən “bəli” deyən kimi şam azanı verildi. 
Həmid gülərək əlimi tutub dedi: “Gördün, sənə demişdim, 
bir hikməti var. Qismətimiz budur ki, sən “bəli”lərini 
mənə azan vaxtı deyəsən”. 
Bibimlə və anamla görüşüb-öpüşdüm. Mənə bilərzik 
almışdılar, ancaq qoluma balaca gəldiyindən dəyişib 
başqasını almaq qərarına gəldilər. Bir çamadan dolu 
müxtəlif əşyalar da gətirmişdilər: Quran, namaz çadrası, 
üzərlik, diş fırçası və çox gözəl ətirlər. Hamısını da Həmid 
öz zövqünə uyğun almışdı. 
Şöbədən çıxanda Həmid dedi: 
-Kərbəlaya gedəndə sənə gəlin çadrası almaq 
istəyirdim. Ancaq dedilər ki, ola bilsin, sənin zövqüncə 
olmasın. İnşallah, nə zaman Kərbəlaya getsək, sənə öz 
zövqünə uyğun gəlin çadrası alarıq. 


67 
Məclis bitdikdən sonra özü nişanlı olan Səid dedi: “Siz 
indi nikah oxutdurmusuz. Yaxşı olar ki, bizim maşınla 
gedib, birlikdə şam yeyəsiniz”. 
Səid polis idi, işi ilə əlaqədar olaraq, ya da təlim 
məqsədilə tez-tez Sistan-Bəlucistan vilayətinə gedirdi, 
Qəzvində çox az olurdu. Bizim nişanımızda, bütün 
qohum-əqrəbanın gəlməsinə baxmayaraq, o, Zahidanda 
idi. 
Həmid dedi: “Yox, qardaş, ezamiyyətdən təzə 
gəlmisən, yaxşı olar ki, sən nişanlınla bir yerə gedəsən. 
Biz piyada gəzməyi xoşlayırıq”. 
Hamıyla sağollaşıb, məsciddə namaz qılandan sonra 
bazara 
yollandıq. 
Həmidin 
Şumaxer 
sayağı 
sürücülüyündən, o şəkildə park etməsindən və mənim 
kanala düşməyimdən fürsət tapıb özümə corab ala 
bilməmişdim, tələm-tələsik, bir cüt ağ corab geyinmişdim. 
Həmidə dedim: “Bu ağ corablar məni çox incidir. Gərək 
qarşımıza çıxan ilk mağazadan bir cüt qara corab alaq”. 
Ədl dördyolundan Xərrazi küçəsinə keçdik. İlk 
gördüyümüz dükana girdik. Satıcı dedi: “Sizin üçün nazik 
corab verim, yoxsa qalın?” Dedim: “Fərqi yoxdur, ancaq 
qara olsun”. Həmid dərhal dedi: “Yox, xanım, qalın olsa, 
yaxşıdır”. Məni gülmək tutdu. Onun bu kimi rəftarları 
həqiqətən də çox ürəyimcəydi. Hər yerdə məni 
düşündüyünü hiss etmək mənə xoş təsir bağışlayırdı. 
Səbzəmeydana çatanda restorana girdik. Həmişə olduğu 
kimi lüləkabab sifariş verdi. Yemək hazır olana qədər on 
beş min tümən sayıb əlimə verdi. 
-Bu da sizin mehriniz, xanım. 
Pulu alıb dedim: 
-İcazə verin, sayım. Birdən az olar. 
Güldü. 


68 
-Say, bəklə bir tümən artıq oldu. 
Pulu saymadan Həmidin başına fırlatdım, sonra oradakı 
sədəqə qutusuna atıb dedim: “Yoldaşımın salamatlığı üçün 
nəzir olsun!” 
*** 
Şirin nişanlılıq günlərimiz payızla qışın soyuq havasına 
düşdü. Ürəkaçan zamanlar idi. Bir xoşagəlməz tərəfi var 
idi ki, günlər qısa idi. Havanın soyuq olması bizi, 
vaxtımızı daha çox evdə keçirməyə məcbur edirdi. 
Nikahın ertəsi günü Həmidi şam yeməyinə dəvət etdik. 
Küküləri bişirməyə yenicə başlamışdıq ki, qapının zəngi 
çaldı. Həmidin yenə tez gəldiyini düşündüm. Məhrəm 
olduğumuz gündən onu hər dəfə yeməyə çağıranda tez 
gələr, özü də kömək etmək istəyərdi. 
Hamıyla salamlaşandan sonra mənimlə birgə mətbəxə 
keçdi. 
-Bəh-bəh! Gör baş aşpaz nələr bişirib! 
-Yox, əşi! Bütün kükülərin zəhmətini anam çəkib. 
Mənə düşən sadəcə qızartmaqdı. 
Yağ yaxşı qızandan sonra küküləri qızartmağa 
başladım. 
Həmid dedi: 
-Əlimdən bir kömək gəlirsə, çəkinmə, de. 
-Toyuq təmizləməyi bacarırsan? Atam bir-iki toyuq 
alıb, indi təmizləmək istəyirdim. 
Oturduğu stulda bir az sağa-sola tərpənib dedi: 
-Doğrusu, həm öyrənmək, həm də sənə kömək etmək 
istəyirəm. 
Gülüb dedim: 
-Görünür! Bibim kimi bacarıqlı bir xanımın və bibim 
qızlarının olduğu evdə oğlanların bu işləri bacarmaması 
normaldır. 


