Yaddaşın növləri. Yaddaş – xatırlama, yaddasaxlama və təkraretmə kimi pro-
seslərdən ibarətdir. Bu proseslərin müddətindən asılı olaraq 3 tip yaddaş ayırırlar.
Sensor və ya ani yaddaş reseptorlardan gələn məlumatın təsir izlərini bir neçə
saniyə saxlaya bilir. Əgər daxil olan siqnallar beyinin ali şöbələrini cəlb etmirsə,
yaddaş izləri silinir və reseptorlar yeni siqnalları qəbul edir.
Əgər reseptorlardan gələn məlumat vacib olarsa, o, qısamüddətli yaddaşa keçir.
Onlarda hazırkı anda insanın fikirləşdiyi məlumat saxlanılır. Əgər məlumat təkrar
daxil olmazsa, o, yaddaşdan silinir. Yalnız təkrarla və ya digər yadasalmalarla möh-
kəmləndirilən məlumatlar uzunmüddətli yaddaşa daxil olur və uzun müddət ərzində
– aylarla, illərlə yadda qalır.
Məlumatın yaddaqalma xüsusiyyətinə görə iki cür yaddaş ayırırlar: iradi və qey- ri-iradi yaddaş. Qeyri-iradi yaddaşda məlumatın yadda saxlanılması üçün heç bir
cəhd olunmur. Bu yaddaş şüurun nəzarəti olmadan formalaşır. İnsanın əksər həyat
təcrübəsi belə yaddaş nəticəsində qazanılır.
İradi yaddaşda məlumatın yadda saxlanılması zamanı şüur işə qoşulur. İnsan
məlumatı yadda saxlamaq üçün öz qarşısına məqsəd qoyur. Qeyri-iradi yaddaş, əsa-
sən, uşaqlarda daha güclü olur.
Məlumatın yaddaqalma xüsusiyyətlərinə görə yaddaş aşağıdakı növlərə bölünür:
hərəkət yaddaşı, obrazlı yaddaş, emosional yaddaş və söz yaddaşı. Hərəkət yaddaşı hərəki vərdişlər əsasında hər hansı hərəkətlərin yadda saxlanıl-
ması və təkrar edilməsidir; məsələn: idman hərəkətləri, rəqs etmək, yazı yazmaq.
Obrazlı yaddaş insanların üzlərini, səsini, təbiət lövhələrini, qoxuları, musiqini
yadda saxlamaq və təsvir etməkdir. Obrazlı yaddaş artistlərdə, şairlərdə, rəssam-
larda, yazıçılarda daha yaxşı inkişaf edir. Görmə, eşitmə, qoxubilmə, dadbilmə
orqanları obrazların yadda saxlanılmasına və təsvir olunmasına imkan verir.
Emosional yaddaş insanın keçirmiş olduğu hislərinin daha yaxşı yadda saxlanıl-
masıdır. Emosional vəziyyətdə insanda yaranan bioloji fəal maddələr məlumatın
daha yaxşı yadda saxlanılmasına səbəb olur. Emosional yaddaş hislər yaddaşıdır. Bu
səbəbdən müsbət və ya mənfi emosiyalarla əlaqədar olan şeylər daha yaxşı yadda
qalır.
Söz yaddaşı insanın oxuduğu, eşitdiyi, danışdığı sözləri yadda saxlamaq və təkrar
etmək qabiliyyətidir.
Yaddaşın tipləri bir-biri ilə əlaqəlidir. Bəzən məluma-
tın yadda saxlanılmasında bir neçə yaddaş növləri iştirak
edir. Analizatorlarla əlaqəli yaddaş növləri də var.