69 
-Dediyin kimi də deyil, Fərzanə xanım. O biri 
qardaşlarıma baxanda yenə mən bişir-düşür işlərini az-çox 
bacarıram. Sünbülabada gedəndə özüm yemək bişirirəm. 
Ordakılar da zarafata mənə Yanqom deyirlər. 
Başım 
Həmidlə 
söhbətə 
qarışmışdı. 
Küküləri 
qızardanda əlimə yağ sıçradı. Həmid əlimin yandığını 
görüb dedi: 
-Gəl, otur burda, qalanını mən qızardaram. Gərək sənə 
uzunqol əlcək alaq. 
Oturub dedim: “Onda sən küküləri qızart, mən də 
toyuqları təmizləyim. Amma əlimə bax, öyrən ki, öz 
evimizə gedəndə toyuqları təmizləməyə kömək edərsən”. 
Mənə kömək etməyi çox istədiyi üçün tez stulun birini 
çəkib yanımda oturdu, telefonun kamerasını açıb dedi: 
“Dəqiq öyrənmək üçün gərək necə təmizlədiyini çəkim”. 
Dedim: “Aman sənin əlindən, ay Həmid!” 
Toyuqları təmizləməyə başladım. İş görə-görə izah 
edirdim: 
-Birinci gərək buranı kəsəsən. Diqqətli olmaq lazımdır, 
gərək toyuğun dərisini belə ayırasan. Bax, toyuğun bu 
hissəsi də kababa yaxşıdır…” 
Öyrədici videolar kimi düz otuz dəfə baxdı, işin bütün 
incəliyini öyrəndi, digər toyuqları məndən də tez və 
mükəmməl doğradı. 
Şam yeməyini yeyəndən sonra həmişə olduğu kimi, 
boşqabları anamın yumasına razı olmayıb dedi: “Fərzanə 
ilə yuyarıq. Həm də qab yuya-yuya söhbət edərik”. 
Mən qabları qab pastasıyla yuyurdum, Həmid də suya 
çəkirdi. Ancaq yenə də şıltaqlığından əl çəkmir, hərdən 
üz-başıma su səpirdi. Ona dedim: 
-Bilirsən, mənim nişanlılıq dövrümün arzusu nədir? 
Gülərək dedi: 


70 
-Nədir? Yoxsa o altı milyon tümənə plan cızmısan? 
-Ona plan cızmağa ehtiyac yoxdu ki. Həmid ağanın 
nəyi varsa, mənimdir, mənim də nəyim varsa, Həmid 
ağanın. 
-Yaxşı, de görüm, nədir arzun? Maraqlı gəldi. 
-Birinci arzum budur ki, universitetdən evə kimi səninlə 
piyada gedim. İkinci arzum budur ki, səninlə Mildar 
dağının başına çıxaq. Yadımdadır, mən uşaq idim, bir dəfə 
dayımla dağın ətəyinə kimi getdik, ancaq başına çıxa 
bilmədik. 
-Qane insanlardan xoşum gəlir. Sadə aruzların var. 
Universitetdən evə kimi piyada getməyə varam, ancaq 
dağın başını söz vermirəm. Çünki ora artıq bizim 
bazamızın bir hissəsi olub. Ora çıxmağa çətin icazə 
verələr. 
Həyətdə Həmidlə sağollaşmağım yarım saat çəkdi. O 
dedi: 
-Sabah Sünbülabada getmək üçün icazə almışam. Gilas 
bağımızı belləmək istəyirik. Atam təkdir, kömək 
etməliyəm. 
-Sən Allah, ehtiyatlı ol. Mən Ələmut yolundan həmişə 
qorxmuşam. Asta sürməyə çalış. Çatanda da mənə zəng 
elə. 
Səhər saat 10-da dərslərimi yenicə təkrarlamağa 
başlamışdım ki, mesaj yazdı: “Albalı ətirli sabahın xeyir 
olsun!” Bildim ki, Sünbülabaddan, albalı ağaclarının 
yanından yazır. Sünbülabada kimi yetmiş kilometr yol var 
idi. Bu kənd Ələmut bölgəsində, uca dağların əhatəsində, 
yaşıllıq içində yerləşirdi. Bəzən də dağlar dumanların 
arasında gözdən itirdi. Həmidin atasının evi kəndin 
içərilərində səfalı bir çayın kənarında idi. 


71 
Zəng edəndə bildim ki, həqiqətən də bağdadır. Hal-
əhval tutandan sonra dedi: 
-Bax, komandir! Yanında dayandığım bu böyük albalı 
ağacı sənindir. Heç kim buna yaxınlaşa bilməz. 
Mənə müxtəlif adlar qoşardı. Mənsə onu başqalarının 
yanında Həmid, tək olanda Həmidim səsləyərdim. 
İstəyirdim ki, onun yalnız özünə aid olmadığını ona qəbul 
etdirim. O, həm də mənə məxsus idi. Zarafata başlayıb 
dedim: 
-Sünbülabadlı oğlan, nə vaxtdan komandir olmuşam? 
Gülüb dedi: 
-Sən çoxdan komandirsən, hələ xəbərin yoxdu? 
İlk danışığımız 57 dəqiqə çəkdi. Telefondan qardaşının 
onu ələ saldığını eşidirdim. Qardaşı zarafata deyirdi: 
“Həmid, yaman arvad sözüylə oturub-duran olmusan ha. 
Bizi biabır eləmisən”. Həmid böyük qardaşının hörmətini 
saxlayırdı, ağa Həsənə bir söz demirdi. Ancaq mənə dedi: 
“Mən arvad sözüylə oturub-durmaram, mən arvadım üçün 
şəhid olaram”. Bu sözləri deməklə, “Mələklər birlikdə 
gələrlər” filmindəki bu dialoqu canlandırmaq istəyirdi: 
“Kişi arvadının və uşaqlarının nökəri olmalıdır!” 
*** 
Sünbülabaddan qayıdanda özüylə xeyli qoz-fındıq 
gətirmişdi. Mətbəxin ortasına böyük bir parça salıb qozları 
sındıra-sındıra dedim: 
-Əzizim, bir söz desəm, narahat olmazsan? 
-Əlbəttə yox! Rahat ol. 
-Olar ki, bu dəfə bərbərə gedəndə saqqalını mən deyən 
kimi 
qırxdırasan? 
Saç-saqqal 
modelini 
dəyişməni 
istəyirəm. 
-Necə bir şey istəyirsən? Saç maşınını gətir, özün necə 
istəyirsən, elə də düzəlt! 


72 
-Həmid, istəmədim. Bir söz idi, dedim. Özüm 
bacarmıram axı. 
-Sənə maşınla işləməyi öyrədərəm. Uzağı, saçım 
korlanacaq, mən də gedib keçəl qırxdıracam. 
-Həmid, mən indiyə qədər belə bir iş görməmişəm. 
-Eybi yox, öyrənərsən. İnsanın zahiri görünüşü həyat 
yoldaşının zövqünə uyğun olmalıdır. 
O qədər israr etdi ki, razılaşdım. Maşından istifadə 
tərzini özü öyrətdi. Saç-saqqalını qaydasına saldım. Yalan 
olmasın, pis alınmadı, demək olar ki, mən istəyən kimi 
oldu. O gündən etibarən otağa parça və ya sellofan sərib, 
saç-saqqalını özüm istədiyim formada düzəldirdim. 
Təxminən hər gün bir-birimizi görürdük, bir-birimizə 
çox bağlanmışdıq. Ya Həmid bizə gəlirdi, ya mən 
bibimgilə gedirdim, ya da birlikdə harasa gedirdik. 
Bir dəfə yenə günbatana yaxın evdən çıxdıq. Görüş 
yerimiz Dörd peyğəmbər məqbərəsi idi. Dörd peyğəmbər 
və bir imamzadənin dəfn olunduğu məqbərə Qəzvin 
şəhərinin mərkəzində yerləşirdi. Ora o qədər getmişdik ki, 
ayaqqabıları təhvil alan adam bizi tanıyırdı. Həmişə 
ayaqqabılarımızı bir yerdə qoyurdu, nömrə də vermirdi. 
İllər öncə Həmidin ayağı əməliyyat olunduğu üçün həmişə 
tibbi ayaqqabı geyinirdi. Ziyarətdən sonra motosikletə 
minəndə dedim: 
-Bu dəfə ildırım sürətilə gedək. 
Adətən, motosikletdə nə isə yeyərdik. Çox vaxt 
qarğıdalı çipsi yeyirdik. Bu dəfə də onun bir neçəsini 
Həmidə verdim. Həmid çipsləri yeyəndən sonra dedi: 
-Fərzanə, bu saqqalımla motosikletdə çips yediyimi 
kim görsə, biabır olaram ha. 
-Hamıyla ol, amma heç kimlə olma. Rahat ol, Həmid! 
Bir də bu qarğıdalıdan əlinə düşməyəcək. 


73 
Həmişə gəldiyimiz yolu, yəni Korpus küçəsindən 
şəhidlər xiyabanına kimi motosikletlə getdik. Şəhidlər 
xiyabanının ətrafında, mədəniyyət məhsulları satılan 
mağaza açılmışdı. Həmidin təklifi ilə ora baş çəkdik. Onun 
üçün mağazanın ən maraqlı bölməsi kitab satılan bölmə 
idi. Mən də tablolar olan bölməyə getdim. 
Həmid yeni çapdan çıxmış bir kitabı götürüb satıcıdan 
soruşdu: 
-Siz bu kitabı oxumusuz? Hansı mövzudan bəhs 
etdiyini bilirsiz? 
-Deyəsən, qiyamətin isbatı haqdadır. Girişini oxusaz, 
məlum olar. 
-Kitabın pulunu vermədiyimə görə, girişini də oxumağa 
haqqım çatmır. Kitabı yalnız o zaman oxuya bilərəm ki, 
onu almış olum. Vallah, hətta bir səhifəsini belə oxumaq 
şəriət cəhətindən problemlidir. Ola bilsin, kitabın müəllifi, 
ya da naşiri razı olmasın. 
Satıcı onun bu sözlərinə məndən də çox təəccüb etdi. 
Həmidə dedim: 
-Evimizə tablo alaq? 
Tablolara baxıb dedi: 
-Yaxşı, məsləhətdir. Nə qədər ki, fürsətimiz var, gərək 
evimizi fikirləşək. 
Bütün tablolara baxandan sonda İmam Xameneinin 
təbəssüm etdiyi halda çəkilmiş tablosunu seçdik. Həmid 
pulunu ödəyəndə gözü üzük vitrininə sataşdı. 
-Dürr-Nəcəf qaşlı üzüyünüz var? 
-Sifariş vermişik, gətirməlidirlər. 
Mağazadan çıxanda əlini gözümə yaxınlaşdırıb dedi: 
-Bu üzüyü görürsən, xanım? Qaşı dürr-Nəcəfdir. 
Həmişə barmağımdadır. Eşitmişəm ki, barmağına bu 
üzüyü taxanlar qiyamət günü həsrət çəkməyəcəklər. Gərək 


74 
bunun qaşını ikiyə bölək, yarısı ilə sənə üzük düzəltdirək. 
Sənin qiyamətdə həsrət çəkməyinə dözə bilmərəm. 
Şam namazına yarım saat qalırdı. Şəhidlərin qəbirlərinə 
çatanda məndən bir-iki addım irəlidə gedirdi. Yeganə 
sevmədiyi şey şəhidlərin məzarı yanında çiyin-çiyinə 
gəzmək idi. Deyirdi: “Ola bilsin, hansısa şəhidin yoldaşı, 
hətta qoca olsa belə, bizi çiyin-çiyinə gedən halda görər, 
şəhid yoldaşıyla birlikdə olduqları gün yadına düşər və o 
günlər üçün darıxar. Yaxşı olar ki, bu şeylərə riayət edək 
və bir-birimizdən bir az aralı gəzək”. 
İlk öncə Həmidin uzaq qohumlarından olan, məzarı 
birincı sırada yerləşən Şəhid Baratəli Siyahkalinin 
məzarını ziyarət etdik. Sonra onuncu cərgəyə getdik. Ora 
Həmidin həmişəki görüş yeri, Şəhid Həsən Hüseynpurun 
məzarı idi. Bu şəhid, Həmidin dostu və hərbçi yoldaşı idi. 
Doxsanıncı illərdə keçirilmiş Pejak əməliyyatında şəhid 
olmuşdu. Həmid onunla dostluğuna çox sadiq idi. 
Məzarı başına çatanda dedi: “Fatihə oxuyub qutarandan 
sonra get, başqa şəhidləri ziyarət elə. Mənim Həsənə 
sözüm var”. Bir az aralanan kimi şəhidlə dərdləşməyə 
başladı. Ən mühüm sözü də bu idi: “Bəs məni nə vaxt 
yanına aparacaqsan?” 
Azan veriləndə İmamzadə Hüseyn hüseyniyyəsinin 
ortasındaydım. Həmidlə münasibətimizin hər gün daha da 
yaxşılaşdığına görə çox sevinirdim. Əvvəllər ora gedəndə 
Həmidlə rahat danışa bilmədiyim üçün xeyli ağlamışdım. 
İndi isə nə qədər danışsaq da, sözümüz bitmək bilmirdi. 
Bir-birimizə hədsiz dərəcədə bağlanmışdıq. 
*** 
Bir gecə hava çox soyuq idi. Küçələrdə bircə quş belə 
uçmurdu. Həmid zəng edib danışmalı olduğumuzu 
bildirdi. Tutqun səsimdən anladı ki, halım o qədər də yaxşı 


75 
deyil. Ancaq gecənin o vaxtında onu narahat etmək 
istəmirdim. O qədər israr etdi ki, axırda dedim: “Halım 
yaxşı deyil, qarnım yaman ağrıyır. Sən narahat olma. İsti 
nabat içərəm, keçər”. Güclü qarınağrısına tutulmuşdum. 
Öz-özümə təlqin edirdim ki, sadə ağrıdır, keçib-gedər, 
ancaq düzəlmək bilmirdi. 
Həmid telefonun arxasında çox nigaran qaldı. 
Sağollaşmağımızdan heç 15 dəqiqə keçməmiş qapının 
zəngi çaldı. Həmid idi. İçəri girən kimi dedi: 
-Qalx, xəstəxanaya gedirik. 
-Həmid can, ciddi bir şey deyil, narahat olma. 
Ancaq xeyri olmadı. Belə vaxtlarda bir yerdə qərar tuta 
bilmirdi. Sağlamlığıma qarşı çox həssas idi. 
Hazırlaşıb xəstəxanaya yollandıq. İlk müayinədə 
apendisit tutması olduğunu söylədilər, qoluma çoxlu 
venadaxili kateter saldılar. Qolumdan çoxlu qan gəldi, 
bütün paltarlarım və ayaqqabım qana boyandı. Həmid 
islanmış bandajla qollarımı və ayaqqabılarımı təmizlədi. 
Pərvanə kimi başıma dolanırdı. 
UZİ üçün Şəhid Rəcai xəstəxanasına getməli idik. Tibb 
bacılarından heç kim bizimlə gəlmədi. Həmidlə ambulansa 
mindik. Maşında sadəcə ikimiz idik. Halım nisbətən 
yaxşılaşmışdı, ancaq bir yerdə dura bilmirdim. İlk dəfə idi 
ambulansa minirdim. Həyəcandan ağrılarımı unutmuşdum. 
Ambulansın pəncərəsindən bayıra baxırdım. O qədər 
dəcəllik etdim ki, axırda Həmid dilə gəlib dedi: “Otur, 
Fərzanə, başın fırlanar. Biabır olduq, elə bil, xəstə 
deyilsən”. Gecə saat 11 idi. Maşında o qədər atılıb-
düşdüm ki, xəstəlik yadımdan çıxdı. 
UZİ həkimi dedi ki, ciddi bir şey yoxdur, amma bu gün 
həkim nəzarətində olsa, yaxşı olar. Birinci xəstəxanaya 
qayıtdıq, zəng vurub vəziyyətim barədə evə məlumat 


76 
verdik. Həmid yanımda qaldı. Cümə axşamı idi, hər həftə 
olduğu kimi, bu axşam da əza məclisinə getməli idi, mənə 
görə qaldı. Çarpayımın yanından tərpənmirdi. Üzümə 
baxıb dedi: “Düz deyirlər ki, nənəyə oxşayırsan”. 
Təbəssüm etdim. Çox yorğun idim. Dərmanlar yavaş-
yavaş təsirini göstərməyə başlamışdı. Onunla danışa 
bilmirdim. Necə yuxuya getdiyimin fərqinə belə 
varmadım. Gecənin yarısından sonra Həmidin ağlamaq 
səsinə oyandım. Əlimdən tutub ağlayırdı. 
-Niyə ağlayırsan? Narahat olma, ciddi bir şey yoxdur. 
-Sənə bir şey olacağından qorxuram. Sən yuxuda ikən 
ancaq bunu düşünürdüm ki, bir gün ölüm bizi ayırsa, 
gərək birinci mən ölüm. Yoxsa sənsizliyə dözməyə 
taqətim çatmaz. 
Səhərə qədər işi çarpayımın yanında namaz qılmaq 
oldu, gözlərini bir an belə yummadı. Deyəsən, səhərə kimi 
məfatihül-cinan kitabının seçilmiş dualarının hamısını 
oxuyub bitirdi. Tibb bacısı Həmidin namaz qıldığını görüb 
dedi: “Namazxanamız var. İstəsəniz, orda namaz qıla 
bilərsiz”. Həmid razılaşmayıb dedi: “Xanımımın yanında 
qalmaq istəyirəm”. 
Həmidin rəftarı hətta tibb bacılarına da qeyri-adi 
gəlirdi. Bizim neçə ildir evli olduğumuzu düşünürdülər. 
Onlara bir neçə aydır nişanlandığımızı söyləyəndə 
təəccübdən donub qalırdılar. Tibb bacılarından biri mənə 
dedi: “Siz artıq eşqin qülləsinə çatmısız. Mənim ərim 
olsaydı, saat bir olmamış başını atıb yatardı”. O gecə, 
2012-ci ilin 28 noyabrında Həmid qətiyyən yatmadı. Düz 
üç ildən sonra, 2015-ci ilin 28 noyabrında isə mən 
Həmidin başı üstəydim və gözlərimə yuxu getmirdi. 
Dəfələrlə diksinib oyandım. Bir dəfə oyananda gördüm 
ki, Həmidin dostları zəng vurublar. Həmişə əzadarlığa 


77 
gedərdi, bunu bir dəfə də tərk etməmişdi. Başını verərdi, 
amma məclisləri əldən verməzdi. O axşam isə getməmişdi 
və dostları çox nigaran qalmışdılar. Həmidin telefonu 
şəbəkə xaricində olduğuna görə bütün polis bölmələrini, 
xəstəxanaları gəzmişdilər. Qorxularından ailəsi ilə əlaqə 
saxlamamışdılar. Öz-özümə dedim ki, dostlarına xəbər 
verməməsi onun boynuna bir qonaqlıq borcu qoydu. 
Ac olmağıma baxmayaraq, səhər yeməyinə meylim yox 
idi. Həmid icazə aldı və işə getmədi. Tək istədiyim şey 
darıxdırıcı xəstəxanadan çıxmaq idi. Həmidin telefonunu 
götürdüm. Onda çox xoşladığım maraqlı bir pinqvin 
oyunu var idi. Bir az başımı qarışdırdım. Sonra birlikdə 
telefonundakı şəkillərə baxdıq. Çəkdiyi hər şəklin 
özünəməxsus xatirəsi vardı. Bir çoxlarını müxtəlif 
ezamiyyyətlərdə çəkmişdi. Bəzi şəkillərindən çox xoşu 
gəlirdi, görəndə gülüb deyirdi: “Bax, bu şəkillər əsl 
şəhadətlik şəkildir”. İsrarla məndən hansı şəklin şəhadət 
posterinə daha uyğun olduğunu soruşurdu. 
Sözlərini çox da ciddiyə almır, gülərək şəkilləri bir-bir 
çevirirdim. Hələ axırıncı şəklə çatmamış maraqdan 
soruşdum: 
-Mənim adımı telefonunda necə qeyd etdiyini 
deməyəcəksən? 
-Yaxşı bir ad yazmışam. Özün axtar, görüm tapa 
biləcəksən? 
Zirənglik edib son zənglərə baxdım. Adımı “Mənim 
Kərbəlam” kimi qeyd etmişdi. 
Gülümsədim. 
-Qəşəngdir. Yaxşı zövqün var. Bəs niyə bu ad? 
-Mən Kərbəla aşiqiyəm, sən də mənim eşqimsən. 
Birgünlük xəstəlikdən sonra ilk dəfə idi ucadan 
gülürdüm. 


78 
-Onda bundan sonra səndən nə soruşsam, cavabında 
“Kərbəla” deyərsən: Həmid, hara gedirsən? Kərbəla! 
Ziyarətə? Kərbəla! Gedək parka? Kərbəla! 
O gündən sonra bəzən baş-başa qalanda məni “Mənim 
Kərbəlam” deyə çağırardı. Bəzən belə sadə məhəbbət daha 
gözəl olur. 
Anam səhər saat doqquzda məni görməyə gəldi. Hələ 
də çarpayıda uzanmışdım. Saat ondan sonra rəfiqələrim və 
qrup yoldaşlarım bir-bir gəlməyə başladılar. Əllərinə 
havayı xəstə keçmişdi. Biri təzyiqölçənlə, biri termometrlə 
canıma düşdü. Cana yığıldım, əlacsız qalıb dedim: 
“Məndən əl çəkin! İnanın, heç bir şeyim yoxdur. Bir az 
qarnım ağrıyırdı, o da keçib-getdi. İcazə verin, evə 
gedim”. Heç kim qulaq asmırdı. Nəhayət, saat dörddə 
xeyli analiz verəndən sonra dostlarımdan ayrılıb evə 
yollandım. 
*** 
Nişanlı olduğumuz günlərdə hər yerə gedirdik, 
imamzadələri, parkları, restoranları, bir sözlə, bütün 
Qəzvini gəzmişdik. Ancaq şəhidlər xiyabanı bizim daimi 
məkanımız idi. İki-üç gündən bir mütləq ora baş çəkirdik. 
Yelda gecəsinə bir həftə qalmış şəhidlər xiyabanına 
getdik. Həmid cibindən dəsmal çıxarıb şəhidlərin 
şəkillərini silməyə başladı. 
-Bəlkə də bu şəhidin ata-anası dünyadan köçüb, ya da 
qocalıb. Heç olmasa, biz bu çərçivələri təmizləyək. 
Maşınla gələndə həmişə özüylə boya gətirər, hansı 
şəhidin məzar daşının yazıları oxunmurdusa, rəngləyərdi. 
Bu işi görməyi çox sevirdi. 
Şəhidlər xiyabanından bazara kimi piyada getdik. 
Yelda gecəsi üçün mənə öz zövqümə uyğun hədiyyə 
almaq istəyirdi. Bazarın girəcəyindən qara çadra aldıq. 


79 
Saat da almaq istəyəndə bibim zəng vurub bizi şam 
yeməyinə dəvət etdi. 
Alış-verişimiz bitəndən sonra bibimgilə getdik. 
Həmidin bacısı Fatimə xanım da oradaydı. Həmidlə bir-
birimizə hədsiz məhəbbət bəsləsək, çox səmimi olsaq da, 
xüsusən böyüklərin yanında bir az soyuq rəftar edərdik, 
bir-birimizin yanında oturmazdıq, onların hörmətini 
saxlayardıq. Bu rəftarımız o qədər qəribə idi ki, hətta 
Fatimə xanım da təəccüb edirdi. Qayıdanda Həmid dedi: 
-Bilirsən Fatimə mənə nə dedi?! Soruşdu ki, Fərzanəylə 
küsülüsüz? Niyə yan-yana oturmursuz? 
-Düzü, mən də baxışlarından anladım. Bəs sən nə cavab 
verdin? 
-Bacıma dedim ki, bəzi şeylər var, gərək hörmətini 
saxlayasan. Fərzanə ilə olduqca rahatıq, ancaq bu o demək 
deyil ki, həmişə yanaşı oturmalıyıq. Mən ata-anamın 
evində daha çox anamla oturmağı sevirəm. 
Öz aramızda bir-birimizi “əzizim”, “ömrüm”, “eşqim” 
deyə səsləsək də, 
başqalarının 
yanında adımızla 
çağırardıq. Həmid mənə “xanım”, mən də ona “Həmid 
ağa” deyərdim. İstəmirdim ki, başqaları bizim həyatımızın 
onların həyatından fərqli olduğunu düşünsünlər. 
Sağollaşandan sonra piyada bizim evə yola düşdük. 
Adətən, çox vaxt hara gedirdiksə, yorulana qədər piyada 
gedirdik. Gecənin o vaxtında küçələr boş idi. Mən 
bördürün üzərində gedirdim, Həmid də yıxılmayım deyə, 
əlimdən tutmuşdu. Bütün yolu söhbətləşə-söhbətləşə 
getdik. O qədər söhbətə dalmışdıq ki, yolun uzunluğunu 
tamam unutmuşduq.
Həyətə girdik. Sağollaşanda dedim: 


80 
-Yelda gecəsi atam növbətçi komandir kimi hərbi 
hissədə qalacaq. İstəsən, bizə gələrsən, gecəni birlikdə 
oyaq qalarıq. 
Nişanlı günlərimizdə həyətdə sağollaşmağımız bir saat 
çəkirdi. Bəzən sağollaşmağımız Həmidin bizə gəlmə 
səbəbindən də uzun olurdu. Bunu rəfiqələrim də 
anlamışdılar. Nə vaxt zəng edirdilərsə, anam onlara 
deyirdi: “Fərzanə həyətdə nişanlısıyla danışır, yarım 
saatdan sonra zəng vurun”. Yarım saatdan sonra zəng 
vururdular, bizsə hələ də həyətdə söhbət edirdik. Elə bil, 
evi əlimizdən almışdılar. Sağollaşmaq istəyəndə yeni bir 
söz yadımıza düşürdü. Ancaq sağollaşmaqla da məsələ 
bitmirdi. Ondan sonra telefonu götürüb mesajlaşır, 
zəngləşirdik. Həmid mesaj yazanda yazardı. Mən də 
Hafizin şeirlərini ona göndərərdim. 
Bir dəfə Həmidlə xeyli mesajlaşandan sonra yazdım: 
“Nədənsə birdən-birə ürəyim çipslə sarımsaqlı qatıq istədi. 
Sabah bizə gəlsən, alarsan”. Cavab yazmadı. Düşündüm 
ki, yorğunluqdan yuxuya gedib. Yenə yazdım: “İlahi! 
Eşqimin yuxusunu şirinləşdir! Gecən xeyrə qalsın, 
Həmidim!” 
Yuxum gəlmirdi. Dərslərimi oxumağa başladım. Birdən 
Həmid zəng vurdu. Təəccüb elədim, telefonu açıb dedim: 
-Mən elə bildim, yatmısan, Həmid can. Nəsə işin var? 
-Səninlə nişanlanandan bəri gec yatmağa adət etmişəm. 
Qapıya gələ bilərsən? Aşağıdayam”. 
-Axı biz çoxdan sağollaşmışdıq, burda neyləyirsən?
Çadramı başıma atıb, aşağı düşdüm. Çoxlu çipsi və 
qatıq almış, qışın soyuğunda motosikletlə gəlmişdi. 
Yerimdə donub qalmışdım. 


81 
-Həmid can, qışın soyuğunda sənə zəhmət olmasını 
istəməzdim. Bilsəydim bu qədər tez alacaqsan, başqa 
şeylər də tapşırardım. 
Güldü. Aldıqlarını verib motosikletə mindi. Dedim: 
-Bura qədər gəlmisən, evə gəl, bir az isin, sonra 
gedərsən. 
-Yox, əzizim, gecdir. Bunları verməyə gəlmişdim. 
Təbəssüm edib dedim: 
-Həqiqətən, məni utandırdın, Həmid. İndi mən çipsi 
yeyim, yoxsa xəcalət çəkim?! 
Payızın son günü – yelda axşamı anamla şam yeməyi 
hazırlayırdıq. Həmid mesaj yazdı: “Xanım, əgər dərsin, 
imtahanın yoxdursa, indidən gələ bilərəm?” Həmişə 
gəlmək istəyəndə əvvəlcədən mesaj yazardı. Mən də 
zarafata yazdım: “Görüm vaxtım varmı?!” Yazdı: “Lütfən 
katibənizə deyin, mənə randevü versin. Ürəyim yaman 
darıxıb”. Dedim: “Həmid ağa, buyurun! Biz də görüşünə 
müştaqıq. Nə vaxt gəlsəz, qədəmləriz gözüm üstə!” 
Sanki küçənin başından yazmışdı. Mən axırıncı mesajı 
yazandan iki dəqiqə keçməmiş qapının zəngi çaldı. Bizim 
ilk Yelda gecəmiz idi. Şam yeyib, çilə süfrəsini sərdik, 
sonra da qarpızı ortaya qoyduq. Bacım Fatimə sapla fala 
baxırdı. Əlimdən tutub dedi: “İstəyirəm Həmid ağanın 
yanında sizin həyatınızın falına baxım”. 
Həmidlə mən bu kimi şeylərə inanmırdıq. Ancaq 
əyləncə məqsədilə yanında oturduq. Bacım hər şeyi əksinə 
deməyə başladı. Mən də tərs-tərs Həmidə baxırdım. Bacım 
əlimin içindəki xətləri izah edəndə gülərək Həmidə dedim: 
“Gördün, sən məni sevmirsən! Falda da belə çıxdı. 
Əllərinə sağlıq! Gör nə yaxşı ər seçmişəm mən!” Hər 
ikimiz ucadan güldük. Həmid bacıma dedi: “Dayıqızı, gör 
bu gecə dava sala bilirsənmi?!” 


82 
Gecənin yarsına kimi Həmidlə deyib-güldük. Buna adət 
etmişdik, hər dəfə gələndə gecə saat 12-yə, 1-ə kimi 
oturub söhbət edirdik. Ancaq gecəni qalmırdı. 
Bu dəfə də sağollaşanda pilləkəndən ağzımız söhbətə 
qızışdı. Anam söhbətimizin uzun çəkdiyini görüb bizə çay 
və qarpız gətirdi. Elə oradaca çay içir, söhbət edirdik, 
havanın soyuqluğunu və zamanın necə keçdiyini qətiyyən 
hiss etmirdik. 
Həmid dəhlizin qapısını açıb çıxmaq istəyəndə gördüm 
ki, hər tərəfi qar örtüb. Həyətimiz başdan-ayağa ağarmışdı. 
Həmid yeriyib qarın üstündən keçdi, əl yelləyib getdi. 
Onun ayaq izləri, insanı məqsədinə doğru aparan nişanlara 
oxşayırdı, uzun müddət gözlərim önündən getmədi. Heyf 
ki, o gecə tək getdi və o ayaq izləri çox az təkrarlandı. 
Ertəsi gün Həmidin aldığı çadralığı ölçüb-biçdik. O 
günlərdə çadramı önə dartmağı və daha hicablı görünməyi 
xoşlayırdım. O çadra da mənim bu şəkildə geyinməyimə 
bir bəhanə oldu. Universitetə gedəndə qrup yoldaşlarım 
təəccübləndilər. Səbəbini soruşanda bəhanə gətirdim ki, 
başörtüyü bu cür tikilib. Ancaq belə çadra geyinməyim 
getdikcə adiləşdi. Həmid məni ilk dəfə bu tərzdə görəndə 
bəyənib dedi: “Düzü, belə örtünmək sənə daha çox 
yaraşır”. 


83 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin